Şənbə, Aprel 20, 2024

HUMANİTAR

Ortaqlıq demokratiyası – Ronald Dvorkin

Ədalət prinsipinə siyasi fəzilət kimi yanaşan Dvorkin demokratiyaya da hüquq nəzəriyyəsində önəmli yer verir. Demokratiyadan söz açarkən ona xalqın xalq tərəfindən və xalq üçün idarə edilməsi tərifini verir. Daha sonra əlavə edir ki, xalqın özünü idarə etməsi tam mənasıyla reallıq qazana bilməz. Bir qərarda əleyhinə səslər verilmişsə və qərara alınmış məsələ ilə bağlı razı olmayan şəxslər varsa, deməli bu tərif tam mənada həyata keçirilmiş hesab edilə bilməz. Həmin narazı və əks mövqedə dayanan şəxslər yanlış olduğunu düşündüyü istiqamətdə getməyə, qərarın tələblərinə uyğunlaşmağa məcbur edilirlər. Demək ki, xalqın özünü idarə etməsi anlayışına müəyyən qədər reallıq qazandırmaq üçün fərqli bir konstitusiya inşa edilməlidir. (Konstutsiya və onun təfsirinə fəlsəfi yanaşmaq, yeni konstitusiya inşası ilə bağlı növbəti məqalələrdə danışacağıq)

Tarix boyu demokratiyanın həqiqətdə nə olduğu sualından yaranan fəlsəfi müzakirələrdən demokratiya ilə bağlı olaraq iki nəzəriyyə ortaya çıxmışdır. Bu iki cür demokratiyaya Dvorkin müvafiq olaraq belə ad vermişdir:

  1. Çoxluq demokratiyası
  2. Ortaqlıq demokratiyası

Çoxluğun demokratiyasından danışarkən o, bildirir ki, çoxluğun demokratiyası demokratiyadan danışılarkən ilk ağlımıza gələn anlayışdır və bu anlayış özlüyündə “xalq özünü hansı formada idarə etməlidir” sualına “xalqın çoxluq təşkil hissəsi xalqın idarəçiliyini həyata keçirməlidir” cavabı verən anlayışdır. Başqa cür desək, “azlıq çoxluğa tabedir”. Burada azlıqda olan qrupa müəyyən haqlar verilə bilər, lakin bu haqq vermə müəyyən mənada bir lütfdür. Çoxluğun demokratiyasında siyasi qərarların hüquqi təbiətinə baxdıqda görə bilirik ki, qərarların ədalətliliyi ikinci planda qalır, qərarların qəbuledilənlik şərti olaraq çoxluğun iradəsi əsas rol oynayır.

Ortaqlıq demokratiyasında isə xalqın özünü idarə etməsi məsələsini bir futbol komandasındakı və ya bir orkestrdakı münasibətə bənzətməkdədir. Necə ki, bir futbol komandasında və ya orkestrdakı insanlar sadəcə şəxsi mənfəətləri üçün deyil, həm də komandanın ümumi mənfəəti üçün çalışırlarsa, eləcə də ortaqlıq demokratiyasında da idarəçilər toplumun bütün bir kəsiminə xitab edən və hamının yararını güdən qərarlar verməlidirlər. İrq və etnik qrupları, cinsi oriyentasiyaları, inancları, siyasi görüşləri nə olursa olsun, bütün vətəndaşların mənafeyinə uyğun şəkildə, heç bir azlıq təcrid edilmədən bütün fərdlər siyasi qərarların qəbul edilməsində subyekt olaraq çıxış edir. Bu zaman hər bir vətəndaşa bərabər fürsətlər və bərabər şərait yaradılır, statusları bərabərləşdirilir və onların arzu və istəkləri ehtiyacları bərabər dərəcədə əhəmiyyətli olur.

Ronald Dvorkin öz demokratiya anlayışını ilk olaraq çoxluğun demokratiyası anlayışını tənqid edərək açıqlayır. Bir çox insanın demokratiya anlayışı barəsində düşünərkən ağlına ilk olaraq çoxluğun idarəçiliyi, başqa cür desək üstünlüyü gəlir. Çoxluğun demokratiyası anlayışının sadəcə səs verənlərin sayılmasından ibarət olmadığını, siyasi qurumların mümkün qədər toplum tərəfindən alınan qərarları verməsini, mümkün olduğu qədər çox sayda insanın iradə ifadəsini təşkil etməsini hədəflədiyini bildirən Dvorkin, burada xalqların sahib olduğu “yerləşmiş düşüncə və inanc qəlibləri” (settled conviction) anlayışını xüsusi vurğulayır. Bu xalqın sahib olduğu bütün inanc, mənəvi dəyərlər hesab edilə bilər. Belə ki, çoxluğun demokratiyasında müəyyən xalq kəsimləri, konkret etnik qrup və ya irqdən olanların ikinci dərəcəli vətəndaş halına salacaq, onların xüsusi vəzifələrə seçilməsini, təyin edilməsini qadağan edəcək qanunlar qəbul ediləcək olmasa belə, çoxluğun sahib olduğu yerləşmiş düşüncə və inanc qəlibləri əsasında bir tələbi varsa, məsələn rəsmi bir dinin qəbul edilməsi tələbi varsa, o tələb qəbul edilə bilər. Qərar vermə prosesində hər kəsin bərabər iştirakı təmin edilməsi şərtiylə verilən ümumqərar rəsmi dinin qəbul edilməsi şəklindədirsə, rəsmi din qəbul ediləcəkdir. Bu məhz çoxluğun demokratiyasında mümkündür. Nə qədər ədalətsiz bir qərar kimi görünsə də, belə bir qərar çoxluq demokratiyasında demokratik bir qərardır

Çoxluğun demokratiyasında ədalətlilik, etiklik və dəyərlər prinsiplərinin ikinci plana düşməsini təməl problem kimi görən Dvorkin bir qayıq misalı çəkərək problemin mahiyyətini izah edir: Bir qayıq düşünün, üzərində çox sayda insan var və bu səbəbdən qayıq batmaq üzrədir. Qayığın və insanların xilas olması üçün bir nəfər qayıqdan özünü atmalıdır. Bu zaman qayıqdan atılacaq olan necə seçə bilərik ki, bu ədalətli olsun? Bu durumda ən pis seçim səsvermə üsulu olacaqdır, çünki səsvermədə ən az məşhur olan şəxsin uduzacağı məlumdur. Bu şəxs azınlıqda olan irq və ya din mənsubu olan və ya qayıqda heç bir dostu olmayan bir şəxs ola bilər. O heç bir şəxs tərəfindən sevilmədiyi üçün qayıqdan atılaraq qurban ediləcəkdir. Bəs bu nə dərəcədə ədalətli qərardır? Bu durumda verilə biləcək ən ədalətli qərar məhz təsadüfən, püşk atılaraq seçilməsi olacaqdır.

Ortaqlıq demokratiyası ümumqərarlar baxımından daha fərqli xüsusiyyətə sahibdir. Bu fərqi izah etmək üçün Dvorkin belə bir sual verir: İnsanların aralarında olan anlaşmazlıqlar olsa belə hər hansı bir ortaqlıqda olduğu kimi bir-birlərinin mənfəətlərini nəzərə alacaq şəkildə qərar almalarına vəsilə olan şərtlər nələrdir?

Dvorkinə görə ortaqlıq demokratiyasının formalaşdırılması üçün 3 şərt gərəklidir:

  1. İlk olaraq vətəndaşlar siyasi qərarlar üzərində bərabər söz haqqına sahib olmalıdırlar. Bu vətəndaşların bərabər səs haqqına sahib olmasından əlavə olaraq, heç bir vətəndaşın sırf düşüncələri xoşagəlməz, bəzi qrupların maraqlarına əks olduğu üçün mediaya və siyasi prosessual hərəkətlərə əlçatımlılığına maneə yaradıla bilinməzliyini ifadə edir.
  1. Növbəti şərt olaraq bərabər qayğıdır. Hər kəsin taleyi ortaq şəkildə bütün qərarlarda prioritet olmalıdır. Bu qərarlarda sadəcə çoxluğun mənfəəti yox, hamının mənfəəti qorunmalıdır, çünki hər kəsin həyatı eyni dərəcədə önəmli olmalıdır.
  1. Sonuncu şərt isə ondan ibarətdir ki, fərdlərin şərəf və ləyaqətini qorumaq məqsədilə, sadəcə özlərinin qərar verməsi gərək məsələlərdə çoxluq tərəfindən qərar verilməsinə yol verməmək lazımdır. Siyasi qərarlar ancaq fərdlərin şərəf və ləyaqətinə xələl gətirmədən ortaq verilməlidir.

Etibar Qara

Mənbələr

Ronald Dworkin,  Justice for Hedgehogs (Cambridge, Massachusetts: Harvard University Pres, 2011).

Ronald Dworkin, “Introduction: The Moral Reading and the Majoritarian Premise”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir