Çərşənbə axşamı, Sentyabr 27, 2022

SƏNƏT

Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı

Leonardo Da Vinçinin tələbəsi Melzini müəllifi olduğu “Libro delle Pittura”(Rəsm kitabı), I hissə, N 5-də müəlliminin dilindən yazır, “o halda rəsm fəlsəfədir… çünki hərəkətlərinin incəliyi içərisində cismlərin hərəkətini əks etdirir, fəlsəfəyə gəldikdə isə, o da hərəkəti öyrənir”

Leonardonun Kodeks B-nin 4-cü hissəsində kiçik notla qeyd etdiyi və daha sonra Anatomiya B-də əhatəli şəkildə qələmə aldığı, nadirən bir səhifə və daha artıq olan fraqmentləri içərisində bu yazı ən uzun və nizamlı mətnlərdən biridir. Leonardonun düzgün yazı ilə sıx şəkildə yazmış olduğu mətndən bizə çatan hissələrdir. Bu hissələrin tərcüməsini təqdim edirəm.

Leonardo Da Vinci-nin doğumu (15 aprel) və ölümünə (2 may) ithafən

1. Havanın hərəkəti və toqquşmasının olmadığı yerdə səs də var ola bilməz. Cismin olmadığı yerdə də hava toqquşması olmaz. Bədənsiz də cism olmaz. Bu belə olduğuna görə, ruhun nə səsi ola bilər, nə forması, nə də gücü. Əgər cism forması almış olsa, qapıları bağlanmış olan yerə nə nüfuz edə bilər, nə də girə bilər. Əgər biri “Sıxlaşma vasitəsilə hava müxtəlif cimslərin formasını ala bilər və bu yolla güc əldə etmiş şəkildə danışıb hərəkət edə bilər” deyərsə, ona cavab verərəm: Sinir və sümüklərin olmadığı yerdə bu cür xəyali ruhların etdiyi heç bir hərəkətdə əməli gücdən danışa bilmərik. Bu spekulyativ düşüncə sahiblərinin təlimlərindən uzaq dur, çünki onların iddiaları təcrübə ilə sübuta yetirilməmişdir.

2. Dilin hərəkəti vasitəsilə, dodaqlar və dişlərin köməkliyi ilə, bu cür forma vasitəsilə bildiyimiz hər şeyin adını necə səsə çevirə bilirik, bir dilin saf və birləşmiş sözləri necə qulaqlarımıza çatır, bunu ətraflı şəkildə düşün. Təbiətin bütün təsirlərinin adı olsa, təbiətdəki əməli və potensial vəziyyətdəki sonsuz şeylə birlikdə sonsuza qədər yayılardı bu sözlər. Üstəlik də bu sözləri sadəcə bir dildə deyil, özləri də sonsuza qədər yayılan bir çox dildə dilə gətirərlərdi. Dillər sonsuza doğru yayılır, çünki çağdan çağa, ölkədən ölkəyə müharibələr və ya digər hadisələr yolu isə davamlı olaraq iç-içə keçən xalqların qarışması vasitəsilə davamlı olaraq dəyişikliyə uğrayır. Ayrıca da dillər unudulmağa boyun əyib, yaradılmış digər şeylər kimi ölümlüdür. Dünyamızın sonsuz olduğunu qəbul etsək, sonsuz çağlar boyunca, sonsuz zaman içində yer alan sonsuz müxtəliflikdə dillərin var olduğunu və gəlcəkdə də var olacağını qeyd etməyimiz lazımdır.

Digər tərəfdən də bu başqa cür ola da bilməz, çünki dillər yalnız təbiətin davamlı olaraq yaratdığı şeyləri əhatə edir. Təbiət özünün yaratdığı şeylərin bilinən obrazlarını dəyişdirməz (baxmayaraq ki, təbiətin ən üstün yaratma vasitəsi olan insanın yaratdığı şeylər zaman içərisində dəyişilir), çünki təbiət yalnız sadə elementlərin yaradılması ilə məşğuldur. Buna əks olaraq isə insan bu cür sadə elementlərlə sonsuz birləşmiş elementlər yaradır, amma heç bir sadə element yaratmaq gücünə sahib deyil (özünün eynisi olan bir digərini, öz uşaqlarını yaratmaqdan başqa) Bu məsələdə keçmişdəki kimyagərləri nümunə göstərəcəyəm. Onlar heç bir zaman istər təsadüf nəticəsində olsun, istərsə də iradi təcrübə yolu ilə təbiətin yarada biləcəyi ən kiçik şeyləri yarada bilməyiblər. Əslində bu şəxslər insanların faydası üçün tapdıqları şeylərin faydalılığına görə sonsuz təşəkkürə laiqdirlər. Həyatı ya da heç də məhrum olmadıqları ağılı məhv edən zəhər və ona bənzər digər şeyləri kəşf etmiş olmasalar, daha da artığını qazana bilərdilər, çünki böyük araşdırma və fəaliyyətlə təbiətin ən az ali olan məhsulunu deyil, ən qüsursuz olanını, yəni qızılı yaratmaq istəmişdilər – günəşin həqiqi oğludur qızıl, çünki yaradılmış digər hər şeydən çox ona bənzəyir və yaradılmış heç bir şey qızıldan daha əbədi deyil. Qızıl yaradılmış digər hər şeyi öz içərisinə alan, onları külə, şüşəyə və dumana çevirən odun məhvediciliyindən özünü qoruya bilir. Və əgər axmaq xəsislik səni bu həyata sürükləyirsə, nə üçün təbiətin qızılı yaratdığı mədənlərə gedib təbiətin xidmətçisi olmursan? O səni böyük bir qayğı ilə sağaldıb, axmaqlıqdan xilas edəcək, sənə odda düzəltməyə çalışdığın heç bir şeyin, təbiətin qızılı düzəltmək üçün istifadə etdiyi şeylərdən heç biri olmadığını göstərəcəkdir. Nə çivə, nə hər hansı növ kükürd, nə alov, nə də dünyamıza can verən təbiətinkindən fərqli istilik. Təbiət sənə lazurit daşına – bu daşın rəngi odun təsirindən dəyişmir – yayılmış qızıl damarlarını gösərəcəkdir. Qızılın bu damarlarını yaxşıca gözdən keçir (kənar nöqtələri – yavaş hərəkətlə davamlı olaraq çoxlaraq, özlərinə toxunan şeyləri qızıla çevirən kənar nöqtələri – görəcəksən) və bunun fərində ol: Burada sənin yaratma gücünü aşan həyati bir gücdən bəhs olunur.

