Cümə, May 20, 2022

SƏNƏT

Remodernizm – incəsənətdəki mənəvi renessans

Modern dönəmə qədər incəsənət bir baxıma xarici obyektiv dünya ilə bağlı idi və xarici dünyadakı hadisələrin təsvirini və təmsilini ehtiva edirdi. XIX əsrdə ilkin sənayeləşmə və sinfi bərabərsizliyin sürətlənməsi incəsənəti idealist romantizmdən dünya gerçəklərinin təsvirinə və təmsilinə əsaslanan realizmə yönəltmişdi. Artıq incəsənət qabaca təbiət hadisələrini və təbitədə olan faktların təsviri və təmsilindən ibarət idi. Lakin XIX əsrin onlarında bizim fotoaparatın ilk nümunəsi olaraq tanıdığımız camera obscuranın ortaya çıxması ilə təbiətin və təbiətdəki faktların anlıq, daha realist təsvirlərini əldə etmək mümkün oldu. Dünyaya münasibətdəki bu daha realist yanaşma belə bir sual doğururdu: “Bəs əgər belədirsə, incəsənətə nə ehtiyac var?” Bu sual özlüyündə incəsənətə yeni cavablar və istiqamətlər gətirmiş oldu. İncəsənət tədricən fotoaparatın təsvir edə bilməyəcəyi şeylərin təsvirinə doğru meyllənməyə başladı. Bu yeni axımlar bizi təbiəti müşahidənin anlıq təsssüratlarına (impressionizm) və obyektiv dünyaya qarşı təbiətin insanda oyandırdığı əhval ruhiyyənin (ekspressionizm) təsvirinə yönəltmiş oldu. Bu zaman incəsənətdəki tək müəyyən edici faktor incəsənət xadiminin özü olurdu, biz onun baxışını, onun hislərini, onun əsəri yaradarkən keçdiyi sarsıntı və yolları izləməli olurduq. Bu cür incəsənətin yönünü müəyyən edən sadəcə olaraq estetik qayğılar idi. Artıq maarifçi fəlsəfəsinin ruhu və inkişaf etməkdə olan sənayeləşmənin bazası ilə yeni modernist incəsənətin təməllərini atmışdı.

Modernizmin əsas xüsusiyyəti insana və insan ağlına duyulan inamdır və modern düşüncə də öz növbəsində insanın təbiət qarşısındakı üstünlüyünü dilə gətirir. Bu inam özünü tarixə yanaşmada da göstərir və insanın öz ağlından istifadə etməsi ilə cəmiyyəti inkişafa doğru meylləndirdiyini qeyd edir. Modernist incəsənət bu baxımdan sənayeləşən cəmiyyətin estetikasıdır. Lyotardın fikrincə modern incəsənət “təqdim olunmayanın var olması faktı”dır. Artıq incəsənətdə dünya reallıqlarının təmsili ikinci plana keçir, ilk sıranı isə sənətkarın özü, onun yanaşması, daxili aləmi tutur. Burada modernizm üçün müəyyən bir incəsənət estetikasından bəhs oluna bilər. Məhz bu incəsənət estetikası ilə incəsənət “yüksək” və “populyar” olmaqla iki hissəyə ayrılmış, bunun nəticəsində də “incəsənət üçün incəsənət” anlayışı meydana gəlmişdi. Bu anlayış öz növbəsində “nəyin əsl incəsənət olması” problemini də doğurmuşdu. (6)

Modernist incəsənət bir şeyin həqiqətən incəsənət adalandırıla bilməsi üçün bir sıra şərtləri gərəkdirir. Bunlardan ilki bir incəsənət xadiminin, incəsənət tənqidçisinin, biz sözlə sosial mənada başa düşə bilcəyimiz incəsənət institutunun olmasıdır. Əgər sənət tənqidçisi bir şeyi incəsənət hesab edirsə, o incəsənətdir və yalnız incəsənət daxilində incəsənətdir, kiminsə onu bəyənib bəyənməməsi bir məna ifadə etmir, o öz estetikliyi ilə incəsənət adlandırılmağa laiqdir. Bu həm də incəsənətin ciddi şəkildə akademikləşməsini və ancaq incəsənət xadimlərinin məşğul olacaqları bir şeyə çevrilməsini təmin etmişdi.

