Cümə, May 20, 2022

FƏLSƏFƏ

Lyotard: Bilik satılmaq üçün istehsal olunur!

Bilik satılmaq üçün istehsal olunur” düşüncəsi J.F.Lyotardın 1979-cu ildə çap edilmiş “Postmodern Vəziyyət” (The Postmodern Condition) kitabında yer alır. Kitab ilk əvvəl Kanada Kvebekdəki Üniversitetlər Şurası üçün yazılmışdı və başlığındakı “postmodern” sözünün istifadəsi diqqət çəkirdi. Lyotard bu termini ixtira etməmişdi, termin 1870-ci illərdən bəri müxtəlif incəsənət tənqidçiləri tərəfindən istifadə edilirdi. Lakin onun kitabı bu terminin hüdudunun genişləməsində və populyarlaşmasında məsuliyyət daşıyır.

Onun bu sözü kitabın başlığında istifadə etməsi “postmodern düşüncənin” başlanğıcı hesab edilir. O zamandan bəri “postmodernizm” termini bir çox yollarla və məqsədlərlə istifadə edilib və hal-hazırda tam olaraq nə ifadə etdiyini bilmək çətindir, amma Lyotardın tərifi çox aydındır. Postmodernizm “böyük hekayələrə qarşı inamsızlıqdır“. Bu tərifdəki “incredulity” sözünün mənaları inamsızlıq, inanmazlıq, şübhəçilikdir. Böyük hekayələr isə “meta narrative” ifadəsinin tərcüməsidir. Bəs böyük hekayələr nədir?

Böyük hekayələr bütün insanlıq tarixini və ya bütün biliyimizi tək bir çərçivəyə sıxışdırmaq cəhdində olan əhatəli vahid hekayələrdir. Marksizm (bütün tarixi sosial siniflər arasındakı mübarizə kimi görən) böyük hekayələrin bir nümunəsidir.

Bizim böyük hekayələrə qarşı olan inamsızlığımız yeni şübhəçiliyi doğurur. Lyotard bunu İkinci Dünya Müharibəsindən bəri bilik ilə əlaqə qurma yollarımızda və bununla başa çıxmaq üçün istifadə etdiyimiz texnologiyadakı böyük dəyişikliklərdən qaynaqlandığını təklif edir. Bilik, verilənlər bazalarında saxlanıla bilən, başqa yerlərə köçürülə bilən və alınıb-satıla bilən məlumatlar halına gəldikcə, kompüterlər davranışlarımızı kökündən dəyişdirməyə başladı. Lyotard bunu “biliyin ticarətləşdirilməsi” adlandırırdı (“mercantilization of knowledge”). Bunun bir neçə nəticəsi var.

Birincisi, bilik xariciləşdirilirdi. Bilik artıq ağılın inkişafına kömək edən bir şey deyil, bizi dəyişdirə biləcək bir şeydir. Həmçinin, bilik həqiqətin sorğusundan uzaqlaşır. O, artıq nə qədər doğru olduğu baxımından deyil, müəyyən məqamlara nə qədər yaxşı xidmət edir deyə mühakimə edilir. Nə vaxt ki, biz bilik haqqında “bu həqiqətdir mi?” kimi sualları sorğulamağı dayandırsaq və “bu necə satıla bilər?” kimi sualları soruşmağa başlasaq, onda bilik bir əmtəə (müştərinin ehtiyacını, istəyini ödəyən əşya və xidmət) olur.

Lyotard, bu baş verdikdən sonra, özəl şirkətlərin bilik axınını idarə etməyə başlayacağından narahat idi. Lyotarda görə belə özəl şirkətlər, kimin hansı növ biliyi əldə edib, kimin edə bilməyəcəyinə qərar verəcək və beləliklə əllərində böyük bir güc tutacaqlar.

1990-cu illərdən sonra, World Wide Web (WWW), yəni Ümumdünya hörümçək torunun ortaya çıxmasıyla, insanlar nəhəng ölçülərdəki məlumatları daha əvvəl heç bənzəri olmayan bir şəkildə əldə etməyə başladılar.

Lyotardın qısa bioqrafiyası: J.F.Lyotard 1924-cü ildə Fransanın Versailles şəhərində doğulub. Parisdə “Fəlsəfə və Ədəbiyyat” təhsili alıb və Gilles Deleuze ilə orada dostluğu başlayıb Məzun olduqdan sonra Fransa və Əlcəzair məktəblərində bir neçə il fəlsəfə üzrə dərs verib.

Lyotard 1950-ci illərdə radikal solçu siyasətinə daxil oldu və 1954-1962 Əlcəzair inqilabının ən tanınan müdafiəçisi idi. Lakin onun fəlsəfədəki inkişafı onu axır-əvvəl Marksizmin böyük hekayəsindən “oyanmağa” vadar etdi. 1970-ci illərdə üniversitet professoru olaraq işləməyə başladı. Sorbonne-da fəlsəfə dərsləri verərək başladı və daha sonra dünyanın bir çox ölkəsində dərslər verdi. Bu ölkələrə Amerika, Kanada, Brazilya, və s. daxildir. Lyotard 1989-cu ildə “Professor Emeritus” titulu ilə təqaüdə çıxdı və 1998-ci ildə leykemiyadan öldü.

Tərcümə: Shamsaddin Amanov
Mənbə: DK The Philosophy Book

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.