Cümə, Mart 29, 2024

BLOG

“Viktor Jara – İnqilabın sönməyən səsi”

Sevdiklərinizi Viktor Jaranın musiqini və tutduğu yolu sevdiyi qədər sevin. Və bütün işgəncə və əzablara rəğmən heç vaxt buraxmayın, onun gitarası kimi… Viktor Lidio Jara Martinez (28 sentyabr 1932 – 16 sentyabr 1973) – Çilili musiqiçi Çilinin mədəniyyət və musiqisində son dərəcə önəmli təsiri olmuş bir sənətkardır. Həyatı və musiqisi ölkəsinin güzgüsünə çevrilmiş, yaşamış olduğu zamanı və fəlsəfəsini özündə əks etdirmişdir

Gəncliyi. V. Jara Çili paytaxtı Santyaqonun Lonkven (Lonquén) kəndində doğulmuşdur. Valideynləri kənd təsərrüfatı ilə məşğul olmuşdur. Atası Manuel sıradan bir ticarətçi olmuşdursa, anası Amanda ailəsinin güzəranı üçün bir çox sayda işdə çalışmışdır. Şəraitlə əlaqədar bir çox ailədə olduğu kimi Jaranın da atası alkoqol asılısı olmuş və həyat yoldaşına (Jaranın anasına) əziyyətlər vermişdir. Bir müddət sonra atası ailəni tərk etmiş, beləcə anası Amanda ailənin idarəsini tək başına həyata keçirmişdir. V. Jaranın formalaşmasında anasının təsirli payı olmuşdur. Belə ki, o da musiqi oxuyub, gitarada ifa etmiş, bunlarla bərabər Çili folklor musiqisini oğluna öyrətməyi bacarmışdır. Anasıyla birlikdə keçirdiyi uşaqlıq illəri musiqi həyatına addım atmasına çox böyük təsir göstərmişdir. Anasının ölümündən sonra mühasibat təhsilini yarımçıq qoymuş və ilahiyyatçı olmaq istəmişdir. Elə bu vaxtı Kilsə xorunda musiqi biliklərinin ilk təməlini qoymuşdur. Lakin bu istəyi sadəcə 2 il davam etmişdir.

Teatr və xalq musiqisi. Dini inancının itməsindən sonra işsiz şəkildə doğma kəndi Lonkvenə qayıdır və yaxın dostları ilə birlikdə folklor təhsili almağa qərarlaşdırır. Elə bu vaxt teatr sənətinə marağı artmağa başlayır və Universidat de Chile-də teatr təhsili almağa başlayır. Bu illər ərzində Jara bir neçə teatr əsərində rol alır (məs. Carmina Burana). Həyatındakı ən böyük dönüş “Nuevo Cancion” (Yeni Musiqi) cərəyanının yaradıcısı olmuş Violeta Parra adlı qadınla tanışlığından sonra baş vermişdir. Parra ilə tanışlıqdan sonra yenidən folklor musiqiləri oxumağa başlayır. Parra Santyaqodakı kiçik bir kafe sahibi olmuş və ənənəvi Çili folklor musiqisinin heyranı olan bir sənətçi idi. Jara da bu kafedə musiqilər oxuyaraq ona köməkçi olmuşdur. Jara “Nuevo Cancion”-u Afrika mədəniyyəti ilə birləşdirərək qısa vaxt ərzində imperializmin qarşısında bir simvol halına gətirir. Lakin həyatı mübarizələrdə keçən Paranın gənc yaşda intiharı Jaranı dərdindən sarsıdır.

Siyasi fəaliyyəti. Jara təkcə musiqi karyerası ilə deyil, təsirli yadda qalan siyasi fəaliyyəti ilə fə tanınmışdır. 1966-cı ildə ilk albomu işıq üzü görmüşdür. Həmin illərdə teatrda rejissor olaraq çalışmış, amma musiqiləri və siyasi fəaliyyətinə get-gedə daha çox vaxt ayırmağa başlayır. 1970-ci ildə idə teatrı tərk edir və tamamilə musiqiyə diqqət ayırır. Jaranın musiqiləri əsasən sıradan və yoxsul insanlarla zəngin insanların bərabər şəkildə bir cəmiyyətdə yaşayış və problemlərini özündə əks etdirir. Onun musiqilərində vətəninə olan sevgidən təsirlənərək ədalətsizlik və siyasi təzyiqlərə etiraz motivləri öz səsini ucaldır. Jara Cənubi Amerikada “Nuevo Cancion” (Yeni Musiqi) cərəyanının ən önəmli simalarından biri kimi qəbul edilir. Bu janr Cənubi Amerikada bir çox sənətçinin qatıldığı inqilabi bir cərəyandır. Janrın yaranmasında Jaranın dostu olmuş V.Parranın silinməz əməyi olmuşdur. Jaranın siyasi fikirləri bu janrda ifa etdiyi musiqilərində önəmli yer almışdır. Dövrün bir çox protest musiqiçisi kimi o da kommunist ideyalarına meyilli olmuş və öz partiyasında sənətçi bölümünün idarəedicisi olmuşdur. (Hətta məşhur Kubalı inqilabçı Çe Gevara-ya da musiqi bəstələmişdir)

 

  1. Jaranın Santyaqodakı qəbri üzərində yazı : “Hasta la Victoria…” (Zəfərə qədər!)


Çevriliş və öldürülməsi. Jara bir neçə musiqiçi ilə birlikdə Salvador Alyende və sol partiyalarının birləşdiyi bir hərəkat olan “Unidad Popular” üçün bir neçə konsert vermişdir.Lakin hadisələrin axarı dəyişdi. 11 sentyabr 1973-cü il tarixində Auqusto Pinoçetin reallaşdırdığı hərbi çevriliş baş verdi. Bu çevriliş olmaqla yanaşı, həm də dünyada ilk dəfə seçim ilə iqtidara keçmiş sosialist hökumətinin devrilməsi və 17 il davam edəcək diktaturanın qurulması idi. Həmin günü Texniki Universitetdə iş başında olan Viktor Jaranı bir çox yoldaşı ilə birgə həbs edərək, onu heç vaxt yanından ayırmadığı dostu, gitarası ilə birgə “Çili Beynəlxalq Stadionu“na gətirirlər.

Santyaqo Stadionundan qanadlanan göyərçin. Öldürülən sosialist prezident Alyendenin əzablarını hiss etsə də, stadiondakıları ruhlandırmaq üçün gitarasının simlərinə toxunmağa başladı. Santyaqo stadionunda “Şəfqətli bir göyərçin” qanadlanırdı… Gitaranın simləri minlərlə insanın ürəklərini titrədirdi. Daha əvvəl heç vaxt oxumadığı, elə oradaca düşünüb yazdığı bir musiqini söyləməyə başladı; “Beş min insanıq burada” deyə başlayırdı musiqi;

 

Beş min insanıq,

Kim bilir nə qədərdir

Bütün şəhər və bütün ölkədə

Toxum əkib, fabrik işlədən

Təkcə burada on min əl

 

Gitaranın səsini eşidən əsgərlərdən biri Jaraya yaxınlaşır. Stadiondakılara ibrət olsun deyə tüfəngini qaldırdı, qundağıyla Jaranın əllərinə vuraraq barmaqlarını sındırdı. Amma bununla belə Jaranı susdura bilmədilər. Bu dəfə isə var gücü ilə “Unidad Popular“-ın, inqilabın musiqisi – Venceremos marşını oxumağa başladı. Üstəlik də indi tək deyildi. Stadiondakı onlarla, yüzlərlə, minlərlə səs də Jaranın səsinə qatılır, Venceremos (Qazanacağıq) deyə hayqırırdı. Jaranın istədiyi də bu idi. Daha sonra Jaranı generalların qarşısına gətirdilər. Ona “bir dəfə də bizim üçün oxu” deyə müraciət etdilər. O da deyiləni etdi. Digər həbs olunanlar da gözətçilərin onları susdurma çabalarına rəğmən onunla birgə oxuyurlar. Sonrasa zabitin əmri ilə əsgərlər Jaranın barmaqlarını, əllərini və qollarını sındırırlar. O, artıq dəhşətli işgəncələr və gitaradan istifadə edə bilməməsinə baxmayaraq, hələ də musiqini pıçıltıyla oxumağa davam edirdi. Onun pıçıltıyla oxuduğu mahnı son qiyamın səsi idi… Və bu son qiyam qeyri-insani iradə tələb edirdi. Əvvəlcə gitara çalan əlləri kəsildi, sonra musiqi söyləyən dili. Bütün bunların çarə olmadığını gördükdə son imkan olaraq güllə ilə işi bitirməyi qərara aldılar. Ardıcıl 43 güllə. Ancaq bununla da Santyaqo stadionunda ucalan səsin qarşısını kəsməyi bacarmadılar. Həmin musiqi əbədi olaraq yaddaşlara həkk olundu, dillərə düşərək bu günlərə qədər yetişə bildi… Sonrasa onun başına mexaniki bir tüfəngin qundağı ilə güclü zərbə endirərək parçaladılar və başqa həbs olunanlara dərs olsun deyə qollarını kəsib tribunanın önünə asdılar… Bir qədər sonra isə cəsədini Santyaqo Məzarlığı yaxınlığına atırlar. Buna baxmayaraq həyat yoldaşı onu layiqincə dəfn etməyi bacarır. Ardından Çilini tərk edən həyat yoldaşı 1994-cü ildə Jaranın şərəfinə “Fundación Victor Jara ” nı yaratmışdır. “Pravda” qəzetinin Çilidəki müxbiri Vladimir Çernışev Jaranın həyatının son anlarını belə təsvir edir : “V. Jara dodaqlarında musiqi ilə öldü. Onu yanından heç vaxt ayırmadığı dostu, gitarası ilə birlikdə stadiona gətirdilər. Və musiqi ifa etməyə başladı. Digər dustaqlar da gözətçilərin atəş edəcəkləri təhdidlərinə baxmayaraq musiqiyə yoldaşlıq etməyə başladılar. Sonra bir zabitin əmriylə əskərlər Viktorun əllərini qırdı. Artıq gitara çalmırdı, amma zəif bir səslə (pıçıltıyla) musiqisinə davam edirdi. Sonda silahın qundağıyla beynini parçaladılar və digərlərinə örnək olsun deyə əllərini kəsib tribunadan asdılar… ”