 İrəliləyən dövrdə I Dünya müharibəsinin baş verməsi incəsənətdəki bu yanaşmaları tamamilə dəyişir. Hər yerdə səfilliyin hakim olduğu bir vaxtda incəsənətin müəyyən elit şəxslərin əlində olması, reallığı əks etdirməyən incəsənət estetikliyi, incəsənətin yuxarı təbəqələrin sifarişini yerinə yetirən istehsalçıya çevrilməsi kimi məsələlər “əsl incəsənət nədir?” sualını yenidən gündəmə gətirmişdi. Yeni və zamanın şərtləndirdiyi tendensiya “dünyanın səfil halında incəsənət də idealist gözəlliyi əks etdirməli deyil” fikrini irəli sürürdü. Beləliklə, incəsənətə qarşı incəsənət kimi dadizm meydana çıxmış olur. Artıq incəsənət xadiminin xüsusi təbii və mədəni fərqliliyin olmadığı, incəsənət fəaliyyətinin dəyərsizliyi və yaradıcılığın hər kəsdə olması fikri ortaya çıxmış olurdu. “Anti-incəsənət” adlandırılan bu yanaşma dadistlər Huelsenberg və Hausmannın bir sərgisində “incəsənətin ölməsini” elan etmələri ilə atılmış oldu. Artıq Mişel Düşampın Mona Lizaya bığlar çəkməsi incəsənətə hörmətsizlik və ya vandalizm kimi yox, incəsənətin özü olaraq qəbul edilməyə başlanmışdı.

Bu dəyişiklik və incəsənətə modernist yanaşmanın təməllərinin sarsılması XX əsr və bu gün də davam etəkdə olan post-modern incəsənət axımlarının meydana gəlməsi ilə nəticələndi. Konseptual incəsənətdə əsərin ideyası və fikri kimi amillər daha önəmli mövqe qazanmağa başladı. Burada izləyicinin əsəri seyr etməsi bir mahiyyət kəsb etmir, əsas olan əsərin arxasında yatan və müəllifin çatdırmaq istədiyi fikirdir. İzləyicidən gözlənilən tək şey də bu arxadakı ideya və fikiri anlamaqdır. Konseptual incəsənət əsəri əgər fikiri yaxşıdırsa, yaxşıdır. Öz işini vizon olaraq yaxşılaşdırıb yaxşılaşdırmaq isə sənətçinin seçimidir. Əsas olan ideya və fikirdir. Konseptual incəsənət xadimlərinə görə uğurlu düşüncələr vizon olaraq olduqca sadə görünürlər, çünki onlar zəruridirlər, koseptual incəsənət izləyicinin gözündən çox onun beyninə xitab edən sənətdir. Düşampdan sonra tətibəti etibarilə bütün incəsənət konseptualdır, çünki incəsənət ancaq konseptual olaraq mövcuddur. (4) Konseptual incəsənət eyni zamanda postmodernizmin incəsəntədəki ən böyük əksidir. Konseptual incəsənət postmodern incəsəntlə birə bir örtüşən quruluşa malikdir

Post modernizmdə artıq bir həqiqətə çatmağın mümkün olmadığı dərk olunur, əgər həqiqət yoxdursa, o zaman nəyin incəsənət olmasını müəyyən edən “mən” oluram. Və mən hansı tabloya pul verib alıramsa, o incəsənətdir. Bu incəsənəti ciddi şəkildə yuxarı siniflər arasında dövr edən və yalnız bazar qiyməti ilə şərtlənən bir şeyə çevirir. Bunu bir baxıma XX əsrin əvvəllərindəki dadaistlərin qarşı çıxdıqların incəsənət mühitinin post-modern formada əks olunması da adalandırmaq olar. Problem yenə olduğu kimi qalır “əsl incəsənət nədir?”

Remodernizm

Modernizmin Post-modernizm tərəfindən əvəzlənməsindən sonra keçən dövr ərzində hakim olan Post-modernimzə qarşı də müxtəlif miqyasda və istiqamətdə əvəzləyici tendensiyalar formalaşmışdır. Bunlardan biri tarixi 1999-cu ilə təsadüf edən remodernizmdir. İndiki halda remodernizm post-modernizmin biz zamanlar olduğu kimi incəsənət sahəsində, xüsusilə də rəssamlıqda özünə yer etməyə çalışır.

 1999-cu ildə Bill Çayldiş və Çarls Tomson tərəfindən əsası qoyulan Satkist hərəkatının ən mühüm ideya təzahürüdür Remodernizm. Onlar əsas məqsədi modernizmin əsl ruhuna yenidən qayıtmaq, üslubundan, mövzusundan və şəraitdən müstəqil şəkildə mənəvi dəyəri olan əsərlər yaratmaqdır. Çayldiş və Tomson Remodernizmin manifestində (1999) hakim elitanın maddi və nisbi post-modern düşüncəyə üstünlük verərək öz etibarlarını zəiflətdiklərini qeyd edirlər. Həyatın mənəvi hissəsindən imtina modern incəsənətin təcrübi təbiətini ruhun bir ifadəsi olaraq qəbul edərək düzəldilə bilər.(1)

Remodernizm Modernizmin əsas və ilkin prinsiplərini götürür və onları yenidən tətbiq edir. Konseptual incəsənətin formalizminə əks olaraq vizionu (görüntü) əsas alaraq işıqlandırır. Remodernizm insan olmağın vacib amillərini cavablandıra bilmədiyi üçün Post-modernizmdən imtina edir və onu əvəz edir.

Remodernizm mənəvi incəsənətin yenidən doğulmasıdır. Remodernistlər modernizmi davam etməkdə olan bir şey kimi görür və modernizmin özünü tam şəkildə reallaşdırmadığını düşünür, hələ özünü reallaşdırmayan bir şeyin “post” hesab edilməsi isə onlara görə faydasızdır. (1, 6)

Remodernistin istədiyi şey Tanrını yenidən incəsənətə daxil etməkdir, lakin bu Tanrı əvvəlki modernist dönəmin tanrısı kimi daxil olamamalıdır. Bu baxımdan remodernizm bir din deyildir, o incəsənətdəki ilkin modernist çoşğunun yenidən qazanılmasının tərəfdarıdır(1, 12) Bu amil eyni zamanda remodernistlərin modernist struktur və hakim insitutlara yanşmasını da ortaya qoyur.

Remodernizmin ortaya qoyduğu sual “İncəsənətdə nə üçün mənəviyyata ehtiyac var?”sualıdır. Çünki, mənalı şəkildə əlaqə yaratmaq insanları xoşbəxt edən şeydir. Başa düşülən olmaq və digərlərini başa düşmək həyatı zövqlü və yaşamağa dəyər edən şeydir (1, 14) Remodernistlərə görə, gerçək incəsənət insanın özü ilə, digərləri və Tanrı ilə əlaqə yaratmaq arzusudur. Buna xidmət etməyən incəsənət isə incəsənət deyil.(3) Bir baxıma remodernizm incəsənəti insanın özünü ifadə vasitəsi kimi qəbul edir. Lakin burada özünün ifadə edən hansısa rəssam yox, adi insanın özüdür. Remodern rəsamlardan Bill Levis yaradıcı insanlar olaraq mağara rəsmlərindən modern incəsənətə qədər hər hərəkatı mənimsəyə biləcəyini qeyd edir. Ancaq bunu hər birimiz ayrı şəkildə edirik, insanlar qədər rəsm tərzləri vardır.(7)

İlk remodernist incəsənət qrupu Stakistlər

Bill Çayldiş və Çarls Tomson 1999-cu ildə ilk dəfə olaraq Satkist manifesitini hazırlayırlar. Stakistlər Remodernizmin doğuşunu elan edən ilk remodernist qrup olmaqla “konseptual incəsənətin öldüyünü” qeyd edirlər. Stakistlərə görə XX əsrin əvvəlindən etibarən formalaşan anti-incəsənət elə bu günki çağdaş incəsənətdir. Bu çağdaş incəsənət isə əsl incəsənət deyil, əksinə incəsənət olmayan bir şeyi incəsənət olaraq adlandırmaqdır. Eynilə Mişel Düşampdan bəri gəlməkdə olan ideyalardır. Bu baxımdan stakistlər anti-anti-incəsənət anlayışından istifadə edilər. Onların fikrincə anti-incəsənət incəsənət deyildir və dövrümüzdə incəsənətin nə olduğunu axtarırıqsa bu anti-anti-incəsənətdir.

Bir stakist karyera üçün çalışan sənətçi deyil, o hazır əşyaların arxasına gizlənməkdən daha çox kətan üzərindən risk almağı sevən həvəskardır, onun nöqsansız görünmək ehtiyacı yoxdur. O profesional sənətkardan sonra ikinci olan yox, əslində həvəskar olması, təcrübəsizliyi ilə ondan daha əvvəldə yer alan, ilk sırada olandır. İnsan cəhdlərindəki irəliləyişlər yalnız cəsur fərdlər tərəfindən edilir, çünki onlar öz mövqelərini qorumağı düşünmürlər. Profesional rəssamdan fərqli olaraq stakist uğursuz olmaqdan qorxmur. Əgər konseptualist daima ağıllı görünmək istəyirsə, hər zaman yanlış olmaq stakistin vəzifəsidir. (5) Satkistlərə görə, rəsm insanın özünü kəşf etməsi üçün əsas vasitədir. Onların fikrincə boyamayan sənətkar sənətkar deyil, incəsənət olması üçün bir qalereyda olması lazım olan əsər də incəsənət deyil. Eyni zamanda satkistlər mövcud sistemin incəsənət sahəsindəki təhsili də tənqid edir və bunun cəmiyyəti zənginləşdirmək əvəzinə bürokratlaşmaqda ittiham edir.(5)

İncəsənət dürüstlük axtarışında olmaq, öz şəxsi inkişaf mücadiləmizin məsuliyyətini qəbul etmək və bu müddəti başqalarının görə biləcəyi şəkildə paylaşmaqla əlaqəlidir. İncəsənət əlaqə və bağlantı üçün bir vasitədir və onu təkəbbürlü hakim siniflər üçün eksklüziv oyuncaq kimi qiymətləndirmək insanlıq üçün təhqirdir.(2)

Bir stakist üçün müəyyən olunmuş bir tərz yoxdur, incəsənətlə məşğul olmaq daha çox motivasiya məsələsidir. O, yalnız bu müddət ərzində öz səhvləri və yeni kəşfləri ilə yaradıcılıq prosesinə dürüst olaraq qatılmış olur.

Çarls Tomson stakist hərəkatı haqqında “ölü bir köpək başılığını sərgilmək əvəzinə çağdaş əsərləri fikir, duyğu və məna ilə boyayan bir qrup sənətkarı birləşdirən bir şey” deməklə ifadə edir. Satkistlər özlərinin əsas vəzifəsini Remodernimzin timsalında mənəvi renessansı gerçəkləşdirmək olduğunu qeyd edirlər. (2)

Ədəbiyyat:

1. https://www.stuckism.com/StuckistRemodernism_2.pdf

2. https://remodernreview.wordpress.com/2015/09/27/artists-charles-thomson-is-stuck-in-the-remodern/

3. Joseph Kosuth “Art After Philisophy”

4. Lewitt, Sol. Paragraphs on Conceptual Art, 2005.

5. http://stuckism.com/stuckistmanifesto.html#manifest

6. http://www.idildergisi.com/makale/pdf/1354789942.pdf

7. https://remodernreview.wordpress.com/2017/07/11/artists-bill-lewis/

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.