“Tanrını inkar edirik, Tanrıya cavabdehliyi inkar edirik, ancaq belə xilas edəcəyik dünyanı”. Nitsşe ilə inkarçılıq, sanki, peyğəmbəri olur. Halbuki onun işində peyğəmbərlərdən çox həkimi göz önündə tutmasaq, bütün gücüylə nifrət etdiyi alçaq və bayağı qəddarlıqdan başqa heç nə əldə edə bilmərik Nitsşedən. Düşüncənin müvəqqəti, sistematik, bir sözlə, “strateji” mahiyyəti şübhə yaratmaz. Cərrahların peyğəmbərlərlə ortaq tərəfi gələcəyə görə düşünüb əməliyyat etmələridir. Nitsşe, sadəcə, gələcək bir məhvi nəzərə alaraq düşünmüşdür, amma, bu məhvin sonunda nə çirkin, nə də mənfəətçi bir üzə bürünəcəyini sezərək onu tərifləmək üçün deyil, ondan çəkinmək, onu yenidən bir yaranma formasına salmaq üçün düşünmüşdür. İnkarçılığı görmüş, onu bir “kliniki” hadisə kimi tədqiq etmişdir. Avropanın ilk qüsursuz inkarçısı olduğunu söyləyirdi. Meylindən ötrü yox, vəziyyətindən dolayı, bir də dövrünün mirasını təkzib etməyəcək qədər böyük olduğu üçün. Özündə də, digərlərində də bir inanma bacarıqsızlığı gördü, hər cür inancın ilkin təməlinin, yəni həyat inancının silindiyini gördü. “Başqaldıran (1) olaraq yaşanıla bilinərmi?” sualı “heç nəyə inanamadan yaşanıla bilinərmi?” formasına girdi onda. Cavabı müsbətdir. Bəli, inanc yoxluğu bir üsul halına çevrilərsə, inkarçılıq son nəticələrinə qədər aradan götürülərsə, sonra çölə çıxılıb baş verəcəklərə etibar edilərək, eyni ibtidai instinktlə həm əzab, həm sevinc hiss edilərsə.
Sistematik şübhənin əvəzinə sistematik təkzibi istifadə etdi, inkarçılığın hələ də öz-özündən gizlətdiyi şeyləri, Tanrının ölümünü gizlədən bütləri nizamlı bir formada yıxmağa çalışdı. “Qayda budur; yeni bir məbəd ucaltmaq üçün, bir məbəd uçurmaq zəruridir”. Onun fikrincə, yaxşılıqda və pislikdə yaradıcı olmaq istəyən insanın hər şeydən əvvəl məhvedici olması, dəyərləri qırması lazımdır. “Ən üstün pislik ən üstün yaxşılığın daxilindədir, amma üstün yaxşılıq yaradıcıdır”. Heyranı olduğu 17-ci əsr fransız azadlığı və dəqiqliyindən məhrum olaraq, lakin, düha əsri hesab etdiyi 20-ci əsri təsvir edən açıqfikirliliklə, özünə görə, dövrünün “Zamana əks düşüncələr”ni yazdı. Bu başqaldırma üsulunu incələmək də bizə düşər. (Müəllifin qeydi: Əlbəttə burada bizi maraqlandıran Nitsşenin 1880-ci ildən çöküşə qədərki fəlsəfəsidir. Bu ölüm “Hakimiyyət əzmi”nin bir izahı hesab edilə bilər)
Nitsşenin ilk addımı bildiyinə boyun əyməkdir. Onun fikrincə, Tanrısızlıq ən təbii şeydir. “Qurucu və əsaslı”dır. Özünə baxılarsa, Nitsşenin üstün daxili çağırışı tanrısızlıq problemi daxilində dəqiq bir duruşa, bir növ böhrana yol açmaqdadır. Dünyanın gedişatı təsadüfidir, bir hədəfi yoxdur. Elədirsə, heç nə istəmədiyinə görə, tanrı lazımsızdır. Bir şey istəsəydi (burada pislik probleminin ənənəvi tərifini tapırıq), “varlığın bütün dəyərini alçaldacaq bir əzab və məntiqsizlik cəmini” dəstəkləməsi lazım olardı. Stendalın sözünə çox heyran olduğu bilinir: “Tanrının yeganə bağışlanası tərəfi var olmamasıdır”. Dünya ilahi iradədən məhrum olduğu üçün, birlikdən və hədəfdən də məhrumdur. Buna görə də dünya sorğulana bilməz. Ona yönəldilən hər hökm həyatın ləkələnməsiylə nəticələnir. O zaman, olan olması lazım gələnə, yəni səmavi diyara, əbədi düşüncələrə, əxlaq qaydalarına görə sorğulanar. Amma olması zəruri olan mövcud deyil; bu dünya heç bir adla sorğulana bilməz. “Budur bu çağın üstünlüyü: Heç nə doğru deyil, hər şeyə icazə var”. Əzəmət və laqeydliklə, minlərlə digər ifadələrdə əks olunan bu deyimlər, Nitsşenin inkarçılıq və başqaldırmanın bütün yükünü üzərinə götürdüyünü təsdiq etməyə kifayət edər. “Təlim və seçim” mövzusundakı azacıq uşaqvari düşüncələrində inkarçı arqumentin ifrat məntiqini dilə gətirmişdir: “Problem budur; bütünlüklə elmi bir şüurla həvəslə ölməyi öyrədib tənzim edəcək böyük və yoluxucu bir inkarçılığa hansı yollarla çatıla bilər?”
