Cümə axşamı, Aprel 18, 2024

HUMANİTAR

Simon de Bovuarın siyasi məsuliyyət fəlsəfəsinin günümüzə təsiri

Ekzistensialist ifadə olan “mövcudluq mahiyyətdən əvvəl gəlir” Bovuarın fəlsəfəsinin əsasını formalaşdırır.

Simon de Bovuar ən çox (haqlı olaraq) “Qadın doğulmur, qadın olurlar” ifadəsi ilə tanınır. Fəlsəfəsinin müasir dövrə bağlı daha az bilinən tərəfi isə mənliyə metafizik münasibətindən doğan mahiyyətimizin stabil olmadığı fikrini müdafiə edən siyasi fəallığıdır.

Ekzistensialist ifadə olan “mövcudluq mahiyyətdən əvvəl gəlir” ifadəsi Bovuar fəlsəfəsinin əsasını təşkil edir. Ona görə, (ki, bu fikirlə Jan-Pol Sartr da razılaşırdı) əvvəlcə biz dünyaya atıldıq, sonra isə varlığımızı (mövcudluğumuzu) davranışımızla özümüz yaratdıq. Varlığımızın dünyaya gəlmək, valideynlərimizin kim olduğu və genetik mirasımız kimi seçə bilmədiyimiz reallıqları olduğu halda biologiyamızı və tariximizi davranışlarımıza bəhanə kimi istifadə etməməliyik. Mövcudiyyətçi məqsəd icra edən olmaq, həyatımızın təsir imkanlarımızı əlimizdə saxlayıb özümüzün seçdiyi hədəflərə çatmaq üçün varlığımızın reallığını birbaşa aşmaqdır.

Hərəkətə keçməmək üçün bəhanə tapmaq asandır. O qədər asandır ki, çoxumuz həyatımızı belə keçiririk. Bəzi neyroloqlar inanır ki, şüurlu iradəmiz instinktlərimizi tərki-silah etsə də, əksəriyyətimiz azad iradəyə malik deyil. Dünyanı içində yaşamaq istədiyimiz kimi formalaşdırmaq əvəzinə özümüzə səsimizin bir fərq yaratmadığını deyirik. Oxuduqlarımıza və paylaşdıqlarımıza tənqidi yanaşmaq əvəzinə favebooku saxta xəbərlərə şərait yaratmaqda ittiham edirik. Məsuliyyəti başqasına yükləmək sadəcə tənbəllik deyil, Simon de Bovuarın ifadəsi ilə desək “əxlaqi qüsurdur”.

Siyasətin hamımıza təsir etdiyi halda öz həyat şəraitimizi formalaşdırmağa qarışmamağı seçsək, bu, bizi də Bovuarın ifadəsi ilə desək, “absurd ot kimi yaşamaq” səviyyəsinə salar. Bu, varlığını rədd etməyə bərabərdir. Bir tərəf seçməliyik. Problem bundadır ki, hansı tərəfi seçməli olduğumuz həmişə aydın deyil. De Bovuar belə bu problemə birbaşa və qəti cavab verə bilməmiş, mübahisəli siyasi mövqelər tutmuşdur: məsələn, bir dəfə 45 milyon insanı qətlə yetirməkdə günahlandırılan Maoya Franklin Ruzveltdən “daha az diktator olmadığı üçün” haqq qazandırmışdı. Bovuarın siyasi məsuliyyət fəlsəfəsinin qaranlıq tərəfləri var və bəzi yanaşmalarında böyük səhvlər buraxmışdır. Buna baxmayaraq, fəlsəfəsində bəhs etdiyimiz problemdən danışan bir istiqamət var.

“Qeyri-müəyyənlik Əxlaqı Üzərinə” (1947) əsərində azad olmağın özümüzü ehtimallarla dolu gələcəyə hazırlamaq olduğunu iddia edir. Belə azadlığa malik olmaq bizim ağlımızı başımızdan ala bilər, amma bu, o demək deyil ki, hər istədiyimizi edə bilərik. Dünyanı bölüşürük və bir-birimizlə münasibətə məhkumuq; əgər özümüz üçün azadlığa hörmət ediriksə, başqaları üçün də azadlığa hörmət etməliyik. Azadlığımızı başqalarını istismar etmək və onlara zülm etmək üçün istifadə etmək və ya belə siyasət yürüdən tərəfi dəstəkləmək radikal ekzistensialist azadlıq anlayışına uyğun gəlmir.

De Bovuar avtoritar rejimlərdə fərdlərin daha böyük qurbanlar verərək diktatorların və çoxluğun zorakılığına qarşı mövqe tutduğunu qəbul edir, ancaq kollektiv hərəkətin struktural dəyişikliyi yaratdığını istər siyasi seçimləri, istərsə də yazıları ilə sübut edir. Qanunlara sinə gərən intellektual kimi Simon de Bovuar qələmindən silah kimi istifadə edib cinsiyyətci stereotipləri darmadağın etdi və qadınların öz bədənləri üzərində hakim olmasına mane olan qanunların əleyhinə çıxdı. 1971-ci ildə Fransada doğuma nəzarət metodlarının və abortun önünü açan 343 Qadının Manifestini yazdı və imzaladı. Ən məşhur əsəri İkinci cins (1949) dünya miqyasında yeni feminizm dalğasını yaratdı.

Bu gün azadlığın ehtimal oluna bilməyəcəyinin fərqinə varmaq məcburidir. De Bovuarın XX əsrdə qazanmaq üçün mübarizə apardığı azadlıqların bəziləri bu gün təhlükə altındadır. De Bovuar “təbiət” və “faydalılıq” anlayışlarının azadlığımıza qoyulan məhdudlaşdırmaların legitimləşdirilməsi üçün istifadə oluna biləcəyi barədə bizi xəbərdar etmişdi. Onun haqlı olduğu sübuta yetirilmişdir. Məsələn, Donald Tramp və başqalarının istifadə etdiyi “hamiləliyin karyeraya uyğun olmadığı” arqumenti ilə kişilərin işlədiyi halda qadının uşaq doğma aparatı olmağının təbii və iqtisadi olduğu mövqeyi arasında üstü örtülü əlaqə var. Ancaq de Bovuar “anatomiya və hormonların mövcud vəziyyətdən başqa bir şeyi ifadə etmədiyinə” və doğuşa nəzarət metodlarının, abortun və doğuş icazəsinin əlçatmaz olmağının qadın və kişinin mövcud vəziyyətlərini aşa bilmək imkanlarının qarşısını aldığına, qadınları ödənişsiz ailədaxili işə məhkum edən və kişiləri peşəkar, ödənişli iş həyatının çarxına çevirən stereotipik rolları möhkəmləndirdiyini iddia edir.

Böhranlı siyasi dövrlərdə, insanın qayğıları o qədər arta bilər ki, hətta Sartrın “cəhənnəm başqalarıdır” düşüncəsi ilə razılaşar. De Bovuar başqalarının da bizə bir dünya verdiyini unutmamağımız mövzusunda bizi cəsarətləndirir, çünki başqaları dünyanı mənalarla doldurur: özümüzü ancaq başqaları ilə münasibət quraraq mənalandıra bilərik. Bununla bərabər, başqalarını da məqsədlərini anlayaraq mənalandıra bilərik. Başqaları ilə fərqliliklərimizi anlamaq üçün çalışar, beləcə aramızdakı gərginliyi azaldarıq. Hər birimizin fərqli hədəfləri olduğuna görə dünyada mütləq sülhə nail olmaq çox vaxtımızı alacaq, amma üzərimizdəki təzyiqi məhv etmək üçün birgəliyi təmin edəcək yollar axtara, hökmranlığı məhv etməyə, zorakılığın qarşısını alıb müxalif səsləri yüksəltməyə çalışa bilərik.

Müqavimət lazımdır, çünki de Bovuarın da dediyi kimi, “bir nəfərin həyatı başqalarının həyatını sevgi, dostluq, qəzəb və qayğıkeşlik yoluyla dəyərləndirdiyi müddətcə mənalıdır”. De Bovuar bunun mövcud olmanın təhlükəsi, ağrısı və gözəlliyi olduğunu deyir ki, bu fikrində olduqca haqlıdır.

Müəllif: Skye C. Cleary

Tərcümə: Şahlar Ruhi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir