Sözümə 400 il əvvəl Florans ətrafı kəndlərin birində yaşanmış qəribə hadisəni bir-iki kəlmə ilə izah edərək başlayacam (…) Kənd sakinlərinin bəzisi evində idi, bəzisi də tarlasında işləyirdi. Hər kəsin öz işinə başı qarışmışdı ki, birdən kilsə zəngi eşidildi. Həmin dindar zamanlarda (16-cı əsrdə olan şeydən danışırıq) zənglər gün ərzində bir neçə dəfə çalırdı; beləliklə, bunda təəccüblənəsi heç nə yox idi. Amma kədərli çalınan yas zəngi olduğu üçün əlbəttə bu, təəccüblənəsi idi. Çünki kənddə heç kimin ölüm ayağında olmadığını bilirdilər. Bu səbəbdən qadınlar küçəyə axışdılar, uşaqlar yığıldı, insanlar tarlaları və ya digər işlərini başdansovdu buraxdılar; bir az sonra hamı kilsənin həyətinə doluşdu. Kim üçün ağlayacaqlarını bilmək istəyirdilər. Zəng bir neçə dəqiqə də çalandan sonra dayandı.
Daha sonra qapı açıldı və kənarında bir kəndli göründü. Bu şəxs həmişəki zəngçalan olmadığı üçün kənd sakinlərinin ondan zəngçalanın harada olmasını soruşmağı normal idi. “Zəngçalan burda deyil, zəngi çalan mən idim” deyə, kəndli cavab verdi. Kəndlilərin israrla “Bəs ölən də yoxdur?” suallarından sonra kəndli belə dedi: “Yox, adı olan, insan görünüşlü biri üçün deyil, ədalət üçün çaldım yas zəngini, çünki ölən Ədalətdir!”
Nə baş vermişdi? Bölgənin acgöz ağası (hansısa arsız qraf və ya markiz) uzun müddətdir torpaqların sərhəddini dəyişdirir və kəndlinin kiçik torpaq ərazisinin içində irəliləyərək hər dəfə bir hissəsini öz torpaqlarına qatırdı. Yazıq kəndli əvvəlcə etiraz edərək haqsızlığa qarşı çıxdı, sonra yalvarıb-yaxardı və axırda da rəsmi ünvanlara şikayət edərək ədalətin qorunmasını tələb etməyə qərar verdi. Bunların heç biri işə yaramadı və soyğunçuluq davam etdi.
Buna görə də kəndli ümidini itirərək ədalətin öldüyünü bütün dünyaya (ömrü boyu orada yaşayan biri üçün kəndi dünya qədər böyükdür) eşitdirməyi qərara aldı.
Aşıb-daşan qəzəbini büruzə verən bu davranışın kim bilir, bəlkə də irq, inanc və vərdişindən aslı olmayaraq kainatın bütün zənglərini hərəkətə gətirə biləcəyini və istisnasız şəkildə bütün zənglərin ədalətin ölümünə tutduğu yasa ortaq olaraq onun dirilməsinədək susmayacağını düşünürdü. Evdən-evə, kənddən-kəndə, şəhərdən-şəhərə yayılan, sərhədləri aşaraq çaylar, dənizlər üzərində səsdən körpülər yaradan belə bir fəryad istər-istəməz dünyanı yuxudan oyandıracaqdı… Ardınca nə baş verdiyini bilmirəm; sərhəd daşlarını əvvəlki yerinə qoymaqda xalq kəndlinin yardımına yetişdimi, yoxsa kəndin sakinləri “Ədalət!” deyə yas tutaraq darıxdırıcı gündəlik həyatlarına döndülərmi, bilmirəm. Aydın məsələdir ki, tarix əsla hər şeyi bizə danışmaz…
Dünyanın istənilən bir yerində neçə müddətdir insan ölümlərini xəbər vermək üçün cansız tunc bədəniylə çalınan zəng, hesab edirəm ki, ilk və son dəfə ədalətin ölümünə ağladı. Florans kəndinin bu kədərli zəng səsi bir daha eşidilmədi, amma ədalət ölməyə davam etdi və hər ötən gün də davam etməkdədir. Bu gün də sizinlə danışarkən, buradan uzaqlarda və ya elə yanımızda, evimizin qapısında kimsə onu öldürür. Hər dəfə öldüyündə nəticə olaraq ona bel bağlayıblar, hamımızın ondan gözləməyə haqqımız olan ədalət, sadəcə ədaləti gözləyənlər üçün heç vaxt mövcud olmayıb.
Bəhs etdiyim, teatrvari maskalara bürünən və içiboş mühakimə nitqlərinin çiçəkləriylə bizi əhatə edən ədalət deyil. Nə gözlərinin bağlanması və tərəzidə aldadılmasına səs çıxarmayan, nə də at nalı kəsən kimi daim bir tərəfi yontan da deyil. Bəhs etdiyim təvazökar bir ədalət, insana hər gün yoldaşlıq edən, “adil” deyiminin sözbəsöz “etika” ilə eyni mənaya gəldiyini düşünən bir ədalət; ruhun xoşbəxtliyi üçün bədənə ömür boyu lazımlı olan qida qədər əvəzedilməzi bacaran bir ədalət. Qanunla nəzərdə tutulan hər vəziyyətdə, şübhəsiz ki, məhkəmə orqanları tərəfindən nizamlanan ədalət, eyni zamanda və xüsusilə də aktiv reaksiyalı cəmiyyətin öz qəlbində çiçəkləyən ədalət; qaçılmaz zərurət olaraq hər insanın sahib olduğu yaşamaq hüququna hörməti özündə ehtiva edən ədalət.
Amma xoşbəxtlikdən, zənglər təkcə ölənlərin arxasıyca ağlamaq üçün çalmırdı. Günün saatlarını müəyyən etmək, insanları şənlik və ibadətə çağırmaq üçün də çalınırdı. Üstündən çox keçməyən bir dövrlər də oldu ki, insanlar sel, yanğın kimi fəlakətli vəziyyətlərdə və ya başqa bəlalara qarşı, yaxud da cəmiyyəti təhdid edə biləcək hər hansı təhlükəyə qarşı həyəcan siqnalı ilə xəbərdar edilirdi. Dövrümüzdə zənglərin ictimai rolu təntənəli mərasimlərin yerinə yetirilməsi ilə məhdudlaşır və Floranslı kəndli bu gün eyni parlaq davranışı göstərsəydi, bu ya bir dəlinin hiyləgərliyi, ya da cinayət hadisəsi olaraq qiymətləndiriləcəkdi. Bu günün başqa zəngləri var, bambaşqa; bu zənglər insanpərvər ədaləti, ruhun xoşbəxtliyinin, hətta bizə qəribə gəlsə də bədəni qorumanın tələbatı olan ədaləti müdafiə etmək, onun bütün dünyada kök salmasının nəhayət mümkün olduğunu bəyan etmək üçün çalınır.
Bu ədalət bir dəfə bərqərar oldumu, aclıqdan və ya bəzilərinin müalicə imkanı tapdığı, bəzilərinin tapmadığı bütün o çarəsi bəlli xəstəliklərdən ölən tək bir nəfər də olmayacaq. Bu ədalət təmin edildimi, həyat indiyədək olduğu kimi insanlığın yarısından çoxu üçün qorxunc bir məhkumluq olmayacaq. Bütün dünyada hər dəfə daha güclü əks-səda verən bu yeni zənglər bütün insanların mahiyyətcə “öz ədalətim” deyə biləcəyi, azadlıq və hüququn qoruyucusu olaraq bunlara əhəmiyyət verməyənlərə əsla qucaq açmayan, paylayıcı və transformativ yeni bir ədalətin hökmran olması üçün mübarizə edən müxtəlif ictimai səfərbərlik və müqavimət hərəkatlarıdır.
Məncə bu ədalətlə bağlı hamının anlaya biləcəyi praktik bir nizamlayıcı qanun onsuz da əlimizdə var, 50 ildir “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ndə yer alan bu qanun sistemli olaraq diqqətdən kənarda qalmayan 30 əsas hüquqdan ibarətdir ki, bunlardan yalnız qısaca olaraq qeyd olunur. Bu əsas haqlar dövrümüzdə o qədər xor baxılaraq pozulmuşdur ki, Floranslı kəndlinin mülkiyyət və azadlığı belə bu qədər xor görülməmişdi. Və yenə də, məncə, qələmə alındığı formasıyla, tək bir vergülün belə dəyişməsinə lüzum olmadan “Ümumdünya İnsan Haqları Bəyannaməsi” prinsiplərin dəqiqliyi və hədəflərin aydınlığı baxımdan dünyadakı bütün siyasi partiyaların proqramlarını layiqincə əvəz edə bilər.
Xüsusən də “solçu” deyə adlandırılan partiya proqramlarının köhnəlmiş formullar içində ilişib qaldığını düşünürəm, müasir dünyanın sərt reallıqlarına sinə gərmə mövzunda biganə və acizdirlər. Fikrimizcə, ən uca istək olan ağlabatan və həssas insanlıq ləyaqətinə qarşı gələcəkdə baş verməsi indidən özünü bəlli edən qorxunc təhlükələri gözardı edirlər. Ənənəvi olaraq siyasi partiyalardan bəhs etməyimə yol açan səbəbləri ayrı-ayrı ölkələrdəki həmkarlar ittifaqları və dolaysıyla bütövlükdə beynəlxalq həmkarlar ittifaqları hərəkatı üçün də sadalaya bilərəm. Bizə qalan itaətkar və bürokratlaşmış ittifaqçılıq mövcud iqtisadi qloballaşma dönəminin yaratdığı ictimai ədalət üçün istəsə də, istəməsə də məsuliyyət daşıyır. Xoşuma gəlməsə də bunu deməliyəm. Hətta icazənizlə, La Fontenin (La Fontaine) nağıllarına əlavə olaraq deyim ki, əgər təcili olaraq, yəni dərhal müdaxilə etməsək, vətəndaş haqlarının siçovulu sonda iqtisadi qloballaşma pişiyi tərəfindən amansızcasına yeyiləcək.
Bəs sadəlövh Afinalıların min illik ixtirası olan demokratiya nə vəziyyətdədir? Afinalılar üçün demokratiya o dövrün ictimai və siyasi şəraitində xalqın rəhbərlik etdiyi xalq üçün xalq hakimiyyəti demək idi. Tez-tez yaxşı niyyəti bəlli olan insanların səmimiyyətlə, bəzilərinin də yaxşı niyyətli görünmək üçün səmimi sövdələşmə adına fikir yürütdüklərini görürəm. Bu fikrə görə, planetimizin əksər hissəsinin ağır vəziyyəti danılmaz olsa da, insan haqlarına tam və ya ən azından qənaətbəxş şəkildə riayət olunmasını təmin etmək yalnız ümumdemokratik sistem çərçivəsində mümkündür. Bu doğrudur, lakin bir şərtlə, əgər hal-hazırda “demokratiya” dediyimiz ictimai quruluş və hakimiyyət forması həqiqətən demokratikdirsə. Təəssüf ki, belə deyil. Bəli, səs verə bilirik, seçici vətəndaşlar olaraq bizə verilmiş suverenliyi həyata keçirəcək və bizi parlamentdə təmsil edəcək insanları adətən partiyalar vasitəsilə seçə bilirik. Sonra bu cür təmsilçilikdəki say situasiyalarında çoxluq təşkil edilməsi zərurətinin yaratdığı siyasi qruplardan hakimiyyətin yaranması da doğrudur. Bunların hamısı doğrudur, amma demokratik fəaliyyətin buradaca başlayıb bitməsi də doğrudur.
