Cümə, May 20, 2022

FƏLSƏFƏ

Robert Nozik II: Statizm və anarxizm arasında

Əvvəlki məqalədə dediyimiz kimi, azadlıq və fərdi hüquqlar anlayışı Nozikin siyasi nəzəriyyəsinin başlanğıc nöqtəsindədir. Bu kontekstdə, Nozik fərdi hüquqların vacib olduğunu, siyasi strukturların fərdi hüquqlarını pozmadıqları müddətcə qanuni olaraq qala biləcəyini müdafiə edir və bu pozuntu təhlükələrinin reallığına görə sosial dövlət yanaşmasını rədd edir. Beləliklə, Nozikin fərdlərin hüquq və azadlıqlarını qorumağı dövlətin yeganə funksiyası olduğunu ifadə etdiyini görürük.

Deməli, Noziki klassik bir anarxist mütəfəkkirlərdən fərqləndirən məhz elə onun nəzəriyyəsində minimal formada da olsa dövlətə bir institute kimi mövqe, yer verməsidir.

XIX əsrdə yaşamış amerikalı anarxist B. Taker (B.Tucker) deyirdi ki, əgər fərdin öz üzərində hakimiyyət hüququ varsa, kənardan gələn hər hansı hökmranlıq məhz elə tiranlıqdır. Nozik bu arqumentləri ciddi qəbul etməklə yanaşı, “Anarxiya, dövlət və utopiya” əsərində dövlətin fərdi hüquqları pozmadan da mövcud ola biləcəyini göstərməyə çalışmışdı. Nozik öz əsərində fərdlərin müəyyən hüquqlara malik olduğunu ifadə edir və bu hüquqlara heç bir institutun, fərdlərin və ya qrupların müdaxiləsinə etiklik və haqq qazandırmır. Taker kimi anarxistlərdən fərqli olaraq o, anarxizmin yeganə və qaçınılmaz nəticə olduğunu iddia etmir. Bu fikrə əsaslanaraq, Nozikin yaratdığı nəzəriyyəsi kobud güc, oğurluq, fırıldaqçılıq, etibardan sui-istifadə, müqavilələrdən irəli gələn öhdəliklərin icrası və problematik məsələləri həll etməklə məhdudlaşmış bir dövlətin vacibliyini klassik anarxistlərə qarşı müdafiə edir. Bundan daha əhatəli bir dövlət fərdlərin hüquqlarını pozacağı üçün Nozikin arzuladığı dövlət anlayışının hüdudlarında deyil. .

Hazırda bəzi sosial dövlətlərdə yoxsulluğu azaltmaq üçün vergiləndirmə tətbiq olunur. Bu daha çox Rolzun ədalət nəzəriyyəsinə daha yaxın bir iqtisadi düzəndir. Nozikin nəzəriyyəsinə görə isə bu akt minimal dövlətin spesifik və dar funksiyalarından kənara çıxır, çünki onun fikrincə, dövlət mülkiyyəti fərdlərin hüquqlarını qorumaq məqsədilə yenidən bölüşdürməklə əslində fərdi hüquqları pozur. Rifah dövlətlərində vətəndaşlar cəza hədəsi ilə vergilərini ödəməyə məcbur edilirlər və beləliklə, vergi ödəməklə əmlakları ilə istədiklərini etmək, ondan istədiyi kimi istifadə etmək hüququna malik olan şəxslərin hüquqlarına müdaxilə edilmiş olur.

Minimal dövlət isə yalnız mülkiyyət və digər hüquqlarını qorumaq vəzifəsi daşıyır. Minimal dövləti müdafiə edərkən Nozikin özünü iki fərqli müxalifət növü, anarxist və hərtərəfli dövlət müdafiəçisi arasında yerləşdirdiyini görürük. Anarxistlər onun “yarı-statizminə”, statistlər isə “yarı-anarxizminə” hücum edirlər. Bu baxımdan iki əks ideyanın ortasında mövqe tutmaq, ola bilsin ki, ona çoxlu tərəfdaş qazandırmır. Bununla belə, o, öz layihəsini ciddi şəkildə müdafiə edir, müdafiəsini fərdi hüquqlar və ədalət nəzəriyyəsi kimi əsas elementlərə əsaslandırır.

Mövcud cəmiyyətlərdə polis və ya məhkəmə sistemi kimi bu hüquqları qoruyan qurumlar var. Amma anarxist sistemdə belə qurumlar mövcud ola bilməz çünki dövlət olmazdı. Bugünkü hökumətlərə nəzər saldıqda büdcələrin müxtəlif maddələrə ayrıldığını görürük. Məsələn, müdafiə, təhsil, səhiyyə, polis, nəqliyyat, rifah və s. Libertaryan nöqteyi-nəzərdən onların arasında müəyyən bir xətt çəkilməlidir. İlk növbədə vətəndaşları zorakılıq aktlardan qorumaqla məsul olan bəzi hökumət qolları var, məsələn, Müdafiə Nazirliyi vətəndaşları xarici işğalçıların hərəkətlərindən qoruyur. Polis və məhkəmələr vətəndaşları bir-birindən qoruyur. İkincisi, bəzi dövlət qurumları vətəndaşların həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün müxtəlif dövlət xidmətləri göstərir. Məsələn, yolların salınması, yanğınsöndürmə idarələri, kitabxanalar. Üçüncüsü, vətəndaşların səhhətinin pisləşməsi zamanı müalicə xidmətləri göstərən, yoxsulluq və işsizlik səbəbindən özünü təmin edə bilməyən vətəndaşlara qayğı göstərən dövlət xidmətləri var. Nəhayət dördüncüsü, hökumət müəyyən dərəcədə fərdi həyatlar üzərində casusluq vəzifəsini öz üzərinə götürə bilər. Bir çox ölkələrdə senzura müəyyən formada mövcuddur. Məsələn, filmlərə olan senzuralar, müəyyən qrupların ictimai yerlərdə nümayişinə olan məhdudiyyətlər, incəsənətdə senzuralar və s. Bir çox ölkələrdə bəzi dərmanlar qadağan edilib və demək olar ki, bütün ölkələrdə icbari təhsil var. Bu, hökumətin fərdləri öz xeyirləri üçün etməyə və ya etməməyə məcbur etdiyi sahələrdir.  Nozikin fikrincə, minimal dövlət öz orqanlarından bəzi vətəndaşları başqalarına kömək etmək və ya öz rifahı və ya təhlükəsizliyi üçün onların müəyyən hərəkətlərini qadağan etmək üçün istifadə edə bilməz və beləliklə, üçüncü və dördüncü xidmət sahələrini qeyri-qanuni hesab edir.

Onu da əlavə etmək olar ki, ikinci xidmət sahəsi də olmamalıdır. Hökumət insanları öz rifahını yaxşılaşdıran layihələrdə iştirak etməyə məcbur edə bilməz, çünki bu zaman burada məcburi yenidən bölüşdürmə anlayışı və paternalizmin bütün formaları ortaya çıxır. Məcburi yenidən bölüşdürmə Nozikin ədalət nəzəriyyəsinin hədəflərindən biridir. Bu Nozikin nəzəriyyəsi bildirir ki, mülkiyyət transferi (vergi, əmlakın bir hissəsini vermə və s) yalnız sırf könüllü olduqda mənəvi cəhətdən əsaslandırıla bilər. Lakin ortada bir iyeraxiya olduqda, paternalizm fərdin öz həyatının gedişatını müəyyən etmək azadlığı hüququnu pozur. Nozikin arqumentlərinin ən diqqət çəkən nəticələrindən biri odur ki, dövlət yoxsulluq vəziyyətində olan şəxslərə yardım etməməlidir, çünki insanların sosial müavinət almaq hüququ yoxdur.

Nozikin yaşamaq və azadlıq hüququ mövzuları anarxist nöqteyi-nəzərlə uyğun gəlsə də, bu, Bakunin, Kropotkin və Prudon kimi yazıçıların müdafiə etdiyi dövlətsiz kommunizm ideyasından fərqlənir. Məhz buna görə o, statizm və anarxizm arasında bir mövqedə yerləşir. Məsələn, Prudon deyirdi ki, “mülkiyyət oğurluqdur”. Bununla belə, Nozik üçün yaşamaq və azadlıq hüququ ilə yanaşı, mülkiyyət hüququ da vacib və əsasdır. Çünki mülkiyyət hüququ da fərdin qorunmalı olan hüquqları çərçivəsindədir.

Nozik “Anarxiya, dövlət və utopiya” əsərində göz misalı çəkir. Düşünün ki, cəmiyyətin bir hissəsi gözdən əlildir. Onların fiziki məhdudiyyəti onları cəmiyyətdə digər insanlardan geri salır. Bu həm maddi, həm də digər əsaslar baxımından baş verə bilər. Cəmiyyəti idarə edənlər isə həmin insanların görmək bacarığını bərpa edərək onların durumunu digər insanlarla bərabərləşdirmək məqsədilə, sağlam insanların bir gözünü məcburi olaraq çıxarıb, digər gözdən əlil insanlara verilməsinə qərar verir. Bu cür öz-sahibliyimizin toxunulmazlığının pozulması, yenidənpaylama aktı necə vəhşi, qeyri-etik və mümkünsüz hüquqi təbiətə sahibdirsə, eləcə də başqalarını mülkiyyət baxımından bərabərləşdirmək uğruna digərlərinin mülkiyyətinin toxunulmazlığının pozulması da vəhşi, qeyri-etik və mümkünsüz bir müdaxilədir.

Bəs mülkiyyətsiz birinin necə mülkiyyəti olacaq? Nozik varlı bir adama əlavə olaraq da bir miras qalması misalını gətirir və onun bu əmlaka olan hüququna bu sərvətə layiq olub-olmaması, bu pula ehtiyacı olub-olmaması ilə bağlı sualların əlaqəsi olmadığını bildirir. Yəni bu suallar mülkiyyət hüququnun mövcudluğuna xələl gətirmir. Miras qalmış adamın əldə etdiyi mülkiyyət hüququna xələl gətirən əsas sual ondan ibarətdir ki, o bu mülkü ona hüququ olacaq şəkildə əldə edibmi? Mülkiyyət ya ona sahib olan şəxsdən ədalətli şəkildə alınır, ya da təbiətdə sərbəstdirsə, təbiətdən əldə edilə bilər. Əmlakın oğurlanmadan, qanuni mülkiyyət kimi əldə edilməsi üçün izləniləcək üsul və prosedurlara gəlincə, Nozik “ədalətli köçürmə (satın almaq və ya digər qanuni üsullar)” və “ədalətli ilkin əldəetmə (sahibsiz və təbiətdə olan sərbəst mülkiyyət)” prinsiplərini müəyyən edir. Keçmişdə baş vermiş haqsızlıqları sağaltmaq üçün “düzəliş prinsipi”ini irəli sürür..

Müəllif: Etibar Qara

Mənbələr

Robert Nozick, Anarchy, State and Utopia.

Boettke, Peter J‘Anarchism as a Progressive Research Program in Political Economy’, Anarchy.

State and Public Choice, Edited by Edward Stringham, Northhampton, Edward Elgar Publishing, 2005

Johnston, David, Idea of A Liberal Theory, A Critique and Reconstruction, Princeton New Jersey, Princeton University Press, 1994

Manning, Rita C., (1997), “Liberal and Communitarian Defenses of Workplace Privacy”, Journal of Business Ethics.

Jonhston, David. (1994). Idea of Liberal Theory (USA Princeton University Pres.)

Wolff, Jonathan. (1996). Robert Nozick Property, Justice and the Minimal State, Birleşik Krallık:Polity Press

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.