Cümə axşamı, İyul 07, 2022

BLOG

Renessans niyə Florensiyada başladı ? – Araz Əliyev

Məşhur İtaliyan şairi Petrarka klassik müdrikliyin qaranlığa qərq olduğunu və unudulduğunu qeyd edirdi. Bu müdrikliyin yenidən kəşf olunmasının isə vaxtı çatmışdı. Bu bir növ yenidən doğulma, “Renessans” idi. (9, səh 15) Petrarkanın haqqında danışdığı klassik müdriklik şübhəsiz ki, Antik Yunanların fəlsəfi baxışları idi. Xristianlığın ortaya çıxması ilə Antik Yunan fəlsəfə ənənəsi zəifləmiş, Roma İmperiyasının bölünməsi ilə də Qərbdə unudulmağa üz tutmuş, yalnız Şərqdə Bizans imperiyası ərazisində Afina, İsgəndəriyyə məktəbləri olmaqla fəaliyyətini davam etdirmişdi.

Şərqdə davam etməkdə olan fəlsəfə ənənəsi 529-cu ildə Bizans İmperatoru Yustinian Afinadakı Akademiyanı bağlanması haqqında fərman imzalamasına qədər öz mövcudluğunu qoruyub saxlayır. Umberto Eko VI əsr tarixçisi Johannes Malalasa istinadən imperator Yustinianın İmperiyanın bütün şəhərlərində qumarı qadağan edən əmri ilə yanaşı, eyni zamanda da Afinada fəlsəfə və nomima-nı, yəni qanunların öyrənilməsini, qadağan edən əmri haqqında da məlumat verir. Yustinianın əmri ilə Afinada bu tarixə qədər mövcudluğunu qoruyub saxlamış Neo-Platonçu akademiya öz fəaliyyətini dayandırır. Akademiyaya və fəlsəfənin tədrisinin qadağan olunmasına yönəlmiş bu əmrlərin əsas səbəbi kimi Sasani imperiyasındakı reformist qruplarla olan əlaqələr hesab edilirdi. Əmrnamələrdə nəzərdə tutulan əsas məsələ Sasani imperiyasından qaynaqlanan, daxili nizamı sarsıtmaqda kifayət qədər təsirli olmuş model və təcrübələrin Bizans imperiyası torpaqlarında yayılmasına mane olmaq idi.(10, səh 359) Afina akademiyasının ləğv edilməsi Avropada fəlsəfi düşüncənin uzun müddət davam edən qaranlıq çağlarının başlanmasına səbəb olmuşdu.

Qərbi Avropada davam etməkdə olan bu durğunluq dövrü 1140-cı ildə İspaniyada uzun müddət ərəblərin idarəçiliyində olan Toledo şəhəri xristianlar tərəfindən geri alınmasına qədər davam etmişdi. Toledo şəhərində o dönəmin ən böyük kitabxanaları yerləşirdi. Bu kitabxanalar əsasən ərəb hökmdarlar tərəfindən Əndəlüsə gətirilmiş və əksəriyyəti ərəbcəyə tərcümə edilmiş klassik mətnlər idi. Burada klassik mətnlər ifadəsi altında nəzərdə tutduğumuz Antik Yunan fəlsəfəsinə aid mənbələrdir. Eyni tarixdə İtaliyan Ceremonalı Gerardo Algamest olaraq tanınan və min illik yunanca astronomiya mətnini tapmaq üçün Toledo kitabxanasına gəlmişdi. Toledonun xristianların nəzarətində olması Qərbli mütəfəkkirlərin ora daha rahat şəkildə gəlməsinə imkan yaradırdı. Gerardo Toledoda axtardığı məntlərlə yanaşı, Aristotel, Evklid, Qalen və başqa qədim mütəfəkkirlərin bilinməyən əsərlərinə dair ərəbcə mənbələri də tapmış oldu. Gerardo bu tapıntının ardından Toledo şəhərində yaşamağa qərar vermiş və ərəb dilini öyrənmişdi. Bunun nəticəsi kimi, Gerardo klassik mətnlərin ərəbcədən latın dilinə tərcümələri ilə məşğul olmuş, Antik Yunan müdrikliyinin və ərəblər tərəfindən Aristotel və digər filosofların əsərlərinə verilmiş şərhləri də Qərbi Avropaya tanıtmışdır.(9, səh 15)

Bu zamanadək Calcidiusun və Boetiusun latıncaya tərcümələrinə, xüsusilə də Avreli Avgustinin fəlsəfi görüşlərinə uyğun olaraq Avropada kilsə öz dini ehkamları əsaslandırmaq üçün Platon və Neo-Platonçu fəlsəfədən istifadə edirdi. Daha sonrakı dönəmlərə bu fəlsəfi əsaslandırma Platondan Aristotel fəlsəfəsinə keçmişdi. Akvinalı Tomas və onun ardıcılları Aristotelçiliyi kilsənin əsas müdafiəçisi kimi nəzərdən keçirirdi. Akvinalı Tomasın Aristotelçilik ənənəsi isə Əndəlüsdə hakim olan Aristotelçi düşüncənin əsas müəllifi olan İbn Rüşddən gəlməkdə idi. Orta əsrlərin sonuna doğru kilsə bir vaxtlar mübarizə apardığı Aristotelçiliyi əsas nəzəri əsas kimi qəbul etməkdə idi (sxolastika). Daha sonrakı dönəmdə ortaya çıxan Humanistlər isə Aristotelçiliyə qarşı digər bir fəlsəfi istiqamət olan Platonizmi qoyur və kilsəyə qarşı olan mövqelərini Platonçuluqla möhkəmləndirməyə çalışırdı. Aristotelçi ənənənin görkəmli nümayəndəsi olan Akvinalı Tomas həqiqət olan Tanrının insani hislərdən üstün olduğunu və ona görə də insanın günəlik fəaliyyətlərində tanrının dərk olunması o qədər də əhəmiyyətli bir şey olmadığını müdafiə edirdi. İnsanlar Tanrını bilmək əvəzinə ona inanmalı idilər. Bu yanaşma insanları ağıldan daha çox inanca sövq edən bir amil idi. Humanistlərə görə isə, insan gündəlik həyatda duyğuları vasitəsilə hərəkət edirdi. Ona görə də inancdan daha çox sağlam etik hökmlər verə bilmək əsas məsələ idi. Bu cür hökmlər isə mütləqliyə yox, təsadüfi hadisələrə uyğun olaraq qərar verməni şərtləndirirdi. (2, səh 21) Bu baxımdan Humanistlərin mövqeyi sxolastik Aristotelçiliyin rədd edilməsinə əsaslanırdı. Bu eyni zamanda Renessansın doğuşu ilə əlaqədar Platonçuluq kilsə hakimiyyətinə qarşı aparılan mübarizənin əsas dayaq nöqtəsi idi. Lakin Platon fəlsəfəsinin əsasları Avropalılar tərəfindən XIV əsrdə tam olaraq bilinmirdi. Yalnız kilsə atalarının tərcümə fəaliyyətləri ilə əlaqədar olaraq “Timeos” dialogu latın dilində olmaqla Avropada bilinir. Buna qarşılıq olaraq isə Şərqdə, daha dəqiq Bizansda Platon və Neo-Platonçu düşüncə daha ətraflı olaraq öyrənilmişdi. Yenidən Yunan müdrikliyinə qayıdış sxolastik Aristotelçiliyi mənimsəmiş kilsəyə qarşı aparılan mübarizədə humanistlər üçün daha dayanıqlı nəzəri əsaslar tapmağı şərtləndirirdi.