3. Hər halda insana məxusus olan bütün ifadələr arasında ən axmaqca olanı cadügərliyə – sadə təbii şeylər yaradan kimyanın bacısı olan cadügərlik – inancla əlaqəli olanıdır. Amma cadügərlik kimyadan daha çox tənqidə laiqdir, çünki özünə bənzər olan – yəni, sadə olan-dan başqa ortaya bir şey çıxarmır. Bu kimyada ola bilməz. Kimya təbiətin yaratdığı sadə elementlərlə iş görür. Təbiət onun funksiyasını yerinə yetirə bilməz, çünki təbiətdə insanın əlləri vasitəsilə etdiyini (bu məşğuliyyətlə insan şüşəni və s. yaratmışdır) edə biləcək təbii vasitələr yoxdur. Buna baxmayaraq, cadügərlik, küləyin dalğalandırdığı bu bayraq, bu sənətin bitmək bilməyən nəticələrinə böyük alqışlarla davamlı olaraq şahidlik edən axmaq kütlələrin yol göstərənidir. (Cadügərlər) bir çox kitab yazmış, caduların və ruhların təsir gücünün olduğunu, dilləri olmadan belə danışdıqlarını, təbii quruluşdan, formadan məhrum olduqları halda danışdıqlarını (bu cür bir quruluş olmadan danışmaq mümkünsüzdür) çox böyük yükləri daşıya bildiklərini, fırtınalar əsdirib yağışlar yağdırdıqlarını və insanları pişiklərə, canavarlara və başqa heyvanlara çevirə bildiklərini irəli sürüblər – ilk əvvəl bu cür şeyləri irəli sürənlər özləri heyvan sinfinə aid olduğu halda. Və əlbəttə, kəm ağıllıların inandığı kimi bu cür bir cadügərlik var olsaydı, insanlara zərər vermək və xidmət etməkdə ondan daha dəyərli bir şey olmazdı. Çünki bu sənətdə sakit havanın sükunətini pozmaq, onu gecənin qaranlığına bürüməyə, qorxunc görüntüləri və qaranlıqda arxa-arxaya çaxan şimşəklərlə işıqlar və qasırğalar yaratmaq, amansız küləklərlə yüksək binaları yıxmaq, meşələri kökündən çıxarmaq, bu yolla orduların öhdəsindən gəlmək, onları məhv etmək, (baxmayaraq ki, bu zərərli fırtınalar əkinçiləri də öz yetişdirdikləri məhsullardan məhrum edəcək) gücü gerçək olsa.. deyə bilərsinizmi, hansı müharibə düşməninə bu qədər zərər verə bilər, onu məhsullardan məhrum buraxmaq gücünə sahib ola bilər? Hansı dəniz müharibəsi küləyə hökm edə bilən, bütöv bir ordunu məhv edib sulara qərq edə biləcək fırtınalarla müqayisə oluna bilər? Əlbəttə, bu cür amansız güclərə hökm edən şəxs xalqların rəhbəri olacaqdır və insan zehninin heç bir kəşfi onun gücünə qarşı davam gətirə bilməyəcək. Torpağın altındakı gizli xəzinələr, qiymətli daşlar onun üçün açıq aydın şəkildə görünən olacaqdır. Heç bir qıfıl, mühasirəyə alınması mümkünsüz qala hər hansı şəxsi bu cadügərin iradəsindən xilas edə bilməyəcək. O, havada şərqdən qərbə, kainatın bir tərəfindən digər tərəfinə gedə biləcək. Amma niyə mən sözü bu qədər uzadıram ki? Bu cür bir sənətlə edilə bilməyəcək nə var ki? Demək olar ki, heç bir şey, ölümdən xilas olmaqdan başqa. Bu halda bu sənət gerçək olmuş olsaydı, hansı zərərlər və faydalara malik olardı, bunu qismən izah etdim. Həqiqət isə, Tanrını önəmsəməyən, onu bu qədər arzulayan insanlar arasında nə üçün varlığını davam etdirmədi. Öz həvəslərini təmin etmək üçün bütün kainatla birlikdə Tanrını öldürmək istəyən çox insan tanıyıram. İnsanın bu qədər önəmli hesab etdiyi cadügərlik insanlar arasında varlığını davam etdirmədisə, deməli ki, heç mövcud olmamışdır və ruha verdiyi tərif səbəbi ilə də mövcud ola da bilməz. Ruh gözlə görülə bilməz, cism deyildir. Elementlərin arasında cismə malik olmayanı yoxdur. Çünki harda cism yoxdursa, orda boşluq var və elementlərdə boşluq olmaz, əgər olsa dərhal elə elementlər tərəfindən doldurulmuş olardı.

4. Ruhlar haqqında. Bu səhifənin digər üzündə ruha bu cür tərfi vermişdik: “Bədənə əlavə edilmiş potensial güc, çünki öz-özünə mövcud ola bilməz və bir yerdən başqa yerə özü hərəkət edə bilməz”. Öz-özünə mövcud olur deyəcək olsaq, bu elementlərin içərisində ola bilməz. Çünki ruh cismsiz keyfiyyətdirsə, bu keyfiyyətə boşluq deməliyik, təbiətdə isə boşluq yoxdur. Bir boşluq yaranmış olsa belə, boşluğun yarandığı elementin çöküşü ilə o boşluq dərhal dolardı.

Elədirsə, ağırlığın tərifindən (o tərif budur: “Ağırlıq bir elementin digər elementə doğru çəkilməsi ya da itələnməsi ilə meydana gələn müstəqil mövcud olmayan gücdür”) bu nəticə çıxar. Heç bir elementin öz elementi içərisində ağırlığı yoxdur, ondan daha yüngül olan üstdəki element içərisində ağırlığı vardır. Bunu bu nümunədə görə bilərik: Suyun hər hansı hissəsi, başqa suyun içərisində ağırlıq ya da yüngüllük yaratmır, amma su havaya doğru çəkilirsə, o zaman ağırlıq qazanmış olur. Eyni zamanda havanı da suyun içərisinə çəkəcək olsaq, o zaman bu havanın üstündə yer alan su ağırlıq qazanmış olur. Bu ağırlığı özü qoruya bilmir, bu səbəblə də dağılma baş verir və beləliklə suyun içinə, o suyun boşluğu olan yerə düşür. Elementlər arasında dayanan ruhda da eynisi olacaq, yer aldığı elementdə hər zaman bir boşluq meydana gətirəcəkdir. Bu səbəblə o elementlərdən çıxana qədər göyə doğru davamlı olaraq qaçış içərisində olması zəruri olacaq.

