Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Platon və Aristotel: Siyasi dialoglar

Milladdan öncə 361-ci il. Sirakuza şəhəri. Platonun onu Sirakuz tiranının həbsindən xilas edən Afina gəmisində Aristotel ilə qarşılaşması

Aristotel – Sizi yenidən aramızda görmək çox xoş oldu, əziz müdrik. Başınıza gələnlər hər birimizi sarsıtdı. Lakin başa düşmədiyim bir şey vardır ki, o da niyə Sirakuz tiranının köməkçi vəzifəsindən imtina etdiyinizdir.

Platon – Eh, müdrik Aristo[1], yaxşı insanlar idarəetməni nə pul, nə də şərəf üçün öz əllərinə almazlar. Çünki pul almış olsalar, pul qarşılığında çalışan kölə olmaqdan qorxarlar. Şərəfə isə ehtiyacları yoxdur sadəcə. Onları mütləq zor və güc ilə hakimiyyətə gətirmək olar. Bu zor və güc də hər zaman özlərindən daha aşağı olanlar tərəfindən idarə edilməkdir. Buna görə, sırf özlərindən daha üstün birini tapmadıqları üçün idarəetməli olurlar[2].

Platon – (qısa səssizlikdən sonra davam edir) Filosoflar dövlətdə kral, yaxud da indiki krallar filosof olmadıqları, beləliklə bir insanda ağıl gücü ilə dövlət gücü birləşmədikcə, qəti qanunlar ilə hər kəsə yalnız özünün edəcəyi iş verilmədiyi müddətcə o dövlətin başı bəlalardan xilas olmaz.

Aristotel – Əziz müdrik, insan siyasi heyvandır nəticədə. Siz isə insanları qəti hökmlərə bağlamağı, onlara “insanlar olmalıdır“ deməyi seçirsiz. Mənə görə, eləcə “insanlar olduqları kimdir” demək daha doğrudur.

Platon – Müdrik Aristo, bəs sizin dediyiniz insanlar əslində necədirlər?! Dövlətlər belə insan fərdinin öz-özünə yetməməsindən və saysız təlabatlarının olmasından törəməyibmi?!.

Aristotel – Sizinlə razılaşmamaq olmaz, dəyərli müdrik, lakin mən düşünürəm ki, insanlarda təkcə bunlar yox, həm də cəmiyyət halında yaşamaq istəyi də vardır.

Platon –  Təbii ki, təbii ki, əziz Aristo. Bir dövlətdə birlik nə qədər çox olarsa, bu onun üçün bir o qədər yaxşı olacaqdır.

Aristotel – Mən elə düşünümürəm, mənə görə fərd ailədən, ailə isə dövlətdən daha çox birlikdir. Bu birlik ailə və fərd üçün çox yaxşı bir şeydir. Dövlət isə ailə deyildir. Onun təbiəti “çoxluq”-dur. O, fərqli keyfiyyətləri olan fərdlərdən, fərqli peşələri olan işçilərdən, fərqli siniflərdən meydana gəlir. Dövlət çox sayda insandan yox, fərqli insanlardan meydana gəlir. Bu dövlətdə isə ən yüksək dərəcədə birliyi istəmək, onu ortadan qaldırmaq deməkdir.

Platon – Bu qədər qəti qərar vermə, əziz Aristodeyəcəklərimə qulaq as. Düşünürəm ki, dövlət üçün əhəmiyyətli olan qoruyucular arasında mülkiyyət və ailə kimi məsələlər ziddiyyətlərə səbəb olacaq, birlik və həmrəyliyi aradan qaldıracaq. Ona görə də xüsusi mülkiyyət, qadınlar və uşaqlar qoruyucular arasında ümumi olsa daha yaxşı olardı.

Aristotel – Bu necə ola bilər anlamıram. Əgər bir şeyə ortaq olaraq sahib olanların sayı çoxlarsa, o şeyə duyulan maraq və məsuliyyət də o dərəcədə azalmış olur. İnsanlar özlərinin olan şeylər ortaq sahib olduqları şeylərdən daha çox diqqət ayırırlar. Həm də əgər insanlar kollektiv olarsa, aralarında qohumluq əlaqələri də mənasızlaşar ki, bu da insanları bir-birini öldürməkdən çəkindirən səbəbləri aradan qaldırmış olar. Həm də ki, əziz müdrik, qadınlar və uşaqlar ümumi olduğunda insanlar arasında sevgi hissi də azalmış olardı. Məncə insanları bir-birinə bağlayan və sevdirən iki əsas duyğu vardır “bu mənimdir” və “ mən bunu sevirəm”.

Platon – Ancaq bir də bu tərəfdən düşün, əziz Aristo, mənim ideal dövlətimdə hər kəsin bir oğlu vardır, lakin bu bir oğul heç kəsin oğlu yox, hamının oğludur.

