Cümə, Mart 29, 2024

HUMANİTAR

“Ruhun quruluşu” – Karl Qustav Yung (I hissə)

Təqdim olunan bu yazıda “Dərin psixologiya”nın banisi hesab edilən K.Q.Yunqun bəşər sivilizasiyasının yaranmasında önəmli faktor hesab etdiyi “arxetip” və “kollektiv şüursuzluq” nəzəriyyələri, eləcə də, Yunqun psixoloji faktorların öyrənilməsi və onların həll edilməsi məsələlərində praktiki tərəflərinin daha önəmli olması haqqında maraqlı təsvirlər yer almışdır. Qeyd edək ki, məqalə uzun olduğu üçün, bu yazıda müəyyən hissələri ixtisar edilmişdir. Lakin, ümidvarıq ki, bu, yazının ümumi məzmununa xələl gətirməyəcəkdir.

Ruhun quruluşu

Dünyanı və insanı özündə əks etdirən psixika, elə sonsuz mürəkkəbliklərlə dolu olan predmetdir ki, onu müxtəlif tərəflərdən müşahidə etmək və öyrənmək olar. Ruh da elə qarşımıza dünyanın qoyduğu eyni problemlə çıxır: dünyanın sistemli öyrənilməsi prosesi imkanlarımız xaricində olduğundan, biz burada praktik metodlarla kifayətlənməli oluruq və onun bizi xüsusilə maraqlandıran aspektlərini seçirik. Hər bir şəxs dünyanın ona görünən seqmentini seçir, bundan özünün məxsusi dünyacığını yaradır. Onun yaratdığı bu kiçik dünya çox vaxt bütöv dünyanın başqa hissələrindən bütünlüklə ayrılmış vəziyyətdə olur. Buna görə də, hansısa bir müddətdən sonra özü üçün belə bir dünya yaradan şəxsə elə gəlir ki, sanki, o, bütöv dünyanın mənasını və quruluşunu anlamaq səviyyəsinə çatıb. Ancaq, sonlu olan sonsuz olanı əhatə edə bilməz. Psixi hadisələr aləmi bütöv dünyanın yalnız bir hissəsini əhatə edir və məhz elə buna görə də, onu bütöv kainata nisbətən daha asanlıqla qavramağın mümkün olduğunu düşünürlər. Ancaq, çox vaxt psixikanın biz insanlara bilavasitə verilən fenomen olduğu və buna görə də, onun bütün təcrübələrin sinequanon (dəyişilməz şərti) olduğu unudulur.

Tərəfimizdən bilavasitə yaşanılan yeganə şey şüurumuzdur. Belə deməklə, heç də “dünyanı” onun haqqındakı “təsəvvürlərimizlə” (idea) eyniləşdirməyə çalışmıram…

Əlbəttə, mənim nöteyi-nəzərim psixoloji yönlüdür; bundan başqa, bu mövqe, praktika ilə məşğul olan və başlıca məqsədi pasiyentlərində özünü göstərən mürəkkəb və xaotik ruhi vəziyətlərdən bacardıqca tez baş açmaq olan psixoloqun mövqeyi ilə də üst-üstə düşür. Belə nöqteyi-nəzərin, qaçılmaz olaraq, öz laboratoriyasının sakit bucağında oturub təcrid olunmuş psixi prosesləri tələsmədən öyrənmək imkanı olan akademik yönlü psixoloqun nöqteyi-nəzərindən kəskin fərqlənməsi zəruridir. Bu müxtəlifliyi haradasa, cərrahla histoloqun işləri arasındakı fərqə bənzətmək olar. Bundan başqa, mən, “özlüyündə olan şeylərin” (noumenlərin) nə olduğunu və onların mütləq olub-olmadığını deməyi öz borcu hesab edən filosofa da bənzəmirəm. Mənim predmetim bütünlüklə təcrübə sərhədləri daxilindədir.

…Beləliklə də, əgər biz şüurun məzmununu təsnifləndirmək istəyiriksə, onda ənənəyə uyğun olaraq, belə bir mühakimədən başlamalıyıq: Nihil est in intellektu, quod non antea fuerit in sensu (Latıncadan: Şüurda, öncədən duyğularda yaşananlardan başqa heç nə yoxdur)

Belə görünür ki, şüur bizə xaricdən, sensor (duyğu) persepsiyaları (sense-perceptions: duyğu və qavramalar) şəklində verilir (Psixoloji ədəbiyyatda buna “duyğular və dərk olunmamış qavrayışlar” deyilir). Biz dünyanı görür, eşidir, onun dadını və iyini duyur, beləliklə də, onu dərk edirik. Bu qavramlar bizə nəyinsə mövcudluğundan xəbər verir. Ancaq, onlar bizə məhz nəyin mövcud olduğunu birbaşa açıqlamır. Nəyin mövcud olduğu haqqında biliyi biz persepsiyadan deyil, fövqəladə dərəcədə mürəkkəb quruluşu olan appersepsiyadan (əvvəlki həyati təcrübə və qavrayış anında olan psixi durum) alırıq. Bu, heç də duyğu persepsiyalarının sadə quruluşlu olmasını iddia etmək deyildir, ancaq, onun mürəkkəbliyi psixi yox, daha çox fizioloji təbiətlidir. Appersepsiyada bir sıra psixi proseslərin qarşılıqlı təsirini görə bilərik. Tutalım, mənşəyi bizə bəlli olmayan özünəməxsus bir səs eşidirik. Müəyyən bir müddətdən sonra bu səsin mərkəzi qızdırıcı sisteminin borularında olan köpüklənmədən yarandığını öyrənir; biz səsi tanıdıq. Onun tanınması prosesinin qaynağı isə bizim təfəkkür adlandırdığımız anlayışdır. Məhz təfəkkür bizə nəyin nə olduğunu deyir.

Qiymətləndirmə prosesi başqa cür həyata keçir. Gördüyümüz alov bəyənilən və ya xoşagəlməz xarakterli emosional reaksiyalar doğurur. Bununla da yaddaşda oyanan obrazda ona uyğun gələn və hissi (duyğu) ton kimi bəlli olan emosional fenomen yaradır. Beləliklə də, duyğuların obyekti bizə bəyənilən, ürəyəyatımlı və gözəl, yaxud da bunun əksinə olaraq, xoşagəlməz iyrənc və çirkin görünür. Adi danışıqda bu prosesə hiss (feeling) deyilir.

İntuisiya prosesi nə duyğu vasitəsi ilə qavrama, nə təfəkkür, hətta heç hissin özü də deyildir, ancaq, bizim danışdığımız dil məyusedici şəkildə bunlar arasındakı fərqi göstərməkdə çətinlik çəkir. Misallara baxaq; Adamlardan biri ucadan səslənir: “Ah, mən alovun artıq bütün evi necə bürüdüyünü gördüm!” Bir başqası isə bu halda belə deyir: “Bu, gün kimi aydın bir işdir: burada alov başladımı o andaca fəlakət baş verər”. Üçüncüsü isə: “Hiss edirəm ki, bu alovun nəticəsində böyük bədbəxtlik ola bilər”. Temperamentlərinə uyğun olaraq adamlardan biri öz intuisiyası haqqında bəlli bir görüntü (seeing) kimi danışır, yəni ki, alovun qavranılmış obrazını yaradır. İkincisi, intuisiyanı təfəkkür kimi ifadə edir: “Düşünmək yetər ki, bunun hansı nəticə verəcəyi aydın olsun“. Üçüncüsü isə, emosiyaların təsirilə öz intuisiyasını hiss prosesi kimi aşkara çıxarır. Ancaq mənim anladığıma görə, intuisiya ruhun əsas funksiyalarından biridir, məhz situiasiyalarda olan imkanların qavranılmasıdır.

… Bundan başqa, şüurun məzmununu keyfiyyətcə dəyərlən-dirməkdə iradi (volitional) və instiktual (instinctual) prosesləri də fərqləndirmək olar. Birincilər appersepsiyaya əsaslanmaqla idarə olunan kimi, azad iradə adlandırdığımızın nəzarəti altında nəzərdən keçirilir. İkincilər isə, öz başlanğıcını şüursuzluqdan götürən və ya bilavasitə bədəndən götürən impulsları təmsil edir, azad olmaması və kompulsivliyi ilə seçilir. (Kompulsivlik – insanın qeyri-iradi və periodik olaraq yerinə yetirdiyi hərəkətlər, duyğular, emosiyalara deyilir; bu davranış və hisslər daimi təkrarlanmaqda davam edir. Tərcüməçinin qeydi)

Apperseptiv proseslər idarəolunan (və istiqamətli), ya da idarəolunmayan (və istiqamətlənməmiş) ola bilər. Birinci halda “diqqətdən”, ikinci halda isə “fantaziya” və ya “xülyalardan” danışırıq. İdarə olunan proseslər – rasional, idarə oluna bilməyənlər isə – irrasionaldır.  İndicə qeyd etdiyimiz proseslərin sırasına biz gərək şüurun məzmunun yeddinci kateqoriyası qismində yuxugörməni də əlavə edək. Yuxugörmənin şüurlu fantaziya ilə bəzi uyğunluqları vardır, çünki, onlar da idarəolunmaz, irrasional xarakterə malikdir. Ancaq, onlar həm də, bu şüurlu fantaziyalardan fərqlənirlər, belə ki, yuxugörmənin səbəbi, müddəti və məqsədinin özü ilkin olaraq bizdən bütünlüklə gizlin qalır. Ancaq mən hər halda yuxugörmələri də şüurun məzmununa daxil etməyi doğru sayıram, çünki, onlar şüursuz psixi proseslərin şüura sızan ən vacib nəticələridir.

Bəlli olduğu kimi, belə bir baxış mövcuddur ki, bütün psixi proseslər yalnız şüurla bağlıdır, belə ki, şüur mahiyyətcə elə psixika ilə eynilik təşkil edir. Mən bu arqumenti yetərli saymıram. Əgər biz özümüzün duyğularımla qavradıqlarımızın xaricində nəyinsə mövcud olduğunu qəbul ediriksə, onda yalnız dolaysı ilə öyrənə bildiyimiz həmin psixi elementlərdən danışmağa haqqımız var. Hipnoz və somnabulizmin (yuxuda gəzmək) psixologiyası ilə tanış olan istənilən şəxs yaxşı bilir ki, süni surətdə və ya patoloji olaraq məhdudlaşmış şüur, baxılan hallarda bəlli bir təsəvvür daşımır, ancaq, bu halda fərd özünü sanki bütünlüklə şüurlu haldaymış kimi aparır. Misal üçün, bir nəfər isterik karlıqdan əziyyət çəkən qadın pasiyent mahnı oxumağı çox sevirdi. Bir dəfə o, yenə mahnı oxuyanda, həkim ona hiss etdirmədən pianonun arxasına keçib qadını müşaiyət etməyə başlamış və növbəti bənddən, başqa bir tonallıqla ifa etmiş: pasiyent qadın oxumağa davam etmiş, ancaq… artıq yeni bir tonallıqda. Başqa bir pasiyent açıq alov görəndə “isterik epileptik” konvulsiya keçirirdi. Onun görmə sahəsi nəzərə çarpacaq dərəcədə məhdudlaşmışdı, başqa sözlə desək, o, periferik korluqdan əziyyət çəkirdi (belə hala bəzən “silindrik görmə sahəsi” də deyilir). Ancaq, yanan şamı onun baxış bucağına düşməyən yerdə yandıranda da, bu pasiyentdə açıq yanan odu gördüyü vəziyyətə uyğun isterik tutmalar yaradırdı. Belə vəziyyətə uyğun olaraq simptomologiyada dediyimiz halın yaranması ilə bağlı saysız məlumatlar vardır və bunu biləndən sonra şübhəyə yer qalmır ki, bu tipli pasiyentlər şüursuz olaraq duyur, düşünür və qavrayırlar və ya ümumiləşdirib desək, başqalarının şüurun nəzarəti altında elədiklərini onlar şüursuz olaraq edirlər. Bu proseslər şüurun onları sezib-sezməməsindən asılı olmayaraq baş verir.

Bu şüursuz (dərk olunmayan) psixi proseslərə, yuxugörmədə yaranan kifayət qədər əhəmiyyətli kompozisiyalar da aiddir. Baxmayaraq, yuxugörmə elə bir haldır ki, onda şüur çox məhdud şəklə düşür, ancaq, onun gedişində ruhun (psixikanın) mövcudluğu və fəaliyyəti bütünlüklə qalır. Burada şüur ruhdan uzaqlaşır və diqqətini cəlb edəcək obyektlərdən məhrum olduğundan, necə deyərlər, nisbi şüursuzluq vəziyyətinə düşür. Ancaq, şübhəsiz ki, gümrahlıq zamanı şüursuz psixi fəallıq davam etdiyi kimi, yuxuda da psixi həyat davam edir. Bunun sübutunu çətinlik çəkmədən tapmaq mümkündür; Freyd özünün “Adi həyatın psixopatologiyası” əsərində məhz bu spesifik təcrübə oblastını təsvir etmişdir. O, göstərir ki, bizim şüurlu niyyət və fəaliyyətlərimiz çox vaxt mövcudluğu bizim üçün həmişə tam gözlənilməz olan şüursuz proseslərin müdaxiləsi ilə qırılır. Biz danışığımızda və yazımızda çaşırıq, şüursuzluğun təsiri ilə elə şeylərə yol veririk ki, bununla özümüzün ən gizli sirrimizi açıb-ağardırıq və bəzən bu sirrlər, heç bizim özümüzə də bəlli olmur. “Linqua lapsa verum dicit” (Sözünü çaşdırmaq doğrunu aşkara çıxarır (latıncadan)) kimi səslənən qədim atalar sözü də bunu ifadə edir.

…Ancaq şüursuz psixi fəallıqla bağlı klassik nümunələri pataloji hallarda axtarmaq daha asandır. Demək olar ki, isteriyaların, sayrışan nevrozların, fobiyaların simptomları bütünlüklə və ən geniş yayılmış ruhi xəstəlik olan şizofreniyanın simptomlarının isə çox əhəmiyyətli hissəsi, öz kökünü şüurdankənar psixi fəallıqdan götürür. Beləliklə də, bizim tam bir əsasla şüursuzluğun psixologiyasından danışmağa haqqımız var. Şüursuz psixika birbaşa müşahidə edilə bilmir – yoxsa, o, heç şüursuz olmazdı – ancaq, özünün məntiqi yolla aşkara çıxarılmasına imkan vermir. Bu da doğrudur ki, bizim məntiqi nəticələrimiz həmişə “əgər belə olsa” adlana biləcək oblasta məhdudlaşır.

Belə olan halda şüursuzluğun ruhun bir hissəsini təşkil etdiyini demək olar. Görəsən, biz, şüurda saxlanılan müxtəlif məzmunlara analoji olaraq, şüursuzluq üçün də bu cür məzmunlardan söz aça bilərikmi?.. Bu suala yalnız empirik tərzdə cavab vermək olar, daha doğrusu, ona belə bir sualı qarşı qoymaq olar: şüursuzluğun hansısa hissələrə ayrıla biləcəyi nə dərəcədə ağlabatan ola bilər? Məncə, heç şübhə ola bilməz ki, şüurda özünü göstərən bütün fəallıqlara oxşar hadisələrin şüursuzluqdan olması da mümkündür. Çoxlu misallar var ki, ayıq vaxtı həll edilə bilinməyən intellektual problemlər yuxuda həll edilib. Tanıdığım bir müfəttiş-mühasib çoxdan idi ki, bir müflisləşmə faktının qəsdən törədildiyini sübuta yetirməyə çalışırdı. Bir dəfə o, bu işlə gecəyarısına kimi məşğul olub nəticə əldə bilmədən yatmağa gedir. Gecə saat üçdə həyat yoldaşı, onun yatağından qalxıb kabinetinə getdiyini görür. O, ərinin ardınca gedib onun iş stolunun arxasında oturub ciddi şəkildə yazı yazdığını müşahidə edir. Təqribən on beş dəqiqə sonra kişi yataq otağına qayıdıb yenidən yuxuya dalır. Səhər, həmin gecə baş verən əhvalatla bağlı heç nə xatırlamadan yenidən işləməyə başlamış və bu vaxt qəfildən gecə yazdığı mətni görüb artıq bu dolaşıq işin yoluna qoyulduğunu anlamışdı.