5. Elementlər arasında ruhun bədəninin/cisminin olub olmaması haqqında. Ruhun öz-özünə bədənsiz/cismsiz elementlərin arasında dura bilməyəcəyini, öz iradəsilə – yuxarı doğru yüksəlməkdən başqa – öz başına hərəkət edə bilməyəcəyini təsdiq etmiş olduq. İndi isə eyni ruhun hava bədəninə/cisminə büründüyündə necə qaçınılmaz olaraq o havanın içərisinə basdırılacağını qeyd edəcəyik. Çünki hava ilə birləşmiş halda qalarsa, yuxarıda qeyd etdiyimiz kimi ayrılıb çökəcək və boşluq meydana gətirəcəkdi. Bu səbəblə, havada qalmaq istəyirsə, ruhun müəyyən miqdardakı hava ilə birləşməsi lazımdır. Lakin ruh hava ilə birləşərsə, iki problem ortaya çıxmış olacaq: Daha aydın olmaq lazımdırsa, ruh birləşdiyi hava miqdarını yüngülləşdirir, buna uyğun olaraq da seyrələn hava yuxarı doğru yüksəlir və özündən daha ağır olan havanın içərisində dayanmır. Bununla bərabər yayılmış ruh gücü dağılır və keyfiyyəti dəyişikliyə məruz qalır, o səbəblə də əvvəldəki gücünün bir hissəsini itirmiş olur.

Bunlarla yanaşı üçüncü bir çətinlik haqqında da danışmaq lazımdır. Ruhun bürünmüş olduğu belə hava-bədən daxilinə nüfuz edən küləklərə qarşı müdafiəsizdir. Bu küləklər havanın birləşmiş qismlərini davamlı olaraq parçalayır, bu hissələri digər havanın içrəisində çevirib yerlərini dəyişdirir. Bu səbəblə də hava ilə qarışmış olan ruh birləşmiş olduğu havanın parçalanması ilə hissələrə ayrılacaq və digər ifadə ilə dağlıb parçalanacaqdır.

6. Hava ilə cismə bürünmüş ruhun öz-özünə hərəkət edib etməyəcəyi haqqında. Müəyyən hava kütləsi ilə birləşmiş olan ruhun o havanı hərəkət etdirməsi mümkünsüzdür. Daha əvvəl verdiyimiz tərif (o tərif budur: “Ruh birləşdiyi hava kütləsini yüngülləşdirir”) bunu sübut edir. Deməli, bu hava yuxarıya digər hava kütləsinin üzərinə yüksələcək. Ruhun iradi hərəkəti ilə deyil, havanın yüngül olması ilə meydana gələn hərəkət nəzərdə tutulur burda. Və bu hava kütləsi küləklə qarşılaşırsa, üçüncü tərif səbəbi ilə havanı onunla birləşmiş olan ruh yox, külək hərəkət etdirmiş olacaq. 

7. Ruhun danışıb danışmayacağı haqqında. Ruhun danışıb danışmadığını göstərmək istəyiriksə, əvvəlcə səsin nə olduğunu və necə yarandığını ifadə etməliyik. Elədirsə, bunu deyəcəyik: “Səs, bərk cismə sürtünən havanın hərəkətidir və ya havaya sürtünən bərk cismin – bu da elə ilki ilə eyni şeydir əslində. Sıx olanın seyrək olanla sürtünməsi seyrək olanı sıxlaşdırır və müqavimtə yol açır. Lakin, sürətli seyrəklik və yavaş seyrəklik bir-biri ilə təmas etdiyində bir-birini sıxlaşdırır, səs və ya böyük gurultu yaradır. Seyrək olan, seyrək olan içərisində orta sürətdə hərəkət etdiyində səs ya da zümzümə meydana gəlir (nümunə olaraq: havada səs çıxaran böyük alov) Sürətli seyrək olan, hərəkətsiz seyrək olana təsir etdiyində isə seyrək olanın seyrək olanla görüşməsi böyük gurultu yaradır (numunə: böyük topdan çıxan və hava ilə toqquşan odun alovu, eyni zamanda buluddan çıxaraq hava ilə toqquşan və şimşəklərin meydana gəlməsinə şərait yaradan od)

O halda bunu deyəcəyik: Ruh havanın hərəkəti olmadan səs çıxara bilməz. Ruhda isə hava yoxdur, dolayısı ilə sahib olmadığı havanı özündən uzaqlaşdıra bilməz. Digər tərəfdən birləşəcəyi havanı hərəkət etdirmək istəyirsə, ruhun çoxalması lazımdır ki, gerçəklikdə fərqli səbəblərdən ötrü ruh çoxala bilməz: Keyfiyyətdən məhrum olduğu üçün və dördünücü tərifimizə əsaslanaraq (o tərif budur: “Heç bir seyrəklik hərəkəti ala biləcəyi sabit bir yer olmadığı müddətcə hərəkət edə bilməz”) Məsələn, buxarlaşan şeyin mərkəzindəki tək formalı buxarlaşmadan başqa özü-özünə hərəkət etməyən elementin içində hərəkət etməsi lazımdırsa, bu daha çox keçərlidir– su altında tutub əlimizlə sıxdığımız süngərdə olduğu kimi. Su süngəri tutan əlimizin boşluqları arasından bərabər hərəkətlə hər tərəfə qaçır.

8. Ruhun məxsusi səsinin olub olmayacağı, ruhun eşidilib eşidilməyəcəyi və eşitmə ilə görmənin nə olduğu haqqında. Ayrıca da səs dalğasının havada necə yol aldığı və obyektlərin obrazlarının gözə necə çatdığı haqqında. (burada Leonardo mətni yarımçıq saxlayıb)

9. Ey riyaziyyatçılar, bu xətanı ayınlığa çıxarın !

Ruhun səsi yoxdur, çünki harda səs varsa, orda cism var deməkdir və harda cism varsa, o bir yer tutur deməkdir. Bu belə bir yer arxasına qoyulan şeyləri gözün görməsinə mane olur, çünki haqqında danışdığımız cism ətrafındakı havanı özü ilə, yəni obrazı ilə doldurur.

10. Duyğulardan keçməyən zehni şeylər boş olub, heç bir həqiqət doğurmurlar, ya da olsa osla otalığa zərərli hekayələr çıxarırlar. Bu cür danışıqlar, zəka yoxsulluğundan meydana gəldiyi üçün də onları dilə gətirənlər hər zaman yoxsul kimsələrdir və zəngin doğulmuş olsalar da qocaldıqlarında yoxsul olaraq öləcəklər. Çünki belə görünür ki, təbiət mövcüzələr yaratmaq istəyənlərdən – daha sakit digər insanlardan daha azına sahib olmalarını təmin edərək – və bir gündə zəngin olmaq istəyənlərdən – uzun müddət yoxsul olaraq yaşamalarını təmin edərək intiqam alır. Eynilə qızıl və gümüş yaratmağa çalışan kimyaçıları, sükunətdəki (ölü) suyun dayanmadan hərəkət etməklə öz-özünə hərəkətli həyatın qaynağı olmasını istəyən mühəndisləri və axmaqların ən üstünü olan cadügərlər və gözbağlayıcıları başa saldığı və əbədi olaraq başa salacağı kimi. 

11.Təbiətin saxta şərhçiləri çivənin bütün mədənlərin ortaq toxumu olduğunu irəli sürürlər. Bir nöqtəni isə yaddan çıxarırlar: Təbiət yer üzündə yaratmaq istədiyi şeylər növbənöv olduğuna görə toxumları da növbənöv yaradıb. 

Qeyd: Önəmli Renessans heykəl ustası olan Mikelancelo öz Məktublarında (p. 78) Da Vinçi haqqında yalnız bir yerdə adını çəkmədən “Rəsmin heykəltaraşlıqdan daha alicənab məşğuliyyət olduğunu yazan şəxs bütün yazdıqlarını bu cür yazmışdırsa, xidmətçim ondan yaxşı yazardı hamısını” deyə bəhs edir.

Mənbə: Lenardo Da Vinci, Scritti Letterari, Augusto Marinoni, Milano , 2009, p. 148-155.

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.