Cümə, May 20, 2022

HUMANİTAR

“Qlobal pessimizmin arxasındakı psixologiya” – Mett Ridli

Son 20 ildə ekstrimal yoxsulluq səviyyəsindən aşağı yaşayan əhali nisbəti ikiqat artıb, azalıb, yoxsa eyni səviyyədə qalıb? İsveçli statistika və ictimai səhiyyə mütəxəssisi Hans Roslinq 2013-cü ildə əhaliyə bu sualı ünvanladı və aldığı cavab onun heyrətinə səbəb oldu. 1005 nəfər amerikalıdan ancaq 5 %-i bu suala düzgün cavab vermişdi: Ekstrimal yoxsulluq demək olar ki, yarıbayarı azalmışdı. Nəticəni şərh edərkən Roslinq zarafatyana şəkildə bildirdi ki, “Təsadüfi cavab seçən şimpanzelərin belə düzgün cavab vermək göstəricisi daha yuxarı olardı”.

Roslinq keçən il vaxtsız vəfat etdi. Bundan bir il əvvəl isə oğlu və gəlini ilə birgə bu növ reflektiv pessimizmin əleyhinə möhtəşəm kitab yazmışdı. Kitabın bölmə adlarından biri hər şeyi izah edir: “Məlumatlılıq: Dünya Haqqında Yanılmağımızın On Səbəbi – Niyə Şey Təsəvvür Etdiyimizdən Daha Yaxşıdır”. “Rasional Optimist” adlı kitabın müəllifi kimi, özümü Stiven Pinker, Byörn Lomborq, Maykl Şermer, Qreq İsterbrukun da daxil olduğu komandanın üzvü kimi gördüyümə görə şadam.

Biz Yeni Optimistlər üçün bu, çox çətin mübarizədir. Sübutlarımızın nə qədər ağlabatan olub – olmadığından asılı olmayaraq, tez-tez şübhələr, hətta düşmənliklərlə qarşılaşırıq. Elə bil pozitiv məsələləri diqqət mərkəzində saxlamaqla biz neqativ faktorları görməzdən gəlmiş oluruq. İnsanlar dünyanın vəziyyəti haqqında pessimist fikirlərə qapılmaq üçün “dəridən-qabıqdan çıxırlar”. Con Stüart Mill bu meyilləri 1828-ci ildə heyrətamiz formada ümumiləşdirir: “Fərqinə vardım ki, başqaları ümidsiz olanda ümidli olan insan yox, başları ümidli olanda ümidsiz olan insanlar cəmiyyət tərəfindən müdrik hesab olunur və ona qarşı heyranlıq duyulur”. Pessimizm xarizmatikdir.

Aparılan araşdırmalar inkişaf etmiş cəmiyyətlərdə yaşayan insanların dünya və ya öz ölkələrinə dair pessimist, öz şəxsi həyatları haqqında isə optimist fikirlərə meyilli olduğunu göstərir. İnsanlar əsasən qazana biləcəklərindən daha çox qazanacaqlarını, daha uzunmüddətli ailə quracaqlarını proqnozlaşdırırlar. Avrobarometr anketinə əsasən, avropalılar yaxın gələcəkdə öz iqtisadi vəziyyətlərinin yaxşı olacağına, pis olacağından iki dəfə çox inanırlar, buna baxmayaraq, yaşadıqları ölkənin iqtisadi vəziyyətinin pisləşəcəyini gözləyirlər. Pensilvaniya Universitetindən psixoloq Martin Seliqman bu nəticəni belə izah edir: Biz öz taleyimizi nəzarətdə saxlaya biləcəyimizi, amma daha geniş cəmiyyətinkini edə bilməyəcəyimizi düşünürük.

Düzdür, müasir dövrdə narahatlıq duyacağımız terrorizmdən kütləvi piylənməyə və ekoloji problemlərə qədər xeyli faktor var. Ancaq dünyamıza dair pessimizm bu faktorlardan daha artıq açıqlama tələb edir. Bu vəziyyəti yaradan reallıqlardan bəziləri aşağıdakılardır: Pis xəbərlər əsasən yaxşı xəbərlərdən daha anidir. Buna görə də, pis xəbərlər daha çox xəbər dəyəri daşıyır. Müharibələr, bombardmanlar, qəzalar, cinayətlər, qasırğalar, sellər, qalmaqallar və bunun kimi hər növ fəlakətlər xəbərləri inhisarına alır.

İnformasiya sektorunda da deyildiyi kimi, “Qan axdıqca, reytinqlər də artır”. Bunun müqabilində dünyada yoxsulluq mərhələli şəkildə azalır, bu prosesin sürətlənməyi nadir hallarda baş verir. Roslinqin təbiri ilə desək, “Mətbuatda xəbər dəyəri daşıyan hadisələr anomaliyaları (adi olmayan şeyləri) şişirdir və ani dəyişikliklərə fokuslanırlar”.

Bu, psixoloqların “əlçatanlıq meyli” adlandırdıqları, ilk dəfə 1970-ci illərdə Amos Tverski və Daniel Kaneman tərəfində müşahidə olunan şüuri anomaliyadır. İnsanlar qanun pozuntularının artımını əksər hallarda şişirdirlər, çünki pozuntular xəbərlərə əndazəsiz şəkildə dominantlıq edir. Təsadüfi şiddət xəbər mövzusu olur, çünki nadirdir: amma adi hal hesab olunan mədəni rəftar xəbər mövzu deyil, çünki normal haldır.

Pis xəbərlər çox vaxt önəm daşıyır; amma yaxşı xəbər daşımaya bilər. İbtidai dövrdə risklər haqqında narahatlıq keçirmək, uğuru qeyd etməkdən daha məqbul idi, çünki bu narahatlıq bizə şir tərəfindən ovlanmaqdan qorunmağa kömək edirdi. Bəlkə də insanların pessimizmə meyilli olmağının əsas səbəbi budur. 2014-cü ildə MakGill Universitetinin araşdırmasında tədqiqatçılar iştirakçıların göz-görmə təcrübəsi zənn etdikləri təcrübədə hansı xəbərləri oxumağa üstünlük verdiklərini müşahidə etdi. İnsanların yaxşı xəbərlərə üstünlük verdiklərini bildirməklərinə baxmayaraq, pis xəbərlərlə daha çox maraqlandıqları məlum oldu: Mark Trusler və Stüart Soroka bu araşdırmaya belə şərh verir: “İştirakçıların nə dediyindən asılı olmayaraq, neqativ əsaslı məlumatlara üstünlük verməyə meyilli olduqlarını göstərirlər”.

İnsanlar mütləq yox, nisbi terminlərlə düşünür. Əsas olan odur ki, başqa insanlarla nisbətdə nə qədər yaxşıyıq, çünki daş dövründə qida (və ya tərəf müqabili) üçün rəqabət kontekstində uğuru müəyyənləşdirən faktor bu idi. Buna görə də başqa insanların yaxşı vəziyyətdə olduğunu öyrənmək də bir növ pis xəbərdir. Vəziyyət yaxşılığa doğru gedəndə insanlar bunu normal qəbul edirlər və gözləntilərini sıfırlayırlar.

Bu cür nisbi davranışlar ən səmimi münasibətlərimizə belə təsir göstərə bilir. Texas Universitetindəki kolleqalar Devid Buss və Ostin 2016-cı ildə apardıqları araşdırmalardan birində kəşf etdilər: “Öz partnyorundan daha aşağı səviyyədə olan şəxslər digər partnyor potensiallarının kim olmasından asılı olmayaraq vəziyyətlərindən məmnundurlar. Öz partnyorlarından daha yüksək səviyyədə olan şəxslər isə yeni partnyor imkanı yarandığı anda münasibətlərindən narazı olurlar”.

Dünya inkişaf etdikcə, pis xəbər anlayışımız daha da genişlənir. Harvad psixoloqları Devid Levari və Daniel Gilbertin bu yaxınlarda apardıqları araşdırmalarında əldə etdikləri nəticələr, bir şey nadirləşdikcə o konsepti daha geniş şəkildə yenidən qiymətləndirdiyimizi göstərir. Təcrübələrdən birində mavi nöqtələrin sayını azaldanda, iştirakçıların bənövşəyi nöqtələri mavi nöqtəyə bənzətmək meyillərinin artdığını: daha az aqressiv üz ifadəsi göstərdikcə, iştirakçıların başqa üz ifadələrini daha çox aqressiv hesab etdiklərini kəşf etdilər. Bu vəziyyəti “aşağı səviyyədə həssaslıqdan yüksək səviyyəli əxlaqi mühakimələrə keçid” kimi şərh edən araşdırmaçılar deyir: “həssasiyyət və mühakimə meyarlarının belə olmamalı olduğu halda “genişləndirmə” istiqamətindəki meyillər olduqca güclüdür”.

Avia-səyahətləri təsəvvür edin: Avia-qəzalar getdikcə azalır, – məsələn, 2017-ci ildə ilk dəfə idi ki, il ərzində 4 milyarddan çox adam “uçmuşdu”, amma heç bir böyük avia-qəza baş verməmişdi – amma indi hər qəzaya həsr olunan xəbərin müddəti daha artıqdır. Bir çox insan avia-səyahəti hələ də riskli hesab edir.

Hətta sərvətin bolluğundan da sıxıla bilirik. “Weird Al” Yankoviçin “Birinci Dünya Problemləri” adlı mahnısına da vurğuladığı kimi, “Pambıq mələfədəki iplər məni qaşındırır/Evim o qədər böyükdür ki, mətbəxdə Wi-Fi tutmur”. Kolumbiya Ticarət Məktəbindən Şina Ayenqar “seçim ifrat-yükləmə problemi” adlandırılan modern xəstəlik haqqında apardığı araşdırmayla Ted ulduzuna çevrildi. Bu, məsələn, marketdəki onlarla növ zeytun yağı və ya mürəbbə növü arasında seçim etməyə çalışdığın vəziyyətdə seçim paraliçi keçirməklə bağlı olan problemdir. Şimali Koreyalıların, suriyalıların, konqoluların və ya haitililərin bir çox hallarda narahat olacaqları daha çox problemi var.

Digər psixoloji faktorların təsiri də var. Keçmişdə yaşanılan yaxşı hadisələri xatırlayıb pisləri unutmaq meyli ilə bağlı “yaddaş kurqanı” adlanan fenomendən danışmaq olar. Əslində nə olduğundan asılı olmayaraq, gəncliyi ilə bağlı xoş nostalgiya hissi hamıda var. Üstəlik, yayım orqanlarının ianə toplamaq üçün pis xəbər satmaq mənfəətli işdir.

Sonda, “dönüm nöqtəsi” adlandırdığım bir şey də var. Bu da hadisələrin keçmişdəkindən daha fərqli şəkildə davam edəcəyi, çünki tarixin dönüm nöqtəsində olduğumuzu düşünməyə meyillilikdir. Birja brokerlərinin tez-tez vurğuladığı bu söz həqiqətdir – keçmişdəki hərəkətlər gələcəkdəkilər üçün bələdçi deyil. Amma tarixçi Lord Makaulayın hardasa iki əsr əvvəl yazdığı kimi, “Nəyə əsaslanıb keçmişdə baş verənlərin ancaq inkişafdan ibarət olduğunu, gələcəkdə isə ancaq dağılmanın görəcəyimizi düşünməliyik?

Bir az şənlənin, dünya düşündüyümüzdən daha yaxşı vəziyyətdədir.

Tərcümə: Şahlar Ruhi

Mənbə: Öncül Analitik Fəlsəfə Dergisi

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.