Amma Nitsşe inkarçılığın xeyrinə, həmin vaxta vaxta qədər inkarçılığın əyləci hesab edilən dəyərləri öz düşüncəsinə bağlayır. Ən öndə də əxlaqı. Sokratın canlandırdığı (*burada rol almaq mənasında) və ya xristianlığın nəsihət tərzli əxlaqi davranışı, özbaşına bir eniş əlamətidir! Ətdən-sümükdən ibarət olan insanın yerini kölgə bir insana vermək istəyir. Tamamilə uydurma bir dünya nizami adına ehtiraslar, fəryadlar aləmini günahlandırar. İnkarçılıq inanma bacarıqsızlığıdırsa, ən pis əlaməti tanrısızlıq deyil, baş verənə inanma, ediləni görmə, təklif olunanı yaşamaq bacarıqsızlığıdır. Hər cür idealizmin əsasında bu şikəstlik var. Əxlaqın dünyaya inancı yoxdur. Nitsşeyə görə, həqiqi əxlaq açıqfikirlilikdən ayrılmaz. “Dünyanın qəsbkarlarına” qarşı sərtdir. Çünki qəsbkarlıqda üzqızardıcı bir qaçış həzzi görür. Onun fikrincə, ənənəvi əxlaq əxlaqısızlığın xüsusi bir vəziyyətindən başqa bir şey deyil. “Təsdiqlənmək ehtiyacında olan yaxşılıqdır”, deyir. Sonra bunu əlavə edər: “bir gün gələcək ki, yaxşılıq etməyə əxlaqi səbəblərlə son qoyulacaq”.
Şübhəsiz ki, Nitsşenin fəlsəfəsi başqaldırma problemi ətrafında hərəkət edər. Tam-tamına bir başqaldırma olaraq başlayar. Amma Nitsşenin etdiyi yerdəyişmə də sezilir. Ondakı başqaldırma dəqiqləşmiş bir həqiqət hesab etdiyi “Tanrı öldü”dən irəli gəlir: Həmin an yalan yerə məhv olmuş ilahiliyin yerini tutmağa çalışan və bəlli bir istiqaməti olmasa belə, tanrıların əridildiyi tək qazan olaraq qalan bir dünyanı alçaldan hər şeyə qarşı gələr.
Bəzi xristian tənqidçilərinin əksinə, Nitsşe Tanrını öldürməyi tərtib etməmişdir. Onu dövrünün ruhunda ölü vəziyyətində tapmışdır. İlk olaraq, vəziyyətin dərinliyini anlamış, insanın bu başqaldırıcılığı bir istiqamət olmazsa, yeni bir yaranışa apara bilməz qərarına gəlmişdir. Bundan başqa, hər ehtiras, istər peşmanlıq olsun, istər məmnunluq, məhvi gətirəcəkdi. Deməli, Nitsşe başqaldırma fəlsəfəsi yaratmayıb, başqaldırma üzərindən fəlsəfə yaradıb.
Xüsusilə xristianlığa hücum edir və sadəcə əxlaqi olaraq hücum edir. Ona, İsanın şəxsiyyətinə də, kilsənin arsız tərəflərinə də toxunmur. Məsələdən anlayışı olan biri kimi cizvitlərə heyran olduğu bilinir. “Əslində, Tanrı sadəcə çürüdülüb” deyə yazır. Tolstoy üçün olduğu kimi, Nitsşe üçün də İsa başqaldıran bir insan deyil. (Müəllifin qeydi: “Bunun Tanrının özlüyündən çürüməsi olduğunu deyirsiniz, amma, bir dəri dəyişdirməkdən başqa bir şey deyil; əxlaq dərisindən sıyrılır. Onun yaxşılıq və pislikdən o tərəfdə, yenidən ifadə olunduğunu görəcəksiniz”) Təliminin özü bütünlüklə itaətetmə, pislik qarşısında dirənçsizliklə təkrarlanır. Öldürməyin qarşısını almaq üçün də olsa, öldürməməli. Dünyanı olduğu kimi mənimsəməli, bədbəxtliyini artırmağa çalışmamalı, amma, pisliyinə insan olaraq qatlanılmalıdır. Deməli, onda (*o zaman) səmavi diyar əlimizin altındadır. Fəaliyyətlərimizlə bu prinsiplər arasında əlaqə qurmağımızı təmin edən, bizə birbaşa xoşbəxtliyi gətirən tək bir daxili fəaliyyət vardır. Nitseyə görə, İsanın xəbərdarlığı inanc deyil, yaxşılıq və yardımdır. Bundan sonra xristianlıq tarixi bu bəyannamənin dayanmadan çeynənilməsindən başqa bir şey olmayacaq. İncil də korlanıb. Paveldən Yüksək Din qaydalarına çatıncaya qədər inanc qulluğu fəaliyyətləri unutdurur.
Xristianlığın İsanın çağırışına gətirdiyi dərin korlanma nədir? İsanın təliminə yad olan hökm düşüncəsi ilə cəza və mükafat qavramları. Bu andan sonra təbiət tarix olar, həm də mənalı tarix; insanın bütövlüyü fikri yaranmışdır. Cəbrayılın Məryəmə İsanın doğulacağını bildirdiyi andan son hökmə qədər, artıq insanın əvvəlcədən yazılmış bir hekayənin mütləq əxlaqi olan məqsədlərinə itaətdən başqa işi yoxdur. Yeganə fərq sonda insanların özlərini yaxşılar və pislər deyə tərk etmələridir. İsanın yeganə hökmü yaradılışdan gələn günahların önəmsiz olmasını deməkdən savayı bir şey deyilkən, Xristianlıq bütün yaradılışı, bütün təbiəti günah mənbəyi edəcəkdir. “İsa nəyi inkar edir? Hazırda xristian adını daşıyan hər şeyi”. Xristianlıq dünyaya istiqamət verdiyi üçün inkarçılıqla döyüşdüyünü sanır, halbuki, həyata xəyali bir məna verərək, həqiqi mənasının tapılmasının qarşısını aldığı dərəcədə özünə də inkarçıdır. “Hər kilsə tanrı-insanın məzarı üzərinə yuvarlanmış bir daşdır. Zorakılıqla onun dirilməsinin qarşısını almağa çalışır”. Kilsənin müqəddəsi müqəddəslikdən uzaqlaşdırması dərəcəsində Tanrının xristianlıq üzündən ölməsidir. Bunda tarixi xristianlığı anlamaq lazımdır, bir də “dərin və bayağı ikiüzlülüyünü”.
