Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Lüdviq Vitgenştayn – “Nə üçün Freyd oxunmağa dəyər biridir?”

 “Bir gün Kembricdə küçə ilə gedirdim, qarşıma bir kitab mağazası çıxdı. Orda Rassel, Eynşteyn və Freydin portretləri var idi. Bir az irəlidəki musiqi dükanındaisə Bethoven, Şopen və Şubertin portretlərini gördüm. Bu portretləri müqayisə etdikdə sadəcə bir əsrdə insan ruhunda baş verən pozulmanı görmüş oldum” – 1930-cu ildə Kembricdə olarkən Vitgenştayn öz dostu Drury-ə etiraf edirdi.(6)

Vitgenştayn heç vaxt Freyd və psixoanaliz haqqında məqalə yazmamışdı. Vitgenştaynın Freydçi psixoanalizi tənqid etməsi haqqında bildiyimiz hər şey onun dostu –Raş Riis (Rush Rhees) vasitəsilə bizə çatan və Vitgenştaynın estetika, din və Freyd haqqındakı dərs qeydlərində yer alan fikirlərdir.Vitgenştaynın tələbəsi və yaxın dostu olan Amerikan filosofu Rush Rheesin fikirlərindən Vitgenştaynın özünü Freydin ardıcılı və tələbəsi olaraq adlandırdığını, Freydin əsərləri, işləri ilə yaxından tanış olduğunu və Vitgenştaynın özünün də yuxuların analizi və hipnoz haqqında təcrübəsi olduğunu öyrənirik.(1) Rush Rhees Vitgenştayn haqqında yazırdı: “Həyatının geri qalanında Freyd oxunmağa dəyər olduğunu düşündüyü nadir yazarlardan idi”.(2) Vitgenştaynın Freydə olan münasibətini tam olaraq müəyyən etmək çətindir. Lakin bu çətinlik heç də məlumat azlığından deyil, əksinə Vitgenştaynın özünün fərqli yanaşmalarından qaynaqlanırdı. O, Freydi həm oxunmağa dəyər biri kimi qiymətləndirir, həm də onu ciddi şəkildə tənqid edirdi.

Vittgenştayn yazırdı: “Freyd analizlərində bir çox insanın qəbul etməyə meylli olduğu açıqlamaları verir. İnsanların onları qəbul etməyə meylli olmadığını qeyd edirdi. Lakin əgər izahlar insanların qəbul etməkdən qaçdıqları bir şeydirsə, eyni zamanda qəbul etməyə meylli olduqları ehtimalı da böyükdür. Və əslində, Freyd bunu ortaya çıxarmışdı. Freyd qayğının hər zaman doğumda hiss etdiyimiz qayğının təkrarı olduğunu düşünürdü. Bu, müəyyən cazibəsi olan fikirdir. Mifik hadisələrin sahib olduğu cazibə bunun daha əvvəl baş vermiş bir şeyin təkrarı olduğunu deyən izahlara sahibdir. İnsanlar bunu qəbul etdiklərində və razılaşdıqlarında bəzi şeylər onlar üçün daha aydın və asan görünür”. (2)

Hər nə qədər Vitgenştayn Freydi bir sıra qeydlərində tənqid etsə və onun yanaşmasının elmi olmadığını qeyd etsə də özlüyündə Freydə qarşı müsbət münasibətini daimi olaraq qorumuşdu. Nəticədə, Vitgenştaynın Oksfordda Karl Popper ilə olan qısa, lakin həzin sonla bitən debatı onun xoşuna gəlməyən fikirlərə və onların sahiblərinə qarşı münasibəti üçün nümunə ola bilərdi. Vitgenştayn Freyd haqqında yazırdı: “Freydin bunları izah etməsinin ağıllı səbəbləri vardır. O insanları təəccübləndirəcək qədər xəyal gücünə və stereotiplərə sahib biridir”.(5) Vitgenştaynın Freydə qarşı tənqidlərinin arxasında gizlənən bu xoş münasibət bir sıra müəlliflər tərəfindən Vitgenştaynın Freyd tərəfindən başdan çıxarılması və ya Freyd heyranlığı olaraq adlandırılırdı.(6) Düşünürəm ki, Vitgenştaynın Freydə bu cür “məftun olması”nın səbəblərini müəyyən etmək önəmlidir. Bu səbəbləri tam olaraq müəyyən edə bilməsək belə, Vitgenştaynın Freyddə tapmaq istədiyi, ya da tapdığı şeyləri aydınlaşdırmağa çalışa bilərik.

Vitgenştaynın müasir dövrdəki şöhrətinin bir hissəsini psixoanalizə bənzər bir metod olan terapevtik prosesi tapdığını iddia etməsi ilə bağlı idi. O, bu terapevtik prosesi II dünya müharibsindən sonrakı dönəmdə “Terapevtik Pozitivizm” adlandırırdı.(1) Terapevtik pozitivizm ənənəvi, fəlsəfi və xüsusilə də metafizik problemlərin qeyri-müəyyənliyini, paradokslarını, bunların ortaya çıxardığı lingvistik problemləri məntiqi analizdən istifadə edərək həll etməyə çalışırdı. (8) Vitgenştaynın terapevtik pozitivizmi və ya Fəlsəfi metodu bir sözün mənasının heç vaxt tam olaraq verilə bilmədiyi “məna nəzəriyyəsinə” əsaslanırdı. Yəni bir sözün mənası üçün hər zaman açıq tərəf qalırdı, çünki sözün mənası onun istifadəsi ilə əlaqəli idi.(1) Bu baxımdan terapiyaya verdiyi əhəmiyyəti nəzərə alsaq,Vitgenştaynın psixoanalizə və xüsusilə, Freydə qarşı münasibətini müəyyən edən şeyi Freyd və Vitgenştaynın metodlarındakı oxşarlığa bağlamaq olar; Freydin psixoanalitik terapiyası ilə Vitgenştaynın lingvistik terapiyası arasındakı oxşarlıq(6)

Vittgenştayn 1931-ci ildə ona ən çox təsir edən bir neçə müəllifin adını qeyd edir və bu müəlliflər içərisində sadəcə dördü elm xadimi idi. Lakin Vitgenştayn bu elm xadimlərinin də onsuzda var olan şeyləri götürdüyünü və onları çoxaltmaqdan başqa bir iş görmədiyini ifadə edirdi. Onun təsirləndiyi şəxslər içərisində Freyd və Breuer (Broyer) də var idi, Vitgenştayn Freyd və Broyerin də eynilə bu fikirləri başqalarından götürüb götürmədikləri ilə maraqlanırdı. Freydə və Broyerə digər elm xadimləri sırasında yer verməsi bir baxıma Vitgenştaynın elmə olduğu kimi psixoanalizə də yanaşmasının qarışıq və qeyri-müəyyən olduğunu göstərirdi.(6)

Vitgenştayn Freydin dedikləri ilə yaxından maraqlanmışdı, lakin bunun elm olmadığını da başa düşürdü. Onun Freyddə gördüyü şey pasientlərə elmi cəhətdən əsaslandırılmış gerçəklik kimi təqdim edilmiş bir şeyi diktə etməsi idi. Vitgenştayna görə Freydin özünəməxsus nəzəriyyələri var idi və pasientlərindən kifayət qədər məlumat da alırdı, lakin bunların hamısı bir fizikin və ya bir tibb mütəxəsisinin araşdırmasından olduqca fərqli idi. Vitgenştaynın xoşuna gəlməyən şey psixoanalizin elm olaraq adlandırılması idi. O, sadəcə olaraq uğurlu olan bu yanaşmanın onun daha az uyğun olduğu sahələrdə almaq istəməyəcəyimiz böyük risklər yaradacağını düşünürdü.(3)

Vitgenştayn fəaliyyətinin ikinci dövründə daha çox təsirləndiyini qeyd etdiyi Hötenin “romantik elm” anlayışının da təsiri ilə sosial elmlərdə insan fəaliyyətləri ilə bağlı proseslərin perspektiv təmsilinin mümkün olduğunu düşünürdü. Lakin bu yanaşma bir növ yalnız sosial elmlər üçün qüvvədə idi. Onun fikrincə biz insan elmini yox, insan olmağın təmsilini hədəfə almalıydıq. O, insan elmi dedikdə insanı sadəcə bir mövqedən nəzərdən keçirən və onun arxasındakı təmsili varlığı araşdıran (Vorstellung) yanaşmanı nəzərdə tuturdu. Onun əvəzinə isə insanı olduğu kimi yalnız bir mövqedən deyil, fəaliyyətdə, davranışları ilə birlikdə, mövcudluq halında təmsil edən (Darstellung) yanaşmanı təklif edirdi. (6)

Burada “Darstellung” və “Vorstellung”un fərqləndirilməsini müəyyən etmək üçün Althüsserə müraciət etməli oldum. Hər iki anlayışı oxucunun səmimi hisslərinə güvənərək daha başa düşülən olması üçün aşağıdakı formada izah etməyə cəhd edəcəyəm.Darstellung-da bir şey olduğu kimi, necə varsa, arxasında bir şey olmadan buradadır; Dasein-dakı “da” hissəciyində olduğu kimi, “burada”. Vorstellung-da isə nəzərdə tutulan şey yalnız bir mövqedən verilir və ancaq qarşısında verilən şey, onun arxasındakı şeyin təmsilidir. Vorstellung hər zaman bir şeyin bir mövqedən təmsilidir. Darstellung isə onun mövcudluq halında təmsil olunmasıdır.(7)

Vittgenşteyn Freyddə məhz Darstellung-un, yəni burda olan şeyin (Da) təsvirini görürdü. Onun fikrincə, Freyd dil sürüşmələrinə və digər pisixoanalitik elementlərə bunu uğurlu şəkildə tətbiq etməyi bacarmışdı. (6) Əslində isə Vitgenştaynın fəlsəfədə etmək istədiyi şey daha çox Freydin psixoanaliz vasitəsilə etdiyi bu metoda bənzəyirdi. Məhz bu metodoloji yaxınlıq istəyi Freydin Vitgenştayn tərəfindən ciddi şəkildə qəbul edilməsinə və oxunmasına səbəb olmuş ola bilərdi. Eyni zamanda Vitgenştayn bu amili Freydin “elmi nailiyyət”i kimi nəzərdən keçirirdi.

Vitgenştayn Freydin “elmi nailiyyətini” qəbul edirdi, lakin bu nailiyyətlərin, xüusilə də psixoanalizin ağılın yuxusuna səbəb olduğunu qeyd edərək yazırdı: “Möcüzəni təcrübə etmək üçün insan, bəlkə də,populyasiyalar oyanmalıdır. Elm yuxuya getməyin yolunu təqdim edir.” (6)

O, digər tərəfdən Freydin nəzəriyyələrini elmi olmamaqda ittiham edirdi. Lakin onun fikrincə Freydin nəzəriyyələri hər hansı izahedici hipotezin edə biləcəyindən daha artıq şeyi aydınlaşdırırdı. Vitgenştayna görə psixoanaliz elm deyildi, o, səbəbləri müəyyən etmirdi, lakin bütün bunlara baxmayaraq Freyd “deyəcək bir sözü olan” şəxsi idi, onun dediklərində müəyyən bilik var idi, lakin bu bilik elmi metodlarla əldə olunmamışdı, bir növ özünəməxsus dil oyunu idi. Bu oyun insan davranışlarının təmsili olan Darstellung idi, bir izah (Erklärung) deyildi.(6) Burada Vtgenştaynın Freydə münasibətinin incə məqamları da ortaya çıxmış olur. Vitgenştayna görə Freydin metodları və bunun nəticəsində izah etdiyi məsələlər olduqca maraqlıdır, ancaq təəssüf ki, bu elm deyil və izahedici elmi metodlara söykənmir, sadəcə olaraq burda olanı təmsil edir. Həm də Vitgenştaynın Freydə yanaşmasında öz lingvistik analiz metoduna sadiq qaldığının, Freydin fikirlərini dil fəlsəfəsi baxımından analiz etdiyinin da şahidi oluruq.

