Çərşənbə axşamı, Sentyabr 27, 2022

ENSİKLOPEDİYA

Transendental Materializm nədir? – Araz Əliyev

 Əslində hər elə “özündə şey” adlananın ətrafındadır.“Özündə şey” nədir, ən asan şəkildə desək Tanrı və ya Allah dediyimiz bir şeydir. Gəlin ilkin olaraq Kantdan başlayaq. Kant qeyd edir ki, “özündə-şey” adlanan bir “noumen” (ideya, 5 hiss üzvümüz vasitəsilə dərk edə bilmədiyimiz bir şey) mövcuddur və insan (“fenomen”-maddi olan, 5 hiss üzvümüzlə dərk edə bildiyimiz şey) bu noumen haqqında düşünə, fikirləşə bilər. Lakin onun mahiyyətini heç vaxt başa düşə bilməz. Kantın fikirləri bir qədər

sonra Fixtedə özünün ən yüksək mərtəbəsinə çatır. Fixteyə görə isə ümumiyyətlə “noumen” deyilən bir şey yoxdur və “fenomen” olan insan həmin bu “özündə şey” haqqında nəinki bilə, heç düşünə də bilməz. Çünki, o insan düşüncəsindən kənardadır və istənilən halda onun izah edilməsi insan şüuru ilə aparıldığından, düşünülməsi də imkansızdır. Bu artıq Alman idealizminin pik nöqtəsidir.

Kant qeyd edir ki, “özündə şey” (bunu sonsuzluq və ölümsüzlük kimi başa düşək) dərk olunmazdır. Hegel isə “özündə şey”-dən Mütləq zəka olmaq şərti ilə nəsə nəticələr çıxara biləcəyimizi qeyd edir. Bir sözlə Kant deyir ki, ölümsüzlük bir çevrədir və onun mərkəzində ölümlülük dayanır, Hegel isə əksinə, ölümlülük bir çevrədir və ölümsüzlük onun içərisində bir boşluqdur deyir. Yəni Kant mahiyyətədən və insandan kənarda sonsuzluğu qəbul edir. Hegel isə insanın daxilində sonsuzlugu qəbul edir.

Hegel “Ruhun fenomenologiyası” kitabında yazır ki, hər şey şey zamanla başqa bir şeyə çevirilir və nəticədə çevrildiyi “başqa şey”  onun mahiyyətinə, özünə çevrilir. Eyni zamanda əgər hər şey başqa birinə çevrilirsə deməli hardasa “başqa” olan da hər şeyin içində zatən mövcuddur. Adi bir insan cinayətkara çevrilirsə, bunu sonradan qazanmır, cinayətkarlıq əzəldən onun daxilində mövcud olub.  Məsələn tipik bir misal. Varlıq və Heçlik. Hegel dialektikasına görə bunlar bir birinə zidd olan qütblərdir. Lakin yuxarıda dediyimiz kimi Varlığın içərisində də hardasa bir yoxluq var və məhz buna görə varlıq yoxluğa çevrilə bilir. Yəni Varlığı və Yoxluğu onların arasındakı fərqliliklər müəyyən etmir. Eyni zamanda onlardan biri digərinə münasibətdə də yaranmır. Sadəcə deyir ki, əgər biz varlığı tam müstəqil şəkildə götürsək, izah etmək üçün onun qarşı arqumentini yaratmağa ehtiyac duymasaq, təhlil etsək onda onun yoxluqdan heç bir fərqi olmadığın görəcəyik. Varlıq özünün sadəcə bir Heçlik olduğunu göstərəcək. “Hər şeyin olması əslində heç bir şeyin olmamasıdır” kimi.

Məsələn biz razılaşırıq ki, insan öz mahiyyətini dərk etdiyində və özünü aşdığında əsl azadlığa nail olacaq. Lakin burda kiçik bir məsələ də var. Əsl azadlıq ancaq o halda ola bilər ki, azadlıq öz mahiyyətini və mənasınını itirsin. Yalnız bu halda əsl azadlıqdan danışmaq olar. Əgər biz azadlığa tərif verməyə və dolayısı ilə ona məna yükləməyə çalışsaq, o zaman sadəcə olara sərhədləri olan bir şey yaradacağıq və bu sistemdə heç vaxt əsl azadlıq ola bilməz.  Ancaq azadlığa ehtiyac olmayan yerdə əsl azadlıq mümkün ola bilər.

Belə olanda bizə lazım olan şərait əslində əvvəldən mövcud olan “Günəş mərkəzli kainat” fikrini aradan qaldırmaqdır. Günəş bu məqamda haqqında danışdığmız “özündə şey” rolunu oynayır. Yəni bizdən kənarda olan bir şey kimi. Bir də var İnsanı mərkəz kimi görmək. Bunun əksi. Əgər bir Günəş yoxdursa və mərkəzdə deyilsə, o zaman insan mərkəzdə olmalıdır. Ənənəvi fəlsəfi qarşıdurma yenə də davam eləməlidir. İnsan əgər Günəşin mərkəzdə olmadığnı anlasa və qəbul eləsə ki, heç özü də mərkəzdə deyil. Yalnız o zaman o özündən kənarda bir varlığı qəbul eləmiş olacaq.

Transendental materyalizmin demək istədiyi şey də tam olaraq budur. Nə ideyalar(noumenlər) nə də maddi varlıq, insan(fenomen) mərkəzdədir. Bunlar eyni şeydə deyil. “Özündə şey” hardasa bunların arasında bir yerdədir. Şellingin dediyi kimi “Nə çox xaricdə, nə də çox daxildə, arada bir yerdə”. Əslində Transendental materyalizm hardasa Şelling fəlsəfəsinin yenidən izahıdır.

Şelling qeyd edir ki, insandan kənarda transendent olaraq var olan şey yalnız Təbiətdir. Təbiət hər dəfə özünü təsdiq forması kimi yaratmaqla məşuldur. Bu yaratmağın ən zirvəsi insan və onun şüurudur. Təbiət yaratmaqla öz daxilindəki boşluqları aradan qaldırmağa çalışır. Axı təbiət özü də qüsurludur. Ən nəhayətində Təbiət insan şüurunu yaradır(ideyaların mənbəyi maddi olanlardır). İnsan şüuru da sənətlə təbiətin əksikliklərini tamamlayır.

Transendental meterializmdə elə bu fikirlər üzərindən gedir. Əgər kainat bir sonsuzluqdursa, ki bunu məntiqən qəbul edirik. Eyni zamanda insan düşüncəsi də bir sonsuzluqdur. Düşüncənin də sonu hardasa müəyyən oluna bilməyən bir şeydir. Yaxşı əgər Zizekin dediyi kimi “ölümzsüzlüyü və sonsuzluğu” “özündə şey” kimi qəbul elsək. Onda o həm insandan kənarda, həm də insanın daxilindədir, yaxud da arada bir yerdə. Burdan da Transendental meteryalizimin əsas fikri ortaya çıxır. Materiya insan şüurunu yaradır. İnsan şüuru da materiyanı. Bu “dünyanı dəyişdirmək üçün onu öncə dərk etmək lazımdır” tezisi ilə də uyuşur.

İnsan şüurunun yaratdığı materiya isə elm, texnologiya və kultura(mədəniyyət)-dır. Yalnız insan şüuru nəticəsində material olan şey öz mahiyyətini dəyişə bilir. Yeni materiya yaranır. Təbii olmayan. Sən materiyanın içərisindəsən onun tərkib hissəsi və nəticəsisən, həm də özün onu yaradansan. Çünki o daim dəyişir.

Bu tam olaraq o demək deyil ki, hər şeydən əvvəl transendent olaraq materiya mövcud olub. Əgər ilk var olan sualını versək bəli cavab materiyadır. Ona görə ki, ideya ancaq meteriyada özünü reallaşdıra bilər. Bir materiya varsa da o sərhədlərə malik ola bilməz. Deməli sonsuzdur.  Meteriyası olmayan şey isə öz növbəsində elə materiya kimi sonsuzluq və boşluqdur. Ona görə də transendental materializmdə “özündə şey” “sonzuluq”-dur. Bu həm materiyanın, həm də ideyanın xarakterik çəhətidir. Nə onlardan kənarda deyil, nə də onların tamamı deyil.

Sadəcə burda klassik fəlsəfi anlayışların yenidən və daha geniş izahından söhbət gedir. Transendental materyalizmdəki materiya anlayışı, tam olaraq maddi olan yox, ondan bir az daha üstün olan bir şeydir…Ona görə transendentaldır ki, tam maddi deyil, maddidən kənarda olan amma, maddinin mahiyyətinə aid olandır.

Transendental materyalizm ən qısa şəkildə Kant, Hegel, Lakan, Deleuzenin xətti üzərindən Slavoy Zizek, Adrian Johnston, Katerina Malabou tərəfindən müasirləşdirilmiş izahıdır

 Müəllif: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.