Çərşənbə axşamı, Sentyabr 27, 2022

BLOG, FƏLSƏFƏ

“Onlar əziyyət çəkə bilərmi?”: Benthamın heyvanlar qarşısındakı məsuliyyətlərimizlə bağlı fikirləri – Daniel Veltman

Bir çox insan heyvanlara zərər verir. Onları yemək və idman üçün ovlayır, siçan və köstəbək kimi heyvanları zəhərləyib öldürürlər. Elm adamları təcrübələr üçün heyvanları zədələyir və yoluxdururlar. Həmçinin fabrik fermalarında heyvanları bəsləyərək onların ömürlük əziyyət çəkməsinə səbəb olurlar.[1]
İngilis filosofu Jeremy Bentham (1748-1832), ağrıya səbəb olanda heyvanlara bizim insanlarla rəftar etdiyimizdən daha pis davranmağın heç bir əsası olmadığını müdafiə edir. Beləliklə, o, heyvanların əzabının mənəvi əhəmiyyətini görməzliyə vurmaq və ya onları əsaslandırmağa çalışmaq cəhdini rədd edir. Bu yazıda Benthamın arqumentini araşdıracağıq.

1. Heyvanlarla İnsan Əzabları

Bentham iddia edir ki, heyvanlara ağrı verməyə haqq qazandırmaq insanlardakı əzablara haqq qazandırmaqdan asan deyil. İnsanlara əzab çəkdirməyin, heyvanlara ağrı verməkdən daha pis olduğuna dair bir səbəb düşünməyə çalışdığınız zaman, “heç bir səbəb tapmaq mümkün deyil” [2], yəni heç bir əsaslı səbəb göstərilə bilməyəcəyini iddia edir. Bu mövzu açılanda göstərilən səbəblərdən biri də insanların heyvanlardan daha rasional olmasıdır. Digər səbəb odur ki, insanlarda dil var, heyvanlarda isə yoxdur. Bentham əks nümunələr təqdim edərək cavablar təklif edir: “Yetkin at və ya it gündəlik, həftəlik və hətta bir aylıq körpə ilə müqayisədə müqayisə olunmayacaq dərəcədə daha rasional və daha danışan/dilli heyvandır”.

Bununla belə, Bentham iddia edir ki, əgər “ağrı” söz mövzusu olarsa, həm rasionallıq, həm də dilin əhəmiyyəti yoxdur. “Fərz edək ki, vəziyyət əksinədir” o, bizdən yeni doğulmuş insan körpələrinin yetkin atlardan və ya itlərdən daha ağıllı olduğunu düşünməyimizi xahiş edir. Belə olsa belə, bunun əzablara haqq qazandırmaqla heç bir əlaqəsi olmazdı; çünki kiməsə (insan və ya qeyri) ağrı vermənin əxlaqi cəhətdən məqbul olub-olmadığını soruşduqda soruşulmalı olan sual budur: “Onlar düşünə bilərmi? və ya “Onlar danışa bilərmi?” deyil, “Onlar əziyyət çəkə bilərmi?” olmalıdır.

Benthama görə, növlər arasındakı fərq (dəri rəngindəki fərq kimi) əxlaqi fərqliliyə haqq qazandıra bilməz. Əhəmiyyətli olan odur ki, fərd əziyyət çəkə bilər, ya yox. Onun da ifadə etdiyi kimi; “Fransızlar kəşf etdilər ki, insanın dərisinin qara olması onu işgəncə verənlərin şıltaqlığı qarşısında aciz buraxmağa səbəb ola bilməz.” Eyni şey insanlarla heyvanlar arasındakı digər fərqlərə də aiddir, məsələn, “neçə ayağı var?” fərqi kimi. Benthamın məşhur ifadəsində ayaqların sayının və növlər arasındakı digər fərqlər heç bir əxlaqi əhəmiyyət kəsb etmir.

Bunu rədd etmək “növçülüyü” müdafiə etməkdir: insan növünün bir üzvü olmağın başqa növün nümayəndəsinə necə münasibət göstərəcəyimizi müəyyən etdiyi görüş.[3] Lakin Benthamın dəri rəngi arqumentindən də göründüyü kimi, bir insanın başqa növə qarşı qərəzli olması, bir insanın digər irqə qarşı qərəzli olmasından daha məqbul deyil.
Növçülük irqçilikdən yaxşı olmaya bilər.

2. Utilitarizm

Benthamın əzab haqqında fikirləri onun əxlaq nəzəriyyəsindən, Utilitarizmdən qaynaqlanır. Benthamın fəlsəfəsi, həzzin yeganə “yaxşı”, ağrının isə yeganə “pis” olduğunu iddia edən, hedonist utilitarizm olaraq da bilinən bir utilitarizm formasını əhatə edir. [4] Bentham kimi utilitaristlərin fikrincə, bütün canlılar üçün ağrıdan çox həzzin üstünlük təşkil etdiyi balansla nəticələnən hərəkətləri seçməliyik. Bentham üçün ağrıya səbəb olmaq özlüyündə pisdir. Əzab o zaman məqbuldur ki, daha böyük həzz onun yaratdığı ağrıdan üstün olsun. Məsələn; Əgər diş ağrınızı sağaldacaqsa, diş həkiminin tibbi təcrübə zamanı ağrıya səbəb olması yaxşı ola bilər. Benthamın fikrincə, qurbanın nə qədər ağıllı və ya danışıq/dilli olmasından asılı olmayaraq, lazımsız əzab vermək pisdir. İt, at və insan; bunların hamısı əzab çəkə bilər: məhz buna görə də Benthamın utilitarizminə görə, itin və ya atın ağrısı insanın ağrısı qədər vacibdir (mənəvi cəhətdən).

