Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

“Lakanien psixoanalizdə travma konsepsiyası” – Ali Yansori

“Travma” mənası haqqında ictimai razılaşma olmayan sözlərdən biridir; yaxud Lakanien ifadə ilə desək, “point de capiton”dur (işarələnən ilə işarələyənin qovuşduğu xəyali nöqtə) – yəni hamının işlətdiyi sözdür, lakin hamı tərəfindən razılaşdırılmış vahid mənası yoxdur – və bu sözün daimi istifadəsi elə bir ilğım yaradır ki sanki “travma” anlayışı səslənəndə hərkəs eyni fenomeni nəzərdə tutur. Geniş ictimaiyyətdə bir sözün istifadəsinin psixoanalitik dairələrdəki istifadəsi ilə heç bir əlaqəsi yoxdur. Bununla belə hər bir psixoanaliz ənənəsində “travma” məxsusi anlayışa malikdir. Bu məqalənin məqsədi Lakanien psixoanalizdə travmanın oynadığı rolu göstərməkdir.

Psixoanalitik düşüncə özünü travmalar və onların ardıcıllığı (davamlılığı) baxımından müxtəlif ifadələrlə təsvir edir. – Lacan, 1992, s. 10

Travmanın Freydiyen izahı

“Travma nədir” sualı ilə başlayaq. Bu fenomenin klassik tərifi Freydin işlərinin arasında tapıla bilər; və biz deyə bilərik ki, bir Freydiyen kimi Lakanın Freydin “travma” ilə bağlı aşağıdakı tərifinə qarşı ümumi heç bir etirazı olmazdı:

Biz xaricdən gələn və qoruyucu qalxanı dəlib keçəcək qədər güclü olan hər həyəcanlanmanı “travmatik” olaraq təsvir edirik. Mənə belə gəlir ki travma konsepsiyası istər-istəməz bu növ əlaqəyə, yəni qıcıq əleyhinə təsirli maneədəki çatlağa eyham vurur. Xarici travma kimi belə bir hadisə orqanizmin fəaliyyətində geniş ölçüdə narahatlığa və mümkün olan hər bir müdafiə tədbirinin başlanmasına səbəb olur. (Freud, 1961, p. 23).

Freydin tərifi ictimai rəyə xitab etdiyinə görə hətta bu işin əhli olmayanlara da məntiqli gəlir. Və ümumilikdə, Lakanı oxuyarkən, biz həmişə Freydin açıqlamasını ağlımızda tutmalıyıq. Bununla belə qeyd etmək lazımdır ki Lakan, adətən, özünün məxsusi tvistlərini (şərh) əlavə edərək Freydin sadə tərifinə qayıdır.

Freyddən Kənarlaşma (fərqlənmə)

Lakanın Freydə olan etimadını nəzərə alaraq daha irəli getmədən əvvəl Freydiyen psixoanalizdə nevroz və travma arasındakı əlaqəni qeyd etmək vacibdir. Freyd iddia edir ki “nevroz […] həddindən artıq güclü olan affektiv (emosional) rənglənmələrlə müşayiət edilən təcrübənin öhdəsindən gələ bilmək acizliyi ucbatından baş verə bilən bir növ travmatik xəstəliklə eyni hesab edilə bilər ” (Freud, 1963, p. 275).

Əgər “normal” insanların mövcud olmadığı və “normal” olaraq adlandırdıqlarımızın, əslində, nevroz (nevrotik) olması haqqındakı Lakanien fərziyyəni qəbul etsək, onda hər kəsin öz travması olduğu qənaətinə gəlirik. Bu axırıncı məqam Lakana görə çox önəmlidir, çünki travmalarımız bizi yaradır. Bizim kimliyimizin (yaxud şəxsiyyətimizin) konturlarını cızan zəruri substansiyanın mövcudluğu ideyası Qərb düşüncəsinə yad deyil; Lakana görə, bu zəruri substansiya hər fərdin malik olduğu travmatik özəkdir.

Popkulturadan bir nümunə yolu tapmağımıza kömək edə bilər: “Westworld” adlı serialda travmalarımızın bizi necə insan etməsi ilə bağlı mükəmməl Lakanien nümunə tapa bilərik. Bernard və Ford arasındakı söhbətə nəzər salaq:

B: Bunu mənə niyə verdin?

F: Uşağı?

B: Uşağın ölümünü..təkcə bədheybət kimisə buna məcbur edə bilərdi. Mən niyə buna təkrar təkrar qayıdıram? Bu mənim məhək daşımdı, elə deyil? Mənim bütün kimliyimin ətrafında təşkil edildiyi şeydir..

