Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

“Qərb artıq yoxdur” – Jean Luc Nancy

Jan Luk Nansi (1940) zəmanəmizin önəmli fransız düşüncə xadimlərindən biridir. Uzun illər Strazburgda yerləşən Mark Blok Universitetində professor olmuşdu. Fəaliyyətinin başlanğıcında var olan xristian təməli Haydegger fəlsəfəsini kəşf etməsi ilə daha da inkişaf etdi. Bunda təsirli olan bir digər amil də Strukturalizmi kəşf etməsi və Derrida ilə əlaqələr yaratmasıdır ki, bu da
onun fəlsəfi düşüncəsində çağdaş seçimlərinin güclənməsinə səbəb olmuşdur. Onunla reportaja filosofların bu günlərdə qarşılaşdığı əsas çətinliklər haqqında danışaraq başlayırıq.

Elena Cue: Fəlsəfi düşüncənin bu gün üz üzə gəldiyi ən önəmli problemlər sizcə nələrdir?

Fəlsəfədə heç bir şey verilmiş formada deyildir. Heç bir məna açıq bir şəkildə bilinə bilməz. Məsələn “insan”, “cəmiyyət” ya da “elm” haqqında sanki bu kəlimələr yaxşı müəyyən olunmuş gerçəkliklərə işarə edirmiş kimi danışmaq mümkün deyildir. Çətinlik, qəti şəkildə qazanılmış heç bir kimliklə əlaqələndirilməməkdədir. Yerləşmiş və oturuşmuş mənalar yenidən dəyərləndirilməli və yeni imkanlar yaradılmalıdır.

Bir filosof cəmiyyətə bu cür düşünməyi necə öyrədə bilər, xüsusilə də bizim kimi söykənə biləcəyi cavablar və doğrular üçün təlaşlı olan bir cəmiyyətə.

Bu səbrsizlik, qəti şəkildə uzaq durulması lazım olan bir şeydir. Səbrizlik bir tərəfdən doğrudur. Gözləmək üçün heç bir səbəb yoxdur və yaxşı bir həyat üçün lazım olan şərtlər hər zaman tələb edilə bilər. Digər tərəfdən qatı və radikal cavabların təhlükəli ola biləcəyini qeyd etdiyimiz  qeyri-müəyyən və qarışıq suallar vardır. Bu yaxınlardakı Brexit buna yaxşı nümunədir: Səsvermə təzəlikcə gerçəkləşib, amma dəstəkçiləri artıq indidən gərgin vəziyyətdədirlər, sorğulamağa başlayıblar. Ya da çox güclü şəkildə irəli çıxan, amma güc əldə etməkdən daha çox gücü itirən Podemos. Bundan əlavə də indiki anda yaşadığımız qarşıqlıq əks “səbrsizliklərin” nəticəsidir: Kənarlaşdırılmışlar tərəfindən hiss edilən səbrsizlik və kənarlaşdırılmaqdan qorxanların (orta sinif) səbrsizliyi. Sığınacaq axtaran insanların səbrsizliyi və miqrantlarla dolub daşmaqdan qorxanların səbrsizliyi ilə işlərin keçmişdəki kimi irəliləməsi üçün darıxanların səbrsizliyinə qarşı gələcəyin gəlməsini sürətləndirmək istəyənlərin səbrsizliyi.

İndi isə bir yol müəyyən etmək, işçilərin mübarizə apardığı ya da diktaturaların sona çatdığı zamanlarda olduğundan daha da çətindir. Bir çox insan qarşı olduğu halda Frankonun diktaturası niyə bu qədər uzun davam etdi? Çünki zaman, ictimai dəyişiklik və Avropa iqtisadiyyatlarının dəyişiklik zamanı idi və sıra ilə bunlar diktaturaların sonunu gətirəcək şərtlərə çevrildilər. Avropa sosializmləri və kommunizmləri niyə öz böhranlarını yaşayırlar?  Çünki təkanverici gücləri çox köhnədir. Texnikaların, güclərin və gözləntilərin yavaş bir şəkildə dəyişiliyi yeni şərtlər üçün yeni yollar tapmalıyıq. Əslində başa düşülməsi lazım olan şey budur:  Passiv olmaq yerinə aktiv olan bir səbr. Səbrsiz bir səbr və səbirli bir səbrsizlik.

Terrorizm haqqında çox tez-tez yazırsınız. Xüsusilə də Fransada baş vermiş şiddətli hücumlardan sonra. Bu məsələ barədə fikirləriniz nələrdir?

Bu terrorizm iki qüvvənin birlikdə təsiridir. Müstəmləkəçilik və Osmanlı imperiyasının dağılması ilə öz dayaqlarını, müvazinətini itirən, Qərbin üstünlüyü şəraitində İslamın iddiaları. Bu terrorizm: yadlaşdırılmış hissədən və üst sinif və ya kastaların sərvət və ya mövqe baxımından çox böyük fərqləri qoruduğu mövcudluğun gerçəkliyi ilə Qərb tərzi rifah və inkişaf arasındakı qatı ziddiyyətdən doğan ekstrimal vəziyyəti ortaya çıxarır.

Eyni zamanda Qərb öz gücü daxilində zəifdir. Artıq öz svilizasiyasına inanmır. Öz metodu ilə məşğuldur və heç bir sosialist iqtisadiyyat uzun müddət davam etməiyi halda (Sovet iqtisadiyyatı bir dövlət kapitalizmi idi) kapitalizmin həyat səviyyələrindəki fərqlilikləri azaltmadan necə böyüdüyünə şahid olur. Əslində “Qərb” artıq yoxdur, onun yerinə, görünən liderləri Birləşmiş Ştatlar  və birləşmiş olmayan Asiya dövlətlərinin olduğu, amma sərvətləri və fəaliyyətləri demək olar ki hər yerdə , harda istismar olunacaq qaynaq varsa, orda görünən bir gücün texno-iqtisadi qütbləri vardır. Avropanın artıq öz daxilində bir tutarlılığı yoxdur və dünya gücləri arasındakı bölünmə ilə qarşı qarşıyadır.

və qloballaşma…

Bu səbəblə qloballaşma partlayışları, tragediyaları və hər növ sosial və mədəni dağıntını təşviq edir. Beş yüz ildir ki, ütopiyaların çatıla bilən bir şey olduğuna və gərəksizliklərinə inandıq. İndi isə fərqli düşünməliyik, dünyadakı yerimizi dərinliyinə qədər düşünməliyik. Bu çox uzun bir zaman alacaq təbii ki. Əsrlərlə, məcburiyyətlərlə.. Ancaq cəmiyyətlər böyük çətinliklərin öhdəsindən gələ bildiklərini hər zaman göstərmişlər.

“Azadlığın sürprizi” dediyinizdə nəyi nəzərdə tutursunuz? Azad olduğunuza inanırsınızmı?

Azadlıq sahib olduğumuz bir güc və ya bizim təsəvvürümüzdə olan bir haqq deyildir. Azadlıq mövcudluğumuzun programlanmış olmadığına və öz yolumuzu tapmalı olduğumuz gerçəkliyə əsaslanır. Şərtləri və sərhədləri olan bir dünyadakı mövcudluğa qarşı bu bu cür olmalıdır. Azad olmaq, “şəxsin istədiyini edə bilməsi” və “hər şeydən müstəqil olmaq” mənasında başa düşülürsə, azad deyilik. Çünki həddindən artıq şeylərə bağlıyıq və “iradəmiz” çoxu zaman başqa yerlərdən gələn arzulardan, ümidlər və istəklərdən meydana gəlir. Bunu və bunun mənasını anlamaq azad olmanın başlanğıcıdır. Məhz bu səbəbdən azadlıq bizi təəccübləndirir. Çünki aşkar olduğunu düşündüyümüz şeydən fərqli olduğunu kəşf edirik.

Məsələn, mən xəstə ola bilərəm və işimlə məşğul olmaya bilərəm, amma öz vəziyyətimi bir təcrübə olaraq görə bilərəm. Bütün qərarlarımız və ya seçimlərimizin məsuliyyətinin məndə olmadığının təcrübəsi. Bəzən narahatlıq sağlam olanlara “dərs verir”.

Əzab çəkmək, azadlığı genişlətmək üçün necə bir fürsət ola bilər, izah edə bilərsinizmi?

Demək istədiyim bu deyil və hər şeydən kənar bunun bir “fürsət” olduğunu demirəm. Əzab çəkmək yaxşı bir hal deyildir. Üsyan etmək üçün bir səbəbdir və ən yaxşı ehtimalla, xüsusilə necə üsyan ediləcəyini axtarmaqdır. Başqa cür ifadə etsək, nə məqsədlə? Əlbəttə, məqsəd daha çox əzab çəkməməkdir, amma bunun özü belə ifadə edilməlidir. Uzun müddət bu “məqsəd” “kommunizm” və “sosializm” sözləri ilə eyniləşdirilirdi. Amma bu anlayışlar heç bir zaman həqiqətən inkişaf etdirilmədi. Təkcə Sovet modeli oldu ki, o da uğursuz oldu.

Niyə uğursuz oldu bəs?

Bu analiz hələ demək olar ki, aparılmayıb, ya da yetəri qədər aparılmayıb. Kommunistlər bu sualı daha dərin şəkildə araşdırmaqdansa, ədalətli bir cəmiyyətə dair hər hansı fikir yerinə istehlakçı azadlığı fikrini gətirən kirli kapitalizmə heyfislənib durmaqdan xoşbəxtdirlər.  Ədalərsizlikdən şikayət edilər, lakin ədalətin harda olduğunu bilmirlər. Məsələn, bu günlərdə qlobal maaş minimumu ilə bağlı müzakirələri tez-tez eşidirik. Bu ədalətli və yaxşı bir fikrə bənzəyir, lakin eyni zamanda bir çox insanı da maaş minimumu səviyyəsindən saxlamağa kömək edəcək çox təhlükəli bir fikridir. Gerçək olan budur ki, bu günümüzdə bir şeylər icad etmək üçün həqiqətən düşünməliyik. Eyni zamanda bu fikri hayqırmalıyıq. Brexit Avropadakı idarə edici sinif tərəfindən xor gürülənlərin hayqırışıdır. Bu hayqırışı eşitməyə məcburuq. Amma bundan nə anlamalıyıq? Bu hələ də qeyri-müəyyən olaraq qalır.

“The Deconstruction of Christianity” adlı kitabınızda  bügünün dünyasında dindən bəhs edirsiniz. Bundan bir az daha bəhs edə bilərsinizmi?

Bu parçalamaq ya da yox etməklə əlaqəli deyildir. Bir strukturun nədən təşkil olduğundu göstərmək üçün onu sökmək ya da dağıtmaqla əlaqəlidir. İndiki zamanda Xristianlıq dindən təşkil olunmur. Şərhədlərin dünyası, sonu bəlli olan bir dünya. Hətta “ nəticələnməyi pozan” Antik Dünyadan doğulması gərəkdiyində, xristainlıq Aralıq dənizi insanın köklü dəyişikliyindən meydana gəlmişdir. Hər yerdə müəyyən vəzifələri olan tanrılar, əməl edilməsi lazım olan tanrılar, örnək alınan modellər və dəyişməz fikirlər vardır. Bir nöqtədə isə bunların hamısı çökdü. Şübhəsiz ki, ilk qloballaşman Roma İmperiyası ilə görmüş olduq – qapalı bölgələr, sabit şərtlər (azad insan və kölə) var olduğu zamanlar. Beləliklə, sonsuzluğa qarşı bir istək və sonsuzluq vədi ortaya çıxmış oldu. Bu idrak, cəmiyyətdə, svilizasiyada və mədəniyyətdə də bir dəyişiklik yaratdı və bütün riskləri ilə birlikdə modern dünyanın böyük macəralarına yol açdı.

Xristianlığın bu dekonstruksiyası ilə birlikdə hansı qəti nəticələr əldə etdiniz?

Birinci nəticə və ən önəmli olanı, Xristianlığın gəlişi ilə ortaya çıxan mədəniyyətin köklü dəyişikliyi bir sitayiş və batil inanc olan dindən sərhədsiz bir üfüqə malik olan universal bir baxış bucağına doğru bir ayrılma idi. Universal olan xristain düşüncə azadlığının “hamısı”, hər şeydən kənar, sərhədsiz mənasına gəlir: Bütlər artıq yoxdur, onun yerinə açıq şəkidlə bir sonsuzluq vardır. Bu səbəbdən də eyni zamanda təşəbbüs üçün güc də vardır. Özümüzü dəyişdirə bilərik və dəyişdirməliyik də, dünyanı dəyişdirməliyik sərhədsiz bir şəkildə. Xristianlıq özünü humanizm, kapitalizm və texniki inkişaf olaraq maddiləşdirdi. Bütün bunlar mübahisəli və qarışıq bir hala çevridi, amma biz hər zaman sonsuzluğa doğru baxırıq və ortaq bir istinad nöqtəsi olaraq din Qərbdən silinir.

İkinci nəticə isə tam əksidir. Xristainlıq əsrlərdir sahib olduğu kimi təsiredici bir forma alsa da  bunun səbəbi təməllərində yer alan qətilik və istinadgahlarının hər zaman üçün cazibədar olması, çox istənilməsidir. Ayrıca da bir güc vasitəsi, gözəllik idealı ya da düşüncə məmnuniyyəti olaraq mənası inşa etmək üçün bu istinadgahları özlərinə uyğunlaşdıranlar ilə özlərini təslim edəcəkləri təmsillər, əfsanələr axtaranlar (qəribə bir şəkildə bəzən bunların hamısı eynidir) vardır. Ateizm bir çox şübhəni həll etməkdə yetərsizdir. Çox təəssüf, çünki digər tərəfdən də əksər dinlərin inkişafını təmin edən mistik və ruhani insanlardan kənarda, bir güvən qaynağı olaraq din azadlıqdan məhrumdur.

Son olaraq incəsənət haqqında danışaq. “Çağdaş incəsənətin” mənasınının hansı yönlərdən ənənəvi incəsənətdən fərqli olduğunu düşünürsünüz?

Ənənəvi incəsənət gerçəkliyin təmsil edilməsi ehtimalı ilə əlaqəli idi – dini, siyasi və ya dastanvari gerçəklik ya da qavrayışın, anlamanın və hissetmənin gerçəkliyi. Modern dünya isə gerçəkliyi sonsuz bir axtarış prosesi olaraq görür. Artıq sabit və əlçatan fiqurlar ya da formalar yoxdur. İncəsənətin mücərrəd olaraq adlandırdığımız formalar və ya qəti bir formaları olmayan rənglər baxımından yarada bildiklərində belə yoxdur (Pollok, Rotko, Nyuman). Bütöv bir mədəniyyət “incəsənətin” əsas mənasının daha da qeyri-müəyyənləşdiyi yerdə yaradılır, çünki incəsənət artıq qəti şəkildə verilmiş gerçəklikləri təqdim etməklə əlaqədar deyil.

Bəs bu nə “mənaya” gəlir?

İncəsənətin” mənası bir baxıma istər istəməz sirli və çətindir, çünki dil ilə açıq və qəti bir şəkildə ifadə edilməsinə icazə vermir. Musiqini düşünün: xromatik musiqi, elektronik musiqi, cazz, rok, tonal və atonal musiqilərin qarışığı.. Səs panaromamız olduqca dəyişdi (görüntü panaromamız dəyişdiyi kimi, amma səsin daha güclü təsiri vardır, elektro, rep, slam və s. düşünün) Yeni həssaslıq axtarışındayıq və təbii ki, bunun da öz riskləri vardır. Duyğuların hansı həssaslıqlarının və hansı müəmmalarının “bizim” olacağını tapmağa çalışırıq.

Mənbə: Huffpost

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.