Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Yalnız fəzilətli insanlar həqiqi dost ola bilər: Aristotel və dostluq haqqında – Co Hamfreys

Feysbukda görə bilməyəcəyini bir şey var: Sadəcə fəzilətli insanlar əsl dost ola bilərlər.

“Bəşəriyyət tarixinin ən yaxşı filosofu kimdir?” sualı bir çox adamın fərqli cavab verə bildiyi və konkret cavabı olmayan sualdır. BBC Radio 4 bir neçə il qabaq bu sualla bağlı sorğu keçirtmiş və sorğuda Karl Marks qalib gəlmişdi (Unutmayaq ki, sorğuya ancaq BBC dinləyiciləri qatılmışdı).

Ancaq Fran Orurk belə hesab edir ki, bu sualın yeganə cavabı var. O, indiyə qədər yaşayan filosofların ən yaxşısının Aristotel olduğunu iddia edir. UNESCO Aristotelin anadan olmasının 2400-cü ildönümü olduğu üçün 2016-cı ili “Aristotel ili” elan etmişdi.

Biz təkcə bir növ varlıq deyilik. Bir-birimizə ehtiyac duyuruq və özümüzü təcrid edərək yaşaya bilmərik. Yaşamaq üçün vacib olan əsas ehtiyaclarımızdan başqa düşüncə və dil kimi ali bacarıqlarımızı tətbiq etməyə də tələbatımız var

Aristotelin bir çox anlayışı müasir dövrdə də tez-tez təkrar olunan cümlələrə çevrilib. Məsələn, Orurka görə “İnsan təbiəti etibarilə sosial heyvandır” aforizmi “o qədər yayılıb ki, artıq bu aforizmin dərin mənası nəzərə alınmır”.

36 ildir ki, fəlsəfə professoru kimi fəaliyyət göstərdiyi University College Dublindən bir müddət əvvəl təqaüdə çıxan Orurkun “saqqallı olanın” müasir dövrdə də keçərli olduğunu vurğuladığı və essələrdən ibarət olan “Aristotel interpretasiyaları” adlı kitabı dərc olunub.

Aristotel yaşasaydı, həm cəmiyyətin əxlaq təhsilə önəm verməməsinə şərh verərdi, həm də feysbuk nəslinin sağlam dostluq münasibətləri qurmağı üçün bir sıra vacib məsləhətlər verərdi.

Orurk deyir: “Aristotelə görə bizim sosial təbiətimiz varlığının ən yüksək ifadəsini dostluqda tapır”. Ancaq fəzilətli insanlar əsl dostluğa sahib olurlar. Əsl dostluq mənasız “bəyənmə”-lərin çatmayacağı anlayış, dəyərdir.

Aristoteli başqalarından fərqləndirən, onu bu qədər xüsusi edən nədir?

Məncə, bu, onun sağlam düşüncəsi və reallıq haqqındakı mövqeyidir. Aristotelin başlanğıc nöqtəsi yaşadığımız və bildiyim dünyadır. Dünyanı yaşamaq – ən vacib şey məhz budur. Ancaq Dekart bu düşüncəyə qarşı çıxmış və birbaşa bildiyimiz şeylərin əşyalar yox, fikirlər olduğunu iddia edirdi.

Kant isə bizim xaricimizdəki heç nəyin varlığına dair kifayət qədər sübutun olmamasını fəlsəfi skandal hesab edirdi. Haydegger belə hesab edirdi ki, əsl skandal belə bir sübutun axtarılmağıdır. Aristotelə görə isə “Təbiətin mövcud olduğunu isbat eləməyə çalışmaq olduqca mənasızdır. Fransız filosof Berqson həll edilməsinin ən çətin olduğu problemlərin mövcud dolmayan problem olduğunu deyirdi. Yəni, Dekartın sualı səhv idi və fəlsəfəni tamamilə yanlış sahəyə yönləndirmişdi.

Müasir fəlsəfənin səhvi anlaşılan və sirli olanı bir-birindən fərqləndirməkdir. Aristotel kosmosun insan şüurunun potensialından xeyli böyük olduğu reallığından məmnun idi, amma kosmosun tamamilə anlaşılan olduğundan da əmin deyildi. Ona görə, məhdud olan bizim şüurumuzdur, tanrılar isə geniş biliyə malik idi.

Berqson  güman edirdi ki, Aristotelin bu fikri “insan şüurunun təbii metafizikasını” göstərirdi. Bu fikir Aristotelə əsaslanan gündəlik dilin bir çox əsas kateqoriyası tərəfindən təsdiqlənib: Aristotel “real”, “potensial”, “vacib”, “təsadüfən”, kateqoriya” və s. kimi bir çox termini tərtib etmişdi. Koestler isə bunu “varlığın dil biliyi” adlandırır.

Bir dəfə tələbələrimdən biri məndən soruşdu ki, “Şekspir niyə bu qədər şişirdilir ? Axı yazdıqları yanbayan düzülmüş bir neçə məşhur sözdən başqa bir şey deyil?”. Bunun əksinə olaraq Aristotelin düşüncəsi və dili gündəlik baxış bucağımıza hopub: dost başqa bir mənlikdir, vərdişlər ikinci təbiətdir, tək qaranquşla yaz gəlmir.

Bir çoxumuz bunun fərqində olmasa da, baxış rakursuna görə Aristotelçidirlər. Aristotel gündəlik sağlam düşüncəyə sistematik və əks olunmuş ifadə qazandırıb. Buna görə də, Aristotelə Qərbin intellektual atası desək, mübaliğə etmiş olmarıq.

Elədirsə, Aristotelin son zamanlarda nüfuzdan düşməyinin səbəbi nədir?

Aristotel bir neçə əsr bundan qabaq gözdən düşmüşdü, amma son zamanlarda onun düşüncəsinə maraq yenidən canlanıb və hələ də xeyli tərəfdarı var. Düzdür, Aristotelin bəzi açıqlamaları dəbdən düşüb, amma əsas anlayışlarının əksəriyyəti daimi dəyərə malikdir.

Məsələn, Aristotelə görə mövcudiyyətin məşhur dörd səbəbindən biri olan “forma” anlayışı bioloqlar tərəfindən böyük maraqla qarşılanır və qəbul olunur. Üstəlik molekulyar genetikanın flaqmanlarından olan Maks Delbrük Aristotelin DNT-də mövcud olan bir prinsipi kəşf etdiyi üçün ölümündən sonra Nobel mükafatı ilə təltif olunmağını təklif etmişdi.

Aristotel etika və siyasət haqqında da çoxsaylı yazıların müəllifidir. Bu yazılar dövrümüzdə də aktualdırmı?

Köləliyi bir qurum kimi qəbul edən və qadınları kişilərə bərabər tutmayan adamdan nəsə öyrənə bilərikmi? Aristoteli demokrat da hesab etmək çətindir. Amma bir çox düşüncəsi bu gün belə aktualdır.  Bu günlərdə ABŞ-da keçiriləcək prezident seçkisini nəzərə alsaq, ABŞ konstitusiyasında istifadə olunan  bir çox orijinal fikrin Aristoteldən ilhamlandığını xatırlatmaqda fayda var.

Adını xatırlamadığım bir tarixçi iddia edirdi ki, XVIII əsrdə yaşamış heç bir dövlət xadimi Aristotelin “güclü Ellin yumruğundan” xilas ola bilməzdi. ABŞ-ın ikinci prezidenti Con Adams fəzilət, ədalət, siyasi dostluq və sabitlik kimi ideallara istinad edərək, ABŞ inqilabını legitimləşdirmək üçün Aristotelə müraciət etmişdir.

Dördüncü prezident, “Konstitusiyanın atası” hesab olunan Ceyms Medison isə parlament üzvləri üçün  Aristotelin “Politika” əsərini “hamının oxumalı olduğu əsər” kimi müəyyən etmişdi. Ayrıca siyasətdə “ictimai fayda və cəmiyyətin rifahı, nail olunmağı vacib olan məqsəddir” mənasına gələn eudaimonist prinsipini də mənimsəmişdi.

Aristotelin etik fikirləri eudaimonist adlandırılır, çünki bu prinsip xoşbəxtliyə fokuslanıb. Aristotelə görə, xoşbəxtlik əsas insani dəyərlərin tətbiq olunmağındadır. Üstəlik bütün siyasi ortaqlıqların insanlığın əxlaqi mükəmməlliyi üçün qurulduğunu iddia edir. Bu iddia insanların sonradan, özünü qorumaq üçün siyasətə müraciət etdiyini düşünən bir çox müasir fikirlə ziddiyyət təşkil edir.

“Fəzilət etikası”-na olan maraqda son dövrlərdə canlanma yaşanmış, insanın inkişafı və tamamlanmağı barədə Aristotelin fikirlərinə istinad edilməyə başlanılmışdı. Yeri gəlmişkən, son günlərdə “İrish times”-də yayımlanan “ABŞ prezident seçkilərinin xarakterinin analizi” adlı məqalə diqqətimi cəlb etdi. Bu nümunədən da gördüyümüz kimi, Aristotelin dəyərlər üçün tərtib etdiyi sxem bu gün də ictimai həyata və cəmiyyət üçün faydalı bir çox töhfələr verməkdir.

Aristotel etik fikirlərinin diqqət çəkən olmasının əsas səbəbi bu fikirlərin azadlığı və məsuliyyəti fərdin həyatının mərkəzinə qoymasıdır. Vəzifəyə və faydaya fokuslanan nəzəriyyələrin əksinə Aristotel etikası “niyə əxlaqlı olmalıyıq?” sualına şəxsi səbəblər və stimullar təklif etdiyi üçün cəlbedicidir. Bu etika fərdi xoşbəxtliyə yönəlmişdir. Əxlaqı məcburiyyət və faydayla əsaslandırmaqdansa, vəzifəni və faydanı əvəz edən şəxsi dəyərlərə fokuslanır. Aristotel özünəməxsusluğun ziddiyyət təşkil edən elementləri arasındakı gərginliyi inkar etmir, buna görə də, əxlaqi təhsilə ehtiyac duyulduğunu vurğulayır.

Aristotelin dostluq anlayışında günümüzlə uyğunlaşan nəsə varmı?

Aristotelə görə birdən çox dostunun olmağı yaxşı haldır. Adamın hər şeyi ola bilər, amma yenə də dostu olmadığı həyatı yaşamaq istəməz.

Amma Aristotelin dostluq anlayışı feysbukdakı dostluq modelindən tamamilə fərqlidir. Aristotel dostluğu üç kateqoriyaya bölür: həzz üçün dostluq, mənfəət üçün dostluq və fəzilət üçün dostluq. Yəni dostlarımızı xoş vaxt keçirdiyimiz üçün, qarşılıqlı mənfəət üçün və ya fəzilətli insan hesab edib qəlbinin dərinliyindəki yaxşılıq üçün sevə bilərik.

Aristotelə görə, həzz və mənfəət üçün olan dostluqlar təsadüfidir. Bu dostluqlar tərəflərdən birinin digəri ilə xoş vaxt keçirməməyə başlaması və ya fayda verməməsi səbəbi ilə asanlıqla pozula bilər.

Aristotel deyir ki, yaşlı insanlar əsasən mənfəət, cavanlar isə həzz üçün dostluq qururlar. Ola bilər ki, yaşlıların dostlarından həmişə razı qalmırlar, amma onları müşaiət edən adama ehtiyac duyduqlarına görə dostluqlarını pozmurlar.

Gənclər isə duyğuları ilə idarə olunduqlar üçün həzzi ən mümkün olduğu qədər tez tapmağa can atırlar. Asan aşiq olurlar, tez unudurlar. Hətta hər iki prosesi bircə günə yaşaya bilirlər. Sizə elə gəlmir ki, Aristotelin bu analiz feysbuk nəsli üçün də aktualdır?!

Həzz və mənfəətə əsaslanan dostluqlardan başqa əsl dostluqlar da var. Aristotel iddia edir ki, fəzilətli adamların əsl dostluqları olduğu halda, saxtakar adamlar dostluq qura bilməzlər. Əsl dostlar bir-biri üçün həmişə ən yaxşısını arzu edirlər və bu dostluq onlar yaxşı insan olmağa davam etdiyi müddətcə pozulmaz. Buna görə də bu tip dostluqlar çox sağlam olur.

Tərcümə: Şahlar Ruhi

Mənbə: The İrish Times

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.