Benthamın utilitarizmi onun dövründə də indiki kimi radikal idi. Bu əxlaqi nəzəriyyə İngiltərədə qadınların kişilərlə bərabər statusa malik olmadığı və irqə əsaslanan köləliyin qanuni olduğu bir vaxtda onu köləliyə və cinsiyyətçiliyə qarşı çıxmağa vadar etdi. [5] Məsələn, o dövrdə evli qadınların mülkü əsasən ərlərinə məxsus idi. Bu, “həzz yaxşıdır” və “ağrı pisdir” kimi kifayət qədər sadə müqəddimələrdən başlayan əxlaq nəzəriyyəsinin həm keçmişdə, həm də indiki dövrdə çoxlarına radikal görünən nəticələrə gətirib çıxara biləcəyini göstərir.

3. Tənqidlər

Benthama qarşı qaldırıla biləcək etirazlardan biri, əxlaqın düzgün izahının utilitarizm olmadığını söyləmək olardı. Bəlkə də əxlaq həzz və ağrı ilə bağlı deyil, başqa bir şeylə bağlıdır: təhlükəsiz qala bilmək üçün başqa insanlarla bağladığımız müqavilələr/sazişlərlə. Ola bilsin ki, heyvanlar bu müqavilədən kənarlaşdırılıb və buna görə də biz onlarla istədiyimiz kimi davrana bilərik. Bu baxış müqaviləçilik (contractarianism) kimi tanınır.[6] (Əxlaqı utilitar deyil, müqavilə çərçivəsindən izah edən yanaşmaların daha ağlabatan ola biləcəyi tənqidi ifadə edilir). Lakin, Benthamın qeyd etdiyi kimi, insan körpələri heyvanlardan daha yaxşı deyil. İnsan körpələrinə istədiyimiz kimi davrana bilməyəcəyimizi düşünmürük, ona görə də əxlaqın qarşılıqlı razılaşmaya əsaslandığı bu yanaşma yanlış ola bilər. Başqa bir etiraz, Benthamı kifayət qədər uzağa getmədiyi üçün tənqid etməkdir. Bentham heyvanlara ağrı vermənin düzgün olmadığını düşünürdü, lakin yemək üçün onları ağrısız şəkildə öldürmək yaxşı idi, çünki biz artıq “üstün”ük və onlar bizdən heç də pis deyillər. Mübahisə etmək olar ki, ölümün özü, hətta ağrısız olsa da, heyvanların gələcək həzzlərinin qarşısını alır (yəni onları yeməkdən aldığımız həzzdən daha çox həzzin yaranmasından). Deməli, şikayətçi bildirir ki, Bentham təkcə onlara əzab verilməsinə qarşı çıxmamalı, həm də heyvanlarınnöldürülməsinə qarşı olmalıdır.

4. Nəticə

Bir çox filosoflar (utilitarist olsun və ya olmasın) Benthamla razılaşırlar ki, əzab çəkə bilən hər hansı bir məxluq əxlaqi diqqətə layiqdir. [7] Əgər Bentham haqlıdırsa, indiki təcrübələrimizin çoxu mənəvi cəhətdən yanlışdır. Benthamın arqumenti bizə meydan oxuyur. Ya biz Benthamın gəldiyi nəticəni qəbul edirik ki, bununla da bizə deyir ki, əzab çəkə bilən hər kəs bərabər diqqətə layiqdir; ya da heyvanlara bəzi hallarda ağrı vermənin nə üçün doğru olduğunu, lakin bunun insanlara qarşı edilməsinin nə üçün düzgün olmadığını və bütün insanlarla bütün heyvanlar arasında fərq olduğunu izah edən səbəblər nə olursa olsun onları müəyyən etməliyik. Amma bu fərqi tapmaq o qədər də asan deyil.

  • Heyvanların bu cür istifadəsinə daha yaxından nəzər salmaq üçün Humane Society International’ın “Trophy Hunting,” “About Animal Testing” və “Factory Farming” ilə Humane League’in “Factory Farming: What it is and Why it’s a Problem”dən istifadə edə bilərsiniz.
  • Jeremy Bentham’s An Introduction to the Principles of Morals and Legislation Chapter XVII §1.IV,
  • See Dan Lowe’s
  • See Shane Gronholz’s Consequentialism and Utilitarianism and Dale Miller’s John Stuart Mill on the Good Life: Higher-Quality
  • See Dan Lowe’s Aristotle’s Defense of
  • See David Antonini’s Social Contract Theory and my “Nasty, Brutish, and Short”: Thomas Hobbes on Life in the State of Nature.
  • İnsan olmayan heyvanların utilitarist müdafiəsi üçün Peter Singerin “Praktiki Etika”sına baxın. İnsan olmayan heyvanların görkəmli qeyri-utilitar müdafiəsi üçün Christine Korsgaardın “Fellow Creatures” və Tom Reganın “Empty Cages”inə baxın.

References

Jeremy Bentham. An Introduction to the Principles of Morals and Legislation (Clarendon Press, 1823)
Christine Korsgaard. Fellow Creatures: Our Obligations to the Other Animals (Oxford University Press, 2018)
Tom Regan. Empty Cages: Facing the Challenge of Animal Rights (Rowman & Littlefield, 2004)

Peter Singer. Practical Ethics: Third Edition (Cambridge University Press, 2011)
Humane League. “Factory Farming: What it is and Why it’s a Problem” Humane Society International. “Trophy Hunting”
Humane Society International. “About Animal Testing” Humane Society International. “Factory Farming”

Tərcümə: Kamran Kərimli

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.