Çərşənbə, May 29, 2024

FƏLSƏFƏ

Təfsir Məsələsində Açılmayan Düyün: Scalia—Dworkin Debatı

I. Giriş

Konstitusion normaların təfsiri barədə hüquq doktrinasında müxtəlif və bir-birini yanlışlamağa çalışan mövqelər mövcuddur. Bu mövzu əhatəsində çox saylı müzakirələr uzun zamandan bəri davam etməkdədir. Heç şübhəsiz ki, belə çoxşaxəli diskussiyaların ortaya çıxmasının özəyində duran səbəb konstitusion maddələrin olduqca ümumi şəkildə təsbit edilməsi, spesifik məqamlara geniş şəkildə toxunulmaması və nəticə olaraq, bu normaların müxtəlif aspektlərdən fərqli interpretasiyalara açıq olmasıdır. Konstitusion müddəaların bu şəkildə geniş və fərqli təfsir metodlarına imkan yaratması xeyli mürəkkəb sualları da öz bərabərində gətirir. Belə suallardan biri və hətta demək mümkünsə, ən çox müraciət ediləni, konstitusional tekstlərin təfsiri zamanı bu prosesi hansı istiqamətdə və hansı dayaq nöqtəsinə istinadən formalaşdırmaq barəsindədir. Məhz bu sual bu gün də hüquq fəlsəfəsi müstəvəsində geniş bir hissəsini tutmaqdadır. Qeyd etmək lazımdır ki, bu sual ətrafında ən böyük diskussiyalardan birini başladan şəxs 1986-cı ildən vəfat etdiyi 2016-cı ilə qədər ABŞ Ali Məhkəməsinin hakimlərindən biri olan Antonin Scalia olmuşdur. Onun 1995-ci ildə bu mövzu haqqında verdiyi leksiyaları esse şəklində çap edilmiş və sonra isə Ronald Dworkin, Mary Ann Glendon, Laurence Tribe və Gordon Wood kimi tanınmış hüquq professor və araşdırmaçıları Scalia ilə razılaşdıqları və zidd düşdükləri məqamları ortaya qoyan esseləri ilə ona cavab verməyə çalışmışdırlar. Sonda Scalia ümumi bir cavab essesi yazmış və həmin professorların hər birinə ayrıca bölmə ayıraraq bir-bir bütün əks-arqumentlərə cavab verməyə səy göstərmişdir. Əlbəttə ki, Scalia və bu professorlardan hər biri arasında olan yazışmalar olduqca maraqlıdır və mövzunun məğzini anlamaq üçün oxunulması olduqca əhəmiyyətlidir. Fəqət bunların içində ən çox diqqət çəkəni Scalia ilə ABŞ-da və dünyada 20-ci əsrin ikinci yarısının və 21-ci əsrin ən böyük hüquq düşünürlərindən biri olaraq qəbul edilən Ronald Dworkin arasındakı yazılı diskussiyalar toplusudur. Hüquq sferasının iki böyük titanı arasında baş tutmuş bu yazılı müzakirə doktrina tarixinə Scalia – Dworkin debatı olaraq daxil olmuşdur. Günümüzdə hələ də tədris edilən, öyrənilən və analiz edilən bu debatın məğzi ilə daha yaxından tanış olmaq məqsədəuyğundur.

II. Antonin Scalianın təfsir yanaşması

Qeyd: Bu məqalə digər qanunların deyil, Konstitusion normaların təfsiri barədəki müzakirələrə həsr edilsə də, Scalianın düşüncələrini daha yaxşı anlaya bilmək məqsədilə onun qanunların təfsiri barədəki mövqeyinə də qısa şəkildə nəzər yetirmək lazımdır.

A. Tekstualizm

Bildirmək gərəkdir ki, Antonin Scalia digər qanunların təfsiri barədə tekstualist (textualism), məhz konstitusiyanın təfsiri məqamında isə orijinalist (originalism) mövqe tutmaqdadır. Tekstualizmə görə qanun norması fərqli mənalarda interpretasiyaya açıqdırsa, mübahisəyə baxan hakim müddəanı qəbul edən qanunvericinin diqqətə çatdırmaq istədiyi səhnə arxası fikri anlamaq yerinə həmin müddəanın mətnindəki sözlərin sırf dildə ən çox işlənən, bilinən və ilk baxışda ağla gələn mənasını əsas götürərək normanı ona uyğun şəkildə anlamalı və tətbiq etməlidir [1, s. 132]. Çünki Scaliaya görə, “Düşünülənin əksinə, sözlərin çox limitli mənası var və interpretasiya zamanı bu məhdud mənaların sərhədini aşaraq yeni mənalar kəşf etməyə çalışmaq qəbuledilməzdir[2, s. 8]. Bu nəzəriyyəni daha aydın başa düşmək üçün Azərbaycan qanunvericiliyindən bir norma üzərindən izah etmək yerinə düşərdi.

Məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.

Bu normada yazılan “digər qanunlar” ifadəsi ilə bağlı təcrübədə anlaşmazlıqlar yarana bilir. Bu anlaşmazlığa yol açan məsələ “digər qanunlar” ifadəsini qeyd edərkən, qanunvericinin dəqiq olaraq nəyi nəzərdə tutmuş olmasıdır. Tekstualizmin ən görkəmli nümayəndələrindən olan Antonin Scalia bu məqamda deyərdi ki, burada qanunvericinin niyyəti, nəzərdə tutduqları haqqında düşünmək əhəmiyyətsizdir. Qanunu qanun edən onun mətnində yazılandır, onu formalaşdıranın niyyəti deyil. Scalia vurğulayardı ki, bu maddədəki “digər qanunlar” ifadəsinin daha çox başa düşülən, ilk oxunuşda zehində canlanan mənasından və maddənin ümumi məzmunundan tam aydındır ki, burada mülki hüquq münasibətlərinə aid, adı xüsusi olaraq yazılmayan digər bütün qanunlar ehtiva edilir.

(Bu paraqrafdan sonrakı hissələrdə artıq yalnız məqalənin mövzusu olan Konstitusion təfsir məsələsinə toxunulacaqdır.)

