Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Theodor Adorno və mədəniyyət sənayesi haqqında – Jeanne Willette

İkinci dünya müharibəsi zamanı sürgün edildiyi Amerikada yaşayan Theodor Adorno Frankfurt məktəbi vasitəsilə inkişaf etməkdə olan mədəniyyət sənayesi haqqında dərin araşdırmalar aparmışdı. Gəldiyi nəticə metalaşan mədəniyyətin iqtidarlar tərəfindən bir metod, vasitə kimi istifadə olunduğu idi.

“Maarifçiliyin dilektikası”(1947) əsəri Hollywood günəşinin altında, Santa Monica hovuzlarının kənarında Amerikan xalqının başını aldatmaq və neytrallaşdırmaq üçün hazırlanılmış kütləvi
mədəniyyətin paytaxtında yaranmışdı. Belə bir kitabın istinad nöqtəsi olaraq seçdiyi kütləvi mədəniyyət bu qədər ağır və samballı bir fəlsəfi fikirlər üçün olduqca cılız bir məsələ kimi görünür. Digər tərəfdən də müəlliflər Theodor Adorno və Max Horkhaymer kütləvi medianın gücünü çox yaxşı başa düşən Alman əsilli miqrantlar idi. “Frankfurt məktəbi” ya da Sosial Araşdırmalar İnstitutundakı ilk illərində bu qrupa bağlı olan fikir adamları marksist ənənədən gəlməkdə idilər. Onlar nə müəllim idilər, nə də ehtiraslı və arzulu insanlar. Horkhaymer tərəfindən idarə olunan filosoflar Marksizmi yeniləşdirmənin, günümüzə uyğunlaşdırmağın, ictimai inqilabının uğursuzluqlarını aradan qaldırmağın və aşağı siniflər arasındakı gözlənilən üsyanın niyə hələ də baş vermədiyini anlamağın yollarını axtarırdılar. Gec kapitalizm anlayışının bir hissəsi, iqtisadi güclərin yaşadığımız sosial həyatın bütün əlaqələrini və bütün tərəflərini işğal etdiyi fikridir. Başqa cür ifadə edəcək olsaq, qazanc intuisiyası ilə idarə olunan iqtisadi model artıq tamamilə nəzarət altında idi. Təsir sahələri sərhədli olan əvvəlki Kapitalizm (və ya Feodalizm) modellərindən fərqli olaraq Gec kapitalizm texnologiyanın çox da kiçik olmayan bir sahəsi nəticəsində nəzəri olaraq sərhədsiz bir vəziyyətə gəlmişdi. İndiki anda texnologiya, cəmiyyəti idarə edən üstün qrupun fikirlərini radio, film və yayımlanmış sənədlər vasitəsilə yayan modern bir vasitədir. Marks, metanın arzu yaratma roluna sahib olduğunu konkret şəkildə əvvəlcədən müəyyən etmişdi. Lakin kapitalist nəzarətin texnologiya vasitəsilə yayılacağını xəyalına belə gərtirmirdi.

Frankfurt məktəbi 1933-cü ildə Almaniyanı tərk etmək məcburiyyətində qalmasından daha əvvəl modern dünyanın Marksizmin köhnə formasını ötüb keçdiyini və yeni qanunauyğunluqlara əsasən yeni bir mədəniyyətə əsaslanan yeni bir tənqidin yaradılmasına ehtiyacı vardı. XX əsrin mədəniyyəti “idarə olunurdu” və yeni mədəniyyətin idarəsi “mədəniyyət sənayesi” tərəfindən asanlaşdırılırdı. Faşizmin Almaniyadakı yükəlişi nəticəsində Adorno, Horkhaymer və Frankfurt məktəbinin diqqətini çəkən əsas nöqtə dövlətlər və əyləncə sektoru arasındakı bir növ cinayət ortaqlığı idi. Daha sonra sürgünə göndərilən filosoflar Hollywood mədəni sektorunun mərkəzində idilər.