Eyni arqument Nitsşeni sosializmə və insansevərliyin bütün formlarına qarşı çıxarır. Sosializm korlanmış xristianlıqdan başqa bir şey deyil. Həyata və təbiətə əks olan, real hədəflərin yerini ideal hədəflər tutan, iradələri, təsəvvürləri təhrik etməyə yarayan şeyə, tarixin sənətkarlığına inamı davam etdirir. Bundan sonra sosializm, Nitsşenin ona verdiyi mənasıyla dəqiqliklə inkarçıdır. İnkarçı heç nəyə inanmayan deyil, mövcud olana inanmayandır. Bu mənada, sosializmin bütün formaları xristian düşüncəsinin daha da alçalmış əlamətləridir. Xristianlıq üçün mükafat və cəza, tarixi bir zərurət idi. Amma qaçınılmaz bir məntiqlə, sonda bütün tarix mükafat və cəza mənasını alır. Kollektiv məsihçilik (daha yaxşı bir gələcək inancı) bundan sonra doğulub. Tanrı önündə ruhların bərabərliyi də, Tanrı öldüyü üçün qısaca bərabərliklə nəticələnir. Bu məqamda Nitsşe, sosialist təlimlərlə fərdi əxlaq təlimi olaraq döyüşür. İstər din sahəsində qalsın, istərsə sosialist ifadə olsun, inkarçılıq üstün deyilən dəyərlərimizin məntiqi nəticəsidir. Azad düşüncə, kürəyini söykədikləri boş xəyalları, mümkün hesab etdikləri sövdələşmələri, parlaq ağılın vəzifəsini yerinə yetirməsini, yəni passiv inkarçılığı aktiv inkarçılıq formasına çevriməyin qarşısını almaqla, etdikləri cinayəti meydana çıxararaq bu dəyərləri yıxacaqdır.
İndi Tanrıdan və əxlaqi bütlərdən xilas olan bu dünyada insan tək və ağasızdır. Nitsşe heç vaxt belə bir azadlığın asan ola biləcəyini söyləməyib (bu baxımdan da romantiklərdən fərqlənir). Özünü bu vəhşi azadlıq, yeni bir sıxıntının və yeni bir xoşbəxtliyin əzabını çəkdiklərini söyləyən kimsələr arasına itələyər. Amma lap başlanğıcda: “Əfsuslar olsun! Elədirsə, mənə dəliliyi verin… Qanundan yüksəkdə olmadıqdan sonra, deməli, cəhənnəmliklərin ən cəhənnəmlisiyəm…” deyə bağıran tək sıxıntıdır bu. Həqiqətən də qanundan yüksəkdə olmayan insan, ya başqa bir qanun tapmalı, ya da çılğınlığı. İnsan, Tanrıya da, əbədi həyata da inanmamağa başlayan andan etibarən “yaşayan hər şeydən, iztirabdan doğularaq yaşam əzabı çəkməyə həsr edilmiş hər kəs üçün” məsuliyyətli olar. Nizamı və qanunu tapmaq özünə, sadəcə özünə qalar. Onda, cəhənnəmliklər dövrü başlayar. O yorucu, tükəndirici isbatlama axtarışı, hədəfsiz həsrət, “ən əzablı, ən ürəkparçalayan sual”, qəlbin öz-özünə soruşduğu sual: “Öz vətənimdə olduğumu haradan duya bilərəm?”
Nitsşe azad bir düşünər olduğu üçün, düşüncə azadlığının rahatlıqla deyil, istəklə, istehlakçı bir mübarizəylə əldə edilən bir böyüklük olduğunu bilirdi. Buna görə də ağılın real xilasının ancaq yeni vəzifələri mənimsəməsində olduğunu dərk etmişdi. Əbədi qanun azadlıq deyilsə, qanun yoxluğu, ümumiyyətlə, deyil. Kəşfi bunu çatdırmaqdan başqa bir şey deyildi. Heç nə həqiqət deyilsə, dünya qaydasızdırsa, heç nə qadağan deyil; belə ki, hansısa fəaliyyəti qadağan etmək üçün bir dəyər və hədəf lazımdır. Amma eyni zamanda, heç nəyə də icazə yoxdur; başqa bir fəaliyyət seçmək üçün də dəyər və hədəf lazımdır. Qanunun mütləq hökmranlığı azadlıq deyil, amma, hər şeyi edə bilmək də azadlıq deyil. Bütün ehtimalların cəmi azadlığı verməz, lakin, ehtimalsızlıq da köləlikdir. Xaos da bir köləlikdir. Azadlıq ancaq həm “mümkün olanın”, həm də “mümkünsüz”ün müəyyən edildiyi bir dünyada tapıla bilər. Qanun yoxdursa, azadlıq da yoxdur. Taleyə üstün bir dəyərlə istiqamət verilmirsə, təsadüf hökmdardırsa, əsas məsələ qaranlıqlar içərisində qaçışdır, korun qorxunc azadlığıdır. Nitsşe ən böyük xilasın sonunda ən böyük asılılığı seçər. “Tanrının ölümünü böyük bir imtina, öz-özümüzə qarşı davamlı bir məğlubiyyət vəziyyətinə gətirməzsək, bu itkinin əzabını yaşayarıq. Digər bir deyimlə, başqaldırma Nitsşe ilə asketizmə (*tərki-dünyalığa) çatır. Həmin an daha dərin bir məntiq Karamazovun “Heç nə doğru deyilsə, hər şeyə icazə vardır”ının yerini “Heç nə doğru deyilsə, heç nəyə icazə yoxdur”una verir. Bu dünyada tək bir şeyin qadağan olduğunu xatırlamaq belə qanuna uyğun olandan imtina etmək mənasına gələr. Heç kimin nəyinsə ağ, nəyinsə qara olmasını söyləyə bilmədiyi yerdə işıq sönər, azadlıq könüllü bir məhbusluq olar.
Nitsşe, inkarçılığını istiqamətlə yürütdüyü bu uçuruma dəhşətli bir sevinclə atılır. Hədəfi, aşkarçasına, dövrünün insanının vəziyyətini müdafiə edilməz vəziyyətə gətirməkdir. Onun fikrincə, həmin an yeganə ümid ziddiyyətin son nöqtəsinə çatmaqmış kimi görünür. İnsan özünü boğan düyünlər arasında ölmək istəmirsə, onu bir zərbəylə kəsib atması, öz dəyərlərini özünün yaratması lazım olacaqdır. Tanrının ölümü heç nəyə son qoymaz, lakin bir dirilmə hazırlandığı təqdirdə yaşanıla bilər. “Böyüklüyü Tanrıda tapa bilmiriksə, heç harda tapa bilmərik; onu inkar etmək lazımdır, ya da yaratmağımız” deyir, Nitsşe. İnkar etmək özünü çevrələyən, intihara qaçdığını gördüyü bu dünyanın işi idi. Yaratmaq isə uğrunda ölmək istədiyi, insanüstü bir cəhd oldu. Həqiqətən də yaratmağın ancaq tənhalığın son nöqtəsində mümkünlük qazandığını, insanın da bu cəhdə ancaq ağılın ən son sərxoşluq nöqtəsində buna razı olması və ya ölməsi lazım olduğu zaman cəhd edəcəyini bilirdi. Beləcə Nitsşe, insan növünə tək həqiqətinin dünya olduğunun, ona bağlı qalması, üzərində yaşamaq və qurtuluşu reallaşdırması lazım olduğunu bağırır. Amma, eyni zamanda, yaşamaq bir qanunu zəruri etdiyi üçün, qanunsuz bir dünyada yaşamağın mümkünsüz olduğunu da öyrədir. Azad və qanunsuz olaraq necə yaşamalı? İnsan, ölmək istəmirsə, bu tapmacaya cavab vermək məcburiyyətindədir.
Ən azından, Nitsşe qaçmır. Cavab verir, cavabı da təhlükəni gözə almaqdadır. Damokl (2) heç vaxt qılınc altında rəqs etdiyi qədər gözəl rəqs etməyib. Qəbuledilməzi qəbul etmək, bağlanılmaza bağlanmaq zəruridir. Nitsşe, dünyanın heç bir hədəf ardınca qaçmadığını qəbul edincə, onun günahsızlığını da qəbul etməyi, heç bir niyyətindən dolayı sorğulanmayacağına görə, hökm etməyə bağlı olmadığını təsdiqləməyi, bunun nəticəsi olaraq bütün dəyər mühakimələrinin yerini tək bir “bəli”yə, bu dünyaya tam və coşğun bir bağlantıya verməyi təklif edir. Beləcə, mütləq ümidsizlikdən sonra sevinc, kor köləlikdən ramedilməz azadlıq fışqıracaq. Azad olmaq isə hədəfləri məhv etməkdir. Formalaşmanın günahsızlığı özünə razı olunar-olunmaz, ən qatı azadlığı müəyyən edər. Azad düşüncə məcburi olanı sevər. Nitsşenin dərin düşüncəsi budur ki, faktların zəruriliyi mütləqdirsə, çatlaqsızdırsa, bu zərurilik heç bir məcburetmə tələb etməyəcəkdir. Bütün məcburiyyətə bütöv olaraq qatılmaq, budur Nitsşenin ziddiyyətli azadlıq ifadəsi. Həmin an “nədən azad?” sualının yerini “nə üçün azad?” sualı tutur. Azadlıq qəhrəmanlıqla birləşir. Böyük insanın asketizmidir, “yayların ən daralmışı”dır.
Bolluqdan, doluluqdan doğulmuş olan bu üstün qatılma, qüsurun və əzabın, pisliyin və öldürmənin, həyatın anlaşılması çətin, qəribə olan hər şeyinin məhdudiyyətsiz təsdiqlənməsidir. Nə isə o olan bir dünyada nə isə o olmaq məsələsində qərarlı bir iradədir. “Öz-özünü bir alın yazısı olaraq qəbul etmək, olduğundan başqa cür olmaq istəməmək…”
Söz deyilib. Nitsşenin, tale`nin mənimsənilməsində yola çıxılan asketizmi, tale`nin ilahiləşdirilməsiylə nəticələnir. Tale, ramedilməzliyi nisbətində heyranedici olur. Əxlaq tanrısı, rəhmetmə taleyini mükafatlandırmağa çalışdıqları nisbətdə onun düşmənidirlər. Nitsşe, bağışlanılaraq qurtulmağı istəməz. Formalaşma sevinci məhvolmanın sevincidir. Amma sadəcə fərd məhv olar. İnsanın öz varlığını əldə etmək üçün girişdiyi başqaldırma cəhdi fərdin formalaşmaya tamamilə boyun əyməsi ilə silinər. Amor fati (1) əvvəllər bir odium fati (2) olanın yerini tutar. (Qeyd. Latınca ifadələr: 1 – “Tale sevgisi”, 2- “Tale nifrəti” mənasına gələr) “Biləlim, bilməyəlim, istəyəlim, istəməyəlim, hər fərd bütün universal varlıqla əməkdaşlıq edər”. Beləcə, fərd növün taleyi və dünyaların əbədi hərəkəti daxilində silinib gedər. “Mövcud olmuş hər şey əbədidir, dəniz sahilə atar onları”.
Beləcə, Nitsşe düşüncənin qaynaqlarına, Sokratdan əvvəlkilərə geri qayıdar. Bunlar tərtib etdikləri prinsipinin əbədiliyinə kölgə salmamaq üçün mövcudluq səbəblərini aradan götürürdülər. Təkcə hədəfi olmayan güc əbədidir, Heraklitin “oyun”u əbədidir. Nitsşenin bütün cəhdi formalaşma qanununun, məcburiyyətdə də oyunun mövcudluğunu təsdiqləməkdir: “Bir təqsirsizlikdir və unutmadır uşaq, yeni bir başlanğıc, bir oyun, özlüyündən fırlanan bir çarx, ilk hərəkətdir, bu müqəddəs “bəli” demək istedadıdır”. Dünya səbəbsiz olduğu üçün ilahidir. Buna görə, bərabər səbəbsizliyi ilə təkcə incəsənət onu mənimsəyə biləcək xüsusiyyətdədir. Heç bir hökm dünyanı hesaba qatmaz, amma, incəsənət bizə onu yeniləmə öyrədə bilər, dünyanın da əbədi geridönüşlər boyunca özü-özünü yeniləməsi kimi. Eyni sahildə ən köhnə dəniz dayanıb dincəlmədən eyni sözləri yeniləyər, yaşama çaşqınlığı içərisində olan eyni varlıqları kənara atar. Amma heç olmazsa, geri dönməyə və hər şeyin geri dönməsinə razı olan əks-səda, həm də coşğun əks-səda olan insan dünyanın ilahiliyinə qatılar.
Bu dolaşıq yollardan ən sonunda insanın tanrılığı işə qatılar. İlkin Tanrını inkar edən insan, sonda onun yerini tutmağa çalışır. Amma Nitsşenin xəbərdarlığı başqaldıran insanın ancaq hər cür başqaldırmadan, hətta bu dünyanı düzəltmək üçün tanrılar yaradan başqaldırmadan belə əl çəkərək Tanrı ola bilməyidir. Həqiqətən bir Tanrı var, bu da dünyadır. Onun tanrılığına qatılmaq üçün “bəli” demək kifayət edər. “Yalvarmamalı daha, xeyir-dua verməli”, dünya tanrı-insanlarla dolu olacaq həmin an. Dünyaya “bəli” deyilməsi bunu təkrarlamaq, eyni zamanda həm öz-özünü, həm də dünyanı yenidən yaratmaqdır, yaradıcı olmaq, böyük sənətkar olmaqdır. Nitsşenin xəbərdarlığı, qazandığı qeyri-səlis mənayla yaratma ifadəsində təkrarlanır. Nitsşe sadəcə bütün yaradıcılara məxsus məncilliyi (*eqoistliyi) və ciddiliyi göylərə çıxarıb. Dəyərlərin mövqe dəyişdirməsi, hakimin dəyərinin əvəzinə yaradıcının dəyərini gətirməkdən savayı bir şey deyil: Mövcud olana hörmət və ehtiras, əbədilikdən məhrum tanrılıq yaradıcının azadlığını müəyyən edər. Dionis (3) dünyanın tanrısı, bölünmə içərisində bağırıb dayanar. Amma, həmçinin, əzabla birləşərək bu alt-üst olan gözəlliyi də müəyyən edər. Nitsşe dünyaya və Dionisə “bəli” deyilməsinin, onun əzablarına da “bəli” demək olduğunu düşünüb. Hər şeyi eyni zamanda qəbul etmək, həm böyük ziddiyyəti, həm də əzabı mənimsəmək, hər şey üzərində hökmran olmaqdır. Nitsşe bu yurdun bədəlini ödəməyi qəbul edirdi. Təkcə “Ağır və əzablı” dünya realdır, təkcə odur tanrı. Həqiqəti tapdığı yerdə, dünyanın dərinliklərində axtarmaq üçün Etnaya atılan Empedokl kimi Nitsşe də əbədi tanrını tapmaq və Dionis olmaq üçün kainata atılmağı təklif edirdi. Tez-tez xatırlatdığı Paskalın “Düşüncələr”i kimi “Hakimiyyət əzmi” də beləcə bir “bəhs”lə bitər. İnsan dəqiqliyə qovuşmaz daha, dəqiqlik əzminə qovuşar, bu da eyni şey deyil. Buna görə, bu ucda çırpınıb dayanırdı Nitsşe: “Budur, sənin bağışlanmaz tərəfin. Bütün güclər öz əlində, yenə də imzanı atmağa yanaşmırsan”. Yenə də imzasını atacaqdı. Amma Dionis adı, dəli olarkən yazdığı “Ariadnaya məktublar”ı (4) əbədiləşdirdi sadəcə.
Bir mənada, Nitsşenin başqaldırması da pisliyin sublimasiyası (5) ilə nəticələnir. Lakin, pislik artıq qisasalma deyil. Yaxşılığın mümkün simalarından biri və daha da dəqiq bir formada, bir alın yazısı olaraq mənimsənmişdir. Elədirsə, aşılmaq üçün bir baxıma çarə olaraq mənimsənmişdir. Nitsşe üçün əsas məsələ, sadəcə, ruhun qaçına bilməyəcəyi şeyə məğrurca (*qürurla) razılaşması idi.Bununla birgə, varislərinin kimlər olduğunu, siyasəti sevməyən son alman olmasını deyən insandan hansı siyasətin çıxarılacağını bilirik. O, sənətkar zorakılar tərtib edirdi. Amma bayağılar üçün zorakılıq incəsənətdən daha təbiidir. Daha yaxşısı, “Parsifal” olacağına Sezar Borcia olsun, deyə bağırırdı. Renessansın (6) böyük insanlarında tapdığı zadəganlıqdan məhrum olaraq. O, insan növünün əbədiliyi qarşısında fərdin əyilməsini, zamanın böyük dövrəsində məhv olmasını istəyirdi, irqi növün xüsusi bir halı etdilər, bu iyrənc tanrı qarşısında fərdi tabe etdirdilər. Onun qorxu və sarsıntıyla bəhs etdiyi həyat, bayağı bir bioloji səviyyəsinə endirildi. Xatırlarcasına hakimiyyət əzmindən bəhs edən bəyzadələr irqi, daim xor baxdığı “Yəhudi düşməni rəsmiyyəti”ni də ayağına yazdılar. O, ağılla birləşən cəsarətə inanmışdı, güc dediyi şey də bu idi. Onun adından cəsarəti ağılın düşməni etdilər; beləcə, həqiqətən fəzilət olan bu fəzilət özünə əks bir formaya salındı. Məğrur ağılın qaydasına uyğun olaraq, azadlıqla tənhalığı birləşdirmişdi. Onun o “günortanın və gecəyarının dərin tənhalığı” mexanikiləşmiş kütlədə itib getdi, sonra da bir sel kimi Avropanın üzərini aldı. Klassik zövq, istehza, toxgözlü ehtiyatsızlığın müdafiəçisi idi, nəcibliyin səbəbini düşünmədən fəzilətli davranmaq olduğunu, dürüst qalmaq üçün səbəblər tapmaq məcburiyyətində olan bir insandan şübhələnmək lazım olduğunu deyə bilmiş nəcib idi, həqiqət dəlisiydi (“Bax bu bir instinkt, bir ehtiras olmuş həqiqət”), “ölümcül düşməni xəsislik olan ən uca ağılın ən uca dürüstlüyünün” inadkar müdafiəçisi idi, amma, ölümündən 30 il sonra öz ölkəsi onu yalanın, zorakılığın qurucusu vəziyyətinə gətirdi, fədəkarlıqla heyranedici bir vəziyyətə