B. Orijinalizm

Konstitusion müddəaların təfsiri mövzusundan bəhs etməyə başlayarkən, ilk olaraq Scalia niyə bu mövzuda fərqli düşüncəyə sahib olduğunu izah etməyə çalışır. Scalia bildirir ki, digər qanunlarla Konstitusiyanın təfsiri arasında ortaya çıxan əsas fərqlilik Konstitusiyanın qeyri-adi, özünəməxsus quruluşu olan bir mətn olmasından irəli gəlir [2, s. 37]. O bu perspektivini ABŞ Ali Məhkəməsinin ən tanınmış Baş Hakimlərindən olan John Marshall (1801-1835) tərəfindən McCulloch v. Maryland işində edilən əsaslandırmaya istinad edərək möhkəmləndirir. Həmin işdə John Marshall bildirir ki, “Əgər Konstitusiyada hakimiyyət qolları və fərdlərin bütün vəzifələri, hüquqları, edə biləcəkləri, edə bilməyəcəkləri, onları gözləyən məsuliyyət və digər bütün amillər detallı şəkildə təsbit edilsə idi, Konstitusiya özünəxas xüsusiyyətini itirərdi və digər Qanunlar (Məcəllələr) qədər uzun olacağı üçün bir insan ağlı tərəfindən çox çətinliklə mənimsənərdi. Bu səbəblə, onun təbiəti tələb edir ki, yalnız geniş əhatə dairəsinə malik xüsuslar qeyd edilsin, əsas obyektlər, subyektlər göstərilsin, lüzumsuz detallar isə çıxarılsın” [3].

Scalianın bu əsaslandırmanı təqdim etməkdəki məramı odur ki, başqa qanunlardan fərqli olaraq, Konstitusiya təbiəti etibarı ilə, hüquqi cəmiyyətin təməlini formalaşdıran, ümumi və prinsipial meyarları, tələbləri özündə əks etdirən normaları müəyyən edir. Hər bir təfərrüatı ən kiçik xırdalığa qədər izah etmək Konstitusiyanın təbiətinə uyğun deyildir. Buna görədir ki, qanunverici müxtəlif hüquqi sahələri tənzimləyən qanunlar qəbul edir ki, Konstitusiyada ümumi şəkildə təsbit edilən məsələlər daha geniş şəkildə aydınlığa qovuşsun. Bu hissəni yerli qanunvericiliyə müraciət edərək daha rahat anlamaq olar. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi təhsil hüququ və onunla bağlı məqamlardan ümumi və qısa formada danışır. “Təhsil haqqında” Qanunda isə təhsillə əlaqəli nüanslar ətraflı şəkildə qeyd edilir.

Beləliklə, Konstitusiyanın özünəxas cəhətinə diqqət çəkən Scalia, konstitusional interpretasiya zamanı tətbiqinin tərəfdarı olduğu orijinalizm nəzəriyyəsini açıqlayır. Orijinalizmə müvafiq olaraq, konstitusiya müddəaları təfsir edilərkən, Konstitusiyanı tərtib edən Qurucular (John Adams, Alexander Hamilton, John Jay, Thomas Jefferson, James Madison və George Washington) və onların müasir auditoriyası tərəfindən başa düşüldüyü kimi qəbul edilməlidir [1, s. 132]. Bilindiyi üzrə, ABŞ Konstitusiyasının əsasını Qurucu ataların yazılarından ibarət olan “Federalist Yazılar” təşkil edir. Scalia vurğulayır ki, hər bir kəs Konstitusiya normalarını təfsir edərkən, həmin “Federalist Yazılar”-a nəzər yetirməli və Qurucuların baxış bucağından çıxış edərək, onların zamanında müvafiq Konstitusion normanın necə başa düşüldüyünü anlamalıdır. Məhz bu metod həm hüquqi məqsədlərə uyğundur, həm də demokratik dövlət quruluşunun qayələrinin qorunmasında zəruri rol oynayır. Fəqət Scalia yazır ki, onun Qurucu ataların yazılarına istinad etməsinin səbəbi o deyil ki, onlar Qurucudurlar və onların konstitusion normaların ardında duran niyyəti avtoritardır və mütləq şəkildə qanun sayılmalıdır; səbəb odur ki, onların yazıları Konstitusiyanın ilkin dövrlərdə necə başa düşüldüyünün bariz göstəricisidir və bu yanaşma demokratik sistemə ən uyğun olandır [2, s. 38]. Ancaq yadda saxlamaq lazımdır ki, Scalia o anda orijinalizm nəzəriyyəsinə müraciət etməyi məsləhət görür ki, orada konstitusion normanın tətbiqi zamanı qeyri-müəyyənliklər ortaya çıxsın. Yox, əgər müddəa mövcud mübahisənin həlli mərhələsində yetərincə aydındırsa, zatən mürəkkəb təfsir prosesinə lüzum yoxdur.

Scalia Orijinalist mövqeyini bir hissədən sonra yüksəlişdə olan Yaşayan Konstitusiya nəzəriyyəsinə etdiyi tənqidlər üzərində ucaldır. Qısaca, Orijinalizmin əksinə olaraq, Yaşayan Konstitusiya nəzəriyyəsinə görə, hüquq sistemi və xüsusən, bu sistemin onurğası olan Konstitusiya, cəmiyyətin zaman keçdikdə dəyişən tələblərinə uyğun yöndə istiqamət götürməli və toplumun dəyişkən ehtiyaclarını ödəməyi hədəfləməlidir. Bu nəzəriyyənin dəstəkçilərinin fikrincə, insanların yeni ehtiyaclarını müəyyən edən və hüququ həmin ehtiyaclara müvafiq şəkildə formalaşdıran hakimlər olmalıdır [2, s. 38]. Scalia bildirir ki, bu gün hər hansı bir universitetin hüquq fakültəsində tədris edilən “Konstitusiya hüququ” dərsində tələbələrə oxudulan mövzulara fikir verilərsə, görülər ki, konstitusion maddələrin başa düşülməsi üçün tələbələrdən ilk gözlənti Ali Məhkəmənin müvafiq təfsir qərarlarını oxumalarıdır. Heç kəs sadə yola, yəni Konstitusiyanın mətnini açıb oradakı orijinal mənanı anlamağa cəhd göstərmir, hamı konstitusion müddəaların ehtiva etdiyi mənanı məhkəmənin dəyişkən zamanın dəyişkən arzularına uyğun təfsir etdiyi istiqamətdə qəbul edir. Scalia vurğulayır ki, bu proses qəbuledilməzdir. Belə ki, onun fikrincə, digər bütün qanunlara və Anqlo-sakson hüquq sistemində məhkəmələrinin formalaşdırdığı presedent hüququna (Common Law), ümumən, bütün hüquq sisteminə etibarlılığı, hüquqi qüvvəni Konstitusiya verir. Onlar ancaq Konstitusiyaya uyğun olduqları halda etibarlıdırlar. Buna görə, Konstitusiyanı digər qanunlar və məhkəmə presedentlərinə bərabər tutub, onlara eyni şəkildə yanaşmaq hüquqi cəhətdən yanlışdır. Konstitusiyanı dövrün tələbləri çərçivəsində müxtəlif zamanlarda dəyişkən formada təfsir etmək Scaliaya görə demokratik dövlət quruluşuna heç bir şəkildə uyğun deyildir. O qeyd edir ki, “Şübhəsiz ki, konstitusiyanın mahiyyət etibarilə dəyişkənliyi nəzərdə tutduğunu söyləmək olmaz; Əksinə, onun bütün məqsədi dəyişikliyin qarşısını almaqdır; müəyyən hüquqları gələcək nəsillərin asanlıqla əlindən alına bilməyəcəyi şəkildə təsbit etməkdir[2, s. 40]. Diqqət etmək lazımdır ki, Scalia burada da niyyət amilinə qarşıdır. O yazır ki, “Qurucuların niyyəti” və “Qurucuların başa düşmə şəkli” ayrı anlayışlardır. Belə ki, “niyyət” qəbuledilməzdir. “Niyyət” subyektivlik deməkdir və bu hal, hakimlərə həddindən çox azadlıq verir. Hakimlər hər hansı bir konstitusion normanı təfsir edərkən, “niyyət” ünsürünü əsas götürərlərsə, “Qurucu atalarımız bu müddəanı təsbit edərkən, yəqin ki, gələcəyin, yəni bu günün tələblərini hesaba qatmağı da düşünüblər. Onlar əgər bu gün yaşasa idilər, bu müddəa ardındakı niyyətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə formalaşmasına səy göstərərdilər” şəklində bir fikir ortaya qoyacaqlar. Bu isə qeyd edildiyi kimi Qurucuların əsl mövqeyinə, Konstitusiyaya və ən vacibi, demokratik quruluşa zidd bir təfsirə gətirib çıxaracaq [4]. Yəni Scalia izah edir ki, “Qurucuların niyyəti” subyektivliyə yol açdığı üçün yanlış, “Qurucuların başa düşmə şəkli” isə obyektivlik ifadə etdiyi üçün doğru metoddur. Onun nöqteyi-nəzərincə, guya müasir zəmanənin arzularına, duyğularına cavab verirmiş kimi görünən Yaşayan Konstitusiya nəzəriyyəsi konstitusion müddəaların yanlış yöndə təfsirini dəstəkləyərək  demokratik dövlət quruluşunu və cəmiyyəti təhlükəyə ataraq əslində, zənn edilənin əksinə hərəkət edir. Məsələn, Scalia bildirir ki, Konstitusiyaya edilən Səkkizinci Düzəlişdə “qəddar və qeyri-adi cəzalar qadağandır” hissəsi edam cəzasını əhatə etmir. Çünki Səkkizinci Düzəliş 1791-ci ildə qəbul edilib və həmin dönəmdə Qurucu ataların “qəddar və qeyri-adi cəzalar” anlayışına edam daxil deyildi. Edam o zamanlar normal qarşılanan bir cəza növü idi. Yəni Qurucular bu düzəlişi oxuyub dərk edərkən, edam cəzasını bu çərçivəyə daxil edəcək şəkildə başa düşmürdülər. Buna görə də, Yaşayan Konstitusiya nəsəriyyəsi tərəfdarlarının dediyinin əksinə, bu gün də Səkkizinci Düzəliş edam cəzasını qadağan etmir [2, s. 42]. Scalia düşünür ki, Yaşayan Konstitusiya nəsəriyyəsi tərəfdarlarının bunun əksini cəmiyyətə təlqin etməyə çalışması demokratik dövlət quruluşu aspektindən doğru deyildir. Çünki bu addımlar məhkəmə sistemində ədalətli cəza strukturunun mövcudluğunu aradan qaldırır. Onun yanaşması belədir ki, bu cür bir vəziyyət, dövlətin və cəmiyyətin təməllərini sarsıda və Qurucu ataların gələcək nəsillərə vəsiyyət etdiyi mirası zədələyə bilər [4].

C. Təhlil

Scalianın məsələyə bu aspektdən baxmasının təməl səbəbi “demokratik dövlət quruluşu” anlayışına verdiyi önəmlə bağlıdır [5]. Belə ki, Scalianın əsaslandırmasında çox az diqqət edilən və tənqidçiləri tərəfindən müəyyən anlarda səhv başa düşülən, yaxud yozulan hissə var ki, onun düşüncələrinin özəyi sırf orada yatmaqdadır. O, tez-tez “demokratiya” sözünü vurğulayır və bildirir ki, bir dövlətin daim inkişaf edən, özünü lazım olduqda yeniləyən bir struktura sahib olmasının yeganə yolu demokratiyanı ümdə bir vasitə, mexanizm olaraq qəbul etməsi və ondan yararlanmağı bacarmasıdır. Scalianın nəzərincə, Konstitusiyanın əhəmiyyəti məhz bu məqamda ortaya çıxır. O, Konstitusiya ilə demokratiyanın birbaşa əlaqəsini göstərir və izah etməyə çalışır ki, digər qanunlardan və presedent hüququndan (Common Law) fərqli olaraq Konstitusiya demokratiyanın təminatçısıdır. Çünki yalnız Konstitusiyasına nəzər yetirməklə həmin dövlətin və cəmiyyətin demokratik dəyərləri nə dərəcədə özündə əks etdirdiyini anlamaq mümkündür. Bir şey Konstitusiyada birbaşa olaraq vurğulanmayıbsa, demək ki, həmin dövlətin və cəmiyyətin “demokratiya” konsepsiyasının hədləri çərçivəsində həmin məfhuma/fenomenə yer yoxdur. Bu səbəblə, Scalia orijinalist nöqteyi-nəzərdən çıxış edir və qeyd edir ki, sadəcə orijinalizm nəzəriyyəsi sayəsində bu demokratik quruluş mühafizə edilə bilər. Belə ki, bu analizdən çıxış edərək, Scalia diqqətə çatdırır ki, dövlətin demokratik olduğunu göstərən ilk amil orada “hakimiyyətlərin bölgüsü prinsipinə” əməl olunmasıdır. Konstitusiyaya müvafiq olaraq, dövlət hakimiyyəti üç qola bölünür: (1) qanunverici; (2) icraedici və (3) məhkəmə. O vurğulayır ki, Konstitusiyaya dəyişikliklər etmək sadəcə qanunvericilik hakimiyyətinə məxsus olan bir səlahiyyətdir. Buna görə də, Yaşayan Konstitusiya nəzəriyyəsi tərəfdarlarının dediklərinin əksinə, hakimlərin elə bir səlahiyyəti yoxdur ki, bir işə baxan zaman konstitusion normaları təfsir edərkən, Konstitusiyada birbaşa göstərilməmiş hər hansı bir nüansı varmış kimi qəbul etsin. Əks təqdirdə, bu hal, məhkəmələrin konstitusion səlahiyyətlərini aşaraq Konstitusiya normalarının ifadə etdiyi mənanı genişləndirmələrinə və təcrübədə Konstitusiya müddəalarının istənilən şəkildə işin hallarına əsasən interpretasiyasına yol açacaq. Scalia vurğulayır ki, bu vəziyyət demokratik quruluşa birbaşa təhlükədir. Belə ki, Yaşayan Konstitusiya nəzəriyyəsinin yol açdığı situasiya cəmiyyətdəki hər bir kəsə imkan verir ki, Konstitusiyada hər hansı bir dayaq nöqtəsi olmamasına baxmayaraq, Konstitusiya müddəalarını mövcud dövrə və işin hallarına uyğun şəkildə interpretasiya edərək öz düşüncəsində doğru olaraq qəbul etdiyi davranışları əsaslandırsın. Bu hal isə digər düşüncələr və davranışlara qarşı tolerant olmayan, cəmiyyətin məhvini gətirəcək davranışların, ideologiyaların özünə bir əsaslandırma tapmasına səbəb ola bilər. Scalianın orijinalist yanaşmaya üstünlük verməsinin təməl səbəbi də bax budur. O düşünür ki, əgər hakimlər mübahisənin həlli zamanı Konstitusion normanın işin hallarına münasibətdə aydın olmadığı qənaətinə gələrlərsə, həmin normanı düzgün şəkildə dərk etmək üçün onları formalaşdıran Qurucu ataların həmin müddəaların ardındakı başa düşmə metodlarını anlamağa səy göstərməlidirlər. Konstitusion normalar əgər bu yolla təfsir edilərsə, məhkəmələr səlahiyyət hədlərini keçməzlər və Konstitusiyanın mətnində təsbit edilməyən hər hansı bir nüans varmış kimi qəbul edilməz. Çünki Scalianın fikrincə, dövlətin və onun Konstitusiyasının yaradıcıları olaraq xalqı üçün hər şeyin ən yaxşısını etməyə çalışan Qurucu ataların konstitusion normaları başa düşmə şəklinə söykənən təfsir metodu heç vaxt həmin dövlətə və cəmiyyətə zərər vurmaz.

III. Ronald Dworkinin təfsir yanaşması

A. Dinamik nəzəriyyə (və ya Yaşayan Konstitusiya)

Ronald Dworkin bir çox akademik tərəfindən konstitusional müddəaların təfsiri zamanı Dinamik nəzəriyyənin tərəfdarı olaraq xarakterizə olunur. Əslində, bu nəzəriyyə elə Yaşayan Konstitusiya nəzəriyyəsinin özüdür. Sadəcə olaraq, akademiklər “Dinamik” sözünü bir alternativ olaraq istifadə edirlər. Konstitusiyanın dinamik oxunuşunun tərəfdarları – konstitusion ifadələrin müasir şəraitə uyğun interpretasiya edilməsini müdafiə edənlər – bir qayda olaraq, Konstitusiyanın hər hansı bir xüsusi konsepsiyaya üstünlük verilmədən, özündə ehtiva etdiyi ümumi anlayışlardan çıxış edərək təfsir edilməsini doğru hesab edirlər [1, s. 131]. Belə ki, onlar iddia edir ki, Konstitusiyanın normaları hər bir nüans haqqında ümumi məlumat verir, spesifik məqamlara toxunmur. Buna rəğmən, həmin maddələri sadəcə olaraq spesifik bir şəkildə, yəni Qurucuların başa düşdüyü kimi təfsir etmək Konstitusiyanın məğzinə ziddir. Bu səbəblə də, təfsir zamanı, konstitusion normalar müasir dövrün şərtlərinə, gözləntilərinə uyğun mənada qəbul edilməlidir. Bu yanaşmanı Azərbaycan Respublikası qanunvericiliyindən bir nümunə gətirərək anlamağa çalışmaq daha yaxşı olar. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Müddəa ilk baxışdan olduqca sadə görünsə də, burada “mülkiyyət” sözünün hansı siyasi-hüquqi ideologiyaya istinadən bu maddəyə daxil edilmiş olması sual doğurur. Libertarianizməmi, Liberalizməmi, yoxsa Marksizməmi? Bu məqamda Dinamik nəzəriyyə tərəfdarları vurğulayar ki, göründüyü üzrə, Konstitusiyadakı normalar o qədər ümumi məna kəsb edir ki, orada müəyyən dərəcədə bütün siyasi-hüquqi ideologiyalara uyğun amillərə rast gəlmək mümkündür və “mülkiyyət hüququ”-dan bəhs edən bu norma da belə müddəalardan biridir. Onlar bildirir ki, buna görə də, Konstitusion maddələri təfsir edərkən, bu qədər ümumi mənanın mövcudluğuna baxmayaraq, sadəcə bir xüsusi mənaya, yəni Qurucuların anlama formasına köklənmək qəbuledilməzdir. Onlara görə, konstitusion norma interpretasiya edilərkən, onun mənasına spesifik olaraq deyil, ümumi, geniş pəncərədən diqqət edilməli və həmin müddəanın ehtiva edə biləcəyi siyasi-hüquqi ideologiyaların içindən mövcud hüquqi problemin hallarına ən uyğun və həllində ən effektiv olanı seçilərək maddə ona müvafiq təfsir edilməlidir [1, s. 133].

B. Scaliaya rəyi

Ronald Dworkin Antonin Scalianın mövqeyinə cavab olaraq yazdığı şərhinin ilk cümləsində Scalianın bu qədər ciddi bir hüquqi mövzunun hər bir xırdalığına ətraflı şəkildə toxunmasını uğurlu bir cəhd olaraq qiymətləndirir. Buna baxmayaraq, Dworkin Scalia ilə razılaşmadığını qeyd edir və tənqidə başlayır. İlk olaraq, Dworkinin fikrincə, Scalia konstitusiya hüququ ilə bağlı formalaşdırdığı yanaşmasını söykəmiş olduğu əsası yanlış başa düşüb və onun düşüncələri şizofrenik xarakter daşıyır. Dworkin yazır ki, Scalia mövqeyini ortaya qoyarkən birinci, konstitusional mühakiməni ehtiva edən nəzəriyyədən bəhs edərək başlayır və sonda onu qınamaqla bitirir [2, s. 115].

Dworkin Orijinalizm nəzəriyyəsinin 2 fərqli növünün olduğunu iddia edir: (1) gözlənti orijinalizmi (expectation originalism) və (2) semantik (məna ilə bağlı olan) orijinalizm. O bu fərqliliyi daha aydın izah etmək üçün belə bir nümunə gətirir: fərz edək ki, müdir müavininə deyir ki, yeni vakansiya yeri üçün ən bacarıqlı və öz sahəsində ixtisaslaşmış müraciət edən şəxsi işə qəbul edin.  Müraciət edənlərdən biri də müdirin oğludur. Müdir “ən bacarıqlı, ixtisaslaşmış müraciət edən” deyərkən, əslində, öz oğlunu nəzərdə tutur və onun gözləntisi odur ki, müavini bunu başa düşəcək və onun oğlunu işə götürəcək. Halbuki onun oğlu müraciət edənlərin “ən bacarıqlı və ixtisaslaşmışı” deyil. Müdirin sözlərini eşitdikdə müavinin təsəvvüründə canlanan subyekt isə “ən bacarıqlı, ixtisaslaşmış müraciət edən” ifadəsinin ehtiva etdiyi həqiqi mənaya (semantik) müvafiq olaraq bu tələblərə uyğun olan şəxsdir [2, s. 116].

Dworkin bu nümunənin işığında ABŞ Konstitusiyasına edilmiş Səkkizinci Düzəlişə istinad edir. O, Səkkizinci Düzəlişdəki “qəddar və qeyri-adi cəzalar qadağandır” hissəsinin edam cəzasına olan münasibətini gözlənti və semantik orijinalizm perspektivlərindən təhlil edir:

O bildirir ki, gözlənti orjimalizmi tərəfdarı olan bir şəxs üçün edam cəzası Səkkizinci Düzəlişi pozmur. Çünki bu şəxs iddia edəcək ki, “qəddar və qeyri-adi cəzalar qadağandır” sözlərini oxuyarkən, Qurucuların yaşadığı konkret tarixə baxılacaq və görüləcək ki, həmin dönəmdə edam cəzası normal bir cəza sayılırdı. Qurucu ataların da gələcək nəsillər olan bizdən gözləntisi odur ki, onların mirası olan Konstitusiyaya sadiqliyimizi qoruyaq və təfsir zamanı normaları onların başa düşdüyü tərzdə anlayaq.

Daha sonra, Dworkin yazır ki, sözlərin yazıldığı dönəmdə deyil, cari zamanda ifadə etdiyi mənanı təməl sayan semantik orijinalizmin dəstəkçisi olan bir fərd düşünəcək ki, Səkkizinci Düzəlişdəki “qəddar və qeyri-adi cəzalar qadağandır” hissəsi Qurucu atalar tərəfindən təsbit edilmiş bir abstrakt prinsipdir və faktiki olaraq, edam cəzası da daxil olmaqla bütün qəddar və qeyri-adi cəzaları qadağan edir. Çünki həmin sözlərin müasir dönəmdəki mənaları edam cəzasının da buraya daxil edilməli olduğuna işarə edir [2, s. 120].

Dworkin qeyd edir ki, Scalianın mövqeyinə nəzər saldıqda, onun daha çox gözlənti orijinalizm tərəfdarı olduğu sezilir və bu, olduqca problematik bir yanaşmadır. Belə ki, Dworkinin düşüncəsinə görə, yalnız sırf konkret tarixi dövrə baxaraq Qurucuların konstitusion müddəaları tam olaraq necə başa düşdüyünü söyləmək mümkün deyildir. Çünki birincisi, bu gün 250 il öncə yaşamış şəxslərin arasındakı bütün dialoqlar, müzakirələr barədə tam ətraflı məlumat almaq mümkünsüzdür. Hakimlər həmin tarixdə baş vermiş bütün faktlar, hadisələr barədə biliyə sahib deyildir. İkincisi, hətta bu cür məlumat əldə olsa belə, Qurucuların konstitusion maddələri hansı qaydada başa düşdüklərini tam dəqiqliklə bilmək üçün onların zehinlərindən keçən bütün fikirlərdən xəbərdar olmaq lazımdır; bu isə imkansızdır [2, s. 121-122].

Dworkin semantik orijinalizmi isə ağlabatan sayır. O vurğulayır ki, Konstitusion normalar abstrakt prinsiplərdən ibarətdir və bu vəziyyət həmin normaların olduqca ümumi və geniş bir məğzə malik olmasına yol açır. Buna görə də, Konstitusiya müddəalarının təfsirində sadəcə bir spesifik mənbəyə, yəni Qurucuların başa düşmə üslubuna istinad etmək, əldə ediləcək nəticəni mənfi şəkildə məhdudlaşdırır. Həmçinin onun fikrincə Qurucu atalar konstitusion normaların bu xarakterə malik olduğunu bilirdilər. Bu səbəblə də, Qurucular  konstitusion normaların onların zamanına uyğun şəkildə təfsir edilməsini gələcək generasiyalardan gözləmirdilər. Əksinə, onlar sonrakı nəsillərin üzərinə vəzifə qoyublar ki, konstitusion normaları təfsir edərkən, abstrakt prinsiplərə müvafiq qaydada hərəkət edilərək hüquqi problemə geniş bucaq altında baxılsın və dövrün tələbləri, şərtləri nədirsə, onunla harmoniya təşkil edəcək bir interpretasiya ortaya qoyulsun. Məsələn, Dworkinin fikrincə, Qurucuların gələcək nəsillərə daimi olaraq həll edilməsi üçün miras qoyduqları problemlərdən biri Səkkizinci Düzəlişdəki “qəddar və qeyri-adi cəzalar qadağandır” hissəsinin müasir zəmanənin tələbləri çərçivəsində hansı cəzaları əhatə etdiyini araşdırıb müəyyən etməkdir. Əgər bu proses həyata keçirilərsə, görüləcək ki, şübhəsiz ki, günümüz dönəmi üçün edam cəzasının tətbiqi artıq Səkkizinci Düzəlişi pozmaqdadır. Dworkin bildirir ki, Qurucular tərəfindən müasirlərə verilən “Konstitusiyadakı abstrakt prinsipləri dövrün şərtlərinə uyğun kontekstdə təfsir etmək” azadlığı Konstitusiyada təsbit edilmiş mücərrəd dəyərlər barəsindəki həqiqətləri aşkar etmək və sonra onları mövcud hüquqi problemlərə uyğun formada tətbiq etmək üçün əxlaq fəlsəfəsi ilə məşğul olmaq məqsədi daşıyan bir dəvətdir. Beləliklə, Dworkinin mövqeyi odur ki, hakimlər konstitusion normaları interpretasiya etməyə ehtiyac yarandıqda, Qurucular tərəfindən nəzərdə tutulmuş həmin abstrakt prinsiplərə fikir verməli və mövcud hüquqi mübahisənin faktları ilə Konstitusiya maddələri arasında nəzəri-fəlsəfi bir analiz apararaq ağlabatan bir təfsirə imza atmalıdırlar [4].

Scalianın “əgər orijinalist yanaşma əsas götürülməzsə, konstitusion normaların müasir dönəmin arzularına müvafiq təfsiri demokratik quruluşu təhlükəyə atacaq” fikri barədə Dworkin yazır ki, tarix Scalia ilə razılaşmır. Çünki hüquq tarixinə diqqət etdikdə aydın olur ki, hansı hakimlər ki, konstitusion müddəaları interpretasiya edərkən, abstrakt prinsipləri əsas götürüb və əxlaqi fəlsəfi mühakimə apararaq dövrün tələblərinə uyğun qənaət sərgiləyib, onlar fərdlərin hüquq və azadlıqlarına daha çox dəyər verib və demokratiyanın əhəmiyyətini daha rasional əsaslara söykənmiş halda dərk ediblər [2, s. 126-127].

C. Təhlil

Qeyd etmək gərəkdir ki, Ronald Dworkinin bu mövzu haqqındakı yazılarına nəzər saldıqda, əslində onun akademiklərin söylədiyinin əksinə, bütövlükdə tam bir Dinamik (Yaşayan Konstitusiya) nəzəriyyə dəstəkçisi olmadığı aşkar olur. Dworkin bir dərəcəyə qədər semantik orijinalist, qalan bölümdə isə dinamik nəzəriyyəçidir. Belə ki, o, ilk öncə, semantik orijinalizmə istinad edərək hesab edir ki, Qurucular konstitusion normaları formalaşdırarkən, onları geniş və elastik məna ifadə edən abstrakt prinsiplərin işığında təsbit ediblər. Yəni Dworkinə görə konstitusion normanın ehtiva etdiyi abstrakt prinsiplər onun təfsirində əvəzolunmaz rol oynadığı üçün, həmin prinsiplərin günümüzə qədər gəlib çıxmasına səbəb olmuş Qurucuların bu prinsiplər ardındakı orijinal niyyətinə baxmaq və normaların günümüzdə hansı orijinal mənanı ifadə edəcəyini müəyyən etmək zəruridir. Burada Dworkin yanaşmasının orijinalist hissəsini daha da inkişaf etdirərək “niyyət” məsələsinə keçid edir. “Konstitusiyanın Əxlaqi Oxunuşu” adlı əsərində, Scalianın əksinə, Dworkin Qurucu ataların normaları “başa düşmə tərzi”-ni deyil, onların müddəalarda əks olunan abstrakt prinsiplər ardındakı niyyətlərinin əhəmiyyət kəsb etdiyini düşünür. Çünki onun nöqteyi-nəzərincə, “başa düşmə tərzi”-nə əsaslanmaq konstitusion interpretasiyanı sadəcə məhdud bir zaman kəsimi ilə məhdudlaşdıracaq; lakin əgər “niyyət” amili əsas götürülərsə, “niyyət” daha geniş təfsirə imkan verdiyi üçün, dövrün şərtlərinə uyğun bir nəticə ortaya çıxacaq [6, s. 7].

Semantik orijinalizmə əsaslandığı bu məqamdan sonra, artıq Dworkin Dinamik nəzəriyyənin tələblərinə müvafiq olaraq hərəkət edir və bildirir ki, həmin abstrakt prinsiplərin işığında konstitusion normalar müvafiq hüquqi problemin faktları ilə əlaqəli şəkildə təfsir edilməli və yaşadığımız zəmanənin istəklərini, şərlərini ödəyən bir interpretativ sonluğa çatılmalıdır.

Vurğulamaq lazımdır ki, Ronald Dworkinin bu mövzu ilə bağlı yanaşması bir neçə cəhətdən tənqidlərə açıqdır.

Birincisi, Dworkin nəzəri-fəlsəfi bir mühakimə apararaq, konstitusion normaların abstrakt prinsiplərə əsasən daha geniş formada təfsir edilməsi gərəkdiyini irəli sürərkən hakimlərin işini asanlaşdırdığını düşünsə də, əslində, məsələni həddindən ziyadə mücərrəd nöqtəyə çəkərək hakimlərin yükünü ağırlaşdırır. Belə ki, Dworkin bir hüquq filosofu olaraq düşünür və analiz edir deyə, anlamaq istəmir ki, bütün hakimlər onun qədər nəzəri-fəlsəfi perspektivdən düşünmək qabiliyyətinə malik deyildir. Hakimlər bir qənaətə gələrkən, daha çox praktiki nüanslara diqqət edirlər, nəzəri məsələlərə isə sadəcə müəyyən dərəcəyə kimi fikir yetirirlər [7, s. 194]. Hətta demək mümkündür ki, Dworkin burada Scaliaya gətirdiyi öz tənqidi ilə zidd düşür. Belə ki, o, Scalianı tənqid edir ki, hakimlər Qurucuların aralarında keçmiş bütün müzakirələr və beyinlərində yer alan bütün düşüncələr barəsində tam ətraflı məlumata sahib deyildirlər. Buna görə də, konstitusion normaları Qurucuların “başa düşmə tərzinə” əsasən təfsir etmək ciddi problemlərə yol aça bilər. Halbuki Dworkin özü bu qədər fəlsəfi təhlil apararkən və hakimlərdən də bu performansı gözləyərkən, hakimlərin bu qədər fəlsəfi biliyə, nəzəri təhlil bacarığına malik olmadıqlarını hesaba qatmır.

İkincisi, Dworkinin təklif etdiyi fəlsəfi analiz prosesi detallı araşdırma tələb etdiyi üçün, onun uğurlu şəkildə həyata keçirilməsinə xeyli vaxt sərf edilməlidir. Bu hal məhkəmələrdə işlərin baxılma müddətini çox uzada və nəticədə, ölkədəki məhkəmə sistemində ciddi gecikmələrə, gerilmələrə səbəb ola bilər.

Üçüncüsü, Dworkin Scalianı ittiham edir ki, Qurucu ataların konstitusion normaları necə başa düşdüklərini izah edən konkret bir mənbə, istinad nöqtəsi mövcud deyildir. Buna görə də, hakimlərin işlərə baxarkən Qurucuların başa düşmə tərzinə əsaslanması olduqca qəliz məsələdir. Halbuki Dworkin Qurucuların konstitusion normaları abstrakt prinsiplər işığında təsbit etdiyini iddia edərkən, bunu hansı mənbədən çıxış edərək düşündüyünü açıqlamır. O cümlədən, o izah etmir ki, Konstitusiya maddələrini interpretasiya edərkən, hakimlər hansı spesifik mənbəyə əsasən başa düşməlidirlər ki, Qurucular müddəaların ardındakı niyyətlərində hansı mücərrəd prinsiplərə yer veriblər. Fəqət Scalia özü vurğulayır ki, düzdür, orijinalistlərin də öz aralarında razılaşmadığı məqamlar ola bilir, amma ən azından bir orijinalist bilir ki, konstitusion maddənin təfsiri zamanı nəyə istinad etməlidir: tekstin orijinal mənasına, yəni Qurucuların başa düşmə üsuluna. Halbuki əgər zamanın dəyişkən tendensiyaları təfsirə təsir edəcəksə, o zaman hər ağızdan bir istək, bir tələb çıxacaq və bu da cəmiyyətdə arzuolunmaz situasiyalara yol aça bilər [2, s. 45]. Həmçinin Scalia Dworkinin iddia etdiyinin əksinə, hakimlərin təfsir zamanı Qurucuların “başa düşmə tərzini” anlaya bilmələri üçün istinad edə biləcəkləri bir mənbə göstərərək “Federalist Yazılar”-a işarə etmişdir.

