Tarix çox zaman bir qismə görə gərəkli və yerində olan, bir qismin fikrincə isə qəbuledilməz və qarşısı mütləq şəkildə alınmalı olan hadisələrə şahidlik etmişdir. Bu baş verənlərə diqqət etdikdə görülür ki, belə müxtəlif dönəmlərin əsas bir ortaq xüsusiyyəti var: hər birinin özünəxas bir şüarının olması. İkinci Dünya Müharibəsindən sonra qurulan və inkişaf etdirilən, Soyuq Müharibənin bitməsindən sonrakı mərhələdə daha da “yeniliklərlə” təchiz edilən dünya nizamının təməl şüarı əsasən “insan hüquq və azadlıqları” anlayışları olmuşdur. Tarixin keçmiş səhifələrində də bu anlayışa müəyyən dövrlərdə yer verilmişdir. Məsələn, Təbii hüquq nəzəriyyəsinin üstünlük təşkil etdiyi vaxtlarda “insan hüquq və azadlıqları” konsepti düşüncə adamlarının müəyyən bir qismi tərəfindən dilə gətirilmişdir. Lakin onlar bu anlayışı dini ünsürlərlə əlaqələndirmişdirlər [1, s. 3-9]. Sonralar, Fransa və Amerika inqilabları zamanında da bu anlayışa xüsusi diqqət çəkildiyi nəzərə çarpmaqdadır. Fəqət “insan hüquq və azadlıqları” konseptinin hüquqi mənada formalaşma prosesinin İkinci Dünya Müharibəsindən sonrakı illərdə tamamlanma mərhələsinə qədəm qoyduğu barizdir.
Şübhəsiz ki, tərəqqi edən, müsbət yeniliklərə adaptasiya ola bilən və ortaya çıxan çətinliklərdən yetərincə baş çıxarmağa qadir olan bir cəmiyyətin mövcudluğu üçün insan hüquq və azadlıqlarına dəyər verilməsi olduqca əhəmiyyətlidir. Lakin günümüz dünyasında bu xüsusu olduqca ifrat şəkildə vurğulayan, hüquq və azadlıqların sanki istənilən hər bir davranışı sərgiləməyə imkan verən bir istinad nöqtəsi olduğunu iddia edən bir kəsim mövcuddur. Xüsusilə, ABŞ-da “Woke mədəniyyəti” adlı hərəkatın ortaya çıxması və tərəfdarlarını artıraraq daha da geniş vüsət alması nəticəsində bu radikal yanaşma tərzi daha da dərin kök salmaqdadır.
Bütün bu baş verənlərin fonunda, belə ifrat baxışları dəstəkləməyən insanlardan tənqidlər gəlir. Qarşı qrupun üzvlərindən və həmçinin bu dəstədən olmasa da, onun bəzi ideyalarına tərəf duran şəxslərdən bu cür tənqidlərə radikal əks-cavablar verilərək bildirilir ki, heç kəs onları tənqid edərək onların hüquq və azadlıqlarına qarışa/müdaxilə edə və fəaliyyətlərinə zərər vura bilməz. Hətta tənqidin cinayət hesab edilməli olduğunu iddia edənlər belə var. Bu halda vacib bir sual ortaya çıxır: “Bir insanın hər hansı bir düşüncəsini, etdiyi hərəkətini tənqid etmək onun hüquq və azadlıqlarına müdaxilədirmi?”
Yazının sonrakı bölümlərində nəzəri və hüquqi cəhətlərdən aparılan təhlillər əsasında bu suala cavab axtarılacaqdır.
Nəzəri aspekt. Hüquq və azadlıq mövzusu ilə bağlı diskussiyalarda çox insanın lazımi diqqəti yetirmədiyi ünsür var ki, o, tolerantlıqdır. Bu o qədər ümdə bir parametrdir ki, toplumda bir-birinə daban-dabana zidd olan ideologiyalara, baxış tərzlərinə sahib insanların birlikdə yaşaya bilməsini mümkün edir. Bəs nədir tolerantlıq?
Tolerantlıq anlayışı haqqında bir neçə yanaşma var. Amma fəlsəfi ədəbiyyatda daha çox qəbul edilən ümumi konsepsiya fikridir. Bu konsepsiyanın bir neçə elementi var ki, tolerantlığın nəyi ifadə etdiyini tam başa düşmək üçün onları əlaqəli şəkildə analiz etmək və qavramaq zəruri rol oynayır [2]:
- Etiraz (razılaşmama) komponenti
Bu komponentin məğzi odur ki, bir şəxsin hər hansı davranış, düşüncə və ya inanca tolerans göstərməsi üçün ilk olaraq, onunla razılaşmaması, onun doğru olmadığını düşünməsi gərəkdir. Belə ki, əgər insan hər hansı davranış, düşüncə və ya inancla razılaşırsa, onu doğru hesab edirsə, artıq tolerantlıq nümayiş etdirməyə ehtiyac qalmır. Çünki artıq bu o deməkdir ki, sözügedən kəs özü də o istiqamətin tərəfdarıdır və onu dəstəkləyir. İnsanın yalnız razı olmadığı, xətalı saydığı bir məsələ barəsində tolerant olub-olmamasını müzakirə etmək olar.
- Qəbul (etmək) komponenti
Bu elementə görə, baxmayaraq ki, bir şəxs başqasının hər hansı davranış, düşüncə və ya inancı ilə razılaşmır və onun yanlış olduğunu hesab edir, bunu həmin insanın hüquq və azadlıqları çərçivəsində qiymətləndirərək cəmiyyətdə mövcudluğunu qəbul edir.
- Könüllülük komponenti
Bu sonuncu komponentə əsasən, tolerantlıq yalnız o zaman göstərilmiş sayılır ki, o, heç bir güc tətbiqi, məcburiyyət olmadan könüllü şəkildə edilsin.
Bütün bu elementləri özündə ehtiva edən bir nümunə ilə tolerantlığın nə demək olduğunu izah etmək olar. Məsələn, A və B fərqli dini inancalara etiqad edirlər. Dini inanclarının fərqli olması səbəbi ilə, təbii olaraq, A B-nin inancı ilə razılaşmır, onun yanlış olduğunu düşünür (1-ci komponent). Amma A B-in bu dinə inanmasının onun vicdan azadlığının bir parçası olduğunu qəbul edir (2-ci komponent). Ən əsası, A bunu könüllü şəkildə edir (3-cü komponent). Demək ki, A B-nin dini inancına tolerantlıq nümayiş etdirir.
Ancaq unutmamaq vacibdir ki, tolerant münasibət yalnız cəmiyyətə zərəri olmayan davranış, düşüncə və ya inanca göstərilə bilər. Yəni, misal olaraq, terrorizm, irqçilik kimi insanlığa təhlükə, ləkə olan ideologiyaların varlığına xoşgörü ilə yanaşmaq olmaz. Zatən belə problematik şeylər hüquq və azadlıqlar çərçivəsinə daxil deyildir.
İndi isə başqa bir sual: “Tolerantlıq anlayışının bu yazının fundamental sualı ilə əlaqəsi nədir?”
Birincisi, insan hüquq və azadlıqlarından söz açarkən, onların zərər görmədən var olmasında olduqca əhəmiyyətli funksiya yerinə yetirən tolerantlıq mövzusundan danışmamaq müzakirəni tam anlamağa maneə törədərdi. İkincisi, bu nüansa toxunmaqla əslində, əsas sualın cavabı nəzəri cəhətdən aydın olur.
Belə ki, toplumda zəruri olan, tolerantlığın mövcudluğudur. Əks təqdirdə, istənməyən situasiyalar üz verə bilər. Tolerantlığın tam olaraq nə demək olduğunu bilmədiyi üçün çoxları sanır ki, bir şeyi hüquq və azadlıqlar daxilində qəbul etmək və eyni zamanda ona tolerans göstərməmək olar. Bu ziddiyyətli mövqedir. Çünki ikinci komponentdən göründüyü kimi, bir məfhumu başqasının hüququ və ya azadlığı hesab edərək onun varlığını qəbul etmək tolerantlığın ayrılmaz bir hissəsidir.
Tənqidin varlığı isə heç bir insan hüquq və azadlığına müdaxilə deyildir. Çünki zatən əgər bir kəs başqasının davranış, düşüncə və ya inancına tolerant münasibət bəsləyirsə, bəllidir ki, etiraz komponentinə müvafiq olaraq, həmin fenomenlərlə razılaşmır, onları doğru saymır. Bu səbəblə də, normal olaraq, sözügedən şəxsin razı olmadığı istənilən bir məfhumu tənqid etməsi ağlabatan və qəbulediləndir. Ancaq bu o demək deyildir ki, bu insan qarşı cinahın hüquq və azadlıqlarını pozur, onları hür olmaqdan məhrum edir. Tənqid sadəcə bir baxış bucağıdır; fəqət kiminsə hürriyyətinə əl-qol atmaq deyildir. Əgər tolerantlıq göstərilməzsə, bəli, bu artıq qarşı tərəf üçün potensial təhlükəyə qapı açır deyə onların hüquq və azadlıqlarının pozuntusu kimi dəyərləndirilməsi mümkündür.
Yəni nəzəri prizmadan, “tənqid etmək” toplumun hər bir üzvünün fikir və söz azadlığının əvəzolunmaz bir parçasıdır.
Hüquqi aspekt. Hüquqi cəhətdən baxdıqda da cavab dəyişmir: tənqid hüquq və azadlıqlara müdaxilə deyildir.
Bir çox dünya dövlətlərinin qanunvericiliyində bu məsələyə toxunan normalara rast gəlmək mümkündür. Ən yaxın mənbəyə, yəni Azərbaycan Respublikası Konstitusiyasına nəzər yetirdikdə, bu mövzunu əhatə edən iki norma gözə çarpır.
Sözügedən normalar ilk olaraq, hər bir kəsin söz azadlığını vurğulayır [3] və daha sonra hamının söz azadlığına istinadən tənqid etmək hüququnun olduğunu təsbit edir [4].
Əlavə olaraq, özəlliklə qeyd edilir ki, təhqir və böhtan tənqid sayıla bilməz. Yəni edilən tənqidlərin onların şərəf və ləyaqətini alçaltdığını, onlara mənəvi əzab verərək psixoloji durumlarını alt-üst etdiyini hayqıranların bu iddiasının heç bir hüquqi əsası yoxdur. Qanunverici tam aydın şəkildə diqqətə çatdırır ki, tənqid və təhqir eyni xüsuslar deyildir.
Nəticə. Sonda, göründüyü üzrə, “insan hüquq və azadlıqları” və “tənqid” arasında istər nəzəri, istərsə də hüquqi cəhətdən heç bir konfliktdən söz belə gedə bilməz. Necə ki, cəmiyyətə zərər vurmayacaq həddə istədiyi cür hərəkət etməsi, düşünməsi və ya inanca sahib olması bir insanın hüquq və azadlığı kimi dəyərləndirilir, eyni zamanda onu tənqid etmək, ona öz əks-fikirlərini söyləmək başqa birinin konstitusion hüquq və azadlıqları çərçivəsi daxilində hesab edilməlidir. Bu tənqidin nə qədər doğru və ya yanlış olduğu isə ayrı bir müzakirə mövzusudur. Belə ki, tənqiddən narazı olan hər bir şəxsin də həmin tənqidi tənqid etmək hüququ vardır.
Maraqlısı odur ki, öz hüquq və azadlıqlarının tərkib hissəsi olaraq xarakterizə etdikləri fenomenlərə tənqid gəldikdə cin atına minənlər başqalarının davranış, düşüncə və ya inancını az qala hər gün tənqid edirlər; özləri ilə oxşar mövqe tutmayanları geri düşüncəli adlandırırlar. Düşünürlər ki, özləri hamı barəsində istədiklərini deyə bilərlər, ancaq digər insanlar onlara qarşı bircə kəlmə belə əks-fikir söyləyə bilməz.
Əhməd bəy Ağaoğlu demişkən, “görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə “azadlıq” bağıranlar, qonşusunun azadlığına dözmürlər. Özləri başqalarının azadlığı ilə toqquşan kimi, qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər! Axı hələ istibdadın taxtı doğrudan da sınmayıb, ruhlardan, könüllərdən sökülüb çıxarılmayıb” [5, s. 32].
Sübhan Rəsulzadə
ADA Universiteti, Hüquq Fakültəsi
İstinad edilən Mənbələr:
- Mark Tebbit, “Philosophy of Law: An Introduction”, Routledge, 2005.
- Rainer Forst, “Toleration”, The Stanford Encyclopedia of Philosophy, 2017.
- Azərbaycan Respublikasının Konstitusiyası, maddə 47.1.
- Azərbaycan Respublikasının Konstitusiyası, maddə 57.2.
- Əhməd bəy Ağaoğlu, “Sərbəst İnsanlar Ölkəsində”, Kitab Klubu, 2016.