gətirdiyi qavramları, fəzilətləri iyrəndirici bir vəziyyətə endirdi. Marks bir yana qoyularsa, düşüncə tarixində Nitsşenin macərası bənzərsizdir; ona edilən haqsızlıqları nə qədər düzəltsək, az olar. Şübhəsiz ki, tarixdə təhrif edilmiş, xəyanətə məruz qalmış fəlsəfələr mövcuddur. Amma Nitsşeyə və “nasional-sosializm”ə qədər, əvvəldən-axıra bərabərsiz bir ruhun zadəganlığı və fitnəsi ilə parlaqlaşan bir düşüncənin, dünyanın gözləri qarşısında yalanlar istezasıyla, toplanmış cəsədlərin qorxunc yığınıyla bəzənməsi heç vaxt görülməmişdi. Üstinsanlıq öyüdünün idarəli bir formada alt-insan istehsalıyla nəticələnməsi, heç şübhəsiz, ifşa edilməsi, amma eyni zamanda da, izah edilməsi vacib bir hadisədir. 19-cu və 20-ci əsrlərin böyük başqaldırma cərəyanının son nöqtəsi bu amnasız qulluq olacaqsa, bu başqaldırmaya arxa çevirmək və dövrünə səslənən Nitsşenin ümidsiz qışqırığını təkrarlamaq lazım olmazdımı: “Mənim bilincimlə(7) sizin bilinciniz eyni bilinc deyil artıq”.
Əvvəla, Nitsşe ilə Rozenberqi bir-birinə qarışdırmağın mümkünsüz olduğunu qəbul edəlim. Biz Nitsşenin vəkilləri olmalıyıq. Özü də söyləmişdi bunu; saflıqdan məhrum varislərini əvvəlcədən günahlandırarcasına: “Düşüncəsini xilas edənin bir də saflaşması lazımdır”demişdi. Amma onun tərtib etdiyi formada düşüncənin qurtuluşu saflaşmanı kənarda buraxmazmı, problem bunu bilməkdədir. Nitsşeni də alıb götürən prosesin öz qaydaları, öz məntiqi vardır, bəlkə də fəlsəfəsinə geydirilən qanlı geyimləri bunlar açıqlayar. İşində dəqiq öldürmə istiqamətində istifadə edilə bilinəcək heç nə yoxdurmu? Öldürücülər düz məna üçün özü, hətta düz mənada özdən qalanı inkar edincə, axtardıqları bəhanələri onda tapa bilməzdilərmi? “Bəli” cavabını vermək məcburiyyətindəyik. Nitsşenin düşüncəsinin idarəli tərəfi bir kənara qoyulduqdan sonra (buna özünün də daim bağlı qalması şübhəlidir), başqaldırma məntiqi sərhəd tanımaz olur.
Öldürmənin Nitsşenin bütləri inkar etməsində deyil, Nitsşenin əsərinə töhvə verən özlüyündən keçmiş əlavədə təsdiqləndiyi də diqqətdən yayınmaz. Hər şeyə “bəli” demək, öldürməyə “bəli” deməyi də mümkün edər. Öldürməyi qəbul etməyin iki forması vardır. Kölə hər şeyə “bəli” deyirsə, ağasının varlığına və öz əzabına “bəli” deməkdədir; İsa dirənməzliyi öyrədir. Ağa hər şeyə “bəli” deyirsə, köləliyə və başqalarının əzabına da bəli deməkdədir; budur, zorakılıq və öldürmənin ucaldılması. “Xüsusiyyəti davamlı yalan, davamlı öldürmə olan bir həyatda pozulmaz bir müqəddəsə, qanuna, yalan deməyəcəksən`ə, öldürməyəcəksən`ə inanılması gülünc deyilmi?” Bəli, elədir. Metafizik başqaldırma da başlanğıcda sadəcə həyatın yalanına və cinayətinə qarşıçıxma idi. Nitsşenin ilk xeyr`i, unutduğu bəli`ni, bu dünyanı inkar edən əxlaqla birlikdə başqaldırmanın özünü də inkar edər. Nitsşe, bütün könlüylə İsanın qəlbini daşıyan Romalı Sezar istəyirdi. Onun fikrincə, bu, eyni zamanda həm köləyə, həm də ağaya “bəli” demək idi. Amma hər ikisinə “bəli” deyilməsi, sonda ən güclünün, yəni ağanın təsdiqlənməsi deməkdir. Sezar, istər-istəməz, həqiqi hökmranlıq uğrunda düşüncə hökmranlığından imtina edəcəkdi. Nitsşe, üsuluna bağlı bir müəllim olaraq, özü-özünə: “Cinayətdən necə faydalana bilinər?” deyə soruşurdu. Sezar cavab verəcəkdi: “Onu çoxaldaraq”. Nitsşe: “Hədəflər yüksək olunca, insanlıq başqa bir ölçü istifadə edər, ən qorxunc yollara da baş vurmuş olsa, cinayəti cinayət olaraq sorğulamaz” deyə yazmışdı. 1900-cü ildə, bu hökmün ölümcül olacağı əsrin astanasında öldü. Açıqfikirlilik saatında, boş yerə: “Hər cür əxlaqdankənar fəaliyyətdən bəhs etmək asandır; amma, bunlara tabgətirmə gücünü tapa biləcəyikmi? Məsələn, sözümün üstdə durmamağa da, öldürməyə də tab gətirə bilmərəm mən, əridib bitirər bu məni, öldürər, sonum olar”deyə bağırırdı. İnsan təcrübəsinin hamısına “Yaxşı” deyildikdən sonra, görərsiniz ki, başqaları gələr, yalan demək, öldürmək üzündən əriyib bitmək bir tərəfə qalsın, daha da güclənərlər. Nitsşenin cavabdehliyi, düşüncənin elementlərində üstün metod səbəbləri ilə, Dostoyevskinin insanlara təklif edildikdə, həmin an dalaşacaqlarından əmin ola biləcəyimizi dediyi bu qüsursuzluq haqqını bir an daxilində də olsa, uyğun hesab etmiş olmasıdır. Amma istəmədən yükləndiyi məsuliyyət daha da ağırdır.
Həqiqətən də Nitsşe özü düşündüyü insandır: İnkarçılığın ən kəskin bilincidir. Başqaldırma anlayışına atdırdığı önəmli addım, onu idealın inkarından idealın teoloji keyfiyyətdən uzaqlaşdırılmasına aparır. İnsanın xilası Tanrıda olmadığı üçün, bu xilas dünyada olmalıdır. Dünyanın bir istiqaməti olmadığı üçün, bunu təsdiqlədiyi andan etibarən, insan başqa bir istiqaməti, üstinsanlıqla nəticələnəcək bir istiqaməti mənimsəməlidir. Nitsşe, insan gələcəyinin idarəçiliyini istəyirdi. “Tezliklə dünyanı idarə etmək vəzifəsi bizə qalacaq”. Başqa bir yerdə də: “Müharibənin fəlsəfə prinsipləri adına idarə ediləcəyi günlər yaxınlaşır” deyirdi. Beləcə, 20-ci əsrdən xəbər verirdi. Amma bunu xəbər verməsi inkarçılığın öz məntiqini tanıması və çatma nöqtələrindən birinin də imperatorluq olduğunu bildiyi üçün idi. Lakin bu qədəriylə belə, bu imperatorluğu hazırlayırdı.
Nitsşenin tərtib etdiyi tanrısız, yəni təkcə insan üçün azadlıq vardır. Dünya çarxı dayanıb da insan mövcud olan “bəli” dediyi an, eləcə fövqəlazadlıq vardır. Amma mövcud olan formalaşır. Formalaşmaya “bəli” deməlidir. Sonunda işıq sönər, gün batmağa üz tutar. Həmin an tarix yenidən başlayar, tarixdə də azadlığı axtarmalı; tarixə “bəli” deyilməli. Nitsşeçilik, istər-istəməz, bu fərdi hakimiyyət əzmi nəzəriyyəsi, ümumi hakimiyyət əzmi daxilində yer alacaqdı. Dünya imperatorluğu olmayınca, heç nə deyildi. Nitsşe, şübhəsiz ki, azad düşüncəlilərə, insansevərlərə nifrət edirdi. “Düşüncə azadlığı” ifadələrini ən həddən ziyadə mənalarda anlayırdı: Fərdi düşüncənin tanrılığı. Amma azad düşüncəlilərin də eyni tarixi hadisədən, tanrının ölümündən yola çıxmalarını, eyni nəticələrə yetmələrinin qarşısını ala bilməzdi. Nitsşe, insansevərliyin əsas səbəblərini atıb, çatılacaq səbəbləri saxlayan üstün təsdiqetmədən məhrum xristianlıqdan savayı bir şey olmadığını yaxşı görmüşdü. Amma sosialist qurtuluş təlimlərinin inkarçılığın qaçınılmaz bir məntiqiylə, özünün də xəyal etdiyi şeyi: Üstüninsanlığı öz çiyinlərinə yükləyəcəyini sezə bilməmişdi.
Fəlsəfə, idealı teoloji keyfiyyətlərindən sıyırır. Amma çox keçməmiş, zorakılar gəlir, özlərinə bu haqqı verən fəlsəfələri də keyfiyyətlərindən sıyırırlar. Nitsşe, orijinallığını pisliyin, səhvin və əzabın tanrılığa qarşı bir sübut ola bilməyəcəyi panteizm tapmasında gördüyü Hegeli incələyərkən, bu istismarı sezmişdi. “Amma dövlət, mövcud qüvvələr dərhal bu böyük addımdan istifadə etdilər”. Bununla birgə, özü də cinayətin heç nəyə qarşı sübut ola bilməyəcəyi, yeganə dəyərin insanın tanrılığında tapılacağı bir ardıcıllıq tərtib etmişdi. Əlbəttə ki, bu böyük addımdan da istifadə ediləcəkdi. Bu baxımdan, nasional-sosializm inkarçılığın quduz və şoulu bir nəticəsindən, ötəri varisliyindən başqa bir şey deyil. Nitsşeni Marksla düzəldərək, artıq bütün kainata deyil də, sadəcə tarixə “bəli” deməyi seçənlər də başqa cür məntiqli və iddialı olacaqlar. Nitsşenin dünya qarşısında diz çökdürdüyü adam, bu andan sonra tarix önündə diz çökəcəkdir. Burada təəccüblənəsi nə var? Heç olmazsa, üstinsan nəzəriyyəsi ilə Nitsşe, ondan əvvəl də sinifsiz cəmiyyətlə Marks, o biri dünyanın yerini “daha sonra”ya verirlər. Bu məsələdə Nitsşe həm Ellinlərə (*qədim yunanlar), həm də o biri dünyanın yerini “dərhal”a verdiyini düşündüyü İsa təliminə əks qalırdı. Nitsşe kimi Marks da “strateji” formada düşünür, rəsmi fəzilətdən iyrənirdi. Hər ikisinin də həqiqətin bəlli bir tərəfinə bağlantıyla nəticələnən başqaldırmaları “marksizm-leninizm”də əriyəcək, Nitsşenin çox qabaqcadan bəhs etdiyi bu “keşişin, istehsalçının, həkimin yerini tutacaq olan” kastada təcəssüm ediləcəkdir. Fərq, əsas fərq Nitsşenin üstinsanı gözləyərkən mövcud olana, Marksın isə formalaşana “bəli” deməyi təklif etməsidir. Marksa görə, təbiət tarixə uyğunlaşmaq üçün boyunduruq altına alınması lazım olan şeydir, Nitsşeyə görə isə tarixi boyunduruq altına almaq üçün uyğunlaşılan şey. Bu, xristianın Ellinlidən fərqidir. Ən azından Nitsşe, baş verəcəkləri əvvəlcədən təxmin etmişdi. “Yeni sosializm dindənkənar bir cür cizvitlik yaratmaq, bütün insanları ayrılıqda vasitə etmək yolunda”, sonra “istənilən şey rahatlıq… Bunun nəticəsi olaraq, bərabəri görülməyən psixoloji bir köləliyə doğru hərəkət edilir… Tacirlərin və filosofların bütün fəaliyyətləri üzərində mənəvi sezarçılığın qanad açdığı görülməkdədir”. Başqaldırma Nitsşe fəlsəfəsinin mərtəbəsindən keçdikdən sonra, bir azadlıq çılğınlığı daxilində, bioloji və ya tarixi sezarçılığa yetir. Mütləq xeyr, Ştirneri fərdlə birlikdə cinayəti də tanrılaşdırmağa götürmüşdü. Amma mütləq bəli, insanın özüylə birlikdə, öldürməyi də universallaşdırmağa cəhd edir. Marksizm-leninizm, Nitsşenin bəzi fəzilətlərini, görməməzlikdən gələrək onun iradəsini mənimsəmişdir. Beləcə, böyük üsyankar öz əlləriylə məcburiyyətin səltənətini yaradır, özü də içinə qapanmaq üzrədir. Tanrının zindanından qurtulduqdan sonra, ilk qayğısı tarixin və ağılın zindanını qurmaq olacaq, beləcə Nitsşenin fəth etdiyini irəli sürdüyü inkarçılığın pərdələnməsini və pərçimlənməsini bitirəcəkdir.
İstifadə edilmiş ədəbiyyat:
“Başqaldıran insan” (1957) əsəri, Albert Kamyu.
Qeydlər:
1. “Başqaldıran” – burada “üsyankar”, “qarşı çıxan” mənalarında. Lakin “başqaldıran” sözü ümumi olaraq üsyan ruhlu mənaları əhatə etdiyi üçün yazıda olduğu kimi saxlanılmışdır.
2. Damokl – Burada “Damokl qılıncı” ifadəsinə işarə edilib. Həmin ifadə daim insanın başı üzərindən əskik olmayan təhlükə mənasına gəlir. Mənbəyini qədim yunan əfsanəsində hökmdar Dionisi və Damoklun əhvalatından alır.
3. Dionis – Yunan mifologiyasındakı “şərab, bərəkət və teatr tanrısı”. Adının mənası latıncadan “iki dəfə” və ya “ikinci dəfə doğulan” deməkdir. Adının yunanca qarşılığı “Bakxus”dur. Nitsşe fəlsəfəsində həyat incəsənət tanrısı Apollon və Dionis vəhdəti olaraq qəbul edilir. Apollon sakit və nizamlı həyatı, Dionis isə çılğın və dəyişkən tərəfi simvolizə edir. Eyni zamanda “Ecce Homo” (Özə qayıdış) əsərinin sonunda “Çarmıxdakına qarşı Dionis” ifadəsini işlətmişdir.
4. Ariadna – Yunan mifologiyasında Dionisin həyat yoldaşı. “Ariadna ipi” ifadəsi də mövcuddur. Çətin vəziyyətlərdə edilən kömək anlamına gəlir. Mənbəyini mifologiyada Ariadnanın Teseyə Minotavrı öldürdükdən sonra Dedalın hazırladığı labirintdən çıxması üçün ona toxuduğu ip haqqında olan hekayədən alır.
5. Sublimasiya – Psixikanın müdafiə mexanizmi olaraq, daxili gərginliyin sosial faydalı əməyə istiqamətləndirilməsi vasitəsi ilə çıxarılması. İlk dəfə Ziqmund Froyd tərəfindən təsvir edilib. Froyd iddia edirdi ki, seksual instinktlərin birbaşa çıxışının məhdudlaşdırılması nəticəsində, onların başqa fəaliyyət növlərinə çevrilməsi baş verir. Məsələn, erotik, eyni zamanda romantik tərzli incəsənət nümunələrini (şeir, roman, musiqi və s,) bura aid etmək olar.
6. Renessans – və ya “İntibah” dövrü. “Yenidən doğulma”, “dirçəlmə” mənalarına gəlir. Avropa mədəniyyətində orta əsrlərlə Yeni dövrün arasında keçid olmuşdur. Xronoloji baxımdan 14-cü əsrin əvvəli və 16-cı əsrin sonunu əhatə edir. Fərqləndirici xüsusiyyətləri; insanın ön plana keçilməsi, Antik dövr mədəniyyətinə marağın yenidən canlanması, mədəniyyətin kübar və yenilikçi xarakter almasıdır. İnsanlar orta əsr sosial təbəqələrinin təsirindən qoparaq müstəqil fərdlərə doğru inkişaf etməyə başlamışlar.
7. Bilinc (və ya “bilinç”) – “Şüur” olaraq da ifadə edilə bilər. Ümumiyyətlə, insanda fərqindəlik (şüurluluq), duyğu, qavrayış və düşüncə mərkəzi olaraq qəbul edilən bir qabiliyyətdir. Həmçinin, introspeksiyada (psixi hadisələrin daxili müşahidəsi) hisslər, qavrayış və xatirələri ehtiva edən, öz məzmunundan xəbərdar olan ağıl hissəsidir.
(*) – Bu hissələr mənanın daha da anlaşıqlı olması üçün tərəfimizdən əlavə edilmişdir.
P. S. Film tövsiyyəmiz:
“Başqaldırıcı bir şey qalmasaydı, həyat necə olardı?!”