İyirmi ildən artıqdır ki, həkimlik praktikamda yuxugörmə ilə bağlı problemlər üzərində işləyirəm. Dəfələrlə şahidi olmuşam ki, şüurun üzərində çalışmadığı fikir və duyğular, bir gün sonra yuxugörmədə aşkara çıxır və beləliklə də, dolayı yollarla şüura gəlib çatır. Yuxugörmə də özlüyündə, şübhəsiz, şüurun məzmununa daxil olan hadisədir, yoxsa, o, birbaşa təcrübənin obyekti ola bilməzdi. Ancaq, yuxugörmənin bundan öncə şüursuzluqla bağlı olan materialı üzə çıxarması bizi belə bir fikrə gəlməyə yönəldir ki, bu məzmunlar şüursuzluqda hansısa psixi mövcudluq formasında olmuşlar və yuxugörmədə yalnız onların “qalıqları” şüura gəlib çatıb. Yuxugörmə ruhun normal məzmunlu ünsürlərindən biridir və ona sonradan şüura müdaxilə edən şüursuz proseslərin tərkib hissəsi kimi baxmaq mümkündür.

…Əgər şüursuzluğun da yuxugörmələrinin olduğunu isbat etmək istəyiriksə, onun da məzmunu ilə məhz belə davranmağa borcluyuq. Yəqin ki, praktikadan bununla bağlı gətirəcəyim əyani misallar məsələni anlamaq üçün daha sadə vasitə ola bilər.

Bununla bağlı olaraq, 27 yaşlı zabitin xəstəlik tarixçəsini danışmaq istəyirəm. O, ürəyində olan dözülməz ağrılardan və boğucu təsir göstərən nəfəs tıxanmalarından əziyyət çəkirdi. Nəfəsi darıxanda ona elə gəlirdi ki, sanki, nəfəs yolunda nə isə bir maneə var. Bundan başqa, o, sol topuğunda sancmadan yaranan ağrılara bənzər bir narahatlıq duyurdu. Bu kritik hallar onda iki aydan artıq idi ki, başlamışdı və bəzən o, yeriyə belə bilmədiyindən hərbi xidmətdən tərxis olunmuşdu. Müxtəlif müalicə kursları heç bir nəticə verməmişdi. Onun xəstəlikdən öncəki həyatında baş verən hadisələrin diqqətlə öyrənilməsi də, bu tapmacanı açmaq üçün heç bir ipucu vermirdi; üstəlik, pasiyentin özünün tutulduğu xəstəliyin mümkün səbəbi ilə bağlı heç bir təsəvvürü yox idi. O, şən təbiətli, hətta, bir az yüngülağıllı deyilə biləcək xasiyyətli, həm də bir az “dəliqanlı” temperamentli bir adam təsiri bağışlayırdı, sanki, xarici görkəmi ilə qarşısındakına meydan oxuyurdu. Üzündən: “Biz səninlə harada tutaşa bilərik?” kimi bir ifadə oxunurdu. Xəstəlik tarixçəsindən məsələyə aydınlıq gətirən heç bir məlumat ala bilmədiyimdən, pasiyentimdən öz yuxugörmələrini danışmağı xahiş etdim. O, yuxugörmələrini danışmağa başlayan kimi, həmin dəqiqə hər şey aydınlaşmağa başladı. Onda nevrozun başlanmasından əvvəl, sevdiyi qız onu ataraq başqa bir kişini sevməyə başlayıb. Mənimlə danışığında o, bu hadisəni məsələyə dəxli olmayan bir şey kimi təqdim edərək deyirdi: “Ağılsız qız… əgər o, məni istəmirsə, onun yerinə başqasını tapmaq mənim üçün heç də çətin bir iş deyil. Mənim kimi kişini belə işlərlə məyus etmək mümkün deyil”. O, özünün sarsılmış ümidlərini və böyük dərdini bu üsulla ovutmağa çalışırdı. İndi isə onun affektləri xaricə çıxmışdı. Bir az sonra onun ürək ağrıları keçib getdi və bir neçə dəfə hönkürüb ağlayandan sonra boğazını tıxayan nəfəs darıxmaları da sovuşdu. “Ürək ağrısı” (Heartache) – bu poetik ifadədir – burada ona görə aktual fakta çevrilmişdi ki, görünür, onun qüruru bu uğursuzluğa görə ruhunun ağrımasına yol vermədiyi üçün, bu ağrı fizioloji şəkil almalı olmuşdu. “Qlobus hystericus” adlanan “boğazda tıxac” isə bəlli olduğu kimi axıdılmayan və udulan göz yaşlarının təsirindən yaranır. Pasiyentin şüuru sadəcə özü üçün çox əzablı olan məzmundan uzaqlaşmış və bu özbaşına buraxılmış məzmun, şüura yalnız dolayı yolla, yəni, pozuntu simptomları şəklində qayıda bilmişdi. Bütün bunlar ağılla izah oluna bilən və intellektlə anlaşıla bilən proseslər olmaqla, pasiyentin şüuruna birbaşa da çata bilərdi, ancaq, onda özünü göstərən kişilik qüruru deyilən özəllik bunun qarşısını almışdı.

İndi isə, üçüncü simptoma baxaq; Pasiyentin topuğundakı ağrılar heç cür kəsmək bilmirdi. Onlar bu hadisənin ümumi mənzərəsi ilə heç cür uyuşmurdu, çünki, ürəyin topuqla heç bir əlaqəsi yoxdur və insan öz kədərini etməkdə heç vaxt topuğundan bir vasitə kimi istifadə etmir. Rasional nöqteyi-nəzərdən yanaşanda da, baxılan hadisə ilə bağlı yarandığı şübhə doğurmayan iki sindromun bu hadisə üçün yetərli olmasını anlamaq mümkün deyildi. Nəzəri baxımdan, sıxışdırılıb uzaqlaşdırılmış ruhi əzabın öncə adi insani kədərə çevrilməsi, daha sonra isə sağalması bütünlüklə yetərli olmalı idi.

Birbaşa pasiyentin şüuruna müraciət etməklə, topuqla bağlı simptomun sirrini aça bilmədiyim üçün yenidən əvvəlki metoda qayıdıb onun yuxugörmələrini incələməyə başladım. Pasiyent mənə danışdı ki, bir dəfə yuxuda ilanın topuğunu çaldığını və həmən andaca bütün bədəninin iflic olduğunu görüb. Bu yuxugörmədə topuq sindromunu yozmaq üçün birbaşa dəlil vardı. Onun topuğu ona görə ağrayırdı ki, ilan məhz oranı sancmışdı. Bu, çox əcaib bir məzmun idi və onu rasional şəkildə düşünüb-daşınmaq mümkün deyildi. Biz onun ürəyinin nə üçün ağradığını o dəqiqə anlaya bilmişdik, ancaq, pasiyentin topuğunun nə üçün ağrımalı olduğu bütün əqli mülahizələrim xaricində idi. Beləliklə də, pasiyentin bütünlüklə mistikləşdiyi bəlli oldu.

Bu halda biz özünəməxsus formada şüursuzluq zonasına düşmüş bir məzmunla qarşılaşırıq və bütün əlamətlərindən göründüyü kimi o, bu zonanın çox dərin qatlarına endiyindən rasional düşüncə üçün anlaşılmazdır. Bu yuxugörməyə ən yaxın olan analogiyanın nevrozun özü olduğu aydındır. Sevdiyi qız pasiyenti atıb gedəndə ona çox ağır bir yara vurmaqla həyatını sarsıtmış və onu xəstələndirmişdir. Yuxugörmənin daha sonrakı incələnməsi, pasiyentin özünə öncədən yaxşı bəlli olan bəzi keçmiş hadisələrə də aydınlıq gətirməyə başladı. O, bir az isterik təbiətli olan anasının sevimlisi olmuşdu. Qadın öz oğluna əziyyət verməyə qıymır, onunla öyünürdü və beləliklə də, onu elə ərköyünləşdirmişdi ki, uşaq hədsiz əzizləndiyindən, məktəbdə dərslərini də yaxşı oxumurdu. Sonradan o, qəfildən özünün kişiliyini “anlamış” və orduda qulluq etməyə başlamış, bununla da, burada özünün daxili zəifliyini “dəliqanlılıq” şousu ilə gizlədə bilmişdi. Beləliklə də, müəyyən mənada, anası da onu şikəst etmişdi.

Aydındır ki, biz burada Həvvanın sevimli dostu və onu yoldan azdıran ilan obrazı ilə qarşılaşırıq. Bibliyadan sitat gətirdiyim bu parça da dediklərimizin əyani sübutlarından biridir: “Səninlə arvadın arasında və sənin toxumunla onun toxumu arasında düşmənçilik yaradacağam; o, səni başından vuracaq, sən isə onu topuğundan yaralayacaqsan” – bu parça isə, daha qədimdənqalma və qədim Misir məbədlərində ilan çalan insanları sağaltmaq üçün xorla oxunan bir duadır:

Qocalıqdan, tanrı Ranın dodaqları əsirdi.

Ağzının suyu torpağa damcılayırdı,

Onun tüpürcəyi axıb yer üzünə tökülürdü.

Onda İsida onun tüpürcəyini torpaqla qarışdırdı

Və bundan nizəyə oxşar bir qurd düzəltdi.

İsida canlı ilanı öz alnına sarımadı,

Onu halqa kimi qıvrılmış şəkildə yola tulladı,

Böyük Tanrı bu yolda gəzişməyi sevər,

Özünün hər iki krallığına baxıb həzz alardı.

Möhtəşəm Tanrı əzəmətlə yolda addımlayırdı,

Firona qulluq edən başqa tanrılar da onun ardınca gəlirdi.

O, həmişə olduğu kimi, hamıdan öndə gedirdi, –

Bu vaxt nəcib qurd onu sancdı…

Onun çənəsi şaqqıldamağa başladı,

Bütün bədənini əsməcə tutdu,

Nil onun mülkünə yayıldığı kimi,

Zəhər də onun bədəninə yayıldı.

Pasiyentin Bibliya haqqında şüurlu məlumatının olduqca az olması bəlli idi. Çox güman, o, nə vaxtsa, kimisə topuğundan çalan ilan haqqında eşitmiş və çox keçmədən, bunu unutmuşdu. Ancaq, onun şüursuzluğunun dərinliklərindən bu hadisəni eşitmiş və onu nəinki unutmamış, həm də uyğun bir məqamda xatırlamağı da lazım bilmişdi. Şüursuzluğun bu hissəsi özünü mifik formalarda ifadə etməyi sevir, çünki, belə ifadə formaları onun təbiətinə uyğundur.

İstifadə olunmuş ədəbiyyat:

“Kəşf olunmamış mənlik” kitabı, K. Q. Yunq (İndivid yayım evi)

(Yazının davamı olacaq)

A scent of a dream…” (Bir yuxunun xəyalında…”)

əllif: Eyvaz Usubov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir