Cümə, May 20, 2022

FƏLSƏFƏ

Robert Nozik I: Paylanan ədalətin tənqidi və Minimal dövlət anlayışı

İlk öncə qeyd etmək lazımdır ki, bu məqaləni oxumamışdan öncə Rolzun paylanan ədalət anlayışını oxumaq lazımdır. Nozik minimal dövlətin var ola biləcəyini izah edərkən eyni zamanda paylanan ədalətin mümkünsüzlüyünü də izah edir.

Jon Rolzun paylanan ədalət anlayışına qarşı ən radikal reaksiyalardan biri Nozikin “Anarxiya, Dövlət və Ütopiya” əsərindəki tənqidi idi. Öz nəzəriyyəsini Kantın deontoloji əxlaq nəzəriyyəsinə əsaslandıran, neqativ azadlıq yanaşmasını qəbul edən Nozikin fikrincə, insanların başqalarına qarşı yerinə yetirməli olduqları yeganə vəzifə onların hüquqlarına hörmət etməkdən ibarətdir.

Nozikin fikrincə, bu məsuliyyət maddi rifah və resurs bölgüsü kimi bir çox şeydən daha əvvəl gəlir. Buna görə də, Rolzun insanların ən əhəmiyyətli hüquqlarından biri olaraq gördüyü cəmiyyət resurslarında müəyyən bir paya sahib olma tezisinin əksinə olaraq, Nozik üçün ən əhəmiyyətli hüquq insanların özünə bir bütün olaraq sahiblik hüququdur. Nozikin fikrincə, Rolzun iddia etdiyi kimi fərdi azadlıqları pozmadan dövlətin sosial resurslarını fərdlər arasında bərabər şəkildə bölüşdürmək mümkün deyil, çünki insan həm öz bədəninə, həm də istehsal etdiklərinə görə haqq və söz sahibidir.

Bu baxımdan, Nozikin sosial dövləti və sosial ədalət kimi nəzəriyyələri tənqid etməsi, öz siyasi və sosial nəzəriyyəsinin bir uzantısıdır. Nozik öz nəzəriyyəsində fərdi hüquqların mövcudluğu və bu hüquqları təmin etmək üçün minimal bir dövlətin təməlləri və sərhədləri nə olmalıdır sualını diqqət mərkəzinə qoyur. Bu sualın cavablarına gəldikdə, Nozik, “Anarxiya, Dövlət and Utopiya” əsərinin I., II. və III. fəsillərində üç əsas istiqamət irəli sürür.

Birincisi budur ki, minimal, yəni məhdud dövlətin qanuniliyi, dövlət anlayışını tamamilə rədd edən anarxistlərə qarşı müdafiə oluna bilən olmalıdır.  

 – İkinci tezisi budur ki, minimal dövlət anlayışının hüdudlarını aşan bir dövlət hərtərəfli olsa belə qanuni sayıla bilməz.

– Nəhayət, üçüncü tezis budur ki, fərdlərin öz utopiyalarını sərbəst şəkildə yaratmasına və yaşamasını mümkün qılacaq şərtləri ən yaxşı şəkildə yanlız minimal dövlət təmin edə bilər.

Nozikin soruşduğu və cavab axtardığı ilk və ən vacib sual “Dövlət lazımdırmı?” sualıdır. Nozik, heç bir dövlətin olmadığı anarxist bir mühitdən minimal dövlətə suveren güc və ya təhlükəsizlik vahidləri tərəfindən fərdi hüquqları pozmadan çatmağın mümkünlüyünü müdafiə edir. Lokkun nəzəriyyəsinə istinad edərək dövlətin ortaya çıxma prosesini bu cür əsaslandırır: Təbiət halında hər hansı bir icazəyə bağlı olmayan, başqa birinin iradəsindən asılı olmayan şəxslərin hüquq və azadlıqlarının sərhədi başqalarının həyat və sağlamlığına, azadlığına, sahib olduğu ilkin mülkiyyətə zərər verməməkdən ibarətdir. Bu haqqlara fərdlərin təcavüz etməsi və beləliklə bu haqqların pozulması durumunda insanlar pozulmuş olan hüquqlarını müdafiə edə bilərlər. Müdafiə və ədalət mexanizminin fərdi olaraq formalaşdırılmasının, eləcə də qorunmasının tam effektiv olması mümkünsüzlüyünə görə təbiət halından qoruyucu fərdlərin kiçik qruplarına, oradan da qoruyucu hökmran qruplara və sonunda dövlətə gedən, təbii baş verən bu prosesin “gizli əl” kimi dövləti ortaya çıxarması məntiqi nəticədir. Təbiət halında öz-özünə yaranan qruplaşmalar, müştərək qoruma birlikləri, bazar təzyiqləri və rasional maraqlar anarxiyanın yerini minimal dövlətin almasına səbəb olan əsas amillərdir.

