Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Santiago Zabala – “Slavoj Zizek və fəlsəfəçinin rolu”

Çağdaşımız olan çox sayda önəmli və aktiv fəaliyyətlə məşğul olan fəlsəfəçi vardır. Birləşmiş Ştatlarda Judit Butler, İngiltərədə Simon Critchley, İspaniyada Victoria Camps, Fransada Jean-Luc Nancy,  Belçikdada Chantal Mouffe, İtaliyada Gianni Vattimo, Almaniyada Peter Sloderjik və Sloveniyada Slavoj Zizek kimi. Braziliyada, Çində və Avstraliyada yaşayan başqa mühüm düşüncə adamları da vardır.

Heç biri digərindən daha yaxşı və daha üstün deyil. Hər biri
fərqli fəlsəfi ənənələrdən gəlir, fərqli yazı üslublarına sahibdirlər  və nəzərdən keçirdikləri məsələlərə qarşı mövqeləri onları fərqləndirir.

Bu düşüncə xadimlərindən hər biri fəlsəfəçilər üçün istinad nöqtəsi olsalar da, onlardan ancaq çox az bir qismi öz düşüncə sərhədlərini aşaraq Hannah Arendt, Jan Pol Sartr və Mişel Fuko kimi zəmanəsinin mədəni və siyasi problemlərinə aktiv bir şəkildə daxil olan ziyalı, ictimai xadim kimliyi qazanmışdır.

İctimai xadim mərtəbəsinə çatmış olan intellektuallar, fəlsəfəyə vermiş olduqları yeniliklər, ya da öz dövrlərinin istisnai siyasi hadisələri ilə deyil, haqqında danışdığımız siyasi hadisələrinin bu intellektualların fikirlərini çağırması, özünə çəkməsindən dolayı bu keyfiyyətə nail olmuşdurlar. Yaxşı, bəs bir ziyalı öz dövrünün problemlərinə yaradıcı bir formada necə daxil ola bilər?

Bu suala cavab olaraq Edvard Said, intellektualın “bir özgəyə çevrilməyi, sürgün olunmağı, cəmiyyətin sərhədlərində mövqe tutmağı seçməsi” gərəkdiyini, ancaq bu şəkildə akademik, dini və siyasi qurumların sərhədləmələrindən xilas ola biləcəyini, əks halda isə onun hadisələrin, baş verənlərin qaçınılmazlığına boyun əymək məcburiyyətində qalacağını ifadə etmişdi.

Özünü tənqidə qarşı açıq olan filosof

Əgər Zizek Saidin intellektualla bağlı verdiyi tərifə uyğundursa, bu işsiz, sürgündə olduğu, ya da cəmiyyətin kənarında mövqeləndiyi üçün deyil, işsiz kimi, sürgündə olan kimi və cəmiyyətin kənarında mövqelənmiş kimi yazdığı üçün belədir. Zizekin nəzəri araşdırmaları, mənimsədiyi siyasi mövqelər və ictimailiyi, sadəcə oturaq akademik tərzi deyil, idellaşdırılmış, anlaşılmadığı halda hörmət edilən fəlsəfəçi yaxud da ziyalı obrazını da dağıdır.

Bunun yaxşı bir nümunəsi, Zizekin yatağa yarı çılpaq uzanmış halda öz fəlsəfəsindən danışarkən onun “təvəkökar bir nizam intizam olduğunu,  elmin verdiyindən fərqli suallar verdiyini”  ifadə etdiyi sənədli film səhnəsidir. “Məsələn, bir fəlsəfəçinin azadlıq anlayışına yanaşması necədir? Problem azad olub olmadığımız deyildir. Fəlsəfəçi hermenevtik suallar dediyimiz daha asan suallarla maraqlanır. Azadlığın nə mənaya gəldiyi kimi. Fəlsəfəçi həqiqətin var olub olmadığı ilə əlaqədar suallar vermir. Xeyr, fəlsəfəçi “bu doğrudur” deyildiyində nəyin nəzərdə tutulduğu sualını verir”.

Bir düşüncə adamının fəlsəfənin izahını bu qədər başa düşülən formada verməsinə təəccüblənməyimiz səhnənin çəkildiyi mühitin rahatlığından irəli gəlmir. Daha çox, zərif düşüncə adamlarının, universitetlərindəki ofislərində yaratdıqları qarma qarışıq təriflərin arxasında gizlənmələrinə alışmış olduğumuzdan irəli gəlir. Zizek dürüst olmağı seçir və siyasi mövqeyi də olduqca açıqdır, şübhəsiz bir şəkildə ifadə edəcək olsaq, özünü bütün tənqidlərə açıq elan edir.

Zizekin Martin Haydeggerin “ontologiyası”-nı, Frensis Fukuyamanın “ tarixin sonu”-nu və Naomi Klein-in “şok doktrinası”-nı bir araya gətirərək özünəməxsus bir baxış formalaşdırmaqdakı bacarığı çox az düşüncə adamında görülən bir şeydir.

Bir çoxları onu Jurgen Habermas, Con Dyui ya da Herbert Markuze kimi düşüncə adamlarından daha məşhur edən şeyin qloballaşma fkatorunun olduğuna inansa da, Zizekin məşhurluğu, zəmanəmizin neoliberal demokratik sabitliyini aşındırmaq qabiliyyətinə əsaslanır.

Onun bu qabiliyyətinə, hər zaman çoxsaylı insanı cəzb etməyi bacaran dərslərindən birini izləyərkən şahid olmaq mümkündür. Hegelin dialektik materializmi, Lakanın psixoanalizi və David Lynch-in filmləri daxil olmaqla çoxsaylı materiala istinad verməklə gerçəklik təsəvvürümüzü hissələrinə ayıraraq, dialektik metodu tətbiq edərkən şahid ola biləcəyimiz qabiliyyətinə.

Məsələn, həqiqətin düşüncə və davranışlarımızın yanılmaz korrektoru vəzifəsini icra edən bir məzmuna sahib olduğunu irəli sürən realistlərə qarşı Sloven filosof, bu həqiqətə çatmağın ancaq düşüncədən kənar olan, yəni simvolizasiya vasitəsilə çata biləcəyimizə, obyektlə bizim obyekt haqqında bilik əldə etmək fəaliyyətlərimiz arasındakı paralaks boşluğuna işarə edir. Gerçəkliyin yeri (statusu) “saf formada paralaktikdir və mahiyyətdən yoxsuldur. Gerçəklik iki mövqe arasındakı boşluqdadır və ancaq bu mövqelərinin birindən digərinə doğru keçid etməklə hiss oluna bilər.

Zizekin fəlsəfəsinin məqsədi, hermenevtik düşüncədə olduğu formada yalnız gerçəkliklə əlaqədər hisslərimizin deyil, gerçəkliyin də dialektik bir mahiyyətə sahib olduğunu göstərir: Hər bir “gerçəklik sahəsi”, yaxud da “dünya” ancaq baxışlarımızı özünə cəlb edən görünməz bir çərçivə ilə bilavasitə tamaşa edilə bilər. Bu dialektik baxış Sloven filosofun ideoloji əksinə çevirmələr yolu ilə dəyişiklik fikrinin əsasını təşkil edir: Zizek kapitalizmin aşıla bilməsi üçün əvvəlcə “sistemin onda olan iştirakımızı təmin edərək, özünü yenidən istehsal etməsinə vəsilə olan bütün müqavimət formalarının” tərk edilməsi gərəkdiyini ifadə edir.

Ərəb baharı, Uoll Streeti işğal et və Yunanıstanda iğtişaşlar kimi siyasi hadisələr “keçmişdən gələcəyə doğu zaman daxilində davamlı olaraq təkrar edən” kimi deyil, “indinin bağrında gizli bir potensial olaraq var olan ütopik bir gələcəyin fragmentləri” olaraq dəyərləndirilməlidir. Haqqında danışılan gələcək Zizek üçün kommunist bir gələcəkdir.

Zəmanəmimizin düşüncə xadimi Zizek

Hər nə qədər bir çox Avropa və Amerika universitetlərində mühazirələr demiş olsada, 70 dən çox kitabın müəllifi, amansız mədəni tənqidçi və cəsarətli bir siyasi aktivist olsa da, Zizek, çox vaxt “boş və əsassız bir mövqeyi eyni ilə təkarlamaqda” və “oxuduğundan, oxuya biləcəyindən daha çox kitab yazmaqda” ittiham olunur.

Ehtimal edilə bildiyi kimi, bu tənqidlərin böyük bir hissəsi onun nəzəri fikirlərinə yox, daha çox siyasi  baxışlarına, xüsusilə də kommunizmlə olan bağlarına yönəlikdir. 1989-cu il SSRİ-nin dağıldığı il yox, eyni zamanda Zizekin ingilis dilində ilk tərcüməsinin də yayıldığı il oldu. Digər bir ifadə ilə tam da kommunizmin çökdüyü ildə Zizek onu yenidən sahiblənməyə, ona müsbət yanaşmağa başladı.

Zizek indiyə qədər beynəlxalq bir mükafat almış deyil.  Lakin bu ciddi və orjinal bir düşüncə adamı olmadığı üçün deyil, bir növ mükafatların oturaq və hakim ideologiyanın tərəfdarlarına verilməsi baxımından nəzərdən keçirilməlidir.

Bəyənək ya da bəyənməyək, Observer-in qeyd etdiyi kimi “80-ci illərdə Derrida nə idisə, bu gündə Zizek odur”. Derridanın intellektual araşdırmaları dilə məxsus istinad sistemlərini dekonstruksiyaya məruz qoymağı hədəfləməkdədir. Zizek isə qəbul olunan fəlsəfi, dini, siyasi ifadələrin zəminini təşkil edən ideoloji strukturları “aşındırır”.

Zizekin Şelling idealizmindən, Jak Lakan psixoanalizminə və Jon Millbandın teologiyasına qədər uzanan əhatəli düşüncə tərzinin bütün meyvələri haqqında danışmaq mümkün olmasa da, son iki kitabında (Less Than Nothing və Mapping ideology) detallı bir şəkildə nəzərdən keçridiyi fəlsəfəçinin rolunun necə dəyişikliyə məruz qaldığını daha yaxşı anlamaq üçün siyasi aşındırmaları haqqında danışmaq lazım gələcəkdir. Bunu da daha sonrakı bir yazımda nəzərdən keçirməyi planlayıram. Zizekin fikrincə, intellektual öz müstəqil fəaliyyəti ilə “inqilab üçün zəmin hazırlamalıdır”, lakin bir inqilabı hərəkət ideoloji olmaqla günahlandırıldığında “əmin olunmalıdır ki, günahlandırmanın özü yetəri qədər ideolojik deyildir”.

Mətnin orjinalıhttps://www.aljazeera.com/indepth/opinion/2012/12/20121224122215406939.html

Santiago Zabala, Berselona Fabra Universiteti Fəlsəfə İCREA professoru, nəşr olunmuş kitabları The Hermeneutic Nature of Analytic Philosophy (2008), The Remains of Being (2009) ve Hermeneutic Communism (2011, G. Vattimo ile birlikdə).

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.