Cümə, May 20, 2022

HUMANİTAR

“Mənim Öyrətdiklərim”dən tərcümə: Subyekt və Substansiya 

Lakanın fərqli yerlərdə, fərqli dinləyicilər üçün verdiyi konfransların mətnlərini ehtiva edən və “Mənim Öyrətdiklərim” adlanan kitabın bəzi hissələrinin müqayisəli tərcüməsini oxucularımızın diqqətinə təqdim edirik. İndi sizinlə bölüşməkdə olduğumuz hissələr 1967-ci ilin aprelin 20-də Bordo şəhərində psixiatriya təcrübəçilərinə verilmiş “Mənim Öyrətdiklərim, Onun Təbiəti və Sonu” adlı konfransdandır.

…Fərdlər arasındakı funksiyadan bəhs edirəm; […] intersubyektivlik! Sən varsan, mən varam, bir-birimizə bunu deyirik, nələr isə göndəririk, deməli, instersubyektivik (fərdlərarasıyıq). Bütün bunlar tamamilə çaşdırıcıdır. Düşünürəm ki mənim bunda mövqeyimi bilirsiniz. Əgər elə deyilsə, bunu sizə daha yaxşı tanıda biləcək pozisiyadayam. Subyektin mesaj ilə çaşdırılması (qarışdırılması) guya dilin kommunikasiyaya endirilməsi (reduction) haqqında deyilən bütün səfehcə şeylərin ən böyük xüsusiyyətidir. Ünsiyyət funksiyası heç vaxt dilin ən vacib tərəfi olmamışdır. Mənim başlanğıc nöqtəm budur.

 

…Əgər müzakirə mövzusu ediləcək bir şey varsa, o da sanki göndərən və qəbul edən arasında öz-özünə işləyən bəsit ikili münasibətin mövcud olduğunu güman edən fərdlərarasılıqdır (intersubyektivlik). Heç də belə deyil. Kommunikasiya ilə əlaqəli olan ilk şey bunun nə mənaya gəldiyini bilməkdir. Bunu hamı bilir. Başqasının söyləməkdə olduğu şey ilə nə söylədiyinin üst-üstə düşmədiyini göstərmək üçün çoxlu təcrübəyə ehtiyac yoxdur. Həm də məhz buna görə canınız çıxana qədər bunun üçün məntiq qurmağa çalışırsınız. Beləcə, ətrafında heç bir şübhənin olmayacağı işarələri bu lövhəyə yerləşdirə biləcəksiniz. Daha doğrusu, siz subyekti çıxdaş etməyə çalışırsınız. Əslində, siz balaca hərfləri yerləşdirməyə başlayanda subyekt bir anlıq aradan qaldırılır. Sona çatanda isə siz subyekti təbii olaraq hər növ paradoks formasında təzədən tapacaqsınız. Məntiqin şeyləri yaxından öyrənmə cəhdlərindəki açıqlayıcı və füsunkar tərəfi də bundadır.

 

…Onlar məndən nə üçün subyekt haqqında danışdığımı, bunu nə üçün Freydə əlavə etdiyimi soruşurlar. Halbuki Freyddə danışılan təkcə budur. Lakin ondan kobud və amiranə tərzdə danışıb. Bu, bir növ minlərlə ildir fəlsəfə ənənəsinin çıxdaş etməyə çalışdığı şeyi həyata qaytaran buldozer əməliyyatıdır.

 

…Bununla belə bu termini saxlamamaq ağılsızlıq olardı. Hal-hazırda haqqında danışdığım şey fəlsəfə ənənəsindəki bəzi xoş təsadüflərin Aristotelin “Orqanon”u ilə başlamış olan xətti davam etdirdiyi şeydir. Mənim balaca dostlarım, hərdən dərsliklərdən başqa nə isə oxumaq fikrinə qapılanlar, “Kateqoriyalar”ı oxuyun, yaxud, təkrar oxuyun. Və beləcə siz subyekt ilə substansiya arasındakı fərqi başlanğıcdan etibarən görməyə başlayacaqsınız.

Bu elə mühüm bir şeydir ki, haqqında danışdığım iki min illik fəlsəfə ənənəsi bircə şeyi etməyə, bunu təzədən həzm etməyə cəhd göstərmişdir. Fəlsəfə ənənəsinin zirvəsi hesab edilən adam, Hegel, deməliyəm ki gözqamaşdırıcı ustalıqla – indicə Freydin formulunda da gördüyümüz kimi – yuxularda toxunduğumuz şeyin bir növ rəddini (inkar) irəli sürərək, substansiyanın subyekt olmadan əvvəl artıq subyekt olduğunu söyləmişdir.

Bütün bunlar Aristotelin subyekt və substansiya arasındakı ən dəqiq ayrılığı ehtiva edən iddiasının yaratdığı ilkin travmadan başlayır. Bu iddia tamamilə unudulub. Subyektin fəlsəfə ənənəsinə davam gətirməsi əgər belə demək mümkündürsə, bizə bunu göstərir ki biz həqiqətən intellektual uğursuzluqlar kimi hərəkət edirik.
Bu nəhayət onun istifadəsinin tərsinə çevrilməsinin vaxtının gəldiyi indiki anda “subyekt” terminini tərk etməmək üçün bir səbəb deyilmi?

Mənbə:
1. Jacques Lacan (author), David Macey (translator). My Teaching. 1st edition. Verso Books. 2008.
2. Jacques Lacan (yazar), Murat Erşen (çevirmen). Benim Öğrettiklerim. Birinci Basım. Monokl. 2012

Müəllif: Fərid Kazımov

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.