Çərşənbə axşamı, Sentyabr 27, 2022

BLOG

Musiqinin ruhundan Tragediyanın doğulması – Fridrix Nitsşe

Heç kim Ellin antik çağının hələ gələcəkdəki yenidən doğumuna duyulan inancımızı korlamağa çalışmasın; çünki təkcə bu inancdadır alman ruhunun musiqinin alov sehriylə yenilənməsi və arınması ümidimiz. Yoxsa, indiki mədəniyyətin xarabalığı və solğunlaşmasında, gələcəyə yönəlik hansısa bir təsəlliverici gözlənti oyandıra biləcək şeyə nə ad verə bilərdik? Hər yerdə toz, qum, donma, saralma: boşuna axtarırıq güclü budaqlar vermiş tək bir kökü, torpaqda məhsuldar və sağlam bir hissəni. Bu vəziyyətdə ümidsizcə tənha qalan biri özünə Dürerin (1) təsvir etdiyi fani (ölümlü) və iblis cəngavərdən; sərt, polad baxışlı, qorxunc yoldaşlarıyla ümidsizcə, amma yenə də dəhşətli yolundan dönməyən, təkcə atı və itiylə davam edən, zirehli cəngavərdən başqa bir simvol seçə bilməz. Bizim Şopenhauer də belə bir Dürer cəngavəri idi: hər ümiddən məhrum, amma həqiqət istəyən. Yoxdur ona oxşar, bərabər olan.

Lakin yuxarıda təsvir edilən tükənmiş mədəniyyətimizin belə kədərli xarabalığı Dionisçi sehirlə əlaqədə olduqda birdən-birə necə də dəyişərmiş! Ölmüş, çürümüş, qırılmış, şikəstləşmiş nə varsa, onu qasırğa alaraq qızıl toz buludu içində gizlədər və qartal kimi yüksəklərə qaldırar. Baxışlarımız təəccüblə axtarar gözümüzdən qaçanları: çünki gördükləri anidən qızıl işığa çevrilmiş kimidir, o qədər dolğun və yamyaşıl, zəngin bir canlılıqda, həsrət dolu sonsuzluqdadır ki. Tragediya bu yaşam, əzab və zövq selinin ortasında, uca bir cazibə halında dayanmaqda, uzaqdan gələn melanxolik musiqini dinləməkdədir – dəlilik, istənc (iradə), ağrı adlı varlığın analarını bu musiqi izah edir.

Bəli, dostlarım, inanın mənimlə birgə Dionisçi yaşama və Tragediya-nın yenidən doğulmasına. Sokratçı insanın zamanı keçdi: başınıza sarmaşıqdan taclar qoyun, Thrysos nizəsini (2) əlinizə alın, pələng və bəbir yaltaqlanaraq dizlərinizin üzərində uzandıqda təəccüblənməyin. İndi sadəcə tragik insanlar olmağa cəsarət edin: çünki xilas ediləcək, Dionis şənliklərinə Hindistandan Yunanıstana qədər yoldaşlıq edəcəksiniz! Ağır döyüşlərə hazır olun, amma tanrının möcüzəsinə inanın!

Mətndə olan bəzi sözlərin izahı:

  1. Albrext Dürer (1471- 1528) – Alman rəssam və qrafiki. Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Müqayisəli antropometriyanın banisidir. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk dəfə o yazmışdır. Daha çox tanınan əsəri “Dua edən əllər” olmuşdur.
  2. Thrysos nizəsi – Bakxaların Dionis ayini zamanı əllərində daşıdıqları, sarmaşıq bükülü, ucunda şam qozası olan çubuq.

Tərcümə edən: Eyvaz Usubov

Mənbə: Fridrich Nietzsche, “Tragedyanın doğuşu“, 2010.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.