Bertrand Rassel Aristotel və Platon haqqında ilk əldən məlumatların ortaya çıxmasında Renessansa borclu olduğumuzu qeyd edir. Onun fikrincə, Renessans dönəmindəki yunan dilindən orjinal əsərlərin tərcümə edilməsi prosesi, Avropanı Platon və Aristotel, xüsusilə də Yeni Platonçular haqqında yalnız ərəb dilli mənbələrdən məlumat əldə edilməsindən azad etmişdi. (1, səh 44) Məqalədə nəzərdən keçircəyimiz əsas məsələ də məhz burada ortaya çıxır. Kilsənin sxolastik Aristotelçiliyinə qarşı müqavimət kimi meydana çıxan Platonizm Renessansın və Renessansdan sonrakı dövrdə elmi inkişafın əsas təkan verici qüvvəsi olmuşdu. Xüsusilə də Florensiyada Platon ideyalarının yenidən öyrənilməsi, Antik Yunan mətnləri ilə ilkin mənbədən tanışlıq əvvəldə qeyd etdiyimizi klassik müdrikliyin yenidən kəşfini ifadə edirdi. Məqalədə bu yenidən doğulmanın niyə məhz Florensiyada ortaya çıxması, tərcümə fəaliyyətləri və müdrikliyin əsasə mənbəyi kimi qəbul edəcəyimiz fəlsəfənin bu prosesdəki rolunu aydınlaşdırmağa çalışacağıq.

Orta əsrlərin sonuna doğru İtaliyan şəhəri Florensiya İtaliyanın digər şəhərlərindən o qədər də fərqlənməyən bir şəhər statusuna malik idi. Daha sonrakı dövrdə Renessansın ən önəmli mədəni mərkəzlərindən birinə çevrilmiş Florensiya heç də yeni mədəni sistemi dəstəkləyəcək qədər zəngin və təhsilli əhali nüfuzuna malik deyildi. Bu baxımdan İtaliyanın digər şəhərləri ilə eyni dərəcədə qiymətləndirmək daha doğru olardı. Bolonya, Padova kimi digər şəhərlərdə olduğundan fərqli olaraq 1379-cu ilə qədər Florensiyada bir universitet yox idi. 1379-cu ildən sonrakı dönəmdə də universitetin varlığı Florensiya mədəni həyatı üçün üstün bir rola malik deyildi. Orta əsrlərin universitet mühitinin ənənəçiliyin əsas daşıyıcısı olduğunu nəzərə alsaq, o zaman Florensiya intellektual təbəqəsinin universitetlərinin təmin etdiyi mühitdən kənarda qalması və nisbətən azadlığa malik olmasını demək mümkündür. Lakin Renessansın əsas mədəni mərkəzi olan Florensiyanın mədəni öndərliyinin səbəbləri haqqında veriləcək dəqiq bir cavab olmadığı kimi, Florensiyanın yüksəlişinin səbəbələri də mübahisəli olaraq qalmaqdadır.(2, səh 33)

Florensiyada bu vaxta qədər Yunan dili və onun öyrənilməsi ilə bağlı olaraq problemlər mövcud idi. Florensiya mədəni mühtinin əsas nümayəndələrindən olan Petrarka Yunan dilini öyrənməyə cəhd etmiş, lakin bu cəhdində uğurlu olmamışdı. Daha sonralar Florensiya mədəni mühitinin böyük nümayəndəsi olan Salutati şəhər rəhbərliyini yüksək maaş qarşılığında 1396-cı ildə yerli universitetə gəlib dərs verməsi üçün Bizansı düşüncə adamı Manuel Krysolorasın dəvət edilməsinə razı salmışdı. Collocio Salutati Petrarkanın tələbəsi olmaqla yanaşı Florensiya humanistləri arasında xüsusi önəmə malik idi. salutati də digər humanistlər kimi petrarkadan gələn ənənənin davamçısı idi. Bu ənənə Petrarkanın ifadə etdiyi formada əsrlər boyu davam edən barbar qaranlığın ardından gerçək mədəniyyətin yenidən urulması idi. Bu həm də Humanizmin müəyyən edici xüsusiyyəti idi.(2, səh 4)

 Krysolorasın 1396-1400-cü illər arsında verdiyi dərslər Florensiyada önəmli dərəcədə humanist şəxslərin formalaşması üçün zəmin hazırlamışdı. Özlərindən daha sonrakı nəsillərə təhsil verə bilən bu inttellektual kütlə yunan dilində oxumağı və tərcümə fəaliyyətini mənimsəmişdi. Krysaloras daha sonralar Paris və İtaliyanın başqa şəhərlərində dərslər vermiş, lakin Florensiyada olduğu kimi maraqla qarşılanmamışdı.(2, səh 36) Krysolorasın dəvət olunması ehtimal ki, Salutati və Petrarca ənənəsinin sxolastik Aristotelçiliyə qarşı yeni nəzəri dayaqlar axtarışının məntiqi nəticəsi idi. Krysoloras orta əsrlərdə Bizansa klassik Yunan ədəbiyyatının önəmli tədqiqatçısı, Homer və Platonun bir sıra əsərlərinin tərcüməçisi idi.

Krysoloras 1402-cü ilə yenidən Konstantinopola qayıtdı və öz bərabərində tələbələrindən olan Veronalı Guarino Guarini də aparmışdı. Guarini 5 il Konstintantinopolda qaldıqdan sonra 1408 də 50 yunanca kitabla birlikdə yenidən İtaliyaya qayıtmışdı. Daha sonrakı illərdə Siciliyalı Humanist Aurispa 238 əlyazma və Venesiyalı diplomatik heyətində katib olan Francesko Fielfo isə 40 antik dövr müəllifinin əsərlərindən ibarət külliyyatı İtaliyaya gətirmişdi.(2, səh 50) 1438-39-cu ilə gəldikdə isə Osmanlı imperiyasının Bizansa hücum ehtimalı ilə əlaqədar Qərbi Avropa və Bizans arasında danışıqların aparıdığı Florensiya (Ferera) konsili təşkil olduğu bir zamanda artıq Florensiyada çox ciddi bir yunan dilinə bələd olan intellektual kütlə var idi. Bizans heyəti içərisində Florensiyaya gələn önəmli mütəfəkkirlərdən Giosimo Plethon və onun Platonçuluqla bağlı fikirləri artıq yunan düşüncəsi ilə maraqlanan Florensiyalı intellektuallar üçün ciddi əhəmiyyətə malik idi. Plethon Yunanıstanda yerləşən Mistra şəhərində və bir müddət sultan Muradın sarayında (Edirne) yaşamışdı. Onun Platon fəlsəfəsi haqqındakı fikirləri əsasən idealist xarakter daşıyan və Platonun ideyalarının reallaşdırılması istiqamətində fəaliyyət idi. Daha sonralar Plethonun tələbəsi olmuş Bessarion papa tərfindən kardinallığa təyin edilmiş və Roma akademiyasının əsasını qoymuşdu.(4, səh 61) Türklərin İstanbulu fəthindən sonra fəlsəfədə yenidən Antik dövrə qayıdışı Bizansdan gəlmiş bu müdrik şəxslər daha da sürətləndirmişdi.  Onlar Cosimo De Mediçinin sarayında “Platonçu Akademiyanı” yenidən bərpa edilməsində və Yunan dilindəki mənbələrin Mediçinin sarayına gətirilməsində müstəsna rol oynamışdılar. (3, səh 13)  Plethon və Bessarionun Platon fəlsəfəsi haqqında mühazirələri Florensiyada çoxdan axtarılan nəzəri əsasın kəşfinə imkan yaratmışdı. Plethonun irəli sürdüyü Platonun fikirlərinin bütün Yunan düşüncəsindəki fikirlər kimi bir-biri ilə uyğun olduğunu və bununda dini birlik baxımından ələ alına biləcəyi fikri Cosimo De Medici başda olmaqla bir sıra yuxarı təbəqə mənsubu arasında ciddi qarşılanmışdı.

Bunun nəticəsidir ki, Plethonun Florensiyadan getdikdən sonra Cosimo De Medici Marsilio Ficino (1433-99)-nun rəhbərliyi altında Platon irsinin öyrəniləcəyi bir məktəbin açılması üçün fəaliyyətə başlamışdı. Ficino Platonçu akademiyaya gətirildiyində gənc idi və latın dilində sxolastik mətnləri öyrənməkdə problemlər yaşayırdı. Sxolastik Aristotelçilikdən onu uzaqlaşdıran Aristotel düşüncəsində yer alan ruhun ölümlülüyü fikri idi. Platon isə buna əks olaraq ruhun ölümsüzlüyünü müdafiə edirdi. 1462-ci ildə Cosimo tərəfindən verilən bağ evində bu gün Florensiya akademiyası olaraq bilinən, lakin heç vaxt rəsmi bir məktəb olaraq anılmayan Platonçu icmanın əsasını qoymuş oldu. Cosimonun tərcümə fəaliyyətlərində əsas istədiyi Hermes Trisgemistusun müəllifi olduğu hesab edilən qədim Misir müdrikliyi ilə bağlı mətnlər idi. Ficino isə öz növbəsində yunan mətnlərinin tərcüməsi nəticəsində 1464-cü ildə Medicinin ölümünə qədər Platonun 10 dialogunu tərcümə etmişdi. Platonun 36 dialogunun tam tərcüməsinin yer aldığı ilk nəşri isə 1484-cü ildə yayımlanmışdı. Avropada XIX əsrə qədər istifadə olunan əsas Platon tərcüməsi bu hesab edilirdi.(2, səh 92) Ficino özünü bir Platonçu filosof adlandırdığı halda Platona münasibəti onun bir teolog olması və hətta “yunanca danışan bir Musa” adlandırması idi.(8, səh 75)

Ficinonun tərcümə fəaliyyəti sxolastik Aristotelçiliyə qarşı müqavimətin əsas nəzəri əsaslarını hazırlamışdı. Eyni zamanda Renessans mədəni mühitinin təməl olaraq aldığı ideaları ortaya çıxarmışdı. Buna nümunə kimi Ficinonun Platon fəlsəfəsindən aldığı mühüm amillərdən olan gözəlliklə bağlı yanaşmasını qeyd etmək olar. Ficino Platonçu fəlsəfəyə əsaslananaq ən gözəl olan ideaların varlığını qəbul edir, gözəl olanın eyni zamanda gözümüzə də gözəl və parıltılı göründüyününü bildirirdi. Ficino üçün gözəlliyin seyr edilməsi tanrıya çatmaq üçün bir yoldur, gözəllik isə yalnız ağıl, görmə və eşitmə isə müəyyən oluna bilər (eyni fikirlər Plotin “Enneadas” dan alınma idi). Platon öz “Simpozium” dialgunda gözəlliyin sadəcə ideaların kölgəsi olduğunu qeyd edirdi. Aristotelə görə isə gözəllik bədənin hissələri arasında ölçülərlə bağlı idi. (7, səh 169-170) daha sonrakı illərdə Renessans incəsənətinin gözəllik anlayışının formalaşmasında bu fikirləri təməl rolunu oynamışdı.

Ficinodan daha sonra onun Akademiya və humanist tərcümə ənənəsindən gəlmiş olan Pico de la Mirandola Platona əsaslanaraq insanın özünün “yaradıcı və quruçu” olduğunu, “istədiyi hər şeyi etmək və istədiyi şey olmaq azadlığına malik olduğunu” qeyd edirdi. Bu fikirlər bir çox müəllif tərəfindən Renessans insanının doğum anı hesab olunurdu.(6, səh 155) Pico de la Mirandola özünün Oration on the Dignity of Man adlı əsərində İncil ilə Platon fəlsəfəsini uzlaşdırmağa çalışır və Tanrının Adəmə “özünün istədiyin kimi yaratmaqda azadsan” dediyi yeni bir yaradılış mifini əsas alırdı.(6, səh 78)

Florensiya Akademiyası öz dövründə universitetlərdə tədris olunan tək nəzriyyə olan sxolastik Aristotelçilyə qarşı Platon fəlsəfəsini müdafiə etməsi Orta əsrlədə fikir azadlığının ən mühüm nümunəsi hesab edilə bilərdi.(4. səh 65) Florensiya Akademiyası ilk çağ düşüncə tərzi ilə Xristian düşüncəsini bir biri ilə uzlaşdırmağa çalışırdı.(5, səh 734) Bununla yanaşı, Florensiyadakı Neoplatonik akademiya yalnız seçilmiş şəxslər üçün fəaliyyət göstərən və onlar üçün bir mənaya malik olan ezoterik biliklərə məşğul olmuşdu.(6, səh 78) Bertrand Rasselə görə də Renessans fəlsəfə üçün çox da böyük uğur dönəmi deyildir. İnsan zəkasını dar bir çərçivəyə salan sxolastik sistemin dağılması, Aristotel və Platon arasında seçim edilməsi ilə bağlı olaraq azad düşüncəni ortaya çıxarmış oldu.(1, səh 44)

Florensiyada əsası qoyulmuş Platon Akademiyası və daha əvvəlki humanistlərin yunan dili tərcümələri sorakı dövrlər üçün çox ciddi təsirlərə malik olmuşdu. XVI əsrdən etibarən Platonçuluq və yeni platonçuluq Makiavelli, Mikelangelo, Spencer, Erasmus kimi bir çox mütəfəkkir və incəsənət xadiminin əsərlərinin əsas qaynağı olmuşdu. Qaliley XVII əsrdə Aristotelin hərəkət, sürət və kainatın təbiəti il bağlı fikirlərinə qarşı çıxış etmiş, onlar haqqında “Aristotelin dedikləri fikirlərin təcrübə ilə sınanmış olduğundan şübhəliyəm” deyə fikir bildirmişdi.(6, səh 156) Qalileydən ilhamlanan Frensis Bekon da öz Yeni Organon əsərində Aristotelin irəli sürdüyü və Organon əsərində yer verdiyi məntiqi əsasları rədd edirdi.(6,səh 157) Bekon eyni zamanda 1626-cı ildə Platon fəlsəfəsinə əsaslanan lakin, dəyərli insanların filosoflar deyil, təcrübəyə əsaslanan elm adamları olduğu Yeni Atlantis əsərinin də müəllifi idi. Bu müasir elmi və fəlsəfəsinin bir birindən ayrılmasına təkan verən əsas amillərdən idi. Daha sonrakı dönəmlərdə Platonçu ənənə Tomas Mor və ütopistlərin də meydana çıxması ilə nəticələnmişdi.(6, səh 79) Fəlsəfədə dönüş nöqtələrindən biri hesab etdiyimiz Dekart fəlsəfi sisteminin əsasları da məhz Renessansın yenidən ortaya çıxardığı Platon fəlsəfəsini təməl alaraq formalaşmışdı.

Müəllif: Araz Əliyev

Ədəbiyyat

1.            Bertrand Rassel, “Batı felsefesi tarihi”, III cild, Bilgi, Ankara

2.            Charles G. Nauert. “Avrupada hümanizm və Rönessans kültürü”, TİBY, 2011.

3.            Ernst Bloch. “Rönessans fesefesi”. Umut, 2002.

4.            Halil İnalcık. “Rönessans Avrupası”, TİBY, 2011.

5.            Jacob Burchard. “İtaliyada Renessans kültürü”, DK, 1974.

6.            Jerry Broton. “Renessans”, Dost, 2006.

7.            Patrizia Castell, “Rönessans estetiği”, Dost, 2013.

8.            Peter Burke. “Avropada Rensessans”. Islık, 2015.

9.            Susan Wise Bauer, “Rönessan dünyası”, Alfa, 2013.

10.        Umberto Eko. “Ortaçağ”, Alfa, 2010.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.