Theodor Adorno bir yəhudi olan atasının ailə adı ilə Theodor Adorno – Wiesengrund olaraq dünyaya göz açmışdı. İtaliyan olan anasından aldığı Adorno adını isə, bəlkə də, valideynlərinin yəhudi olmayan digər yarısını ifadə etmək və musiqiyə olan sevgisindən dolayı, bəlkə də, sadəcə olaraq Nyu Yorkda yerləşən Frankfurt məktəbinin yəhudi akademiklərdən təşkil olunan bazasını pərdələmək üçün istifadə etmişdi. Valter Benyaminin bir filosof olduğu qədər bir şair də olduğu kimi, Adorno da filosof olduğu qədər həm də musiqiçi idi. Adorno profesional bir pianist olmağı arzu edirdi, lakin bu arzusunu gerçəkləşdirmək üçün yetəri qədər musiqi istedadına malik deyildi. Nəticədə Adorno, fəlsəfəyə yönəldi və XX əsrin əvvəllərində Neo-Kantçılıqdan təsirlənərək Marksın nəzəriyyələrini öz zamanı ilə uyğunlaşdırmaq vəzifəsini reallaşdırmağa çalışdı. Onun fəlsəfəsi hər zaman üçün praxis (fəaliyyət, praktika, tətbiqetmə) ilə əlaqədar idi. Lakin bütün bunlarla yanaşı ziddiyyətli şəkildə, daha asan bir formada anlaşılan dildə və ya başqa sözlərlə asanca izah edilə biləcək şəkildə yazmağı rədd edirdi. Frankfurt məktəbinin yetkin xadimi olan Martin Jay-ın dediyi kimi yazı tərzi o qədər sıx və qeyri müəyyən idi ki, onun yazısında xüsusi bir ad belə vermişdilər. Asan tərcüməyə müqavimət göstərən “Adorno Deutsch”. Digər tərəfdən də “Maarifçiliyin dialektikası”, bəlkə də, müəlliflər tərəfindən ortaq yazıldığı üçün oxunması olduqca asan bir kitabdır və oxuna bildiyi üçün də kitabın əsas düşüncəsi olan Mədəniyyət sənayesi, Neo-Marksist düşüncə və oxşar tənqidi yanaşma olan Tənqidi nəzəriyyə, Jurgen Habermasdan Guy Debroda qədər modern düşüncə adamları üzərində təsirə malik olmuşdur.

Üstün alman mədəniyyəti fikri

Adorno öz həmkarları ilə ortaq formada, Amerika kimi digər millətlərin də ticariləşdirilən “mədəniləşdirmənin“ (mədəni istehsal, şəhərləşmə forması) əksinə olaraq Alman mədəniyyətinin üstünlüyü anlayışını miras almışdı. Mədəniyyətin Almaniyadakı rolu, populyar mədəniyyətə və ya əyləncə sektorunun kütləvi mədəniyyətinə qarşı çıxan bir “yüksək mədəniyyət” formasında da adlandırıla bilərdi.  “Aşağı mədəniyyət” ya da populyar mədəniyyət xalqın “zövqlərini” dayazlaşdıraraq nizamladığı kimi, Pierre Bourdeau-nun illər sonra qeyd edəcəyi kimi “həzz”(dad) deyilən şeyin əslində aşağı siniflərlə yuxarı sinifləri bir-birindən ayıran, bir fərqləndirici işarə olduğunu qeyd edəcəkdi. Bəlkə də, məhz belə bir sinfi bölünməyə görə, bəlkə də, klasik musiqi ifadə edən bir pianist keçmişi olduğu üçün Adornonun populyar mədəniyyət haqqında sərhədli bir perspektivə malik idi.

O, ətrafında baş verənli çox da önəmsəməyən bir modabaz idi və Amerikada illərlə yaşamış olsa da jazz-ın dəyərini anlaya bilməmişdi. Bəziləri Adornonu baxışlarındakı bu kor nöqtə ilə əlaqədar olaraq irqçilikdə günahlandırırdı. Ancaq müəyyən bir forması və davamlı bir kompozisiyası olmaması səbəbi ilə bu qədər yumşaq görünən bir musiqi formasını, təbiiliyi sevmədiyi üçün bəyənməmiş olması da normaldır.

Hollywood-da yaşayan Adorno Walt Disneyin Stravoinskini istifadə etməyə uyğun görməsini, ayrıca da müharibədən sonra yüksək bir “mədəniyyət” qurulması ehtimalını  və mədəniyyəti “tərəfsiz və hazır” bir düşüncə ilə rədd edirdi. Çünki bu formada bir mədəniyyətin hər hansı bir məqsəd üçün borc alınaraq təkrar istifadə edilə biləcəyini qeyd edirdi. Yaşayan, yaradıcı bir organizm, mədəniyyət, hər hansı bir ada görə (yüksək, aşağı, popuyar və s.) forma almaqdan əlavə, həm də özünü çoxaltmış olurdu. Bununla birlikdə Adorno öz vəzifəsini “mədəniyyət tənqidçisi” olaraq davam etdirdi və musiqi tənqidçisi olaraq da geniş bir külliyyat yaratmış oldu.

Maarifçiliyin dialektikasının baxış bucağı, xalq kütlələrinin Veimar respublikası və Nasistlərin yüksəlişində oynadığı roldan da təsirlənmişdi. Nyu Yorkdakı Frankfurt məktəbi Nasistlər lehinə təbliğatla məşğul olan hiyləgər və təhlükəli meyia organını təhlükəsiz bir məsafədən izləyirdi. İkinci dünya müharibəsi ərəfəsində akademik fəaliyyətlə məşğul olanlar, Amerikalıları uzun və olduqca xərcli bir müharibəyə daxil etmək üçün kütləvi əyləncə və məlumat paylaşımının Amerikdakı əhatəli fəaliyyətinə də şahid oldular. Max Horkhaymer 1943-cü ildə sağlamlığı ilə əlaqədar olaraq Nyu Yorkdan ayrılmaq və Los Angelesə getmək məcburiyyətində qaldı. O, burada Theodor Adorno ilə bir araya gəldi və iki böyük alman miqrant Hollywood-dakı miqrant həyatlarına davam etdilər. Orada “yerli sənaye”-ni – çox məqsədli əyləncə – istehsal yerindəcə müşahidə edə bilərdilər. Ortaya çıxardıqları Maarifçiliyin dialektikası adlı əsərdə çağdaş kütləvi informasiya vasitələrini araşdıran “Mədəniyyət sənayesi: kütləvi bir yalan olaraq Maarifçilik” adlı bir məqalə yer almaqda idi. Müharibənin bitməsinin ardınca Adorno və Horkhaymer tərəfindən yazılan kitab Hollywood təcrübələrini əks etdirməkdədir. Ancaq yazmış olduqları təcrübələr də faşizmin yüksəlişi zamanı müşahidə etdikləri təcrübələri ifadə etməkdə idi. Kitab ilk olaraq Hollandiyada bir nəşriyyat tərəfindən çap edildi, 1970 ci ildə Adornonun ölümündən 1 il sonra isə yenidən çap edildi.

Adından da məlum olduğu kimi mədəniyyət sənayesi, sənaye texnologiyasının bir məhsulu olan Sənaye inqilabının bir hissəsidir. Sənaye istiqaməti “mədəni” sferanı ələ keçirməsindən daha əvvəl baş vermişdir və XIX əsrin sonlarından bəridir “mədəniyyət” olduqca böyük bir kapitalist qazanc vasitəsi olaraq formalaşdırılmışdır. Adorno mövqeyindən nəticə insanlıq baxımından böyük bir itkidir. Dostu, Walter Benyaminin əksinə olaraq Adorno, texnologiyanın kütlələri oyandırmaq və ya azad etmək üçün istifadə edilə biləcəyi ehtimalını düşünməmişdi. Bu səbəblə də onun vaxtında mədəniyyət, musiqi, rəqs və səhnə sənətləri qazanc əldə etmək məqsədi ilə şirkətlərin istifadə etdiyi bir əsir idi. Bu qazancın əldə edilməsi üçün xalqa təqdim olunan mədəniyyətinin mümkün olduğu qədər insana xitab etməsi lazımlı idi. Nəticədə, “yüksək” mədəniyyət onu dəyərləndirə biləcək təhsilə malik olan kiçik və zəngin bir kütlə tərəfindən dəstəklənməkdə idi. Səs yazma texnologiyasını yaradanlar səsyazılarını daha geniş bir kütləyə satılmaq üçün istifadə edənə qədər, o elit mədəniyyət çərçivəsində çox az gəlir əldə etmişdi.

Sənayeləşən mədəniyyət istehsalı haqqında

Kütləvi mədəniyyət və kütlələr üçün istehsal olunan mədəniyyət daha çox populyar və qazanclı idi. Populyar mədəniyyət aşağı və orta təbəqə xalqa əsaslanırdı. Lakin bu fərqlər ən çox sayda alıcıya satılmaq üçün fərqləri hamarlaşdırmaq məcburiyyətində qalan sənayenin təkləşdirmək təsiri səbəbindən yox edilmişdi. “Mədəniyyəti” “sənaye” miqyasında istehsal edən, tanıdan və satan müəssisələr təbiəti etibarilə kapitalistdir və öz məhsullarını satdıqları zaman, həm də kapitalizmi və kapitalist  ideologiyanı da satırlar. Məsələn, bir incəsənət “ulduzunun” ətrafında ulduzun və ibadət edəcək “təriqətin” yaradılması, ulduzlara yüksəltmə, özündə və ya daxilində həyat tapdığı bütpərəstlər arasında bir illuziyaya yol açır. Beləliklə, siniflər arasındakı fərqlər və bərabər olmayan insanlara verilən fürsətlərin donuq gerçəkliyi, heç də real olmayan ümidlərlə gizlənir.

Deborah Cook Adornonun “Mədəniyyət sənayesi” anlayışına yer verdiyi “Yenidən kəşf edilən Theodor Adorno” adlı kitabına  Platonun mağara allegoriyası ilə başlayır və “Adorno köhnə mağara allegoriyasını daha geniş və dəqiq zərbələrlə partlayıcı bir tənqidə çevirdi. İnsanlar mağaranı, öz kölgələrini parlaq günəş işığı altındakı, mağaradan kənardakı gerçəkliyin əvəzinə seçirlər. Ancaq əsas sual budur niyə?” İnsanlar niyə ticari bir meta olan məhsulları seçirlər? İnsanlar niyə qaranlıq bir teatrda saatlar boyunca oturur? Freyddən çox daha əvvəl Marks metanın başqa bir şeyi hədəfləyən bir arzunun “simptonları”  olduğunu dərk etmişdi. Adorno da öz növbəsində Marks və Freudu kütlələrin mağarası olan “Mədəniyyət sənayesi” ilə əlaqələndirirdi.

Adorno-nun qeyd etdiyi kimi “Bu xəyala əsaslanmayan sənət istiqaməti, insanlar üçün kritik önəmə malik olan idealizm yolundan çox irəli getmiş olan xəyal idealizmini gerçəkləşdirir”. Mədəni sənayenin “psixologiyası”-nın Almaniya və Amerika arasında fərqliliklərə malik olması olduqca diqqət çəkicidir. Almaniyada, xüsusilə də nasistlərin hakimiyyəti altındakı mədəniyyət sənayesi vətəndaşları geridəqalmış əyləncələrə və “fürer” Adolf Hitlerin narsist ibadətlərinə daşımış oldu. Amerikadakı mədəniyyət sənayesi, xalqın baxışlarını iqtisadi və sosial məsələlərdən uzaqlaşdırmaqda və onları xəyal qurmaq keyfindən uzaqlara doğru istiqamətləndirməkdədir.

Bir dinləyicinin milli fərqlilikləri nə qədər fərqli olursa olsun nəticə eynidir: kütlələrin onlara rəhbərlik edənlərin ehtiyaclarına xidmət edən bir eyniliklə formalaşdırılması. Yazıçılar, “Bütün dünya mədəniyyət sənayesinin süzgəcindən keçirilir” deyirdilər. Adornoya görə, fərd var ola bilmir və kapitalizm tərəfindən idarə olunan dünya üçün şəkilləndirilmiş bir “ictimai obyekt” vəziyyətinə gətirilir. Frankfurt məktəbindəki elm adamlarının daha əvvəlki araşdırmaları patriarxal cəmiyyətdəki ata rolunu artıq dövlətin yerinə yetirdiyini göstərir. Bu da mədəniyyət sənayesi ilə birlikdə günümüzdəki kollektiv mədəniyyət ruhunu idarə etməkdədir. Cəmiyyətin totalitarmı, yoxsa totalitar olmayan bir formadamı olması önəmli deyildir. Nəticə eyni olacaqdır. Cadu təsiri altında olan və yuxarılarla zidiyyətdən qaçmaq üçün, əyləncə üçün yetişdirilmiş bir cəmiyyət. Sual budur ki, bəs, cəmiyyəti kim idarə edir?

İstiqamətləndirilən kütlələr

Mədəniyyət sənayesinin arxasındakı iqtisadi motoru yaradan qüvvələr bilinməməklə birlikdə, daha dəqiq ifadə etmək lazımdırsa, olduqca mücərrəddir. Mədəniyyət sənayesi insanlar tərəfindən deyil qazanc və daha çox qazanc əldə etmək məqsədi ilə inhisarçı bir mövqe əldə etmək ehtiyacı tərəfindən istiqamətləndirilməkdədir. Marksın “motor” bənzətməsi heç kimin idarə etmədiyi və nəzarət edə bilməyəcəyi bir güc hissini oyandırmaq baxımından olduqca uyğundur. Mahiyyəti etibarilə, mədəniyyət sənayesi tamamilə faydalıdır. Çünki içərisində olan bir çox insanın öz həyatını qazanmaq, bir təkərin içərisindəki çarxlar kimi işləmək, “sənətçi” olduqlarını düşünmək ya da sadəcə əylənmək arzusu ilə yaratdığı birgə fəaliyyətə əsaslanan bir varlıqdır. Mədəniyyətin əsl işi özləri üçün gözə görünməzdir. Çünki bir sistemin əsas işi öz varlığını qorumaqdır və Mədəniyyət sənayesi “daha artıq həzz” məqsədi ilə istehsalçıdır və süni bir arzunu körükləyən duyğular yaradaraq özünü qoruyur. Sektorda, istər film olsun, istərsə də pornografiya olsun nəticəyə çatmaq yolu eynidir. Fərd, insanlar deyil, şeylər arasındakı mücərrəd əlaqələrə çevrilir. Bu sözdə “sosial şeylər” artıq bu bölünmüş şəxslər tərəfindən sinifləndirilərək xüsusi etiketlənərək xidmətlərinə ehtiyac duyan kapitalist sistem tərəfindən idarə edilir. Kapitalizm “ağıllı” və “məntiqli” görünür və “qaçınılmaz” olduğunu iddia edir. Əslində isə fəaliyyət göstərə bilməsi üçün insanlardakı psixoloji motivasiyaların basdırılması və istiqamətləndirilməsi gərəklidir. Mədəniyyət, duyğusal musiqi və həyəcan dolu filmlərlə geriçi və uşaqca instinktlərini və hisslərini ifadə etməsinə icazə verilən duyğuları basdırılmış kütlələrə əyləncə və həzz təmin edən bir məhsul halına gətirilir. Nəticə isə, kütlələrin təqib edəcəyi sosial tənqidlərin yaradılmasıdır. Bu metodla izləyicilər, müşahidəçilər, göstərmə vasitəsilə müəyyən düşüncə vərdişləri ilə əlaqədar yetişdirilir və özlərinin ən yaxşı ehtiyaclarına qarşı düşünmək, hərəkətə keçmək və fərd olmaq  yerinə, özlərini siyasi şüarlarla idarə edən mücərrəd kapitalizm gücləri ilə eyni səviyyəyə gəlmək öyrədilir. Filmlərdə ən çox siyasət izlədilir. Adolf Hitlerin özü də film ulduzudur və “rejissoru” Albert Speer, Nürnberg  də lider üçün möhtəşəm film setlərini yaradan adam olaraq planlaşdırıldı. Məqalədə eyni zamanda Fürerin yeni təbliğat vasitəsi olan radionun istifadəsi haqqında da şərh verilir.

Nasional sosialistlər, mətbuatın məlumatları yenidən istifadə edərkən etdiyi kimi, yayının müəyyən etdikləri məqsədi reallaşdırdığını bilirdilər. Fürerin din sosiologiyası tərəfindən icad edilən metafizik xarizması, nəticədə ilahi bir ruhla örtüşən radio yayımlarının hər yerə çatmasını hədəfləmişdilər