 Mirası. Jaranın həyatı və musiqiləri güclü bir şəkildə insanlara doğru səslənən intellektual bir sənətçi olmasına işarə edir. Bu səbəbdən musiqiləri hələ də öz təsirini saxlamaq gücündədir. 2003-cü ilin sentyabrında, ölümünün 30-cu il dönümü münasibətilə öldürüldüyü Çili Beynəlxalq Stadionunun adı Estadio Viktor Jara olaraq dəyişdirilmişdir.

Qatillərin aqibəti. 9 dekabr 2004-cü ildə, ölümündən 31 il sonra vəkil Xuan Karlos Urrutia təqaüdçü zabit Mario Manrikez Bravo haqqında məhkəmə işi açır. Bravo, Jara öldürüldüyü zaman Estadio Nasional-da ən rütbəli zabit olaraq stadionun idarəçiliyi onun ixtiyarında olmuş, bu səbəbdən də qətllərdə cavabdeh olaraq da o həbs edilmişdir. 2012-ci ilin sonlarında hakim ölüm əmri vermiş əskərlə birlikdə 8 keçmiş əskəri həbsə məhkum etmişdir. Sonuncu dəfə 2014-cü ildə daha 3 keçmiş zabit məhkum edilmişdir. Sevdiklərinizi Viktor Jaranın musiqini və tutduğu yolu sevdiyi qədər sevin. Və heç vaxt buraxmayın, onun gitarası kimi…
Bildirçin.

Nə musiqiyə olan sevgimdən,

Nə də səsimi dinlətmək üçün deyil,

Bu qədər musiqi söyləməyim.

Mənim namuslu gitaramın səsi

Həm duyğulu, həm də haqlıdır.

Dünyanın ürəyindən qopar,

Bir göyərçin kimi qanadlı,

  Müqəddəs su kimi şəfqətli,

Oxşayar gitaram öləni və igidi.

Musiqim məqsədinə qovuşar

  Violettanın dediyi kimi.

Dayanmaq bilməyən parlaq coşğulu

Və bahar qoxuyan bir işçidir.

Gitaram nə zənginləin gitarası,

Nə də başqa bir şeyin.

Musiqim bir tikinti mücəssəməsi,

Ucaldar bizi ulduzlara.

Qatqısız həqiqətləri musiqisində

Söyləyərkən bir insan ölmək bahasına.

Mənasını tapar o musiqi

Damarlarda vurduğu zaman.

Musiqim nə gəlib keçici öyüdlər düzər,

Nə də başqalarına məşhurluq qatar.

Yoxsul ölkəmin Kök salmış torpağına,

Orada hər şeyin bitdiyi

Və hər şeyin başladığı yerdə,

Söyləyərkən hər zaman igid və dərin

Sonsuzadək yeni qalacaq musiqini…

 

Violetta del Carmen Parra Sandaval.

Violetta del Carmen Parra Sandaval (1917 – 1967) – Çilili folklor musiqiçi. Çilinin cənubunda Chillan əyalətində, San Karlos adlı kiçik bir şəhərdə doğulub. “Oracias a la vida” musiqisi dünya şöhrətlidir. Atası musiqi müəllimi olmuşdur. Anası ilə birlikdə gitara çalmağı, ənənəvi xalq musiqilərini ifa etməyi örənmişdir. Uşaqlığı 8 qardaşı ilə birgə yoxsulluq içərisində keçmişdir. Üzündə olan dəqin qabarıq yaralar uşaqlıqda keçirdiyi çiçək xəstəliyi səbəbindəndir. 9 yaşında gitara və musiqi ifasını, artıq 12 yaşındaykən özünün ilk musiqilərini bəstələməyi bacarır. Santyaqodakı dövlət universitetlərinin birində müəllimlik təhsili alır. Bu zaman ərzində “balero, corrida və tonada” lar bəstələmiş, barlarda, kiçik rəqs salonları və sirklərdə səhnəyə çıxmışdır. 1952 – ci ildə Luis Cereceda ilə evlənmişdir. İzabel və Anxel adlı iki uşağı olmuş və musiqi fəaliyyətinin böyük qismini onlarışla birgə həyata keçirmişdir. Parra “Nuevo Cancion” cərəyanının əsas yaradıcılarındandır. 1967 – ci ildə intihar etmişdir.

“Təşəkkürlər Həyat” (Gracias a ala vida)

Təşəkkürlər həyat; bütün verdiklərin üçün,

İki göz verdin mənə; Hər açdığımda onları, qüsursuzca seçə bilirdim qaranı ağdan,

  Və cənnətin ulduzlu görüntüsünü,

  Və bir də dolaşıqlar içərisində sevdiyim insanı

 

Təşəkkürlər həyat, bütün verdiklərin üçün,

Mənə səs və hərfləri verdin,

Və onlarla hayqırıb, düşünə bildiyim kəlmələr

Ana, dost, qardaş və yanan işıq,

Bir də sevda, hisslərimə yol göstərən

 

Təşəkkürlər həyat, bütün verdiklərin üçün,

Səs verdin, bütün şiddətiylə həyatı ehtiva edən,

Gecə-gündüz cırcıramaları və böcəkləri qeyd edən,

Çəkic səslərini, avtomobilləri, it hürmələri, fırtınaları da,

Və sevdiyim yumşaq səsini də.

 

Təşəkkürlər həyat, bütün verdiklərin üçün,

Yorğun ayaqlarımın addımlarını verdin,

Onlarla şəhərləri və gölməçələri gəzdiyim,

Və qumsalları, çölləri, dağlar və ovaları,

Və gəzdiyim, sənin evin, sənin prospektin və sənin həyətini

 

Təşəkkürlər həyat, bütün verdiklərin üçün.

Mənə gülüşü, göz yaşlarını verdin,

Beləcə çöküşlərdən yaxşı şans olaraq ayırdığım musiqimi ərsəyə gətirən iki maddəni və mənim olan hamımızın musiqisini.

 Təşəkkülər həyat; bütün verdiklərin üçün…

 Violeta Parra

Yazıda mövcud olan bəzi terminlərin izahı:

Venceremos – “Qazanacağıq” mənasını verən və Cənubi Amerikada geniş yayılan bir deyimdir. Bundan başqa aşağıdakı mənalara da malikdir:

Radio  Venceremos – El Salvador vətəndaş müharibəsi dövründə fəaliyyət göstərmiş radio kanalı

Venceremos – S.Alyendenin musiqisi

“Carmina Burana” – “Burana əlyazmaları” kimi də tanınır. Münhendə yerləşən Bayern kitabxanasından tapılan 318 sayda musiqi və şeirlərdən ibarətdir. Əsası musiqi mənsublu bir ailədə yetişmiş alman Karl Orff tərəfindən qoyulmuş səhnə kontatasıdır. 1935-ci ildə əsası qoyulmuş və 1937-ci ildə ilk dəfə səhnədə göstərilmişdir. Ən məşhur şeiri “O Fortuna” dır. Səhnə musiqisinə olan marağı Orffu Orta əsr və Renessans dövrü səhnə musiqilərini incələməyə istiqamətlənmişdir. 1803-cü ildə Münhen yaxınlığında tapılmış olan 200-ə qədər şeir və musiqinin Carmina Burana’nın hissələri olması fikri var. Carmino Burana Karl Orffun “Trionfi” (Zəfərlər) triologiyasının (üçlük) ilk əsəridir və olduqca ədəbsiz latınca mətnlərə malikdir. İlk hissəsi təbiət və sevgi haqqındadır. İkinci hissə meyxana təsvirlidir. Üçüncü hissə yenə sevgi mövzuludur.

Müəllif: Eyvaz Usubov

Orjinal məqalənin linki: 

http://ibtidaivehsi.blogspot.com/2018/04/inqilabn-sonmyn-ssi-viktor-xara.html?m=1

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir