Çərşənbə axşamı, Sentyabr 27, 2022

ENSİKLOPEDİYA

Metamodernizm nədir? – Araz Əliyev

Metamodernizm: Postmodern fərdin sosial adaptasiyası

Ortaq gəlinmiş nəticə ondan ibarətdir ki, Metamodernizm, özündən daha əvvəlki Postmodernizm adlanan mədəni mərhəlini tamamlayacaq. Postmodernizm isə istər mahiyyət, istərsə də məna baxımından modern cəmiyyətdən “sonra gələn”-dir. Bu baxımdan modern cəmiyyətin xarakterik cəhətləri kimi, elminkişafməqsədobyektiv həqiqətin mövcudluğufərdə olan inam kimi amilləri nəzərdən keçirə bilərik. Postmodernizm isə modern cəmiyyət üçün xarakterik olan amilləri sorğulayan fikir və mədəni istiqamətləri üçün istifadə olunan bir anlayışdır. Postmodernizmin xarakterik cəhətləri kimi inkişafa inanmamaq, zəmanəmizdə aktual olan büyük ideylara qarşı şübhəli yanaşmaistisnalaraxırdalıqlara və periferiyalara yönəlmə, elmin cəmiyyətdəki güc və etibarına qarşı tənqidi yanaşmanı misal göstərmək olar. Postmodernizm üçün sadəcə olaraq xarici görünüş(surface) və mənasızlıq vardır. Burda əvvəlki modernist dönəmlərə xas məna axtarıcılığına rast gəlinmir. Postmodernizm üçün nisbilik, hər şeyin cəmiyyət və insanlar tərəfindən yaradılmış olması, eyni zamanda modern cəmiyyət üçün xarakterik olan din, siyasi ideyalar və elmi kəşflərin nəticələrini kor-koranə qəbul etməmək, bütün bunların fonunda isə gerçəkliyə bir neçə fərqli perspektivdən baxa bildiyi üçün bir növ modernizmə qarşı ironiya xarakterikdir. Postmodernizm bizi yenidən düşünməyə dəvət edir, o nəyin gerçəklik olduğu ilə, yaxud da mövcud vəziyyətdən, problemdən çıxış yolları ilə maraqlanmır. Əksinə onun üçün tənqidsorğulamaq, hər şeydən daha az əmin olmaq, bütövün parçalarına ayrılaraq analiz edilməsi kimi keyfiyyətlər müəyyən edicidir. Postmodernizm tezis-in sorğulanması və anti-tezisin tapılmasına çalışır. Yeni tezis əvəzinə isə hər zamana yeni problemlərin ortaya atılıb sorğulanması nəzərdə tutulur, əldə edilmiş tək nəticə isə problem kimi qəbul edilən tezis haqqındakı tənqidlər-dir.[6] Lakin mədəni dövrləşmə baxımından Postmodernizm hələ indiki zamanımız üçün belə tam olaraq oturuşmuş və formaşalmış hesab etmək olmaz. Ədəbiyyatda, musiqidə, incəsənət və digər sahələrdə olduğu kimi yeni-yeni postmodernizmə keçid etməkdə olan cəmiyyətlər mövcudur. Lakin akademik sahələrdə artıq postmodernizmi əvəzləyəcək olan, daha doğrusu əvəzləyəcəyi proqozlaşdırılan yeni mədəni dövrləşmə – Metamodernizm ortaya çıxmışdır.

  Metamodernizmin söz etibarilə nəzərdən keçirilən “meta” hissəciyi Platon fəlsəfəsindəki “Metaxy” anlayışından meydana gəlmişdir. Tərcümə etibarilə “Metaxy”, “eyni anda həm gerçək dünyada, həm də mücərrəd, uydurulmuş dünyada olmaq” mənasını ifadə edir. Metamodernizm mövqeyindən yanaşdığımızda isə mahiyyət etibarilə bir-birinə əks olan qütblər arasındakı eyni zamanda(simultaneity) hərəkət, dalğalanama, rəqsi hərəkət(oscillation)* başa düşülür.[1],[4]

  “Meta” hissəciyi haqqında onu da qeyd etmək lazımdır ki, latıncada “post” sözündə olduğu kimi yunancadan tərcümədə olduğu kimi “sonra” mənasını ifadə edir ki, bu da mahiyyətdə söz olaraq “postmodern”-lə məna eyniliyinə gətirib çıxarır. Lakin “meta” sözü təkcə “sonra” mənasında deyil, daha çox “üstündə”, “ondan kənarda” mənalarında istifadə edilir. Metakonsepsiya – konsepsiyalar haqında konsepsiya, Metafizika – fizikadan kənar olan, təbiətdən sonra gələn kimi sözlərin mahiyyətində yaratdığı fərqlilik də bu baxımdan nəzərdən keçirilməlidir. Bu baxımdan yanaşdıqda Metamodernizm, modernizmdən üstdə olan, ona yuxarıdan, kənardan baxan mənasında da anlaşıla bilər.[3]

* Burada nəzərdən keçirilən “oscillation” termini bəzi mənbələrdə fizikadakı “tərəddüd” mənasını verən termin[2] kimi nəzərdən keçirilir. Lakin tərcümə baxımından onu dalğalanma, fizikada nəzərdən keçirilən rəqsi hərəkət kimi xarakterizə etməyin daha doğru və anlaşıqlı olacağını düşünürəm.“Tərəddüd” ifadəsinin özlüyündə seçimin reallaşmasına əsaslanmadığını, tam olaraq seçimin edilmədiyi, lakin tərəddüddə qalındığı halı ifadə etdiyini nəzərə alsaq, izah etməyə çalışdığımız mətnin anlaşılmasında çox da uğurlu olmayacağını, digər tərəfdən də “tərəddüd” sözü ilə əlaqədar irəlidə də nəzərdən keçirəcəyimiz kimi Metamodernizmdə “hansının doğru olub-olmaması” ilə bağlı ikilik seçim problemi mövcud deyil ki, bu da özlüyündə həm postmodernə məxsus, həm də moderndən olan keyfiyyətlərin ardıcıl şəkildə həqiqət ola biləcəyi mənasına gəlir. “Tərəddüd” sözü və onun ifadə etdiyi məna problematikası ilə bağlı onu da qeyd etmək lazımdır ki, nəzərdən keçirdiyimiz azərbaycan dilli mənbədə(2. Səmədov B.) verilmiş formadan anlaşıldığı kimi “tərəddüd” “gediş gəliş, əlaqə, hərəkət”(fizikadakı rəqsi hərəkət mənasında) mənalarına da malikdir.[11] Çox güman ki, mənbədə “oscillation” termininin “tərəddüd” kimi qeyd olunması da burdan qaynaqlanır və bu formada istifadəsi hər hansı yalnış mahiyyət ifadə etmir. Bu məsələdə gəldiyimiz nəticələr müzakirəyə açıqdır, sadəcə olaraq oxucunun məqalənin mətnini düzgün anlaması üçün mətndə “tərəddüd” əvəzinə “dalğalanma”, yaxud da “rəqsi hərəkət” kimi terminlərdən istifadəni uyğun gördüm. Bütün bunların fonunda Metamodernizm manifestinin ilk tezisini isə “Biz, dalğalanmanı dünyanın təbi nizamı olaraq qəbul edirik” formasında tərcümə etdim.

Metamodernizm bir mədəni dövr olub, postmodern-dən sonra gələndir. 2010-cu ildə öz məqalələrində holland əsilli filosof və kulturologlar Timotheus Vermeulen və Robin van der Akker incəsənət və memarlıqda müşahidə etdikləri yenilikləri əsaslandıraraq metamodernizm anlayışının izahını verdilər. Onlara görə, Metamodernizm ontoloji olaraq modern və postmodern arasında dalğalanmaqdadır. Təklik və çoxluq, empatiya və apatiya, saflıq və müdriklik, ümid və melanxoliya, modern həvəs, coşğu və postmodern ironiya, tamlıq və parçalanma, təmizlik və bulanıqlıq olmaqla modern və postmodern arasında dalğalanır.[7] Ontologiya anlayışınının, nəyin həqiqətən həqiqət olması ilə bağlı olduğunu nəzərə alsaq[6], o zaman müəlliflərin fikirləri bizə daha aydın olar. Belə ki, ontoloji dalğalanma özlüyündə həqiqətin gah moderndə, gah da postmodernə xas olan keyfiyyətlərdə, bəzən hər ikisində birdən olduğunu ifadə edir. Belə olan halda metamodernizm üçün insanın modernizmə xas olan saf ümid, gələcəyə, elmi inkişafa inam hisləri həqiqətə çevrilir, eyni zamanda da dalğalanmanın nəticəsi olaraq metamodernist insan postmodernist keyfiyyət olan sorğulamağı, öz hislərinə şübhəci yanaşmanı mənimsəmiş olur. Öz fikrilərinə ironiya ilə yanaşmağı bacaran tənqidçiyə, həm də modern inanc sahibinə çevrilir[6]. Metamodernistlərin dili ilə desək “bilgiləndirilmiş saflığa” nail olunur. Yaşadığımız dünyadan örnək verəcək olsaq, modernizm dönəminin insanı xəstəlikləri şər qüvvə, insanları xəstəlikdən xilas edən dərmanları, pereparatları isə elmi inkişafın nəticəsi, insanlığın xilaskarı kimi yanaşırdı. Modernist münasibətlər çərçivəsində hər şey müəyyən idi, vahid pis və vahid yaxşı obrazları, onların arasında seçim edən fərd mövcud idi. Lakin daha sonra postmodern düşüncə insanlığa saf səmimiyyətlə inanmış olduğu elmi, tibbi kəşflərin, dərmanların əslində hansısa bir firmanın və ya qurumun istehsal və istehlak münasibətlərini təmin etmək məqsədi daşıdığını, baş verən epidemiyaların, yeni dərmanların sınağının bazarda tələbat yaradılmasının əsasında durduğunu izah etdi. Ağlımızdakı modernist gerçəkləri sorğuladı və məhv etdi, bütün əvvəlki mifləri dağıtdığı kimi, insanı yeni dövrün gerçəkləri ilə baş başa buraxdı, hər şeyi sorğulamağa və tənqidi yanaşmağa, şübhələnməyə vadar etdi. Mənasızlıq və görüntü arasında qalan fərdi çıxış yolundan məhrum etdi. Metamodernizm isə situasiyaya daha da postmodern mövqedən yanaşmağa çalışaraq insanlığa göstərdi ki, onsuzda yaşadığımız yer insan cəmiyyətidir, burdan kənarda yaşamaq kimi bir şansımız yoxdur. Lakin bu o demək deyil ki, baş verənləri olduğu kimi qəbullanmalıyıq, əksinə əslində nələrin baş verdiyini sorğulamalı, şübhə etməli, gözümüzdə yüksəklərə qalxan sabit normaları hissə-hissə analiz etməliyik, ironiya ilə yanaşmağı bacarmalıyıq. Bütün bunlarla yanaşı həm də eyni cəmiyyətdə yaşadığımızı unutmamalı, lazım olduğu anda səmimiyyət və ümid, gələcəyə inam, yaratmağa, inkişafa duyulan həvəs kimi amillərdən də faydalanmalıyıq. Bu postmodern və modern mədəni mühitə aid olan keyfiyyətlər arasında gedib-gəlmək metamodernizmin “dalğalanma” adı altında izah etmək istədiyi bir şeydir.

 Timotheus Vermeulen və Robin van der Akker qeyd edir ki, metamodernizm heç vaxt balans kimi nəzərdən keçirilməməlidir, əksinə o birdən çox olan (2,3,5,10 və s) qütblər arasında gedib gələn, rəqsi hərəkət edən, dalğalanan bir kəfkir(pendulum)-dir. həvəsin və coşğunun fanatizmə meylləndiyi an o ironiyaya doğru gəlir, ironiyanın adiləşdiyi anda isə qravitasiya onu həvəsə, coşğuya(enthusiasm) sarı istiqamətləndirir.

Bu baxımdan metamodernistlər pragmatik romantizmsehirli reallıq kimi yeni anlayışlardan da istifadə edirlər. Metamodernizmin pragmatik romantizmi özlüyündə ümid bəxş etməsinə, daha doğrusu “boş yerdə, özü-özünə yaranan qəribə ümid”[2] olmasına baxmayaraq, hər hansı bir ütopiya sözü vermir. Metamodernizm universal olmayan formadır, o ümidvericidir, lakin ütopik deyildir.[10] Əksinə ütopiyaya duyulan ehtiyac hissinin hakim olmasını nəzərdən keçirir. Bununla yanaşı metamodernizmdəki sehirli gerçəklik anlayışı ütopik xəyalpərəstliyin gerçək dünyadakı vəziyyətini ifadə edir. Postmodernist yanaşmadan fərqli olaraq ironiyadan məhrum olan, sehirli, ütopik keyfiyyətləri reallıq kimi, aid olduğumuz dünyada əks etdirilməsini, mənimsənilmiş olmasını, dünyamızın bir parçası kimi təsvirini ifadə edir.[9]

Metamodernizm mədəni sferanın müəyyənedici amili kimi

Metamodernizm cəmiyyətin müxtəlif sferalarında olmaqla, daha çox postmodernizmdə olduğu kimi mədəniyyət, incəsənət, kinomatoqrafiya sahələrində qabarıq formada özünü göstərir. Hər hansı bir əsərin, yaxud da filmin müəllif tərəfindən metamodernist düşüncə ilə yaradıldığını demək olduqca çətindir. İstənilən halda əsərin əks etdirdiyi meyllər kənar müşahidəçi tərəfindən ona yönəldilmə formasında mövcud olur. Bu baxışa uyğun olaraq metamodernimzin mədəni sferada müəyyən edici amilləri, daha dəqiq ifadə etsək metodları kimi müəyyən olunan xarakterik əlamətləri müəyyən etmək mümkündür. Bu metdoloji əlamətləri zaman etibarilə müasir dövrümüz üçün əhəmiyyətli olan nümunələrlə izah etməyə çalışaraq metamodernizm haqqında düşüncələrimizin maddi əsaslarla formalaşmasına imkan yaratmış olacağıq. Lakin Metamodernizm və onun tam olaraq nə olduğu ilə bağlı qəti bir nəzəri əsasın hələ formalaşma mərhələsində olduğunu nəzərə alsaq, sadalayacağımız aşağıdakı metodlar müəyyən mənada nisbi xarakterə malik oacaqdır. Ola bilər ki, 10 və ya daha artıq müəyyən edici metod olmuş olsun, yaxud da daha az, ancaq dəqiq olaraq bildiyimiz bir şey vardır ki, o da kinomatoqrafiyada, musiqi və incəsənətdə bəzi şeylərin dəyişdiyi, əvvəlki mədəni dövr olan postmodernizmin xüsusiyyətlərindən fərqləndiyidir. Nələrsə dəyişməkdədir və daha da dəyişəcək kimi görünür, Metamodernizm haqqındakı fikirlərimiz indiki anda bizə bu dəyişikliyi izləməyə və onu müəyyən perspektivdən də olsa adlandırmağa imkan verir.

1. Meta-əksetdirmə  Modernist mədəniyyət və incəsənət üçün xarakterik olan cəhət müəllif tərəfindən hər hansı rəsm və yaxud da filmin universal gerçəkliyin bir hissəsi kimi təqdim olunmasıdır. Postmodern nümunələr isə, istənilən halda müəllifin yaratmış olduğu əsəri və onun gedişatını müəllifin müəyyən etdiyini, bu müəyyən etmənin isə müəllifin psixoloji vəziyyəti, inanc sistemi və s. kimi səbəblərdən dolayı gerçəkliyi əks etdirmədə uğurlu olmadığını ifadə edir. Postmodern əsərlərdə müəllif güvənilməz xarakterə malikdir. Burada müəyyənedici faktor isə oxucunun və ya izləyicinin özüdür.“İnception”(2010) filminin sonunda olduğu kimi gerçəklik mücərrəd olaraq qalır, filmin necə sonlanmasını isə müəyyən edəcək olan izləyicidir. Bu amil postmodern incəsənətdə izləyici və ya oxucuya nəzərdə tutulan əsərə özündən bir şeylər əlavə etmək, nələrisə dəyişmək imkanını verir. Metamodernist incəsənət isə postmodern düşüncədə nəzərdən keçirdiyimiz bu amili fərqli istiqamətdə nəzərdən keçirir. Metamodern yanaşmada özünü əks etdirən obraz müəllifin özüdür. Müəllif, öz həyatını əsər formasında oxucu-izləyiciyə təqdim edir, özünü əks etdirir. Bu təqdim etmə zamanı isə oxucu-izləyici müəlliflə bərabər, onun yanında əsas iştirakçıdır. Yəni oxucu-izləyici müəllifin özü ilə bərabər bir işlə məşğul olur, onun yanındadır. Bu amil, 4-cü pərdə adlandırılan anlayışın qırılması və müəllif-oxucu dialogunun təmin edilməsini də şərtləndirir. Bu baxımdandır ki, meta-əksetdirmə bəzən “film kimi həyat” mahiyyətində izah olunur. “I am still here”(2010) adlı filmdə Joaquin Phoenix adlı Amerikan aktyor özünü canlandırmaq qərarına gəlir. Belə ki, o aktyorluqdan imtina edərək reper olmaq təşəbbüsünü ifadə edir(gerçək həyatda) və özünü ictimaiyyətə repper kimi təqdim etməsinin filmini çəkir.[13] Film meta-əksetdirmənin, dolayısı ilə də Metamodernizmin nümunəsi sayıla biləcək elementlərdəndir.

 2. İkili çərçivə(double frame) – Raul Esherman tərəfindən post-postmodern estetikanın örnəyi kimi ortaya atılmışdır. Eyni zamanda ifadə etdiyi mahiyyət etibarilə metamodernist xarakterə malikdir ki, bu da onu metamodernizmin müəyyən edici metodları sırasına daxil edilməsinə imkan verir. Başa düşülən mənada “ikili çərçivə”, bir-biri ilə qarşılıqlı əlaqədə olan, iç-içə keçmiş iki perspektivi izləyiciyə təqdim edir. İzləyici xarici çərçivə adlanan birinci çərçivədə qalır. Xarici çərçivə yetərli qədər fantaziya elementləri ilə əhatə olunması və gerçəkliklə əsərin məzmunu arasında aydın şəkildə görürən bir sərhəd yaratması ilə xarakteziə edilir. Daxili çərçivədə isə əsərin içərisində yer alan bir qrup və onlar arasındakı duyğusal münasibətlər ifadə olunur. “The Lovely Bones”(2002) filmində təcavüzə mərzu qalmış və öldürülmüş gənc qızın cənnətdə olan vəziyyəti əks olunur, daha sonra isə əsərin real dünyasındakı hadisələrə onun mövqeyindən baxış nəzərdən keçirilir. İzləyici üçün gənc qızın yer aldığı və kifayət qədər fantastik xarakterli olan xarici çərçivə əsas olandır, çünki izləyici məhz bu çərçivədə yer alır. Beləliklə də, onunla real həyat arasında müəyyən olunan sərhədlər meydana çıxır. İzləyici gənc qızın mövqeyindən real hadisələrə olan yanaşmanı izləməli olur. Gənc qızın mövqeyi olduğu üçün də əsərdəki real hadisələrə müdaxilə imkanından məhrum olur. “Beasts of the Southern Wild”(2012) filmində isə yenə balaca Afroamerikan biz qızın perspektivindən(xarici çərçivə kimi) onun atasına və ətraf aləmdə baş verənlərə qarşı müasibəti əks olunur. Təbii olaraq balaca qızın xarici çərçivəsi yenə də yetəri qədər fantaziya elementləri ilə zəngindir.[13] Digər bir film kimi nəzərdən keçirə biləcəyimiz “American beauty”(1999) filmində də qəhrəmanın(Lester Burnham) öz həyatını təsvir etməsi əsərin real dünyansını bizim ancaq təklif olunan xarici çərçivədən görmə imkanımızı ortaya çıxarır. Eyni zamanda Rick adlı personajın kamera vasitəsilə apardığı çəkilişlər də izləyicini daxili çərçivədən ayıran xarici çərçivədə yer almağa məcbur edir. Ümumi olaraq xarici çərçivə izləyicini əsərin reallığına müdaxilə etməkdən qorumuş olur, çünki xarici çərçivədə izləyici kimi biz gənc qızın, yaxud da bir ailənin mövqeyinindən baxmaq imkanı əldə edirik.[14]

3. Qəribəlik(quircy) – Bu anlayış daha çox İroniyanın alternativi qismində nəzərdən keçirilir. Belə ki, əsərdə və yaxud da filmdə əks olunduğu kimi, önəmli olan öz fərqlilikləri, qəribəlikləri ilə təsvir edilən qəhrəmanlardır. Bu baxımdan obrazların təsvirinə əsaslanan qəribəlik onları bir xarici çərçivə olmaqla izləyicidən ayırır. Daha doğurusu postmodernizmin İroniya anlayışının obrazın daxili aləminə girməsinə mane olur. Bu baxımdan “The Royal Tenenbaums”(2001) filmi dediklərimizi daha yaxşı formada izah edə bilər. Filmdə məsuliyyətsiz formada təsvir edilən ata obrazı və onun hər birinin özünəməxsus müəyyən şəxsiyyət pozuntularına malik olan 3 övladı və həyat yoldaşı təsvir edilir. Qəribəlik filmdəki obrazların “özlərinə məxsus problemləri” ilə ifadə olunmuşdur və bu izləyici üçün bütün filmə aid olmayan, yalnız müəyyən bir obrazla əhatə olunan xarici çərçivəni təşkil edərək ironiya elementlərini ardan qaldırır.

4. Metamodern minimalizm – Minimalizm Postmodern mədəni dövrləşmə ərzində formalaşmış əvvəlki dönəmlərdə hakim olan maddiliyin “bir şeylər ifadə etməsi” fikrinə qarşı olaraq formalaşmışdı. Minimalizmdə əsas məsələ maddi olan varlıqların tarixi və simvolik mənalarını minimuma endirmək idi. Heç də hər şey özündə nəsə böyük məna ifadə etməyə məcbur deyil, əksinə sadəlikaz-ın çoxdan daha yaxşı olması kimi anlayışlar xarakterikdir. “Oz sehirbazı”-da da deyildiyi kimi “Kanzas bəzən sadəcə Kanzasdır”. Postmodernizm Modern əsərlərin ifadə etməyə çalışdığı hər şeyin “daha yaxşı”-sı amilləri aradan qaldırmaq üçün minimalizmdən istifadə edir. Metamodernizmdə isə minimalizm daha fərqli istiqamətdə səmimiyyət(intimacy) və həssaslıq(vulnerability) yaratmaq üçün istifadə olunur. Bu baxımdan metamodern filmlər əsasən məhşur aktyorlardan istifadə etməmək, yeni obrazlar və aktyorlardan yararlanmaq, təbii alınan dilaloglardan istifadə, daha aşağı büdcəli filmlər çəkmək kimi xarakterik əlamətlərə malik olurlar. Eyni zamanda bu izləyicidə bəhs etdiyimiz səmimiyyət və həssaslığın formalaşdırılması üçün nəzərdə tutulur.[13]

5. Metamodern maksimalizm – Bu anlayış əsasən postmodernizm üçün xarakterik olan utanmaz(unabashed) özünü ifadə tərzinə qarşı reaksiya kimi formalaşmışdır. Ən başa düşülən formada sosial şəbəkə vasitəsilə bir insanın özünü ifadə formasını nəzərdən keçirə bilərik. Belə ki, insanın digər insanlar və onların fikirlərini heçə sayaraq cəsur pozlardan istifadə etməsi və intim görüntülərini paylaşması kimi elementlər daha çox postmodernizmin qeyd etdiyimiz utanmaz özünü ifadə forması ilə əlaqəlidir. Bunu həyata keçirən insan cəmiyyətə və digərlərinə meydan oxumuş olur. Lakin metamodernist koseptdə özün ifadə bir qədər fərqlidir. Metamodernizm də fərdin özü şəxsi hesab olunan həyatını təsvirə imkan verir(postmodernizmdə olduğu kimi), lakin bunun postmodernə xas anarxik və meydan oxuma formasında olmasını qəbul etmir(modernist elementlər). Bir çütlük öz evlilik günlərini sosial şəbəkədə canlı yayımlaması, rok qrupu “The Flaming lips”-in kliplərindəki səhnə dekorasiyası metamodernist maksimalizmin örnəyi kimi təqdim oluna bilər.[13]

6. Yaradıcı pastiş – Pastiş fərqli zamanlara və fərqli mədəni sistemlərə aid olan anlayışların bir araya gətirilməsidir. Şəkildə postmodernizm üçün xas olan ironiya təməlli pastişə nümunə görə bilərik. Lakin Metamodern pastiş Postmodern həmkarından fərqli olaraq daha çox öz yaradıcı xüsusiyyəti ilə fərqlənir. Belə ki, iki fərqli dövrün mədəni nümunələri bir araya gətirilsə də, bu birləşdirmə özündə ironiya elementi daşımır, əksinə daha fərqli formalar yaratmış olur. Məhz buna görə metamodern pastiş yaradıcı mahiyyətə malikdir, eynilə Jenny Lewis – Just One Of The Guys klipində olduğu kimi.[13]

7.  Yeni səmimiyyət(New Sincerity) – Bu anlayış daha çox postmodernizmə xas olan ironiya ilə modernist element olan səmimiyyətin birləşdirilmiş formasını nəzərdə tutur. Postmodernizm üçün xarakterik olan ironiya, dəyərləri və sabitləri sorğulamağı, onların əksi olmağı, daha vulqar ifadə edəcək olsaq onlarla məzələnməyi nəzərdə tuturdu. Metamodernizmdə nəzərdən keçirilən yeni səmimiyyət isə bunların hər ikisini özündə ehtiva edir. Metamodernizmdə ironiya ilə ifadə olunan bir şey eyni zamanda həm də doğrudur.[15]

8. “Normcore” – Digər bir metamodernist anlayış kimi təsvir oluna “normcore” insanın modaya və geyimə olan münasibəti ilə xarakterizə olunur. Əgər Postmodernist düşüncəyə malik olan insan hər kəsdən fərqlənmək adına daha qəribə geyim və moda tərzindən istifadə edirdisə və bu hərəkəti özlüyündə cəmiyyətin ümumi düşüncəsinə ironiya ehtiva edirdisə, metamodernizmdə bu xarakterik deyil. Metamodernist fərd mümkün olduğu qədər neytral görünməyə çalışan fərddir. O, modanın yeniliklərini və trendləri anlayır və bunlardan yetəri qədər məlumatlıdır. Lakin yenə də cəmiyyət içərisində çox gözə batmamaq üçün mümkün olduğu qədər neytral xarakterə malik modanı izləyir. Bu baxımdan “normcore”, “fərqliliyə hakim olmaq və eynilikdə ustalıq əldə etmək fəaliyyəti” kimi də nəzərdən keçirilə bilər. Məşhur şəxslərin adi paltarlarda cəmiyyət içərisinə çıxmasından, çoxluğun içərisində onların moda anlayışına uyğunlaşaraq neytrallaşmaq kimi amilləri burada misal kimi göstərə bilərik.[16]

9. Antropomorfizm – İnsanlara aid olan keyfiyyətlərin heyvanlar və yaxud da cansız əşyalar üzərinə köçürülməsi ilə bağlı olan anlayışdı. Anlayışın Metamodernist xarakteri isə daha çox insan dünyasında insanlarla bərabər formada, digər canlıların və ya cansız varlıqların duyğularına yer verilməsidir. “Isle of Dogs”(2018) və “The Fantastic Mr. Fox”(2009) kimi filmlərdə metamodernist yanaşmanın nümunələrinə rast gəlmək mümkündür.[13] Bu baxımdan düşünüləcək olsaq, “Stuart Little”(1999) filmindəki ağ balaca siçan Stüart da antropomorfizmin metamodernist xarakterinin izahedici örnəyi kimi qiymətləndirilə bilər.

10. Meta-sevimlilik, xoş(meta-cute) – metamodernizm üçün xarakterik olan amillərdən olan meta-sevimlilik əsasən uşaqlar üçün sadəliyi və sevimli olması ilə səciyyəvi olan lakin yetkin insanlar tərəfindən istifadə olunan şeylərlə əlaqədardır. Bu amil özünü daha çox musiqidə və filmlərdə uşaq xarakteri ifadə edən yetkin obrazlarda göstərir.[13]

Metamodernizm siyasi sferada formasion əvəzləyici kimi

 Metamodernist düşüncə üçün bizdən və bizim düşüncəmizdən kənar olan bir obyektiv dünya mövcuddur. Bir universal həqiqət vardır və o olmadan bizim dünya haqqında əldə etdiyimiz biliklər mənasızdır. Çünki, əgər gerçəklik olmaqla dünya bizim düşüncəmiz tərəfindən yaradılmışdırsa, o zaman bizim dünya haqqındakı təsəvvürlərimiz elə gerçəkliyin özü olacaqdır. Qəbul edirik ki, bizdən kənarda obyektiv bir dünya var, lakin yenə də o dünya haqqında aldığımız məlumatlar və informasiyalar duyğularımıza və təəsüratlarımıza əsaslanır. İnsan olaraq bizlər hər zaman məhdud çərçivəyə malik olmuş zaman və məkanla sərhədlənmiş canlılarıq. Düşüncələrimiz və ətraf aləm haqqındakı təəsüratlarımız da bu baxımdan nisbi xarakterə malikdir. Biz insan olaraq ümumi gerçəkliyi tam formada qavraya bilmərik. Ona görə ki, biz hər dəfə müəyyən məkan və zaman daxilində gerçəkliklə, obyektiv dünya ilə qarşılıqlı əlaqədə oluruq, hər dəfə onun ancaq müəyyən bir hissəsini anlamağa çalışırıq. Bu baxımdan metamodernistlərə görə, nisbi olan heç də postmodernistlərin dediyi kimi gerçəklik yox, bizim gerçəkliyə olan mövqeyimizdir. Elm adamları və fəlsəfəçilərin də bu məsələdə əsas vəzifəsi obyektiv dünya haqqındakı təməl həqiqət yox, həqiqəti ortaya çıxarmaq üçün gərəkli olan modelləri inkişaf etdirməkdir.[3] Metamodernistlər postmodernistlər tərəfindən istifadə olunan və hər şeyi sorğulamaq üçün gərəkli olan bilik formalarını, əsl gerçəklik və cəmiyyət tərəfindən yaradılmış gerçəklik olmaqla nəzərdən keçirilən ikiliyi qəbul etmir. Hər şey postmodernistlərin qeyd etdiyi kimi cəmiyyət tərəfindən yaradılmış-dır. Lakin əsas verilməli olan sual bu deyildir. Əsas olan cəmiyyət tərəfindən yaradılmış olan-ın bizi gerçək biliyə nə dərəcədə yaxınlaşdırdığı, yaxud da onun bizi gerçəklikdən uzaqlaşdırdığıdır.

Cəmiyyət olaraq yaratdığımız sistemlər, əgər güvənilir insanlardan təşkil olunmuşdursa, bu bizim üçün yeni baxış bucaqları mənasına gəlir. Çünki, düşüncəsinə və biliyinə güvənə biləcəyimiz insanlar fərqli məkanlarda və fərqli zamanlarda olsalar belə, bizim seyr edə bilmədiyimiz, yanaşmadığımız formalarda obyektiv dünyaya yanaşmağa qadirdir. Bu özlüyündə bizim daha çox müşahidə mövqeyi əldə etməyimizə və təbii olaraq da gerçəklik haqqında daha çox bilik əldə etməyimizə imkan yaradır. Müşahidə mövqelərinin əksliyi yaxud da fərqliliyi, mürəkkəbliyi metamodernist düşüncə üçün ziddiyyət obrazı yaratmır, əksinə metamodernizm insanların qarşılıqlı əməkdaşlığını və birgə fəaliyyətini gerçək biliyin əsası hesab edir. Təbii ki, burada “müşahidə olunan” gerçəklik, sadəcə obyektiv dünya deyil, insanın özündən, obyektiv aləmə qədər biliyin əsası olan hər şeydir.[3] Cəmiyyət daxilində var olan fərdlər kimi səhər evdən çıxdığımızda qarşımızdan keçən sürücülərə, o maşınları istehsal edən firmalara, evimizə dönməyimizə köməklik göstərən metro maşinistinə güvənməyəcəyimiz təqdirdə nələr ola biləcəyini təsəvvür etmək çətindir. Bu baxımdan biz sadəcə olaraq özümüz olan “fərd” deyilik. Bizlər “fərd”- dən daha artıq olan varlıqlarıq. Çünki, fərd cəmiyyət daxilində istər bir-birinə, istərsə də cəmiyyətin sferalarına hərtərəfli formada bağlıdır. Ona görə də, əgər cəmiyyətimizdə bir insan deviant davranış formasına malikdirsə, bu onun fərdi problemi deyil, onunla istəsək də istəməsək də eyni cəmiyyətdə yaşadığmız üçün, aramızda qarşılıqlı təsirlə şərtlənən sosial bağlar olduğu üçün hamımızın, cəmiyyətin problemidir. Bu cür fərddən kənar baxış forması, daha doğrusu cəmiyyətin “fərd” və “kollektiv” olaraq ikiyə ayrılaraq ziddiyyətdə götürülməsinə qarşı münasibət özlüyündə metamodernist cəmiyyət formasının əsas elementlərindən hesab edilə bilər.[12] Ümumi olaraq Metamodernizm haqqında danışmalı olsaq, qeyd etməliyik ki, modernist ehkamların və sabitlərin postmodernist soğrulanması və tənqidi cəmiyyətin istər mədəni, istərsə də sosial sferalarında dərin izlər buraxmışdı. Hər şeyin ironiyaya məruz qaldığı, dəyərlərin parçalandığı, saf ümidlərin və səmimiyyətin itirildiyi bir mədəni dönəm formalaşmış oldu. Bütün bunların fonunda isə yeni çıxış yollarının göstərilməməsi, mənaya duyulan ehtiyac(a yearning for meaning)[4] Metamodernizmi problemlərdən xilas olmaq üçün arxa qapı[10] rolunda da olsa ortaya çıxardı. Mən isə Metamodernizmin mövcudluğunu və xususilə də onun formalamasının gətirdiyi dəyişiklikliyi sadə fərdlərin timsalımızda insanlığın ikinci şansı adlandırıram. Bu fikirlərin əsaslılığını Metamodernizmin manifestinin son hissəsində daha aydın görmək mümkündür: “Biz ideoloji zəncirlərdən azad praqmatik romantizm təklif edirik. Beləliklə, metamodernizm ironiya və səmimilik, nikbinlik və şübhə arasında və onlardan üstün olan, plüralist parçalara ayrılmış və əlçatmaz üfüqlərə doğru gedən narahat civə damcısıdır. Biz irəli gedib, dalğanalma (fizikadakı rəqsi hərəkət) etməliyik!”[2] – azərbaycan dilli mənbədəki tərcüməni saxlamağı uyğun bildim.

Müəllif: Araz Əliyev

Ədəbiyyat

1.      Aydın, Salih. “Anlatıların yolculuğu işığında iki çağdaş olgu: Metamodernizm və Dijimodernizm”, https://www.academia.edu/

2.      Səmədov, Bəhruz. “Metamodernizm nədir? Şübhə və nikbinlik arasında qalmış insanlıq”, 04 may 2015.

 https://www.azadliq.org/a/26994127.html

3.      Fisher, Dan. “Metamodernizm postmodernizmin karşılığı mı?”, Conatus News, (tr. Müleyke Barutçu), 22 noyabr 2017.

https://dusunbil.com/metamodernizm-postmodernizmin-karsiligi-mi/

4.      Turner, Luke. “Metamodernism: A Brief introduction”, 12 january 2015.

http://www.metamodernism.com/2015/01/12/metamodernism-a-brief-introduction/

5.      Turner, Luke. “Metamodernist manifesto”, 2011.

 http://www.metamodernism.org

6.      Freinacht, Hanzi. “Postmodernizm və metamodernizm arasındakı fark”, Metamoderna,(tr Toygar Akın). 5 sentyabr 2017.

 https://dusunbil.com/postmodernizm-ile-metamodernizm-arasindaki-fark/

7.      Vermeulen, T. van der Akker, R., 2010. “Notes on Metamodernism”, Journal of Aesthetics and Culture, Volume II.

8.      Freinacht, Hanzi. “The Listening Society: A Metamodern Guide to Politics, Book One”, Metamoderna, 2017

9.      The Metamodernity of The Shape of Water”, 19 february 2018.

https://metamodernlife.wordpress.com/2018/02/19/the-metamodernity-of-the-shape-of-water/

10.  Levin, Kim. “Postmodernizm öldü mü?”, Artnews, 12 dekabr 2012.

http://www.sanatatak.com/view/postmodernizm-oldu-mu

11.  “Azərbaycan dilinin izahlı lüğəti” (4 cilddə). Bakı, Şərq-Qərb. 2006.

12.  Freinacht, Hanzi. “Birey fikrinin ötesine geçmek”, Metamoderna, (tr. Beste Naz Yıldız), 7 sentyabr 2017. https://dusunbil.com/birey-fikrinin-otesine-gecmek/

13.  Dember, Greg. “After Postmodernism: Eleven Metamodern Methods in the Arts”, 17 april 2018.

https://medium.com/what-is-metamodern/after-postmodernism-eleven-metamodern-methods-in-the-art

14.  Eshelman, Raoul. “Performatism, or the End of Postmodernism”, Anthropoetics VI, no. 2 Fall 2000/ Winter 2001.

 http://anthropoetics.ucla.edu/ap0602/perform/

15.  Thorn, Jess. “A Manifesto for The New Sincerity”, 26.03.2006.

https://www.maximumfun.org/blog/2006/02/manifesto-for-new-sincerity.html

16.  “Normcore”, 31 july 2014. http://whatismetamodern.com/design-style-products/normcore-metamodernism/

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.