Cümə axşamı, İyul 07, 2022

BLOG

Nitsşe və Aristokratiya

Üstinsana gedən yol aristokratiyadan keçir. Demokratiya gec olmamış, aradan götürülməlidir. Burada ilk addım; ali insanlar əsas məsələ olduqda, xristianlığı ortadan qaldırmadır. İsanın qələbəsi demokratiyanın başlanğıcı idi. İlk xristian, bütün müxtəlifliklərə qarşı ta ki, ən dərindəki instinktləri ilə üsyankar idi. Bərabər haqlar üçün yorulmadan çarpışıb – vuruşdu. Döv-rümüzdə yaşasaydı, yəqin ki, Sibirə sürgün edilmişdi.

“Aranızda ən böyük olan uşağınız olsun” – Bu, bütün siyasi kamilliyin, düşüncə sağlamlığının əksinə çevirilişdir. İnsan “İncil”i oxuduqda, sanki, bir rus romanı havasını hiss edirmiş kimi olur. “İncil”lər Dostoyevskidən oğurlanmışa bənzəyir. Ancaq zəif kimsələrdə bu kimi qavramlar kök sala bilərdi və bu ancaq xaqanlıqları pozulmuş, hökm etməyi itirən bir dövrdə reallaşa bilərdi. Avropanın xristianlıq tərəfindən fəth edilməsi keçmiş aristokratiyanı sonlandırdı… Katoliklik Renessans(İntibah)ın aristokratik və əxlaqa hayqırtı olan mədəniyyəti ilə yumşalarkən, reformasiya musəvi (yəhudi) nizam-imtizamının canlanmasıyla onu əzdi. Protestanlıq və pivə, alman düşüncəsini kirlətmişdi. Hazırda Vaqner operasını da əlavə edək. Almaniyanın Napoleonu məğlub edərkən mədəniyyətə qarşı etdiyi pislik, Lüterin kilsəni yenməsi həcmində olmuşdu. O gündən sonra Almaniya Göte, Şopenhauer və Bethovenlərini bir kənarda buraxıb vətəndaşlara söykənməyə başladı. Təəssüflər olsun ki, bu alman fəlsəfəsinin sonudur. Bununla belə, almanlarda yaranışdan gəlmə bir ciddilik, bir dərinlik vardır. Məhz bu da, hər şeyə rəğmən Avropanı qurtaracaqları ümidi verir insana. Almaniya fransız və ingilislərdən də daha çox kişilik fəzilətlərinə sahibdir. Əzm, səbr və çalışqanlıqları vardır. Bu da ona görədir ki, intellektualları, elm adamları və hərbi nizam-intizamı ön sırada dayanmaqdadır. Bütün Avropanın alman ordusundan çəkindiyini görmək xoş bir şeydir. Almanlar təşkilati gücü, hərbi sursat və insan baxımından, Rusiyanın reallaşması gözlənilən qaynaqlarıyla əməkdaşlıq edərsə, onda böyük siyasət çağının şahidi ola bilərik. Alman və slavyan soyları qarışaraq inkişaf etməlidir. Eyni zamanda, dünyanın hakimi ola bilməyimiz üçün bizə usta maliyyəçilər və yəhudilər də lazımdır. İstisnasız olaraq, Rusiya ilə birləşməliyik. Yoxsa, mühasirəyə alınmış vəziyyətdə məhv ola bilərik. Almaniyanın qüsurlu yanı var ki, o da düşüncəsinin bir qədər laqeyd olmasıdır. Ki, bu da xarakterin laqeydliyini meydana gətirir. Fransızları, Avropada bütün millətlər arasında ən şəffaf millət edən o uzun mədəniyyət ənənəsi almanlarda yoxdur. Təkcə fransız mədəniyyətinə inanıram və Avropada özünə “mədəniyyət” deyilən hər şeyə səhv anlayış olaraq yanaşıram. İnsan Monten (Montaigne), La Roşfuko (La Rocefoufauld), Vovenarq (Vauvenarguess), Şamfortu (Chamfort) oxuduqca, digər millətin yazarlarından çox, antik dövrə yaxın duyur özünü; Volter böyük bir düşüncə ağasıdır… Daha sonra fransız yazıçılar: Flober (Flaubert), Burge (Bourget), Anatol Frans (Anatole France) və b. düşüncə və dil açıqlığı baxımından digər Avropalılardan çox üstündürlər. Bu fransızlarda nə böyük şəffaflıq və incə bir dəqiqlik var. Avropanın dad, zövq və əxlaqındakı yüksəklik Fransanın əsəridir. Amma keçmiş Fransanın. XVI və XVII əsrlərin əsəri olan inqilab aristokratiyanı yıxaraq mədəniyyətin vasitəçi rəhbərini məhv etmişdir. Hazırki Fransanın ruhu keçmişdəkinin yanında çox cılız və solğun qalmaqdadır. Bununla belə, yenə də bəzi incəliklər sezilməkdədir. Fransada çox vaxt psixoloji və incəsənət problemləri Almaniyadakından daha çox incələnərək gözdən keçirilir. Almaniya dünya siyasətində böyük bir güc olaraq meydana çıxdıqda, Fransa mədəniyyət aləmində yenidən önəm qazandı. Rusiya – Avropanın sarışın heyvanı. Xalqı inadkar şəkildə teleyə boyun əyməkdədir. Hansı ki, bu, onları günümüzdə biz qərblilərdən üstün edir. Rusiyada parlament sərsəmliyi olmayan güclü bir hökumət var.

Tələbetmə gücü uzun müddətdir formalaşmaqdadır. İndi də açığa çıxmaq üçün təhdidlər davam edir. Əgər Rusiya Avropanın hakimi olarsa, heç təəccüblənməməli. Könlündə Avropanın gələcəyini quran bir filosof, gələcəklə bağlı bütün fikirlərində güc sahiblərinin böyük oyunu və döyüşündə ən güvənli və ən yaxşı namizəd olaraq yəhudiləri və rusları hesaba almalıdır. Amma italyanlar hər baxımdan hazırki millətlər içərisində ən yaxşı və güclüsüdür. Ən alçaq italyanda belə, kişiyana bir davranış, aristokratik bir qürur var. Yoxsul bir venesiyalı qandolçu, berlinli bir millət vəkilindən daima daha yaxşı bir fiqurdur. Əslinə qalsa, hətta daha yaxşı insandır. İngilislər hamısından betərdir. Demokratik xülyalarla fransızların düşüncəsini pozan onlar olmuşdur. Baqqallar, ingilislər və başqa demokratlar hamısı eyni səviyyədədir. İngilis fayda düşkünlüyü Avropa mədəniyyətinin ən aşağı qatıdır. Bir-birini boğazlayan rəqiblərin ölkəsində, insan həyatı sırf var olmaq üçün bir mücadilə olaraq qavranıla bilər. Aristokratiyadan üstün olacaq sayda ticarətçi ilə gəmiçilərin çoxaldığı bir ölkədə, sadəcə demokratiya istehsal edilə bilər. İngiltərənin müasir dünyaya etdiyi ərməğan, yunan ərməğanı budur. Avropanı İngiltərədən, İngiltərəni də demokratiyadan kim xilas edəcək?!