Aristotel – Bir adamın hər kəs tərəfindən paylaşılan belə bir oğlu olmaqdansa, kimsə tərəfindən paylaşılmayan əmisi oğlu olması daha yaxşıdır.

Platon – Bəs o zaman sən nə məsləhət görürsən? Çoxluğun varlıları həlak edərək hakimiyyətə yiyələnmələri ilə yaranmış demokratiyanımı? Hansı ki, kənardan baxanlara necə də gözəl bir şey kimi görünə bilər. Allı güllü şeylərdən xoşları ələn uşaqlar və qadınlar kimi bir çoxları ən gözəl idarəetmənin bu oduğunu deyə bilərlər. Lakin, demokratiyanın başındakılar sərhədsiz azdlıqlarından sərxoş olanda, xalqın istədiyi azadlıqları verə bilməyəndə xalq onları oligarx deyə günahlandırır[3]. Həddən artıq azadlığın nəticəsi insanda da cəmiyyətdə də köləlikdən başqa bir şey ola bilməz.

Aristotel – Məncə demokratiya da o qədər də pis deyildir. Ola bilər ki, bir bütöv olaraq sadə insanlardan təşkil olunan çoxluq, yaxşı və fəzilətli insanlardan təşkil olunmuş azlıqdan daha yaxşı olsun. Çünki belə düşünün, hər kəsin kisəsindən verilən pulla hazırlanmış məclis, bir adamın kisəsindən hazırlanmış məclisdən daha boldur. Digər tərəfdən də insanların çoxluğunu idarəetmədən kənarda tutmaq onları dövlətə düşmən edə bilər. Ona görə sadə adamlara bəzi siyasi vəzifələr belə verilsə, pis olmazdı.

Aristotel – Lakin mən iddia etmirəm ki, demokratiya yaxşı rejimdir. Əksinə mən onun bir qədər pozulmuş forması olan politiyanı məsləhət görərdim. Hərçənd ki, o mənim ən yaxşı rejimlər siyahımda ən sonuncu yerdədir. Lakin aydın məsələdir ki, fəzilətli kral və alicənab aristokratlar Yunanıstan üçün yaddır. Elədirsə, qoy politiya olsun.

Platon – Lakin müdrik Aristo, sənin dediyin politiyada elə demokratiyadan hissələr yoxdurmu. Deyirsən ki, bu idarəetmədə idarə edənlər çoxluq, yəni xalq olacaqlar. Sizə yaxşı məlumdur ki, oligarxiyada insanların doyumsuz arzuları, demokratiyanı yaradır. Demokratiyada ən yüksək dəyərlərə çatmaq üçün çalışarkən batıb gedir. Birini tutub başa gətirmək, onu bəsləyib şişirtmək xalqın köhnə adəti deyilmi. İdrəetmənin ən ağır xəstəliyi olan tiranlıq![4] Hansı ki, mənim ideal quruluşumun tamamilə əksidir.

Aristotel – Əziz müdrik, mənim nəzərdə tutuduğum xalq, döyüş qabiliyyətinə malik olan insanlar toplusudur. Onlar ki, döyüş üçün lazım olan piyada yarağını və silahını alacaq var dövlətə sahibdirlər.

Platon – Əziz müdrik, indi də sənin dediyin politiya dönüb oldu oligarxiya. Sən deyirsən ki, “Maddi olaraq təmin olunmuş insanlara ləyaqətlərinə görə vəzifələr verilsin”[5]. Oligarxiya olan dövlət isə istər istəməz öz bütövlüyünü itirmiş olur. Bir tərəfədə yoxsullar, bir tərəfdə də varlılar olar. Onlar da bir-birini didişdirməklə məşğul olar. Bu cür idarə edənlər müharibədən qorxarlar, xalqı silahlandırmazlar, çünki düşməndən daha təhlükəli olanlar onlardır. Silahlandırmaslar da döyüşdə bir ovuc qalıb məhv olarlar. Həm də o qədər xəsisdirlər ki, heç müharibəyə də getməzlər. Elə demokratiya da bundan meydana gəlmiş, lakin əks tərəfdə yer alan bir şeydir[6].

Aristotel – Sizinlə razıyam, oligarxiyada idarə edənlər bərabərliyin sərvətdən yola çıxaraq müəyyən olunmasını, bununla da yalnız sərvəti olanların idarə etməsini istəyirlər, demoktaratiyada isə çoxluq öz azadlıqlarından yola çıxaraq bərabərlik istəyirlər. Bu azadlıqlarından dolayı da hər kəsin bərabər şəkildə idarə etməli olduğunu qeyd edirlər. Lakin məlumdur ki, siyasi haqların çıxış nöqtəsi mənə görə nə azadlıq, nə də sərvətdir. Ayrıca da, bir yerdə bərabər olmaq hər şeydə bərabər olmaq demək deyildir. Mən eynilə belə demişəm, çünki daha aşağıdan olan insanlar yuxarı vəzifələrə gəlmiş olsalar fəzilətlərinin daha aşağı olmasından dolayı cinayət törəcədək, aşağı keyfiyyətlərə malik olduqlarına görə də səhvlər edəcəklər.

Aristotel – Dəyərli müdrik, mən də sizin fikrinizlə o yerdə razılaşıram ki, dövləti fəzilətli və ləyaqətli insanlar idarə etməlidir. Bilirsiniz ki, mənim üçün azadlıqdansa müdriklik, bərabərlikdənsə ləyaqət daha böyük dəyərə malikdir. Cəmiyyət də azadlığı reallaşdırmaqdansa inkişafı, doğruya yönəlməyi əsas qəbul edir. Ona görə ləyaqətli insanların idarə etməsi daha məqsədə uyğundur. Hətta ləyaqətli kral olsa və dövləti idarə etsə necə də gözəl olardı. Lakin heyf ki, Yunanıstanda belə kral yoxdur. Qoy o zaman hardasa bir yerdə olan üstün cəmiyyət yaratmağa təbiətən bacarıqlı olan xalqları bu cür monarx idarə etsin. Lap belə kralları olmasa da ləyaqətli insanlar tərəfindən idarə olunmağa razı olan xalqları aristokratlar idarə etsin[7].

Platon –(təəssüflə geriyə Sirakuza baxaraq) Əziz müdrik, o da gerçəkdir ki, hakimiyyətdə olanın maraqlarına uyğun olan şeylər ədalətli və gerçək olanlardır. Güclü olanlar taxtda oturduqları zaman onların mənafelərinə uyğun olan şeylər ədalətlidir. Sizin qeyd etdiyiniz aristokratiya hirsli insanın idarə etdiyi, mal mülkün sayına münasib olaraq haqqların alınmış olduğu forma olan timokratiyanı doğrumurmu bəs? Hansı ki, oda nəticədə oligarxiyaya çevrilir..

Aristotel – Mənim yekun sözüm odur ki, dəyərli müdrik, cəmiyyətə daha çox fayda verən fəzilətli insanlar onlarla eyni və ya daha üstün olan azadlıqlara malik, lakin daha aşağı siyasi fəzilətlərə sahib olan və ya sərvət baxımından özlərindən daha üstün olan, lakin fəzilət baxımından daha aşağı olanlardan idarəetmədə daha çox pay almaq haqqına sahibdirlər[8].

Aristoteles –(üzünü Afinaya sarı çevirərək) İqtidarın qaynağı onun məqsədi ilə haqq qazandırıla bilər. Kim bu məqsədə daha çox əməl edəcəksə, iqtidar onundur. Həm də düşünürəm ki, əziz müdrik, sizin “Qanunlar” dialoglarınızda demək istədiyiniz, lakin demədiyiniz şey elə tiranlığın özüdür. Çünki qanun yaradanla birlikdə fəaliyyət göstərən fəzilətli və ədalətli krallardan və onların oğullarından danışırdız[9].

İstifadə olunmuş ədəbiyyat

  1. Aristotel, “Politika”, (tr. M. Tuncay), İstanbul, 2014.
  2. Arslan, Ahmet. “İlkçağ felsefe tarihi”, III cild, Aristoteles, İstanbul, 2007.
  3. Arslan, Ahmet. “İlkçağ felsefe tarihi”, II cild, Sofistlerden Platona, İstanbul, 2006.
  4. Bouthoul, Gaston. “Politika sanatı”, (tr. S . Eyüboğlu, V. Günyol), İstanbul, 1976.
  5. Platon, “Dövlət”, (tr. C. Saracoğlu) İstanbul, 2005.
  6. Platon, “Yasalar”, (tr. C. Şentuna), İstanbul 1998.
  7. Strauss, Leo. “Platonun politik felsefesi”, I və II cild,(tr. Ö. Orhan), İstanbul, 2019

Müəllif: Araz Əliyev

[1] Platon öz fəlsəfi məktəbi olan “Akademiya”-da ən yaxşı tələbəsi olan Aristotelə müraciət forması.

[2] Gaston Bouthoul, “Politika sanatı”, səh 26.

[3] Platon, “Dövlət”, səh 244.

[4] Platon, “Dövlət”, səh 249.

[5] Arslan, Ahmet. “İlkçağ felsefe tarihi”, III cild, Aristoteles, səh 277-300.

[6] Platon, “Dövlət”, səh 232.

[7] Aristotel, “Politika”, III kitab, 17 bölüm.

[8] Aristotel, “Politika”, III kitab, 9 bölüm.

[9] Platon, “Qanunlar”, 709e.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.