Maarifçiliyin dialektikasını oxuyan biri Adornonun Horkhaymerin yazdığı hissələrlə əlaqədar səs və düşüncə fəaliyyətlərini də başa düşməyə başlayır. Mədəniyyət sənayesi ilə bağlı məqalə daxilində Adornonun estetika haqqındakı fikirlərinə də yer verilir. Bir zamanlar müdirləri tərəfindən “bazar”-dan qorunan sənətkarlar haqqında və mədəniyyət sənayesində var olan sənətin özü haqqında daha çox şey yer almışdır. Hər nə qədər Adornonun estetik yanaşması musiqi kitablarında daha yaxşı izah edilmiş olsa da, sənətin artıq xüsusi özəlliyə malik bir obyekt deyil, yalnızca istehlak dünyasındakı bir məhsul olduğunu gerçəyindən bəhs etməkdədir. Walter Benyaminin “aura”(təsir sahəsi) anlayışından faydalanan Adorno sənətin bir hissəsini sehirli hesab etdiyini, ancaq sənət ilə bazar arasındakı əlaqənin gizlədilərək sənət izləyicisindən kənarda saxlanıld;ğını hiss etdiyini ifadə edir. Muzeylər, sənət qalereyaları qədər süni olaraq “müqəddəs” bir sahədə əyləncə və sərgi məqsədi ilə dəyər yaradan ünsürlər qazanc məqsədi güdməyən bir sənaye yaradarkən, böyük mədəniyyət sənayesinin də bir hissəsinə çevrilir

Adorno internetin meydana çıxmasını və daha sonra insanların əlinin altındakı (təhlükəli və mübahisəli olan) məlumat texnologiyasının yüksəlişini görəcək qədər uzun müddət yaşamadı. Öz zamanındakı mədəniyyət sənayesinin ona cavab verməyə imkan vermədiyindən olduqca xəbərdar idi. Amma indiki anda kommunikasiyanın tək tərəfliliyi dəyişdi. Bu anda bir izləyici və bir də cavab verən vardır. Adorno tamamilə demokratik ola biləcək internet mühitində şirkətlər üçün əsas qayğının potensial qazanc imkanlarından necə pul qazanılacağı olduğunu da müəyyən edərdi.

İnternet çağı

Dünya məlumat, gerçəklik və şüur ilə dolub daşsa da, insanlar mədəniyyət sənayesi tərəfindən öyrədilən düşüncə vərdişlərini çoxaldırlar. Birinin qəbul etmədiyi istiqamətdəki bir məlumat ilə qarşı qarşıya qalması izləyicinin “dərk edilən uyumsuzluq” yaşamasına səbəb olur. Hər qrupun digər qrupların fikirlərindən qorunması üçün müxtəlif iqtisadi qüvvələr bölünmüş və hamısına fərqli sahələr təmin edilmişdir. Beləliklə, fərqli kəsimlər, özlərinə təqdim edilən və eşitmək istədikləri şeyləri eşidərək, görmək istədiklərini görərək həzz alırlar.  Adornonun qeyd etdiyi totalitar mədəniyyət sənayesinin makro görüntüsünün yerini, televiziya kanalları, müəyyən istqamətli qəzetlər və ya internet saytları kimi bir çox mikro mədəniyyət faktları almışdır.

Martin Jay-ın Dialektik xəyalçılıq adlı kitabında qeyd etdiyinə görə, Horkhaymer və Adornonun kitabı 60-cı illərin burjuaziyaya qarşı fəaliyyət göstərən tələbələri üçün yeraltı mətn halını almışdı. Tələbələr Frankfurt məktəbinin akademiklərini başa düşmüş olsun, ya olmasın, bu bağlantı uyğun olsun, ya olmasın, bəlkə də sağçı fəlsəfəyə qarşı on illər boyunca davam edən bir müxalif düşüncə vasitəsi olmuşdur. Adornonun ölümünün, bir çoxları tərəfindən köhnə bir inqilabçının yetəri qədər inqilabçı olmamaqda günahlandıran tələbələrinin hücumları ilə daha da sürətləndiyi də iddia edildi. Tələbələrinin özünə qarşı olan çıxışları və Walter Benyaminə qarşı pis rəftar etdiyini irəli sürən günahlandırmaları yaddaşını və əsərlərini qorumaq üçün çox çalışmış elm adamının qəlbini qırmışdı. Benyaminin yazıları  bir çox mövqedən populyar mədəniyyət haqqında apardığı araşdırmaları davam etdirən Adornonun düşüncəsini dərindən təsir etmişdi. Adorno Əks mədəniyyətə məruz qalmaq şokundan heç vaxt bütünü ilə xilas ola bilmədi və 1969-cu ildə vəfat etdi.

 

 Tərcümə: Araz Əliyev

Mənbə: HeathwoodPress

 

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.