Demokratiya süründürülmək deməkdir. Dilədiyini etsin deyə, bir orqanizmin hansısa bir hissəsinə verilən icazə deməkdir. Uyğunluq və bir-birinə dözümlülüyün yoxluğu, azadlıq və xaosun taxta çıxarılması. Bayağılığa sitayiş, mükəmməlliyə nifrət etməkdir. Böyük insanların çarəsizliyidir demokratiya. Böyük insanlar seçimin alçaqlığına, bayağılığına necə boyun əyə bilər? Onlara fürsət verilər mi? Xalq hər cür əngələ düşməndır. İnamsız insan azad ruha və normal partiya üzvü olmayan adama nifrət edər; itlərin canavarlara nifrəti kimi. Belə bir torpaqda fövqəlinsan necə yetişə bilər?  Ən böyük insanlarından yararlanmayan, onları dəstəkləməyən, bəlkə də, tanımayan bir millət necə böyük ola bilər? Belə bir cəmiyyət, xarakterini itirər. Örnək almaq uzununa deyil, eninədir. Xoşbəxt adam ideal və örnək olar, üstinsan deyil. Hamı bir-birinə bənzəyər. Cinsiyyətlər belə yaxınlaşar bir-birinə. Kişilər qadınlaşar, qadınlar kişiləşər. Bu baxımdan qadın haqları, demokratiya xristianlığın təməlində vardır.

Kişidən bir şey qalmayıb, buna görə də qadınlar özlərini kişiləşdirməyə çalışır. Sadəcə kifayət qədər kişi olan, qadındakı qadınlığı xilas edə bilər. Azadlıq qazanmış qadını İbsen tipik “evdə qalmış qız” surəti olaraq yaratmışdı. Qadın kişinin qabırğasındanmı yaradılıb? “Qabırğalarımın möhtəşəm yoxsulluğu” – deyə, qeyd edir kişi. Qadın hüquq əldə edərək gücünü də, etibarını da itirmişdir.  Burbonlar sülaləsi dönəmindəki qadınların mövqeyi necə idi, indi necə? Kişiylə qadın arasındakı bərabərsizlik mümkünsüzdür. Çünki aralarındakı “müharibə” nəticəsizdir. Zəfərsiz sülh olmaz. Sülh, sadəcə, aralarındakı birinin digərinə qalib gəlməsilə reallaşa bilər. Qadınla bərabərliyə cəhd etmək təhlükəlidir. Bərabərliyi xoşlamaz o. Kişi həqiqətən kişidirsə, qadın ona tabe olmaqdan həzz alar. Mükəmməllik və xoşbəxtliyi hər şeydən əvvəl ana olmağındadır. Qadında hər şey müəmmadır və qadındakı hər şeyin də tək bir qarşılığı var: Uşaq dünyaya gətirmək! Kişi, qadın üçün sadəcə bir vasitədir. Nəticə həmişə uşaqdır. Yaxşı, bəs qadın kişi üçün nədir? Təhlükəli bir oyun! Kişi döyüş üçün yetişdirilməli, qadın da döyüşçünün əyləncəsi olmalı. Qalanı axmaqlıqdır. Bununla belə, mükəmməl bir qadın mükəmməl bir kişiyə nisbətdə daha yüksək insanlıq növüdür.  Eyni zamanda, nadir rast gəlinən… İnsan qadınlara nə qədər zərif davransa, yenə də az olar.

Nigahdakı həyəcanın bir qismi qadını tamamlayır, kişini isə sərhədləyir…  Kişi, qadını tovlayarkən ona bütün dünyanı verməyi təklif edər. Evlənincə də verər. Uşaq olar-olmaz kişinin söz verdiyi “dünya” unudular . Sevgidə “başqasını düşünmək” ailə qurduqda məncillik (eqoistlik) vəziyyətinə çevrilər. Açıqsözlülük və yenilik subaylığın lüksüdür. Ən yüksək fəlsəfi düşüncə çevrəsində bütün evli adamlardan şübhəçi olmaq lazımdır… Varolmanın bir bütünləşmə olaraq dəyərləndirilməsi məsələsini seçmiş birinin, ailə qayğılarıyla mücadilə etməsi, çörək pulu qazanmaq mövqeyini təmin etmək kimi problemlərlə çarpışması mənə axmaqcasına gəlir.

Feminizm ilə sosializm və anarxizm yaranmışdır. Bunların hamısı da demokratiyanın yaratdığı xaoslardır. Bərabər siyasi iqtidarlıq doğrudursa, iqtisadi güc niyə bərabər olmasın? Heç bir yerdə liderə ehtiyac olmayacaq yəqin. “Zərdüşt” kitabına heyran olan sosialist vardır. Amma onların heyranlığı olmaz olsun. Mənim həyat yöntəmim haqda moizə verənlər bərabərlik haqda da moizə edirlər. Bu “bərabərlik” vaizləri tərəfindən məhv edilmək istəmirəm. Çünki məndəki ədalət duyğusu, “insanlar bərabər deyildir” – deyə, səslənir.  Heç bir şeyə ortaq sahib olmaq istəmərik. Siz, ey bərabərlik vaizləri. Layiqli gücün yalançı dəlisi daxilinizdən bərabərlik fəryadı edir. Təbiət isə bərabərliyə nifrət edər. Fərdlər, siniflər və növlərin müxtəlifliyini sevər. Sosializm biologiyaya hayqırtıdır (üsyandır). Təkamül prosesi – zəif növlərin, nəsillərin, siniflərin və ya şəxslərin güclü olan tərəfindən bütövlükdə istismar edilməsidir. Həyat başdan-başa istismardır. Nəhayət digər həyatla nəticələnər. Böyük balıq kiçik balığı udar, bütün hekayə bundan ibarətdir. Sosializm – qibtəçilikdir. Bizim olan hər şeyi istəyərlər. Bununla belə asanlıqla idarə edilən bir davranış formasıdır bu. Kontrol üçün lazım olan şey; kölələrlə ağalar arasındakı səddi götürmək və məmnun olmayanları cənnətə dəvət etmək. Qorxulası olan liderlər deyil, daha aşağı qatda olanlardır – bacarıqsızlıqları və təmbəlliklərinin təbii nəticəsi olan boyunduruqdan inqilab edərək xilas olacaqlarını hesab edənlər. Bununla bərabər, kölə ancaq üsyan etdiyi zaman nəcib olar.

Bəli, kölə müasir əfəndiləri olan burjuaziyadan daha nəcibdir. Zəngin kimsələrə qibtə edilməsi və səcdə olunması XIX əsr mədəniyyətinin alçaldıcı xüsusiyyətlərindən biridir. Amma bu işgüzarlar da kölədir, gündəlik işlərin oyuncaqlarıdır. Mücadilələri və işlərinin qurbanlarıdır. Yeni fikirlər düşünməyə vaxtları belə yoxdur. Düşünmək onlar üçün qadağandır. Düşüncə zövqləri isə, çata bilməyəcəkləri qədər uzaqdadır. Narahatlıqlarının, fasiləsiz xoşbəxtlik axtarışlarının səbəbi də budur… Orijinal rəsmlərdən ibarət qalareyaları zəngin olduqlarının isbatı üçündür. Həssas əyləncələri beyni tətikləyib oyatmaz, sadəcə keyləşdirər. Bu lazımsız insanlara baxın bir! Sərvət sahibi olaraq daha da kasıblayarlar. Aristokratiyanın bütün sərhədlənmələrini qəbul etsələr də, düşüncə ölkəsinə aparan yolla irəliləməyi istəmirlər. Bir baxın, necə də dırmaşır bu çevik meymunlar! Bir-birlərinin üzərindən hoppanaraq özlərini bataqlığa, dərinliyə sürükləyirlər… Bunların sərvət sahibi olmasının bir mənası yoxdur. Çünki nəcib davranaraq incəsənət və ədəbiyyatı qoruyub, əlində olanları dəyərli bir vəziyyətə gətirməkdən uzaqdırlar. Sadəcə düşüncə adamlarının olmalıdır zənginlik. Digərləri əmlakı yeganə məqsəd olaraq görər və getdikcə daha çox ehtirasla qazanc ardınca qaçarlar.  Bir baxın, bacardığı qədər istehsal etmək və zənginləşmək istəyən millətlərin hazırki çılğınlığına. Nəticədə insanlar əsl ev heyvanı olur. Bir-birlərinə tələ qurar, sərvətlərini ələ keçirmək üçün dava yaratmağa çalışarlar. Günümüzdəki ticarət əxlaqı, incəlmiş quldur əxlaqından başqa bir şey deyil. Ən ucuzundan alıb ən bahasına satmaq istəyirlər. Və bu insanlar bağırar: “laissez – faire”  – “imkan verin etsin, sərbəst olsun”. Əslindəsə, nəzarət edilməsi lazım olanlar,  elə bu insanlardır.

Təhlükəli də olsa, bəlkə də, sosializmə belə bu vəziyyətdə haqq verilə bilər. Böyük sərvətlərin toplanmasını dəstəkləyən bütün nəqliyyat vasitələri və ticarət filiallarını, dolayısı ilə, pul bazarını – fərdi şəxslərin, özəl şirkətlərin əlindən almalıyıq. Və varlığı heçlik olanlar kimi, varlığı çoxluq təşkil edənlərə də cəmiyyət üçün təhlükəli tiplər olaraq baxmalıyıq.

Əskər – burjuaziyanın üstü, aristokratiyanın altında qərar tutub. Şərəf və şan-şöhrətin keyidici təsiri altında məmnuniyyətlə can verən, müharibə meydanındakı igidləri istismar edən bir general, qazanc maşınında insanları istismar edən işəgötürəndən daha nəcibdir. Diqqət edin; qərib ərazilərə gedənlər, fabrikdən necə böyük rahatlıqla çıxır. Napoleon cəllad deyildi, xeyirxah idi. İnsanları yoxsullaşdıraraq öldürmədi, medallar verərək öldürdü. Bir yığın insan ölüm bayrağı altına toplandı. Çünki müharibə təhlükəsini, əlavə bir milyon düymə yaxalığı yaratmağı seçdi. Əskərin tacirə və adi bir insana bir müddətlik üstün olduğu bir dünya yaratdı deyə, Napoleon tərif ediləcəkdi. Müharibə – zəifləmiş, rahatlığa qovuşan və xor baxılan millətlər üçün möhtəşəm bir dərmandır. Müharibə və ümumi hərbi xidmət demokratik qadınsallığın zəruri antidotlarıdır (panzəhərləridir)… Əgər bir cəmiyyətin ki instinktləri onu müharibə və fəthlərdən imtina etdirirsə, həmin cəmiyyət artıq korlanmaqdadır. Deməli, demokratiya və tacirlərin hökmranlığı üçün vaxt yetişmişdir. Bununla bərabər,  müasir müharibənin yaranma səbəbləri nəciblikdən çox uzaqdadır. Sülalə və din müharibələri, ticarət davalarını həll etməkdən bir az daha yaxşı idi. Gələcək 50 il içərisində bu Babil hökmdarları (Avropa demokratları) dünya bazarını ələ keçirmək üçün böyük bir müharibəyə qoşulacaqlar. Amma ola bilsin ki, bu çılğınlıqdan Avropa birliyi yaransın; Bu elə bir nəticə olar ki, uğrunda adi bir ticarət müharibəsi də böyük bədəl sayılmaya bilər. Avropanı qurtaracaq olan yüksək aristokratiya təkcə birləşmiş Avropadan yarana bilər.

Siyasətdəki əsas məsələ, iş adamını idarəçilikdən uzaqlaşdırmaqdır. Çünki iş adamının siyasətçi olaraq düşüncəsi zəif, anlayışı dayazdır. Dövlət adamı olmaq üzrə formalaşmış birisi, aristokratiyanın öncəgörücülüyü və dərin düşüncəsinə sahib deyil. Üstinsanın tanrıvari bir idarəçilik haqqı vardır. Yəni üstün istedad haqqı. Əliboş adamın da yeri var, ancaq taxtda deyil. Əliboş adam yerindəykən xoşbəxtdir. Fəzilətləri də liderinki qədər cəmiyyət üçün zəruridir. Vasitəçiliyi bir maneə olaraq qəbul etmək dərin düşüncəyə yaraşmaz. Çalışqan, qənaətcil, intizamlı, təvazökarlıq, güclü inanc kimi fəzilətləriylə adi bir insan da mükəmməlliyə yetişə bilər. Lakin, təkcə mükəmməl bir alət olaraq, yüksək sivilizasiya piramidasının bir hissəsi kimi.

Sadəcə dərin bir təməl üzərində ucaldılma mümkündür. Güclü şeylərdən sağlam olaraq yetişmiş bir çevrə şərtdir. Daim və hər yerdə, bəziləri lider, bəzilərisə, onların izləyicisi olmuşdur. Əksəriyyət isə, yüksək insanların zehinsəl idarəçiliyi altında çalışmaqla xoşbəxt olacaqdır.

Harada canlı varlığa rastladımsa, orada hökmetmə gördüm. Bütün canlı şeylər, buyuruq gözləyən nəsnələrdir. Bir də bunu unutmamaq lazım: Özünə hökm etməyənə başqası hökmranlıq edər. Canlıların vəziyyəti belədir. Üçüncüsü, buyuran olmaq, buyurulan olmaqdan daha çətindir. Bu təkcə ona görə deyil ki, hökmran olanın bütün tabe olanların məsuliyyətini üzərinə götürməsi, bu yükün altında asanlıqla əzilə biləcəyidir. Hər hökmetmədə bir çabalama, bir təhlükə yatır. Mənə elə gəlir ki, canlı olan biri hökm etdimi, özünü təhlükəyə atır.

Deməli, ideal cəmiyyət üç təbəqəyə ayrılacaq: 1) İstehsalçılar (fermerlər, işçi sinfi və iş adamları); 2) Məmurlar (hərbi və dövlət məmurları); 3) İdarəçilər – Adından da göründüyü kimi, bu təbəqə idarə edəcəkdir, lakin, dövlətdə rəsmi vəzifələri olmayacaq. Dövlətin gündəlik gördüyü iş şər işdir. İdarəçilər nüfuz sahiblərindən daha çox, filosof-dövlət adamları olacaqdır. Amma özləri bir maliyyəçi kimi deyil, əskəriyyət kimi yaşayacaqlar. Yenidən Əflatun(Platon)un gözətçiləri kimi olacaqlar. Əflatun haqlıydı: filosoflar ən üstün insanlardır. Onlar mədəni olmaqla yanaşı, həm də cəsarətli və qüvvətli kimsələr olacaq. İntellektualla hərbçi tək bir insanda birləşəcək. Bir-birlərinə kübar və bərabərlik duyğusuyla davranaraq, birliyi meydana gətirəcəklər: Bu insanlar, əxlaq, mənəviyyat, ənənə, şükranlıq duyğusu ilə qarşılıqlı şəkildə bir-birini qoruyaraq cilovlanacaqlar. Digər yandan, bir-birlərinə qarşı sayğılı, özlərinə hakim olan, kübar, ləyaqətli və dostcasına davranacaqlar.

Avropanı bir millət halına gətirmək, bu axmaqca milliyətçiliyə son qoymaq üçün, sadəcə, belə bir aristokratiya yetərli cəsarət və imkana sahibdir. Napoleon, Göte, Bethoven, Şopenhauer, Stendal və Heyne kimi, biz də yaxşı avropalı olaq. Neçə vaxtdır parçalanmış haldayıq; bir bütöv olacaq şeyin parçalarıyıq. Bu vətənsevərlik qərəzi və sərhədləyici şəxsi bölgəsinə bağlılıq əhval-ruhiyyəsi daxilində yüksək mədəniyyət necə inkişaf edə bilər? Alçaldıcı ucuz siyasət vaxtı keçib artıq. Böyük ölçülü siyasət məcburidir indi. Yeni nəsil, yeni liderlər nə vaxt yetişəcək? Avropa nə vaxt doğulacaq?

Tərcümə edən və hazırlayan: Eyvaz Usubov
Mənbə: Kardeşler, Kıvanç. “Tanrı öldü”, 2014

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.