Freyd “Gündəlik həyatın psixopatalogiyası” adlı əsərində bir nümunə təqdim edir. Bu nümunədə Freyd öz yaşıdlarının nə qədər uğursuz olduğunu dilə gətirən bir gənclə qarşı qarşıyadır. Gənc öz iddiasını daha da qüvvətləndirmək üçün latınca Vergilinin bir misrasını dilə gətirmək istəyir. Lakin nə qədər çalışsa da önəmli olan “aliguist” sözünü yadına sala bilmir. Freyd bu yaddan çıxmış ifadəni düzəldir və bu “unutdurulmanı” analiz edərək gəncdən bu sözün ona nələri xatırlatdığını soruşur. Gəncin xatırladığı sözlər içərisində liguid (maye) və Januarius-in olması ilə Freyd məlum dil sürüşməsi haqqında fikrini ifadə edir və nəticədə gəncin münasibətdə olduğu bir xanımın hamilə olması ilə bağlı qayğılarının olduğu ortaya çıxır.(4) Vitgentaynın Freydin bu analizinə verdiyi cavabında Freydin bunu tapmasının çox ağıllı hərəkət olduğunu, ancaq bunun dil sürüşməsinin əsl səbəbini sübut edə bilmədiyini qeyd edir. Vitgenştayna görə Freyd bu dil sürüşməsinin şəxsin həyatında nə mənaya gəldiyini ifadə edir, lakin onun niyə olduğunu izah etmirdi. (2)

Freydin düşündüyü şey yuxuların insanın icra edə bilmədiyi arzularının basdırılmış formaları olaraq görülməsi idi. Ancaq iddia odur ki, bu arzular yerinə yetirilə bilmədiyi üçün onların yerinə başqa halüsinasiyalar gətirilir, hansı ki, biz onları yuxularda görürük və onların sayəsində öz basdırılmış arzularımızı reallaşdırmağa çalışırıq. Əgər arzular bu şəkildə aldadılırsa, o zaman yuxuya da bu arzuların gerçəkləşdirilməsi demək düzgün deyildir. Vitgenştayna görə burada yuxumuzda “reallaşdırdığımız” arzuları o yuxunu görməyimizə səbəb olan şey kimi yox, bir işarələr ardıcıllığı olaraq düşündüyümüzdə bir məna ifadə etməyə başlayacaqdır. Yalnız bu işarələr ardıcıllığı məsələni aydılaşdıra bilər, lakin eyni zamanda bu bizi aldada da bilər.(2) Eyni şəkildə Vittgenştayn üçün də bir yuxunun mənası subyekt tərəfindən yuxunun necə xatırlandığı və təqdim edildiyi ilə bağlıdır. Bir subyektin seçimi və istifadə etdiyi sözlər bir anda verilməyən, ancaq hekayənin gedişində açılan yuxunun mənasına təsir göstərir.(1)

Vitgenştayn “Estetik, Din və Freyd” haqqındakı dərs qeydlərində “Freydin dedikləri mənə çox tərs gəlir” yazırdı. “Yuxuların yozumu deyə adlandırdığı bəzi şeyləri izah edir. “Yuxu yozmalar” adlı kitabında “gözəl yuxu” deyə adlandırdığı bir şeyi izah edir. Bir pasienti gözəl yuxu deyə bir yuxu gördüyündən danışır. Pasient yuxusunda bir təpədən endiyini, çiçəklər və ağaclar gördüyünü, ağacdan bir budaq qopardığını deyir. Freyd bu yuxunun “mənasını” izah edir. əvvəldən sona qədər ədəbsiz, ən qaba və erotik şeyləri danışır. “Ədəbsiz şeylər” deyərkən nə demək istənildiyini başa düşürsünüz yəqin ki. Bu eyham mövzuya uzaq olanlar üçün olduqca məsum görünə bilər, mövzudan xəbəri olanlar isə bu eyhamı eşitdikləri zaman oğrun-oğrun gülməyə başlayırlar. Freyd bu yuxunun ədəbsiz olduğunu deyir. Yaxşı bəs həqiqətən ədəbsizdirmi? Freyd yuxuda görülən şeylərlə müəyyən obyektlər arasında erotik əlaqələr qurur. Bu əlaqə təxminən assosiasiyalar zəncirində bir-birini izləyən şeylərin müəyyən şərtlər altında başa düşülməsi kimidir. Bu yuxunun ədəbsiz olduğunu göstərirmi? Təbii ki, yox. Əgər biri ədəbsiz şeylərdən danışdığı zaman, məsum zənnetdiyi şeylərdən danışmırsa, ancaq o zaman psixoanaliz edilir (əgər birinin niyəti məsumdursa, ədəbsiz bir şey danışmaz). Freyd bu yuxunu gözəl olaraq adlandırırdı və “gözəl” sözünü də dırnaq içərisində istifadə etmişdi. Yaxşı bəs bu yuxu gözəl deyildimi? Mən olsam, pasientə “Bu assosiasiyalar yuxunu çirkinləşdirirmi?” deyə sual verərdim. Yuxu gözəl idi, nə üçün gözəl olmasın ki?!”(5) Vitgenştayn burda Freydin analizlərini və pasientin yuxularına gətirdiyi izahları öz məna anlayışı ilə tənqid etməyə çalışırdı. Yuxunu görən pasient danışdığı şeylərdə hər hansı ədəbsiz amilləri görmür, bəlkə də, pasient yuxusunu danışarkən tamamilə məsum şeylərdən danışdığını düşünür və təsvir etmək üçün istifadə etdiyi sözlərin mənasını da buna uyğun olaraq seçir. Bu halda Freydin pasientin danışdıqlarının əsasında pasientin əslində nəzərdə tutmadığı “ədəbsiz” şeylər olduğunu deməsi nə dərəcədə məntiqlidir? Vitgenştaynın bu məsələdə yanaşması bəllidir: “Freyd pasientini aldatmışdı demək istəyirəm. Fərqli maddələrdən hazırlanan iyrənc qoxulu ətirləri düşünək. Bu səbəbdən “ən yaxşı” ətirin əslində sulfat turşusundan hazırlandığını deyə bilərikmi?”(5). Lakin Vitgenştayn həm də Freydin bu yanaşmasını anlamağa və mənalandırmağa çalışır:“Freyd bunu nə üçün belə izah etmişdi? Bunun iki cür cavabı ola bilər:

a)            Ya ədəbə əks olan şeyləri sevdiyi üçün, gözəl olan hər şeyi iyrənc formada izah etməyə çalışır. Təbii ki bu, doğru deyildir.

b)            Ya da yaratdığı əlaqələr insanların sadəcə olaraq uzaqdan marağını cəlb edir. Əlaqələndirdiyi şeylərin müəyyən cazibəsi vardır. Stereotipləri aradan qaldırmaq cəlbedicidir.”(5)

Vitgenştayn eyni zamanda pasientin yuxuda təsvir etdiyindən gizli bir şeyin qalmadığını başa düşür. Bir yuxudakı hər şey prinsipcə yalnız yuxu haqqında bilinməsi lazım olan hər şeyi bilən yuxu sahibi üçün əlçatandır. (1) O, yazırdı: “Həqiqət ancaq həqiqətin içərisində olan şəxs tərəfindən dilə gətirilə bilər. Həqiqətdən kənarda olan və bu vəziyyətdən həqiqətə doğru uzanmağa çalışan şəxs tərəfindən deyil”. Bu həm də Vitgentaynın Freydin işlərinə olan münasibətinin qısa izahı idi. Vitgenştayna görə Freydin nəzəriyyələrinin elmi bir yanı yox idi və onlar sadəcə mifologiyadan başqa bir şey deyildi.(6)

Müəllif: Araz Əliyev

Ədəbiyyat

1.“Wittgenstein and Freud: Philosophical Method vs. Psychoanalysis”, Society of Philosophy in Practice, s.37-39 // http://www.society-for-philosophy-in-practice.org/journal/pdf/9-1%2037%20Forum%20-%20Guilherme%20-%20Wittgenstein%20Freud.pdf

2. Sergio Benvenuto, “Wittgenstein and Lacan Reading Freud“ // http://www.journal-psychoanalysis.eu/wittgenstein-and-lacan-reading-freud1/

3. “What Wittgenstein disliked in Freud”, 26, 08, 2011 // http://www.wisdomnspire.com/wittgenstein/wittgenstein-objections-freud

4. Jay Watts, “Freud sürçmeleri” // https://libidodergisi.com/freud-surcmeleri/

5. Ludwig Wittgenstein,“Estetik Betimleme Din ve Freud Hakkında Dersler”, İhya, 2003.

6.Sergio Benvenuto, “Is Wittgenstein’s a Perspicuous Representation of Freud’s thought” //

https://www.journal-psychoanalysis.eu/is-wittgensteins-a-perspicuous-representation-of-freuds-thought/

7. Vittorio Morfino, “The Concept of Structural Causality in Althusser”, s. 96 //http://crisiscritique.org/ccnovember/vitorio.pdf

8.https://www.merriam-webster.com/dictionary/therapeutic%20positivism

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.