Bazar ertəsi, İyun 17, 2024

FƏLSƏFƏ

Platonun siyasi konsepsiyası avtokratik ideologiyalara nə dərəcədə təsir edib?

Platonun “Respublika” və digər əsərlərindəki ideal dövlət konsepsiyası ekstremal ideologiyaların yaranmasına təsir göstərmişdir. Afinadakı uğursuz demokratiya sistemi Platonun avtokratik cəmiyyəti konseptuallaşdırmasına səbəb olmuşdur. Dolayısı ilə, avtokratik ideologiyaların elementləri Platonun demokratiyaya qarşı tənqidini əks etdirir. Platonun utopik konsepsiyası utopiyaların konseptuallaşdırılmasında çoxlu sayda siyasi nəzəriyyəçilərə təsir göstərmişdir; amma sözdə utopik adlanan bu cəmiyyətlər təcrübədə distopiyaya çevrildi. III kitabdakı Ədalət nəzəriyyəsi[1] 20-ci əsrdə totalitar rejimlərin tətbiq etdiyi dövlətin mərkəzləşdirilməsi ideyasını doğurmuşdur. Əlavə olaraq, Platonun şaquli iyerarxiyasının əhəmiyyəti kommunist bərabərlik anlayışının əsasını formalaşdırmışdır. Hər iki ideologiya nəhayət, praktikada Hitler Almaniyasında və Stalinist Rusiyada göründüyü kimi avtokratik hakimiyyətin tətbiqinə gətirib çıxardı. Platonun siyasi konsepsiyası böyük ölçüdə 20-ci əsrdə Nasist Almaniyası və Sovet Rusiyası kimi avtokratik rejimlərdə öz əksini tapmışdır.

Platonun harmoniya anlayışı yalnız Dövlətdəki hissələrin hər birinin sistematik uyğunluğu ilə əldə edilə bilər və o, Nasist Almaniyasına və Sovet Rusiyasına yansımışdır. Nasist Almaniyası Platonun şaquli iyerarxiyası ilə bir çox oxşarlıqları bölüşürdü. Nasist Partiyası Filosoflar hesab edilə bilər, gizli polis və hərbçilər Köməkçilərdir (Auxiliaries), ümumi alman ictimaiyyəti isə hər hansı bir rütbəsi və ya titulu olmayan qara camaat, siravi insanlardır (Commoners).[2] Bu səbəblə, nasizm bir-biri ilə ahəngdar olmaları üçün ictimai seqmentlərin hər birinin sistematik şəkildə uyğunlaşmasını tələb edirdi. “Respublika” əsərinə əsasən, Platonun ideal dövləti məhz belə işləyir. Platonun iyerarxik sistemindən fərqli olaraq, kommunizm əhalini dövlət üçün bərabərhüquqlu subyektlər hesab edir. Platon tərəfindən irəli sürülən sosial seqmentlərin sistemli uyğunluğu müvafiq olaraq Nasist Almaniyasında ifadə olunduğu halda, iyerarxik sistem Sovet Rusiyasında ziddiyyət təşkil edirdi. Üstəlik, Platon inanırdı ki, xoşbəxtliyin maksimum dərəcədə olduğu bir vəziyyətə yetmək üçün, cəmiyyətlərin harmonizasiyası həlledici faktor rolunu oynayır. Bunu Nasist rejimi dövründə alman-ari nöqteyi-nəzərindən görmək mümkündür. Almaniyada harmoniya (uyğunluq) sosial təminat şəklində formalaşır. Platon bilikdən istifadə etməklə ideal dövləti idarə etmək üçün Köməkçiləri (Auxiliaries) formalaşdırmışdı; lakin bu, faşist Almaniyasında əhəmiyyətli dərəcədə fərqli idi. Nasist Partiyası Nasist Almaniyasında zorakılıq yolu ilə nizam və sabitliyi qorumaq üçün Mühafizə dəstəsi (Schutzstaffel) və Gestapoya (Geheime Staatspolizei) sahib idi. Bundan əlavə olaraq, Sovet Rusiyasında bu ssenari SSRİ Xalq Daxili İşlər Komissarlığı (НКВД) və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (КГБ) bədnam məxfi polisi ilə bənzərdir, çünki Nasist Almaniyası ilə oxşar məqsədləri qorumaq üçün oxşar təzyiq üsulları tətbiq edilirdi. Platon cəmiyyətin Evdemonizmə, harmoniyaya çatması üçün ona təsir etmək məqsədilə bilik və müdriklikdən istifadə edirdi; lakin faşist Almaniyası və Sovet Rusiyasındakı reallıqda, zülm və terror sabitlik və harmoniya yaratmaq üçün davamlı olaraq tətbiq edilirdi. Bununla belə, Platonun harmoniya konsepsiyası həddindən artıq idealistdir və insan təbiəti ilə əldə edilməsi mümkün deyildir. Buna rəğmən, Nasist Almaniyası və Sovet Rusiyası “Respublika” və digər əsərlərində Platonun özünün səy göstərdiyi kimi ahəngdar cəmiyyət yaratmağa cəhd edirdi. Platonun siyasi harmoniya konsepsiyası Nasist Almaniyası və Sovet Rusiyası kimi 20-ci əsrin avtokratik rejimləri üzərində böyük ölçüdə təsirə malik olmuşdur.

Platonun ədalət anlayışı cəmiyyət hissələrinin hər birinin ahəngdarlığını tələb edir, hansı ki, hərçənd, Nasist Almaniyası və Sovet Rusiyasında fərqli dərəcələrdə ifadə olunmuşdur. Platonun fikrincə, ədalət, cəmiyyətin harmonizasiyası və hər bir sosial hissənin müəyyən edilmiş rolunu yerinə yetirməsi ilə əldə edilə bilər. Nasist Almaniyası və Sovet Rusiyası üçün ədalət asılı dəyişəndir. Ədalət olduqca utilitar baxışı nəzərdə tutan dövlətin maraqlarına uyğundur. Platon və avtokratik rejimlər arasında ədalət anlayışı çox fərqli idi, lakin məqsəd eyni idi. Həm Platon, həm də avtokratik rejimlər ədaləti təmin etmək üçün harmoniyadan (uyğunluqdan) istifadə edirlər. Platonun Kritonu qanuna tabe olmaq ideyasını harmonik cəmiyyətin açarı kimi ifadə edir. Nasist Almaniyası və Sovet Rusiyasında itaətsizliyin istənilən forması terror və zülmlə qarşılanırdı; bununla da Platonun “Ədalətli şəhər” əsərindəki Köməkçilər (Auxiliaries) anlayışını əks etdirirdi. Ədalət anlayışı harmoniya və vəzifə anlayışı ilə üst-üstə düşür. Platon hesab edirdi ki, cəmiyyətlərin ahəngdar şəkildə fəaliyyət göstərməsi üçün bu üç anlayış tətbiq edilməli və rol oynamalıdır. Platon “Respublika” əsərinin III kitabında ədalətin əldə edilməsində birliyin (unity) vacibliyindən bəhs edir. Bunu kommunizmdə açıq şəkildə görmək olar, çünki ideologiya fərdlərə deyil, cəmiyyətə diqqət yetirir. Kommunizmin təbiəti təkcə bir sinfin birliyini meydana gətirdi, halbuki Nasist Almaniyasında şaquli iyerarxiyanın sinfi ayrılması sayəsində yalnız Nasist Partiyasının birliyinə nail olmaq mümkün oldu. Buna rəğmən, hər iki avtokratik cəmiyyət utopiyaya çatmaq üçün birliyin yüksək dərəcədə önəm kəsb etdiyini göstərmək üçün səylə çalışırdı. Beləliklə, Platonun ədalət konsepsiyası 20-ci əsrin Nasist Almaniyası və Sovet Rusiyası kimi avtokratik rejimlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Platonun borc/vəzifə (duty) anlayışına görə, millətin təməl qanunlarına tabe olmaq cəmiyyətin əxlaqi öhdəliyidir. Platonun təklif etdiyi “cəmiyyətlərin əxlaqi borcu” konsepsiyasını faşist və kommunist rejimlərin ultra-millətçi ambisiyaları ilə paralelləşdirmək olar. Alman faşizminin ultra-millətçi ideologiyası olan nasizm bir sıra dövrlər ərzində inkişaf etdirilmişdir.

“Anti-maarifçilik hərəkatları – Pangermanizm/Deutschland Konservativ İnqilabı – Alman Milliyyətçiliyi – Nasizm”

Nasizm bir sıra pan-german millətçiliyindən inkişaf etmişdir; bundan sonra ultra-millətçilik meydana çıxmışdır. Millət ideyası cəmiyyətdə yaşayan fərdlərdən daha böyük idi; xülasə, dövləti mərkəzləşdirmək bir vəzifə olaraq qəbul edilirdi. Bu, fərdi mənafelərə deyil, Millətə qarşı mənəvi borcun yaranmasına səbəb oldu; bu, qanuna tabe olmaq məsələsini müzakirə edərkən, Sokratla Kriton arasında keçən dialoqlarda yer alan Platonun borc/vəzifə anlayışı ilə açıq şəkildə paraleldir. Borc anlayışı Platonun ədalət konsepsiyası ilə çox oxşardır. Kriton qanunun həmişə doğru olacağına və ona hər zaman əməl edilməli olduğuna dair fərziyyə ortaya çıxarır. Bu onu göstərir ki, hər iki cəmiyyətdə əhalinin ictimai vəzifəsi millətin yanında idi, millət üçün idi və millətin özü idi. Həmçinin Platon hesab edirdi ki, fərdi vəzifə/borc deyə bir şey yoxdur, daha çox, vəzifə dövlət olaraq əldə edilən bir şeydir; bu halda isə, millət olaraq. Sokrat Kritonda qeyd edirdi: “İnsan öz şəhərinin və ölkəsinin əmrlərinə tabe olmalı, yaxud onu ədalətin mahiyyətinə inandırmalıdır” (GRUBE, 1997, s. 45). Əlavə olaraq, Platonun “Respublika” və “Kriton” əsərlərindəki mövqeyi belədir ki, əxlaqi borcun yerinə yetirilməsi ədaləti təmin edə bilər. Odur ki, vəzifə Millətin fundamental qanunlarına tabe olmaq məqsədilə mənəvi borcu yerinə yetirməkdir. İstər nasist Almaniyası, istərsə də Sovet Rusiyası totalitar rejimlər olaraq millət və dövlət ideyasını mərkəzləşdirdi: bununla da fərdiyyətçilik kökündən kəsildi. Sovet Rusiyası İkinci Dünya Müharibəsindən sonra Şərqi Avropanın sovetləşməsi vasitəsilə Platonun vəzifə/borc anlayışını əks etdirirdi. Etnik təmizləmə nasistlərin Aryan irqinin (Ariçilik) vəzifəsini yerinə yetirmək üçün istifadə etdiyi metodologiya idi. Bu iki zülmkar rejim və üsul, cəmiyyətin beyninə ideologiyanın və Millətin mənafeyinin, fərdin qayğılarından daha üstün olduğunu aşılamağa çalışırdı. İstər-istəməz, Platonun vəzifə konsepsiyası alman və rus cəmiyyətlərinin əsas öhdəliyinin formalaşmasında avtokratik ideologiyalara təsir etmişdir.

Nəticədə, qeyd edilənlərə müvafiq olaraq, aydın şəkildə görünür ki, Platonun siyasi konsepsiyası 20-ci əsrin avtokratik quruluşlarından olan Nasist Almaniyası və Sovet Rusiyasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Slavoy Jijek hesab edir ki, ideologiyalar praktikada heç vaxt nəzəriyyədəki kimi olmayacaq. Platonun utopik cəmiyyət konsepsiyası avtokratik/avtoritar rejimlərə təsir edərək onların böyüməsinə və yüksəlməsinə yol açmışdır. Kifayət qədər ironikdir ki, tarix boyu ifrat ideologiyaların tətbiqi hər zaman uğursuz olmuşdur və bu səbəbdən müəlliflər Corc Oruell və Entoni Börcess tərəfindən təsvir edilmiş distopik bir dünya yaranmışdır. Nasizm və kommunizmin bəzi fərqli anlayışlar nümayiş etdirmiş olmasına baxmayaraq, Üçüncü Reyxdə və Sovet İttifaqında borc/vəzifə, ədalət və harmoniya anlayışları Platonun konsepsiyaları ilə paralellik təşkil etmişdir.

Müəllif: Danny Immanuel Candra

Tərcümə edən: Sübhan Rəsulzadə – ADA Universiteti, Hüquq Fakültəsi

[1]“Respublika” əsərinin III kitabı nəzərdə tutulur.

[2] Burada “Respublika” əsərindəki dövlət və cəmiyyət ilə Nasist Almaniyası arasındakı bənzərliklərə işarə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir