Çərşənbə axşamı, Sentyabr 27, 2022

BLOG

Martin Haydeqqer, Hitler Almaniyası və Yəhudi Düşmənçiliyi

Martin Haydeqqer (1889-1976) alman filosofu, ekzistensializm cərəyanının nümayəndələrindən biridir. Haydeqqer XX əsrin ən böyük mütəfəkkirləri arasında qəbul edilir. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmişdir.

Haydeqqerin ən məşhur əsəri “Varlıq və Zaman” 1927-ci ildə çap edilmişdir. Burada Haydeqqer qısaca “Varlıq (olmaq) zamandır” fikrini irəli sürmüşdür. İnsan, doğulduğu və öldüyü zaman müddətində “olan” bir varlıqdır. Varlıq, zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır. Haydeqqer insanın bu həyata, dünyaya, varlığa “atıldığını” (öz istəyi xaricində) qeyd edir. Bu əsər sonralar Ekzistensializmin ən böyük fiqurlarından biri olacaq gənc Jan Pol Sartra dərindən təsir etmişdir. Sartr, ən məşhur əsərlərindən birini məhz “Varlıq və Heçlik” adlandırmışdır.

Məqalənin əsas mövzusu isə Haydeqqerin Üçüncü Reyx (Hitler Almaniyası) ilə olan əlaqəsidir. Adolf Hitler 1933-cü il anvarın 30-da Almaniya kansleri seçildi. Həmin il aprel ayının 21-də isə Martin Haydeqqer Freiburg Üniversitetinin rektoru təyin edildi. Sabiq rektor Möllendorff, Nasizmin tələb etdiyi antisemit posterləri üniversitetdə nümayiş etməyi rədd etdiyi üçün vəzifədən istefa etməyə məcbur edilmişdi. Vəzifəyə keçdikdən 10 gün sonra (1 May) Haydeqqer “Nasional Sosialist Alman Fəhlə Partiyası”na qoşuldu. Həmin ay nasist rektorlar tərəfindən Hitlerə göndərilən ictimai teleqramı da imzalamışdı. Haydeqqerin xeyrinə olan bir faktı da qeyd edək: Haydeqqer heç bir zaman Nasist Partiya görüşlərinə qatılmamışdı (ilk üzvlük görüşü xaricində). Bu faktdan yola çıxaraq Haydeqqerin dəstəkçiləri tərəfindən istifadə edilən arqümentlərdən biri belədir: “Haydeqqer əslində nasist deyildi, sadəcə Hitler hakimiyyətində sağ qalmağa və özünə görə məntiqli siyasi həmlələr etməyə çalışırdı.” Bunun belə olması isə çox şübhə altındadır. Çünki Haydeqqerin ən yaxınlarına belə sırf yəhudi olduğu üçün xəyanət etdiyini görə bilirik. Həmçinin, belə olmadığını, Haydeqqerin Hitler hakimiyyətinin sonlanmasından sonra belə heç bir peşmançılıq ifadə etməməsindən anlaya bilərik.

Maraqlı hekayələrdən biri Haydeqqer və Husserl arasında keçir. Edmund Husserl (1859 – 1938) alman filosof, fenomenologiya məktəbinin banisidir. Haydeqqerin professoru olan Husserl, gənc Haydeqqerə çox dəstək göstərmişdir. Lakin Husserl yəhudi idi. Yəhudi olmaq üçün yanlış yerdə, yanlış zamanda, yanlış insanların əhatəsində idi. Haydeqqer rektorluğa rəsmi olaraq başlamadan 1 həftə əvvəl Husserl üniversitetdən qovuldu. Beləliklə bu işdə Haydeqqerin adı “təmiz” qaldı. Haydeqqer Husserl ilə olan bütün əlaqəsini kəsdi. Husserl, üniversitetin kitabxanasından istifadə etməkdən də məhrum buraxılmışdı. 1938-ci ildə Husserl vəfat edəndə Haydeqqer köhnə mentorunun cənazəsinə (kremasiya) getmədi. “Varlıq və Zaman” adlı əsərində Husserlə təşəkkür etsə də, bu Husserl’in ölümündən çox sonraları idi. Onsuz da sonradan nəşriyyatçının təzyiqi ilə həmin ithaf siyahısından Husserlin adı çıxardıldı, lakin kitabın ortalarında (səhifə 38) dipnot olaraq qalmışdı. Haydeqqerin GESTAPO ilə məktublaşdığı, Nasist inqilabı haqqına qarşı olan və ya hətta şübhəsi olan professorların adlarını verdiyi bilinir. Hermann Staudinger qurbanlardan biri idi. Staudinger aylar boyu sorğuya çəkilmişdi. Gələcəkdə kimya üzrə Nobel alan bir professordan bəhs edirik.

Qərəzi kənara qoysaq, Hitlerin ortaya çıxdığı zamanlarda çox intellektual insan Hitleri Almaniyanın (Almaniya “rəzil” duruma düşmüş idi o vaxtlar) qurtarıcısı olaraq görmüşdü. Bu insanlar, onları nələrin gözləyəcəyini tam olaraq bilə bilməzdilər. Nəzərə alanda ki, Hitler yəqin özü də heç nə etdiyini bilmirdi. Böyük ehtimalla bütün o tarix “hadisələrin sadəcə bir-birini izləməsi” ilə qurulmuşdu. Lakin, o intellektual insanlar arasında bir ortaq cəhət var idi: “Yəhudi düşmənliyi” mövzusunun axmaqlığı. Alman ziyalılarının çətin vəziyyətə düşmüş Yəhudi dostlarınını və ya hətta tanımadığı yüzlərcə insanları qurtardığı hekayələrimi hamımız bilirik. Çox insanın Haydeqqeri bağışlaya bilməməsinin səbəbi məhz budur, Nasist partiyaya üzv olması deyil, onun həqiqətən də Yəhudi düşməni bir insan olması idi. Çünki belə böyük bir Filosofun, belə ucuz bir ideologiyaya bağlı olması müəmmalı və heyrət doğuran bir haldı. “Filosof nədir” sualı üzərinə çox düşündüyüm, araşdırdığım bir vaxtlar belə bir ifadə görmüşdüm “Filosof, həm özü, həm başqası ola bilən varlıqdır.” Bununla tez bir zamanda razılaşdım. Filosofun tam ətraflı bir tərifin verməsə də (çünki bu əskik tərifə hədsizlik edib özümü belə daxil edə bilərəm), məncə kökünü izah edir. Gəlmək istədiyim nöqtə budur ki, Haydeqqer Filosof idi, amma sanki başqası ola bilməmişdi. Ya da başqası olanda yəhudi olmağı yoxlamamışdı.

Martin Haydeqqer barədə maraqlı rəylərdən biri də Hannah Arendtdən gəlmişdi. Arendt Almaniyanı tərk etməmişdən əvvəl bu iki filosof “sevgili” idilər. Arendtin Fəlsəfə tarixindəki ən önəmli rolu Xolokost, Nasizm və bunun kimi mövzular üzərinədi. Ona görə bu mövzuda Arendti və onun fikirlərini görməsək olmazdı. Adolf Eichmannın səbəb olduğu fəlakətləri və Eichmannın məhkəmədəki qəribə və soyuqqanlı ifadələri, onu “Şərin Bayağılığı” ifadəsini yazmağa yönləndirmişdi. Amerikada ikən Martin Haydeqqer və onun Nasist partiyası ilə olan əlaqəsini eşidən Arendt, onun “potensial bir qatil olduğunu” düşünmüşdü. Lakin Arendt İkinci Dünya Müharibəsindən sonra Almaniyanı ziyarət etdi və Haydeqqerə görüşmək istədiyini bildirən məktubunu yazdı. Elə həmin gecə, bu ikili üzbəüz görüşdü. Hannah Arendtin Haydeqqer haqqında fikirləri yumşalmağa başladı. Heç bir zaman onu tam olaraq bağışlamasa da, bəllidir ki, Haydeqqerin bəzi cavabları onu nisbətən “qane” etmiş görünür. O hətta daha sonraları Amerikada Haydeqqerin kitablarını təbliğ etməyə başladı. Hannah Arendtin başqa bir Filosof Karl Jaspers ilə məktublaşmalarından qısaca belə bir nəticə bilirik: İki filosof da bir növ çiyinlərini qaldırıb, bu baş verənlərin onun xarakteri olduğunu, bu barədə ediləcək (düzəldiləcək) heç bi şey olmadığını müzakirə edirlər. Haydeqqer sanki qoşulduğu partiyanın, dəstəklədiyi fikirlərin nə qədər qorxunc olduğunu anlamırdı. Hannah Arendtin yekun fikri bu idi: “Haydeqqerin fəlsəfəsi, onun xarakteri və şəxsi həyatındakı yanlış qərarları ilə əlaqəsizdir”. Haydeqqerin xarakteri barədəki ən populyar fikirlərdən biri, ondakı “insan hissinin əskikliyi” idi.

Martin Haydeqqer isə heç vaxt Nasist partiyaya qoşulduğu üçün üzr istəmədi. Heç vaxt 6 milyon Yəhudinin qətl edildiyi Xolokost (Yahudi Soyqırımı) barədə rəy bildirmədi. Heç bir şey olmamış kimi həyatına davam etdi və 1976-cı ildə vəfat etdi. Buna baxmayaraq, bu gün belə indiyə kimi yaşamış ən böyük filosoflardan biri olaraq qəbul edilir.

Əsas Referanslar:

  1. Human, All Too Human – Martin Heidegger (BBC series), link: https://www.youtube.com/watch?v=gQ09a5LJFqo&t
  2. Martin Heidegger and Nazism, link: https://en.wikipedia.org/wiki/Martin_Heidegger_and_Nazism

Tərcümə və əlavə:  Şəmsəddin Amanov

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.