F: Hə, Bernard. (Westworld, 2016) [Vurğular əlavə edilib.]

Bu, Lakanien psixoanalizin dərs kitabıdır! Sanki ssenarini Lakan özü yazıb. Bu dialoqu oxuyarkən iki vacib məqamı diqqətdə saxlamalıyıq; birincisi, vurğulandığı kimi travma hər fərdin şəxsiyyətini müəyyən edən məhək daşıdır, ikincisi, təkrarlanan və dövri hərəkətləri təsvir etmək üçün işlədilən sözlər – yuxarıdakı mətində italic formada verilib – “Trieb”in (drive; motiv) objet a (balaca a obyekti, həzz) ətrafındakı dövri hərəkətinə eyham vurur. Bu arqumenti daha da irəli aparmaq üçün yuxarıdakı dialoqdakı “şey” sözünün əhəmiyyətsiz olmadığı mübahisələndirilə bilər; Lakana görə,  “Şey” [“la chose”, yaxud Freyddə “das Ding”], “objet a” (red. “həzz”) kimi Simvolikin üzərində (kənarında) yerləşdirilir. Mahiyyətcə, bu iki termin əlaqəsiz deyillər; Lakanın seminarlarında, “das Ding” konsepsiyasi tədricən “objet petit a” ideyasına tərəf inkişaf etdirilir.

Təkrarlama, Xatirə və Travma

Özünün “Psixoanalizin Dörd Əsas Konsepsiyası”nda Lakan travmanın nə olduğunu bizə izah etmək üçün Kyerkeqoriyan yanaşmanı tətbiq edir. Kyerkeqor üçün, “Wiederholung” (təkrarlanma) və “Erinnerung” (xatırlama) eyni qəpiyin iki üzüdür; “Təkrarlanma və xatırlama eyni hərəkətlərdir, lakin zidd istiqamətlərdə, belə ki, xatırlanan şey geriyə doğru təkrarlanır” (Kierkegaard, 1983, p. 131). Lakan bu iki anlayışın müəyyən dərəcəyə qədər bir-biri ilə əlaqəli olduğunu qəbul edir; sözügedən geriyə təkrarlanma üçün limiti isə “Real” (Həqiqi) ilə sərhədləyir. Başqa sözlə, pasient travmatik hadisələr istisna olmaqla öz keçmişini xatırlaya bilər. Travmatik hadisələr subyekt üçün simvollaşdırılmamışdır (təmsilləşdirilmə), buna görə də subyekt böyük ehtimalla o hadisələri xatırlaya bilmir; subyektin nə qədər çox cəhd etməsindən asılı olmayaraq, yaşadığı travmanın onda yaratdığı boşluğu aradan qaldıra bilməz. Bu perspektivdən baxıldıqda, Lakanın yanaşması qatı Freydiyen olaraq nəzərə çarpmır, bununla belə Freydin “travmatik hadisənin xatirəsinə gedən cığırı tapa bilsək, isterik simptomlar həll edilə bilər” (Freud, 1962, p. 195) deməsinə baxmayaraq, o, xatırlamanın sərhəddlərini çox yaxşı başa düşmüşdü. Aşağıdakı mətnə nəzər salaq:

“Analitik texnikanın ilkin dövrlərində bizim hadisələrə intellektualca baxış sərgilədiyimiz doğrudur. Biz pasientin unutduğu şeylər barədə biliyini yüksək qiymətləndirir və beləcə onlar haqqındakı öz biliyimiz ilə pasientinki arasında heç bir fərq qoymurduq. Biz unudulmuş uşaqlıq travması haqqında məlumatı başqa mənbələrdən – məsələn, valideynlərdən, yaxud dayələrdən, ya da təhrik edənlərin özlərindən – ala bilməyə nail olduqda (bəzən bunu etmək mümkün idi) düşünürdük ki  bu məxsusi bir bəxt nümunəsidir. Beləcə, nevrozun və müalicəsinin sürətlə başa çatmasına bəslədiyimiz müəyyən gözlənti ilə özümüzü məlumatların və sübutlarının düzgünlüyünün pasientə çatdırılmasında tələsdirirdik” (Freud, 1958, p. 141).

Burada iki mütəfəkkir arasında güclü bənzərlikləri görə bilərik. Freyd anlamışdı ki travmatik hadisələr haqqında ikinci əl məlumatlar pasientin hadisələr barədə özünün birbaşa məlumatlarından daha çox etibarlıdır. Əslində, əgər pasient nə isə “xatırlayırdısa”, bu, pasient tərəfindən hörülən fantaziyadan – təhrif edilmiş xatirədən – başqa bir şey deyildi. Bu, “balaca a obyekti” (objet petit a) ətrafında “Trieb”in (motiv) təkrarlanan hərəkətlərinin baş verdiyi yerdir, beləliklə, təkrarlanan bu hərəkət birbaşa travma ilə əlaqəlidir.

Fantaziya “Trieb”in “objet a” ətrafındakı təkrarlanan hərəkəti ilə yaradılır; bəzi hadisələr (travmatik) Simvolik nizamı (symbolic order) pozduqda, Simvolikdə daha çox “objet a” kimi tanınan bir boşluq yaranır. Travma “[obyekt] a-ın Böyük Özgəsi tərəfindən izolyasiya edilməsi və subyektin Böyük Özgəsi ilə münasibətində izafi (qalıq) olaraq təşkil olunması” (Lacan, 2014, p. 114) ilə müşayiət edilən pozucu hadisədir. Beləliklə, fantaziya mənasız boşluğun ətrafında yaradılır; onun funksiyası ahəngdarlıq (bütövlük) ilğımı yaratmaqdır. Nəticədə, travmatik hadisə subyekt tərəfindən subyektin yerdə qalan digər simvolik dünyası ilə uyğunluq təşkil edən bir şey kimi dərk edilir.

Fantaziyanın köməyi ilə hər fərd başqa formada mənasız olan travmatik təcrübələrini mənalandırır. Beləliklə, subyektin qətiyyən heçnəyi xatırlamaması məsələsi doğru deyil, ancaq bu xatırlanan şey travmatik hadisənin obyektiv hesabatı da deyil. Subyekt üçün travmatik hadisə hərfi mənada mənasızdır, mənadan məhrumdur. Mənasız travmatik hadisəyə mənasını verən, yaxud ən azından mənalılıq ilğımını bəxş edən şey fantaziyanın funksiyasıdır:

“Realın (həqiqinin) yeri […] travmadan fantaziyaya qədər uzanır” (1998, p. 60) və “fantaziya heç zaman tamamilə ibtidai olanı örtən (gizlədən) ekrandan, təkrarlamanın funksiyasında təyinedici olandan başqa bir şey deyil” (Lacan, 1998, p. 60).

Doğuş Travması

“Westworld” serialında Bernardı daha çox insani etmək üçün ona travmatik hadisə verildi. Əgər sizin həyatınız Bernardınkindən daha az travmatikdirsə, narahat olmağa ehtiyac yoxdur, bu, sizi bir androiddən daha az insan etmir. Lakana görə bir tək ümumi və köklü travma var ki, bizim hamımız bunu bölüşürük; özünün X (10-cu) Seminarında Lakan daha da irəli gedərək söyləyir ki doğulma travmatik təcrübədir (“le trauma de la naissance”, yəni “doğuş travması”). Biz hamımız eyni “Özgə mühit”də peyda olduğumuza görə bu ictimai travmanı bölüşürük.

Doğuş travması ola bilər ki bizi fundamental səviyyədə insana çevirir, ancaq o bir fərd kimi bizdəki fərqlilikləri açıqlamır. Əgər bizi unikal fərd olaraq meydana gətirən şeyin nə olduğunu bilmək istəyiriksə, insanların doğumdan sonra başına gələn travmalarını nəzərə almalıyıq.

Məqalənin istifadə etdiyi mənbələr: 

  1. Freud, S. (1958). The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume XII. Hogarth Press.
  2. Freud, S. (1961). Beyond the Pleasure Principle. W. W. Norton & Company, Inc.
  3. Freud, S. (1962). The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume III. Hogarth Press.
  4. Freud, S. (1963). The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume XVI. Hogarth Press.
  5. Kierkegaard, S. (1983). Fear and Trembling/Repetition. Princeton University Press.
  6. Lacan, J. (1992). The Ethics of Psychoanalysis. W.W. Norton & Company.
  7. Lacan, J. (1998). The Four Fundamental Concepts of Psychoanalysis. W.W. Norton & Company, Inc.
  8. Lacan, J. (2014). Anxiety: The Seminar of Jacques Lacan, Book X. Polity Press.
  9. MacLaren, M. (Director). (2016). The Well-Tempered Clavier [Television series episode]. In Westworld. HBO.

Tərcümə: Fərid Kazımov

Mənbə:Psychoanalyzadnes.cz

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.