Seçici bəyənmədiyi iqtidarı devirərək başqası ilə əvəz edə bilər, amma seçici səsinin dünyanı, beləliklə də ölkəsini və özünü idarə edən tək real güc üzərində bariz bir təsirinin olması heç vaxt görülməyib, görülməməkdədir və heç vaxt da görülməyəcəkdir. Tək real güc dedikdə, təbii ki, iqtisadi gücü, xüsusən də demokratiyanın ümumi maraqları ilə heç bir əlaqəsi olmayan hökmranlıq strategiyalarına uyğun transmilli korporasiyalar tərəfindən idarə edilərək daim inkişafda olan sektoru nəzərdə tuturam.
Bunun belə olduğunu hamımız bilsək də, dilimiz və şüurumuz sanki faktları bütün çılpaqlığıyla görməyimizə imkan verməyən bütöv bir mexanizmə bağlanmış kimi demokratiyadan danışmağa davam edirik. Aktiv və faydalı bir şeymiş kimi haqqında danışırıq, halbuki ondan bizə qalan bu rituallaşmış qaydalar toplusundan ibarət zərərsiz keçidlər və bir növ dünyəvi ritual davranışlardır.
Və fərqinə varmırıq ki, gözümüzün önündə yaxşı və pis günlər üçün seçdiyimiz, beləliklə əsas cavabdeh olduğumuz hökumətlər iqtisadi gücün mənafeyinə uyğun qanunlar hazırlamaq kimi obyektiv missiyası olan adi bir “siyasi komissarlar”a çevrilir, həm də hər ötən gün daha çox. Sonra da bu qanunlar rəsmi və ya özəl müvafiq reklamçılıq bəzəyi ilə örtülərək bəzi narazı kəsimin reaksiyası istisna, o qədər də etiraza səbəb olmadan sosial bazara çıxarılır…
Bəs nə etməli? Ədəbiyyatdan ekologiyaya, qalaktika formasiyalarından istixana effektinə, tullantıların emalından tutmuş yollardakı tıxaca qədər hər şey bu dünyada müzakirə olunur. Amma növbə demokratik sistemə gəldikdə, o öz mahiyyətinə görə həmişəlik toxunulmaz olaraq qəbul edilən bir məlumat kimi müzakirə mövzusu edilmir. Deməli, səhv etmirəmsə, ikiylə ikini toplamaqdan aciz olmayaraq deyirəm ki, zəruri və ya qaçılmaz bir çox müzakirəylə bərabər demokratiya təcili olaraq dünya miqyasında müzakirəyə çıxarılmalı və bu müzakirə demokratiya və onun çöküş səbəbləri; vətəndaşların siyasi və ictimai həyatdakı rolu; dövlətlər ilə qlobal iqtisadi və maliyyə gücü arasındakı münasibətlər; demokratiyanı gücləndirən və onu inkar edən amillər; insan ləyaqətinə yaraşan həyat və xoşbəxt olma haqqı; insanlığın fərdi və ya kollektiv şəkildə yaşadığı əzablar və bəslədiyi ümidlər üzərində cəmlənməlidir. Özünü aldadan insanın düşdüyü vəziyyətdən pisi yoxdur. Amma biz belə yaşayırıq.
Əlavə edəcəyim heç nə qalmadı. Yox, yox, bir şey var, sizdən bir anlıq səssiz qalmanızı istəyirəm. Floranslı kəndli yenidən kilsənin zəng qülləsinə çıxdı, zəngi çalacaq. Zəhmət olmazsa, bu səsi dinləyək.
Tərcümə edən: Eyvaz Usubov
İstifadə olunmuş ədəbiyyat: Joze Saramaqo, “Demokrasi öldü mü?”, “Kafekültür” Yayıncılık, 2013