Haqqımızda

Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır. “Hər kəs üçün fəlsəfə” şüarı ilə düşünməyi sevən hər kəsə xitab etməyi hədəfləyən Akademiya, müxtəlif məzmunlu layihələrlə bu məqsədini həyata keçirməkdədir.

Bakı Fəlsəfə Akademiyasının manifesti

*fəlsəfi kitab yox, fəlsəfə kitabı


Adında “Bakı” olması Akademiyanın coğrafi sərhədlərinin olduğuna eyham vurmur və təkcə Bakı üçün nəzərdə tutulmağı mənasına gəlmir. Dünyanın bir sıra regionlarının bir düşüncə mərkəzi ilə seçildiyi nəzərə alınmalıdır. Bakı da tədricən Respublikanın düşüncə mərkəzinə çevrilir. Biz istəyirik ki, burada əsas rolu fəlsəfə tutsun. Beləliklə, Bakı Fəlsəfə Akademiyası Azərbaycanda düşüncə mərkəzinin, ocağının, platformasının formalaşması sahəsində fəaliyyət göstərəcəkdir. Hədəfimiz Azərbaycanda düşüncə mərkəzinin formalaşmasına töhfə verməkdir.

Azərbaycanda fəlsəfə sahəsində xidmət göstərən, video materiallar, kitab və jurnallar nəşr edən universitet, nəşriyyat, təşkilat, hərəkatlar, klub və şəxslər var. Ancaq universitetlərin cəmiyyətə inteqrasiyasının ardıcıl olmaması, nəşriyyatların kitab nəşrlərində işi peşəkarlara həvalə edə bilməməsi, digər təşkilatların fəaliyyətlərinin yarımçıq qalması, fərdlərin də bu işə hobbi kimi baxması fəlsəfə sahəsində qarışıqlığın yaranmasına səbəb olur.

Son onillikdə ölkəmizdə düşüncə məktəb və cərəyanlarına artan rəğbət fonunda fəlsəfə, mifologiya, sənət, o cümlədən, ədəbiyyat ilə bağlı mövzuları obyektiv şəkildə işləməyi, ixrac edilmiş hər hansı bir ideologiyanın qalası kimi çıxış etməməyi mərkəzinə qoyan və ancaq gənclərdən təşkil olunmuş komandaya malik Bakı Fəlsəfə Akademiyası-nın nəzərdə tutulan fəaliyyəti virtual platformalarla (blog yazıları, sosial media şəbəkələrindəki fəaliyyət) məhdudlaşmayaraq, ictimai həyatın içində də sağlam fikir alış-verişinin təmin olunması üçün münbit mühitin təşkilinə yönəlmişdir. İddiası görülən işlərlə məhdud olan Bakı Fəlsəfə Akademiyasının yuxarıda sadalanan özünəməxsus keyfiyyət əlamətləri həm də ölkə daxilində və xaricində bu və ya digər müvafiq səpgidə fəaliyyət göstərən, yaxud buna can atan qurumlar, təşkilatlar və insanlarla əməkdaşlığın da kriteriyalarını müəyyən edir. Fəlsəfə institutlara buraxılmayacaq dərəcədə önəmli məsələdir.

Tədris müəsisələrindəki ağır fəlsəfə aurasını yumşaldaraq fəlsəfənin heç də qorxulu olmadığını, gənclərin və tələbələrin təhsillərini aldıqları müddətdə müzakirə aparacağı, intellektual və akademik baxımdan özlərini təsdiq edə biləcəkləri bir fəlsəfi mühit, platforma yaratmaq əsas məqsədlərimizdəndir.

Azərbaycanda etibar edilə biləcək şəxslərin bu sahələrə marağı olan insanlarla eyni platformada bir araya gəlməsi, fəlsəfə ilə insanımız arasındakı boşluğun aradan qaldırılması, fəlsəfə kitablarının ikinci/üçüncü/dördüncü şəxsin dilindən yox birbaşa öz dilindən tərcümə edərək nəşr etmək, fəlsəfə və sosial elmlər sahəsində jurnal nəşr etmək əsas hədəflərimizdəndir.

Akademiya – ictimaiyyətə açıqdır.

Akademiya – heç bir siyasi məqsəd güdmür və siyasi fəaliyyəti yoxdur.

Akademiya – istənilən növ dini, gender, irqi, etnik ayrıseçkiliyin əleyhinədir.