Liberalizm daxilində dövlət məhfumu müzakirəsində Nozikin minimal dövlət nəzəriyyəsini əhəmiyyətli edən iki məqam var: Birinci məqam, özəl təhlükəsizlik şirkətlərinin fəaliyyət göstərdiyi anarxist bir cəmiyyətin bazar iqtisadiyyatı və bu prosesin dinamizmi ilə əlaqədar olaraq minimal bir dövlətə çevrilməsidir və bu proses təbii olmaqla yanaşı, əxlaqi cəhətdən hüquqidir.

İkinci məqam, minimal dövlətin cəmiyyətə qarşı əsas vəzifəsi, qoruma funksiyasını həyata keçirən bir qurum olmasıdır Başqa sözlə, dövlətin əsas səlahiyyət və məsuliyyəti lazımi güc tətbiq etmək, oğurluq, fırıldaqçılığın qarşısının alınması və müqavilələrə riayət edilməsindən ibarətdir və sərhədləri bu kimi səlahiyyətlərin hüdudlarındadır. Bu sərhədləri aşacaq daha əhatəli və səlahiyyətli bir dövlət, insanların azadlıq və hüquqlarına müdaxilə edə bilmə şansı qazanır və bu qətiyyən qəbul edilən ola bilməz.

Nozikin “Anarxiya, Dövlət və Utopiya” əsərində, çox güclü bir azadlıq müdafiəçisi olduğu görülür. Bir tərəfdən fərdlərin sahib olduğu hüquqlar var, digər tərəfdən isə heç bir şəxsin və ya qrupun digərlərinə edə bilməyəcəyi şeylər, başqa cür desək neqativ öhdəliklər var. Siyasi strukturun və sistemin qanuniliyinin əsasını fərdlərin hüquq və azadlıqları təşkil edir. Yəni bu hüquqlar pozulmadığı müddətcə bu strukturlar qanuni sayılır. Fərdlərin öz həyatlarına başqa şəxslərin, o cümlədən qurumların müdaxilə etməməsini tələb etmək hüququ vardır. Fərdlərin zərər görməməsini təmin edəcək siyasi strukturlar da qanuni sayılır və öhdəlikləri bu çərçivədə məhdudlaşdırılmalıdır. Buradan əldə ediləcək əsas fikir ondan ibarətdir ki, fərd və fərdi hüquqlar əsas elementlərdir. Fərddən başqa heç bir elementin və ya kimliyin reallığından danışa bilmərik, çünki cəmiyyətdə fərqli həyatı olan fərqli fərdlər vardır. Nozikin fikrincə, bəzi insanların başqaları üçün qurban edilməsinə haqq qazandırmaq üçün heç bir səbəb yoxdur. (Rolzun batan gəmi misalını xatırlayaq) Bu mənada, Nozikin azadlıq ideyasının Kantçı xətləri olduğunu deyə bilərik, ona görə ki, Nozikin əxlaqi mərkəzi “öz fərqli həyatını idarə edən və ona özü yön verən fərd” anlayışıdır. Buna görə, azadlığın pozulması fərqli və ya ayrı bir həyat sürmək hüququna müdaxilə təşkil edir. Məxfilik hüququnu açıq şəkildə müzakirə etməyən Nozikin bu mövzuda düşüncəsi, “azadlıq haqqı” düşüncəsindən anlaşıla bilər. Məxfiliyi azadlıq hüququnun bir uzantısı hesab edir. Şəxsi həyatın pozulması insanların ayrı bir həyat tərzi sürmə qabiliyyətini pozduqda heç bir şəkildə haqlı və etik sayila bilməz.

Xüsusilə, Nozik hökumətin fərdlərə məhdudiyyət qoya bilməyəcəyini bildirir və fərdlərin qoşulduğu və ya aid olduğu xüsusi qrup və ya təşkilatlardan irəli gələn məhdudiyyətlərin əsaslandırıla biləcəyini bildirir. Nozikin fikirləri təbii hüquqlar nəzəriyyəsinə söykənir. Yəni o, fərdi hüquqların fərdlərin insan olaraq öz təbiətlərindən gələn, özlərinə sahib olmaq hüququndan törədiyini iddia edir. Buna görə, fərdlərin hüquqları təbii hüquqlardır və heç bir razılaşmadan irəli gəlmir. Şəxslər yalnız öz razılıqları ilə imtina etməklə bu hüquqlardan məhrum edilə bilərlər. Bundan əlavə, fərdlər öz hüquqlarını başqalarının hüquqlarını pozmadan başqalarına vermək hüququna da malikdir. Bu hüquqların ötürülməsi, özlərinə zərər verməmələri səbəbilə belə məhdudlaşdırıla bilməz. Fərdi və fərdin hüquqlarını öz siyasi fəlsəfəsinin mərkəzinə qoyan Nozik, dövlətin cəmiyyətin sosial və iqtisadi həyatına müdaxiləsinin qəti əleyhinədir və dövlətin fərdlərlə münasibətdə fərdi hüquqlara müdaxilə etməkdən çəkinən neqativ bir münasibət qurması lazım olduğunu müdafiə edir və beləliklə, dövlət fərdləri dövlətdən və cəmiyyətdən qorumağa çalışaraq fərdlərə toxunulmaz, muxtar və sərbəst yaşayış sahəsi verir.

Nozikin “Anarxiya, Dövlət və Ütopiya” əsərində reallaşdırmaq istədiyi əsas qayə libertarian, minimal bir dövlət idi və əsərdə bu anlayışı müdafiə etməyə çalışır. Yəni başqa cür desək, onun dövlət anlayışı klassik Liberalizmin “qanunların və ictimai düzənin qoruyucusu”, “gecə gözətçisi” (1970-ci illərdə ortaya çıxan iqtisadi böhranın əsas günahkarı kimi dövlətlərin iqtisadi müdaxilələri hesab edilmişdi. Keynsçi sosial dövlət anlayışına qarşı olan neo-liberal cərəyanın təmsilçiləri “görünməz əl” məhfumuna söykənərək dövlətin funksiyasına yeni bir təyinat vermişdilər. Onların fikrincə, bazar onsuz da zəif və bacarıqsızları saf-çürük edərək ortadan qaldıraraq bacarıqlıların önə çıxmasına vəsilə olacaq, beləliklə, bu təbii seçilim prosesi toplumun ümumi yaxşılığına xidmət edəcəkdir. Beləliklə, dövlətin funksiyası sadəcə bu bazar iqtisadiyyatının işləməsi üçün lazımi təhlükəsizliyi təmin etməkdən ibarətdir. Friedrich A. von Hayek, Milton Friedman kimi mütəfəkkirlərdən sonra neo-liberal mühitdə dövlətin statusuna məhz “gecə gözətçisi” kimi tərif verilmişdir) kimi anlayışlara olduqca yaxındır. Bu dövlət anlayışı yalnız fərdlərin şəxsi və mülkiyyət hüquqlarını qorumaq üçün mövcud olan bir dövlətdir.

Nozik bu məsələləri üç mərhələdə ələ almışdır:

  • Birinci mərhələdə Nozik, anarxistlərə qarşı bir arqument kimi, dövlətin ən az minimal dövlət kimi əhatəli olmasını izah edir.
  • İkinci mərhələdə, inklüziv dövlətin müdafiəçilərinə qarşı bir arqument kimi minimal dövlətin qanuni bir dövlətin ən əhatəli forması olduğunu müdafiə edir. Bütün bu iddiaların fonunda təbii olaraq minimal vəziyyətin əsaslandırıla biləcək yeganə dövlət tipi olduğunu müdafiə edir.
  • Üçüncü mərhələsi, minimal vəziyyətin ilhamverici bir funksiyası olduğu üçün peşmanlıq elementi təşkil etməməsi gərəkdiyini göstərmişdir..

Nəticədə, azadlıq və fərdi hüquqlar anlayışları Nozikin siyasi nəzəriyyəsinin başlanğıc nöqtəsindədir. Bu kontekstdə, Nozik fərdi hüquqların vacib olduğunu, siyasi strukturların fərdi hüquqlarını pozmadıqları müddətcə qanuni olaraq qala biləcəyini müdafiə edir və bu pozuntu təhlükələrinin reallığına görə sosial dövlət yanaşmasını rədd edir. Beləliklə Nozikin fərdlərin hüquq və azadlıqlarını qorumağı dövlətin yeganə funksiyası olduğunu ifadə etdiyini görürük

Mənbələr:

Robert Nozick, Anarchy, State and Utopia.

Boettke, Peter J‘Anarchism as a Progressive Research Program in Political Economy’, Anarchy.

State and Public Choice, Edited by Edward Stringham, Northhampton, Edward Elgar Publishing, 2005

Johnston, David, Idea of A Liberal Theory, A Critique and Reconstruction, Princeton New Jersey, Princeton University Press, 1994

Manning, Rita C., (1997), “Liberal and Communitarian Defenses of Workplace Privacy”, Journal of Business Ethics.

Jonhston, David. (1994). Idea of Liberal Theory (USA Princeton University Pres.)

Wolff, Jonathan. (1996). Robert Nozick Property, Justice and the Minimal State, Birleşik Krallık:Polity Press

Müəllif: Etibar Qara

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.