Cümə, May 20, 2022

BLOG, FƏLSƏFƏ

Stoikliyə dair yanlış fikirlər – Karina Barbosa

Yeni şeylərə açıq olmayan insanlar, bu səbəblər yanlış olsa belə, bu yeni şeydən uzaqlaşmağın lehinə olan səbəblərə fokuslanırlar. Stoiklik də bu ənənədən kənarda deyil. Bu gün insanların Stoiklik haqqında sahib olduğu geniş yayılmış bir neçə yanlış fikiri və nə üçün bir mühakiməyə varmadan öncə doğruları öyrənməli olduğumuzu qeyd edəcəm.

Stoiklər soyuq və duyğusuzdur

Bu iddia insanların stoiklər haqqında sahib olduqları ən bilinən yanlış fikirdir. Əslində bu fikir insanların zehnində o dərəcədə yerləşib ki, “stoik” sözü duyğusuz sözü ilə eynimənalı hala gəlib. Bir kəlimə bundan daha yanlış bir şəkildə istifadə oluna bilməzdi.

Stoiklərin ölümün, uğursuzluq və digər itkilərin öhdəsindən gəlmək metodları çox vaxt həssaslığın və emosianallığın yoxluğu hesab olunub. Bu yanlışdır. Şekspirin “Venesiya taciri” pyesində bu vəziyyətə uyğun bir ifadə vardır. Bu sətirlərdə tacir özünə zavallı biri kimi davrananlara bu sualı ünvanlayır: “Bizi kəsdiyinizdə qanımız axmırmı? Sizin insanlarınızı öldürən vəbalar bizi də öldürmürmü?”

Bu misalın məqsədi hər kəsin eyni olduğunu göstərməkdir. Stoiklər də insandır, onların da duyğuları var. Sevgi və əzab hiss edirlər. Aradakı tək fərq isə duyğularının onları idarə etməsindənsə, onların duyğularını idarə etməsidir. Stoiklər mənfi düşüncələrin içərisində üzməkdə və ya özlərini qurban olaraq göstərməkdə bir fayda görmürlər. Hər gün insanların başına pis şeylər gəlir. Əgər belədirsə, əzablara qarşı reaksiyalarımızı dəyişdirə bilmək imkanımız varkən, nə üçün əzabların səbəbləri ilə mübarizə aparmaqla və onları sorğulamaqla vaxtımızı itirək ki?

Olduqca mühakimə edici təbiətimiz var, lakin mühakimə hədəfi özümüz olduğunda belə stoiklər bundan uzaqlaşmağımızı məsləhət görür. İllər əvvəl gənc bir qızın qətlə yetirildiyi qorxunc bir cinayəti nümunə verəcəyəm. Qızın anası hadisə yerinə gəlmişdi, heç sarsılmış kimi görünmürdü və bir tək göz yaşı belə tökmədi. Bir çox insan ananın reaksiyasına baxaraq onun da bu cinayətin tərkib hissəsi olduğunu düşünmüşdü, ancaq daha sonra bir sənədli film nəticəsində ananın epilepsiya tutmasını sakitləşdirmək üçün ciddi şəkildə keyidilməsinə ehtiyac olduğu ortaya çıxdı və onun robot kimi reaksiya verməsinin səbəbi də məhz bu idi.

Bu nümunədə ananın keyidilmiş olmasına rəğmən, Stoiklərin də oxşar formada reaksiya verəcəyini xəyal edə bilərik. Bunun səbəbi duyğuları hiss etməmələri deyil, duyğularının onları ələ keçirməsinə imkan verməmələridir. Bu onların çox güman ki, yanıldığı duyğulardansa, ağıla əsaslanan müdrik qərarlar vermələrinə imkan verirdi.

Stoiklər ölümə sitayiş edir

Bəzi insanlar stoiklərin ölümdən qorxmadığı və ya memento mori (ölmən gərəkdiyini xatırla) fikri altında ölümü mənimsədikləri üçün onların ölümə yaxşı bir şeymiş kimi sitayiş etmələri gərəkdiyini düşünür. Lakin stoiklər heç bir mənada ölümə sitayiş etmirlər və müdriklik yeganə yaxşı şey olduğu üçün, ölümü “yaxşı” olaraq qəbul etmirlər. Bir stoik ölümə tamamilə biganə, laqeyddir (indifferent)

Bundan əlavə ölümü xəyal etmək tamamilə praktiki təlimdir. Özünüzə sual verin: həyatımda qəti olan yeganə şey nədir? Cavab: bir gün öləcək olmağınızdır.  Ölümdən qaçmaq üçün edə biləcəyiniz heç bir şey yoxdur. Onun haqqında düşünməmək və ya danışmamaq nə onun gəlişini gecikdirəcək, nə də ondan qaçmağınızı təmin edəcək. Ölümün zərurət olduğunu qəbul etmək həyatınızın diqqət və inkişaf tələb edən hissələrinə fokuslanmağınız üçün olduqca yaxşı üsuldur.

Bu xatırlatma inanclarınızı, qorxularınızı, həyatınızı davam etdirmə şəklinizi və problemlərin öhdəsindən necə gəldiyinizi sorğulamağınızı təmin edir. Vaxtınızı qiymətləndirmə və ya xərcləmə metodlarınızı yenidən dəyərləndirməyə imkan verir. Hədəflərinizi və dəyələr sisteminizi yenidən formalaşdırmağınızı təmin edir. Stoiklər ölümə sitayiş etmirlər. Əslində tamamilə əksini edirlər – həyata sitayiş edirlər. Ölüm sadəcə olaraq həyatımızı dəyərləndirməyə istiqamətlənmiş xatırladıcı vəzifəsi daşıyır.

Stoiklər konformistdir

İnsanlar stoiklərin qəbullanmaq metodunun mənfi tərəflərinin olduğunu düşünməyə meyllidir və hətta onları konformist olaraq qiymətləndirir. Bu tamamilə xətalıdır. Bir konformist ağlını işlətmədən hər şeyi qəbul edir, lakin bir stoik heç bir şeyi mühakimə və məntiq olmadan qəbul etmir.

Stoik düşüncə prosesinin ilk hissəsi Dünyanın iki kateqoriyaya ayrılmasına əsaslanır: nəzarət edə biləcəyimiz şeylər və nəzarət edə bilməyəcəklərimiz.  İlk hissə nəzarət edə bilmənin mümkün olduğu şeylərlə əlaqəlidir. Son hissə isə gücümüz daxilində olmadığı üçün nəzarət edə bilmədiyimiz şeyləri qəbul etməkdir.

Bu düşüncə prosesi inanılmaz şəkildə müdrikdir və heç də konformist görüntüyə malik deyil. Nə üçün hər hansı bir şəxs dəyişdirməyin mümkünsüz olduğu bir şey barəsində mübahisə edir, stresə düşür və mübarizə aparır? Bu böyük zaman və enerji itkisidir və bir stoik artıq dərəcədə öz zamanı və enerjisindən faydalanmağa çalışır.

Oyandığınızı və işə getmək üçün hazırlaşdığınızı, lakin daha sonra avtomobilinizi işə sala bilmədiyinizi xəyal edin. Bir neçə dəfə təkrar edirsiniz, lakin heç bir şey dəyişmir. Bəlkə də hirslənməyə başlayırsınız və təkəri təpikləyirsiniz və ya söyürsünüz. Lakin bunlar avtomobilinizi işə salacaqmı?  Cavab bariz bir şəkildə xeyir-dir. İşə gecikəcək olsanız belə, daha uyğun bir yanaşma dostunuza zəng etmək və ya işə getmək üçün başqa bir yol tapmaq olacaqdı.

Stoiklik qüsursuz olmaya bilər, lakin bu fəlsəfəyə qarşı gətirilən arqumentlərin də tamamilə yanlış olduğu görünür. Dolayısı ilə, növbəti dəfələrdə Stoiklik kimi yeni tanış olduğunuz mövzu haqqında bir iddianı dinlədikdən sonra onun barəsində düşünün. Daha artıq biliyə sahib olana qədər mühakimə etməyin və vəziyyətin doğruluğunu anlamaq üçün öz ağılınızı istifadə edin. Məhz bu zaman öz qərarınızı almaq üçün uyğun bir şəkildə təhciz olunmuş olacaqsınız.

Tərcümə: Araz Əliyev

Mənbə: The Wise Mind

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.