IV. Scalianın cavabı

Antonin Scalia Ronald Dworkinin tənqidinə yazdığı cavabında ilk olaraq qeyd edir ki, Dworkinin orijinalizm nəzəriyyəsini gözlənti orijinalizmi və semantik orijinalizm olmaqla iki fərqli istiqamətlərə ayırması təqdirəlayiq addımdır. Sonra, Scalia Dworkinin konstitusion normaların təfsiri barəsindəki mövqeyinin qəbuledilməz olduğunu qeyd edir. Belə ki, o bildirir ki, Dworkin Konstitusiya müddəalarının interpretasiyası zamanı sadəcə spesifik bir təmələ, yəni Qurucuların “başa düşmə tərzi”-nə istinad etməyin məhdudlaşmaya yol açdığı üçün yanlış olduğunu söyləməsinə rəğmən, özü konstitusion normalara heç bir əsası olmayan xüsusi mənalar yükləyərək bu mənalara uyğun təfsir etmək gərəkdiyini iddia edir. Başqa sözlə, Scalia vurğulayır ki, Dworkin konstitusion müddəalara sanılanın əksinə, fəlsəfi mühakimə nəticəsində filosofların düşündüyü mənanı yükləyir, dövrün tələblərinə uyğun mənanı deyil. Scalia bu perspektivini Dworkinin Səkkizinci Düzəlişlə bağlı izahını tənqid edərək əsaslandırır. O yazır ki, Dworkin Səkkizinci Düzəlişdəki “qəddar və qeyri-adi cəzalar” hissəsinin hansı cəzaları əhatə edə biləcəyini müəyyən etməyə çalışarkən, “qəddar” və “qeyri-adi” sözlərinin hansı mənaya gəldiyini bir filosof olaraq öz düşüncəsinə uyğun əsaslandırır. Halbuki burada sözlərin şəxsdən-şəxsə, filosofdan-filosofa dəyişən subyektiv mənalarına deyil, obyektiv mənalarına nəzər yetirmək lazımdır. Əks təqdirdə, hər kəs konstitusion normaya bir məna ithaf edəcək və qeyri-müəyyən vəziyyət yaranacaq. O cümlədən, Scalianın fikrincə, normaları təşkil edən sözlərin konkret mənasını müəyyən etməyərək bəzi filosofların düşüncəsinə əsasən məna formalaşdırmaq həmin filosoflara imkan yaradır ki, sözlərin mənaları ilə oynaya bilsinlər [2, s. 145].

Scalianın bir digər tənqidi Dworkin tərəfindən Scalianın “əgər orijinalist yanaşma əsas götürülməzsə, konstitusion normaların müasir dönəmin arzularına müvafiq təfsiri demokratik quruluşu təhlükəyə atacaq” fikrinə verilən rəylə bağlıdır. Scalia vurğulayır ki, “Professor Dworkin tarixin mənim mövqeyimin əksini göstərdiyini iddia edir. Lakin tarixə nəzər yetirdikdə tam aydın olur ki, ABŞ Ali Məhkəməsində Yaşayan Konstitusiya nəzəriyyəsi (Dinamik nəzəriyyə) tərəfdarları olan hakimlər son yalnız 40 ildə yer tutmağa başlamışdırlar. Qalan 200 ilə yaxın müddətdə isə hakimlər orijinalist mövqeyə üstünlük vermişlər”. Scalia bu məqamda diqqətə çatdırmağa çalışır ki, ABŞ hüquq sisteminin bu qədər mükəmməl bir pozisiyaya gəlməsi və dünyada ən arzuolunan strukturlardan birinə sahib olmasının başlıca səbəblərindən biri bu 200 il ərzində Konstitusiyanın normalarının orijinalist yanaşmaya üstünlük verən hakimlər tərəfindən təfsir və tətbiq edilməsidir. Bu səbəblə də, Scalianın nöqteyi-nəzərincə, Arada 160 il fərq üstünlüyünün olmasına baxmayaraq, Dworkinin “Yaşayan Konstitusiya nəzəriyyəsi dəstəkçisi olan hakimlərin ABŞ hüquq sisteminə daha çox qatqı etmiş olması” barədə düşüncəsi olduqca haqsız bir qənaətdir. Əksinə, Scalia düşünür ki, Yaşayan Konstitusiya nəzəriyyəsinin tətbiqi sayəsində dövlətin və cəmiyyətin qarşılaşacağı çətin zamanlar hələ qabaqdadır [2, s. 149].

V. Nəticə

Heç şübhəsiz ki, Antonin Scalia tərəfindən irəli sürülən bu yanaşma konstitusion normaların təfsiri ilə əlaqədar hüquq fəlsəfəsində mövcud diskussiyaları daha da alovlandırmışdır. Belə kəskin müzakirələr bu gün də öz hərarətini qorumaqdadır. Ümumən, tənqidçiləri Scalianı bu düşüncələrinə görə çox formalist və müasir dövrün nəbzini tuta bilməyən biri olaraq adlandırırlar. Onlara görə, müasir dövrün tələbləri ilə Qurucu ataların yaşadıqları dönəmin tələbləri çox fərqlidir. Modern (həmçinin Postmodern) dünyanın şərtləri çox dəyişib. Bu səbəblə də, onlara görə,  konstitusion normaları interpretasiya edərkən, hakimlər işin hallarını, dövrün tələblərini, zamanın şərtlərini nəzərə almalıdırlar. Görünən odur ki, tənqidçilər Scalianın mövqeyini ya tam anlamayıblar, ya da ümumən anlamaq istəməyiblər. Belə ki, Scalia demir ki, o, müasir dövrün dəyişən tendensiyasını, tələblərini qəbul etmir, onları mənasız hesab edir. Scalianın ilk çatdırmaq istədiyi fikir odur ki, bu günün dünyasının bu cür yeni şərtləri, tələbləri barədə Konstitusiyada hər hansı bir göstərişin olmamasına rəğmən, məhkəmələrin konstitusion normaları bu yöndə təfsir etməsi onların Konstitusiya ilə müəyyən edilən səlahiyyətlərini aşır; çünki onlar presedentlər vasitəsilə dolayı yolla Konstitusiyaya dəyişikliklər, əlavələr gətirirlər. Bu, qanunvericinin işinə müdaxilədir. İkincisi, əgər Konstitusiya hər gün cəmiyyətdə ortaya çıxan fərqli yeniliklərə əsasən hər hansı bir limit, hədd gözlənilmədən təfsir ediləcəksə, hamı istədiyi normanı arzuladığı şəkildə interpretasiya edərək hərəkət edə biləcək. O zaman bu tekstin bir mətn olaraq əhəmiyyəti qalmır. O hesab edir ki, cəmiyyətdə baş verən hər dəyişikliyə görə Konstitusiyanın təfsirini yeniləmək düzgün deyil. Çünki cəmiyyətdə ortaya çıxan hər yeni hal arzuolunan deyildir. Elə hallar ola bilər ki, onlar cəmiyyəti çıxılmaz vəziyyətə salsın. Belə ki, Scaliaya görə, məzmununun yetərincə mükəmməl olmadığı vəziyyət yaransa belə, dövlətin bütün hüquq strukturunun özəyi olan Konstitusiya hər zaman hüquq sistemi üçün çox önəmlidir [4].

Əlavə olaraq, bu təhlilə istinadən, Scalia qeyd edir ki, o, ağlabatan, fayda gətirəcək yeniliklərə qarşı deyil. Əgər konstitusion normaların artıq müasir dövrün tələblərini ödəmək iqtidarında olmadığı düşünülürsə, qanunverici Konstitusiyadakı müvafiq prosedur normalara əsaslanaraq, ona əlavələr, dəyişikliklər edilməsi üçün gərəkli addımları ata bilər. Bu üsul demokratiya ilə heç bir ziddiyyət təşkil etmir və tam qanunidir. Lakin bu dəyişikliklər edilənə qədər, mövcud konstitusion müddəaların təfsiri zamanı, demokratiyanın göstərişlərinə uyğun və qanuni olan tək çıxış yolu orijinalist mövqeyə üstünlük vermək və sonda normaları Qurucuların qəbul etdiyi kimi başa düşməkdir. Son olaraq, formalizm məsələsinə gəldikdə isə, Scalianın nəzərincə, zatən bir yerdə hüquqdan, qanunlardan söhbət gedirsə, orada formalizmin mövcudluğu şübhəsizdir. Bunu sorğulamaq belə gülünc bir haldır [2, s. 25].

Ronald Dworkin orijinalizm nəzəriyyəsini gözlənti orijinalizmi və semantik orijinalizm olmaqla iki fərqli istiqamətlərə ayırmaqla olduqca uğurlu bir addıma imza atmışdır. Amma o, irəli sürdüyü mövqeyində həddən artıq nəzəri-fəlsəfi analizə yer verərək konstitusion normaları təfsir edən şəxslərin hakim olduğunu və hakimlərin əsasən, praktiki aspektlərdən ixtisaslaşmış olduğunu hesaba almamışdır. O cümlədən, onun Scaliaya gətirdiyi tənqidlərin bir çoxu özünün dəstəklədiyi mövqe ilə ziddiyyət təşkil etməkdədir. Ən önəmlisi isə, Dworkin tərəfdarı olduğu yanaşmanın demokratik dövlət quruluşu üçün necə bir təhlükə daşıdığını tam olaraq sezməmişdir.

Qəbul etmək lazımdır ki, necə ki, insan özü qüsursuz deyil, onun irəli sürdüyü ideyaların, düşüncələrin də böyük bir qismi qüsursuz ola bilməz. Yuxarıda aparılan detallı analizdən anlaşıldığı üzrə, həm Orijinalizmin, həm də Yaşayan Konstitusiya nəzəriyyəsinin (Dinamik nəzəriyyənin) üzləşdikləri çətinliklər var. Lakin tərəzinin bir gözünə Scalianın, digər gözünə isə Dworkinin yanaşmasını yerləşdirdikdə, Scalianın daha möhkəm təməllərə sahib olduğunu, tutduğu mövqeyi daha rasional və praktikada tətbiqi mümkün əsaslarla müdafiə etdiyini, edilən tənqidlərə daha dolğun cavablar verdiyini, Dworkinin isə gərəkəndən ziyadə nəzəri təhlilə yer ayırdığını, praktiki həqiqətlərə diqqət etmədiyini, bir çox məqamda özü ilə zidd düşdüyünü və ən başlıcası, demokratik quruluşun gələcəyini nəzərə almadığını görmək mümkündür.

Son olaraq, zaman göstərdi ki, Scalia haqlı idi. Onun vəfatının üzərindən keçən səkkiz il ərzində ABŞ-da və dünyada istər hüquqi, istər sosial, istər siyasi, istərsə də iqtisadi sferalarda bir çox hadisələr, yeniliklər baş vermişdir. ABŞ-da sol düşüncə olan Neoliberalizmin dirçəlişi və konstitusion normaların bu ideologiyanın cəmiyyətə təlqin etdiyi zərərli “dəyərlər” əsasında və Yaşayan Konstitusiya nəzəriyyəsinə uyğun şəkildə təfsir edilməsi, cəmiyyəti və dövləti uçuruma doğru aparmaqdadır. Bu situasiya tanınmış siyasi nəzəriyyəçi Wendy Brown’un “Neoliberalizmin Xarabalıqlarında: Qərbdə Antidemokratik Siyasətin Yüksəlişi” adlı əsərində qeyd etdiyi kimi, antidemokratik bir sistemin formalaşmasına və inkişafına yol açır [8]. Scalianın da qorxduğu məhz bu idi.

Sübhan Rəsulzadə

Ada Universiteti, Hüquq fakültəsi

Mənbələr:

  1. Andrei Marmor, “The Language of Law”, Oxford University Press, 2014
  2. Antonin Scalia (müəllif) and Amy Gutmann (redaktor), “A Matter of Interpretation: Federal Courts and the Law”, The University Center for Human Values Series, 16, 1998
  3. McCulloch v. Maryland, 17 U.S. (4 Wheat.) 316, 407 (1819)
  4. Michael Green, “Dworkin vs. Scalia”, Pomona College, 2019
  5. Michael Green, “Scalia’s Originalism”, Pomona College, 2019
  6. Ronald Dworkin, “The Moral Reading of the Constitution”, New York Review of Books, March 1996
  7. Kenneth Einar Himma, “The analysis of Ronald Dworkin’s Freedom’s Law: The Moral Reading of the American Constitution”, Washington University Press, Vol. 23, No. 2
  8. Wendy Brown, “In the Ruins of Neoliberalism: The Rise of Antidemocratic Politics in the West”, Columbia University Press, 2019.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir