Cümə axşamı, İyul 07, 2022

ENSİKLOPEDİYA

Kontinental Avropa fəlsəfəsi nədir? – David Vest

David West , An Introduction to Continental Philosophy,1995, Canberra, səh 11-18.

“Kontinental Avropa fəlsəfəsi” terminini əhatə edən qarışıqlıq və ixtilafların ən azından bəzilərini nəzərdən keçirmədən əvvəl, terminin birbaşa və saf tərifini verməkdə fayda var. Kontinental Avropa fəlsəfi XX əsrin böyük bir hissəsində İngilis dilində danışan dünyadakı akademik fəlsəfəyə hakim olan “analitik fəlsəfə”nin tam qarşısında yer alan bir sıra fikir adamları və fəlsəfi yanaşmaları ifadə edir. Bu mənada Kontinental Avropa fəlsəfəsi Hegel, Marks, Kierkegoor Nitsşe, Husserl, Haydegger, Sartr, Qadamer, Habermas, Derrida, Fuko, Lyotard və Bodriyar kimi düşüncə sahiblərini əhatə edir. O, Hegelçi idealizm, Marksizm, Frankfurt məktəbinin “tənqidi nəzəriyyəsi”, ekzistensializm, fenomenologiya, hermenevtika, strukturalizm, post-strukturalizm və post-modernizm kimi düşüncə istiqamətlərini öz içərisinə alır. Bu təsvirdən tək bir homogen Kontinental Avropa ənənəsi olmadığını, bu ilk mərhələdəcə aydın hala gətirmək lazımdır. Burada daha çox, bir-biri ilə daha az və ya daha çox əlaqəli olan düşüncə istiqamətlərinin müxtəlifliyi nəzərdə tutulur. Bu və ya digər şəkildə, müəyyən edilməsi mümkün olan Kontinental Avropa tərzində fəaliyyət göstərən düşüncə xadimləri vardır.

Fəlsəfə, ayrıca bir formada Kontinental Avropaya məxsus yanaşmaların sıra və nizamı bu kitabın məqsədləri baxımından, əvvəlcə tarixi terminlərlə müəyyən olunacaqdır. Sadəcə düşüncə xadimləri qrupunun bir-biri ilə müəyyən ailə bənzərlikləri içərisində olan üzvlərini tanmaq deyil, lakin daha müəyyən soy ağaclarının bəzilərini izləmək, intellektual soy ağacı formalaşdırmaq da faydalı olacaqdır. Bu halda həm məzmun, həm də üslub baxımından nəzərdən keçirilən bir sıra qarışıqlıq Qitə Avropasına məxsus düşüncə istiqamətlərinin, modern Avropa fəlsəfəsi və Maarifçilik tərəfindən seçilən ana istiqamətə reaksiya olaraq zühuruna qədər geri aparacaqdır. Nəzərdən keçirdiyimiz intellektual qarışıqlığın hakim meyli, ənənəvi metafizika, din və əxlaqın iddiaları ilə əlaqədar şübhəçiliyi təbiət elmlərinin metodlarına duyulan dərin (və bəzilərinin fikrincə də, ölçüsüz) heyranlıqla əlaqələndirmişdir. Elm, əgər yenə də şübhəçilik və ya şübhəyə məruz qalarsa, bu təqdirdə ona, insan biliyinin ən inandırıcı nümunəsi olaraq meydan oxunmaqdadır[1]. Təbiət elmlərinin iddiaları ilə müqayisə olunduğunda, digər bilik iddiaları, incəsənət, əxlaqi və hətta dini doğruları çox düzgün olaraq, daha rasional formada müdafiə edə bilər, bu mövqe, doğruları daha elmi və dolayısı ilə də daha sağlam təməllər üzərinə yerləşdirməyə çalışan Maarifliçik filosoflarına çox da sağlam görünmür.

Bununla birlikdə Maarifçiliyə Qitə Avropası ənənəsi içərisindən yönəldilən tənqidlərin bir bölümünə görə, bu düşüncə xadimlərinin cəhdləri ilk başlanğıcdan etibarən uğursuzluğa məhkumdur. Onların insan biliyinin əxlaqi, dini və incəsənət sferaları üçün güvənilən, rasional təməllər təmin etmək cəhdlərində qarşılaşdıqları uğursuzluq və çətinliklər tamamlanmamış bir proyektin göstəriciləri olmaqdan əlavə, əzik-üzük və tək yönlü proyektin qaçınılmaz nəticələri idi. Maarifçiliyi tənqid edənlər, nə elmi metodun, nə də Maarifçilik fəlsəfəsinin cavablamaq üçün lazım olan imkana sahib göründüyü suallar üçün, olduqca fərqli bir cavab növünə olan ehtiyacın fərqində olmamışdılar. Nəticə, bizim burada Kontinental Avropa fəlsəfəsi adını verdiyimiz fəlsəfəni meydana gətirən, bir sıra yeni intellektual yanaşmalar oldu. Kontinental Avropada ortaya çıxan bu tənqidin ana xətləri Herder və Russonun əsərlərinə qədər geriyə aparıla bilər, lakin o ən sistemli və ehtiraslı bir şəkildə Hegelin fəlsəfəsində dilə gətirilir. Kontinental Avropa fəlsəfəsinə daha sonra təsir edənlər Hegelin düşüncəsini inkişaf etdirmələri ya da tənqid etmələri, lakin onu çox az görməzdən gəlmək mənasında post-Hegelçilər idi. Onların düşüncələri, Hegelçi sistemə çox iddialı şəkildə qarşı çıxdıqları və ya onu qəbul etmədikləri zaman belə, bu sistemin izlərini daşıyırdı. Məhz, irəlidəki səhifələrdə də bu düşüncələrdən ən önəmlilərindən bəzilərini incələyəcəyik.

Bununla birlikdə, bu işə cəhd göstərmədən əvvəl təşəbbüsümüzə yönəlik hər hansı bir tənqidi sovuşdurmaq məcburiyyəti hər halda vardır. Geniş bir məsələni nisbətən az saydakı sözlə ifadə etmək və ya başa düşülməsi çətin olan düşüncələri daha anlaşılan hala gətirmək cəhdinə, adət edildiyi üzrə istiqamətləndirilən tənqidləri tez kənara atsaq belə, çox daha əhəmiyyətli sıxıntı ilə qarşı qarşıya qalırıq. Bu da, ayrıca Kontinental Avropa fəlsəfəsi ənənəsini təcrid etməyin ziddiyyətli və ya hətta əxlaqsızca olması sıxıntısıdır. Proyekt, Kontinental Avropanın özündən – yəni, əsas etibarilə Qərb ucundakı İngiliscə danışan adalardan ayrı düşünülən Avropadan – olan oxucularımıza xüsusilə qəribə gələ bilər. Hər şey bir yana, Qərb fəlsəfəsinin müxtəlif istiqamətləri Sokrata qədərki filosoflarla, Platon və Aristoteldən başlayaraq, Xristianlıq, Musəvilik və İslam alimlərinin önəmli təsirləri ilə, modern Avropa fəlsəfəsinin Dekart, Lokk, Hyum, Leibniz, Spinoza və Kant kimi önəmli şəxsiyətlərinə qədər uzanan ortaq tarixi paylaşır. “Kontinental Avropa fəlsəfəsi” termininin, termindən də aydın olduğu kimi yalnız Avropa qitəsi izah edilmək istəndiyi üçün, irqmərkəzçi düşüncə ilə günahlandırılmasında az da olsa doğruluq payı vardır. Kontinental Avropa fəlsəfəsi ən nəhayətində Qərb fəlsəfəsinin bir variantıdır.

Həqiqətən də, Kontinental Avropa fəlsəfəsi həyata, bir kənarlaşdırıcı kateqoriyası kimi addım atmışdır. ABŞ, Biritaniya, Avstraliya, Kanada və Yeni Zellandiya daxil olmaqla Qərbin ingilis dilində danışan ölkələrinə hakim olan analitik fəlsəfə, Avropa qitəsində Kantdan etibarən yaradılmış olan fəlsəfi düşüncəni – ya da başqa ifadə ilə Kontinetal Avropa fəlsəfəsini – yaxın zamanlara qədər demək olar ki, heç diqqətə almamışdı. 1970-ci illər kimi çox yaxın bir tarixdə, fəlsəfədə Hegel ya da Nitsşe, Husserl, Haydegger ya da Sartrdan danışılmayan dərs, əskik bir dərs olaraq görülməzdi. Önəmi və dəyəri həm analitik ənənə, həm də Kontinantal Avropa ənənəsi tərəfindən verilən Kant bu baxımdan konkret keçid ya da qopma nöqtəsini göstərir. Onun fəlsəfəsi qismən Şotland maarifçiliyin ən önəmli şəxsiyyətlərindən biri olan, analitik fəlsəfə üzərində önəmli təsirlərə malik olan Devid Hyumun radikal şübhəçiliyinə qarşı reaksiyadır. Kantın reaksiyası hələ də Analitik filosoflar tərəfindən olduqca ciddiyə qəbul edilir. Lakin, ən önəmli düşüncələri birbaşa Kantın tənqidindən meydana gələn Hegelin əsəri çox böyük ölçüdə nəzərdən kənar qalmışdır. Bu halda yalnız Avropa və ya Qərb fəlsəfi əvəzinə Kontinental Avropa fəlsəfəsindən və Analitik fəlsəfədən bəhs etmək Hegellə birlikdə və Hegeldən sonra mənalı olmağa başlayır. XIX və XX əsrlərin ard-arda gələn və çox vaxt Hegel və ya Hegelçi düşüncələr tərəfindən birbaşa təsirlənmiş, ya da Hegel və Hegelçi düşüncələrə qarşı çıxan Kontinental Avropa düşüncə xadimlərinin bütöv ardıcıllığı, ya analitik filosoflar tərəfindən heç ciddiyə alınmamış, ya da onlara Sartr və Kamyu nümunələrində olduğu kimi böyük ölçüdə ədəbi əsərlərinə görə dəyər verilmişdir.

Əgər belədirsə, Qitə Avropası fəlsəfəsinin soyağacı, Kanta qarşı Hegelçi və Hegellə əlaqələndirilən tənqidlərə qədər geriyə aparıla bilər. Bununla birlikdə bir kənarlaşdırıcı kateqoriyası kimi Kontinental Avopa fəlsəfəsi əvvəlcə yeni ortaya çıxan analitik fəlsəfənin baxış bucağından müstəqil bir ənənə olaraq müəyyən edilmişdi. Analitik fəlsəfənin daha sonrakı inkişafına böyük təkanXX əsrin əvvəllərində həm Britaniyada, həm də ingilis dilində danışan dünyanın geri qalanında olduqca güclü idealist və Hegelçi nüfuza (Kontinental Avropa fəlsəfəsinin nüfuzu) qarşı açılmış uzun müddətli müharibəyə qatılmış Gottlob Frege, Bertrand Rassel və G. E. Moor kimi şəxsiyyətlər tərəfindən qazandırıldı. Analitik fəlsəfənin yüksəlişi də məhz bu dövrə düşür. Rassel və Vaytheadın Prinsipia matematicası önəmli dönüm nöqtəsidir. Avropa qitəsinə o zamanlarda hər ikisi də ruhən Kontinental Avropa fəlsəfəsindən daha çox Analitik fəlsəfəyə yaxın olan Pozitivizm və Yeni Kantçı fəlsəfi istiqamətlərin hakim olması ironikdir.

Həqiqətən də, analitik fəlsəfə məntiq və riyaziyyatdakı texniki inkişafın da köməkliyi ilə Maarifçiliyin şübhəçi, elmi ruhunu canlandırdı. Bu inkişafın nəticəsi olan prinsiplər və texnikalar başlanğıcda, “müəyyən şübhəlilərə”, ya da ən azından birbaşa onların soyundan olanlara Kontinental Avropanın metafizik idealizminin, ənənəvi dinin və doqmatik əxlaqın iddialarına böyük bir həyəcanla tətbiq edildi. Ən konkert ifadə ilə (ya da ən qatı görünüşü ilə) analitik fəlsəfə bəzən Hyum çəngəli deyilən şeyə baş vurur. Hyum “insan ağlının ya da araşdırmanın bütün obyektlərinin təbii olaraq iki növə, yəni ideya münasibətləri ilə fakt problemlərinə ayrıla biləcəyini” irəli sürür. Bunlardan birincisi, prinsip olaraq riyaziyyat və məntiqin “kainatın hər hansı yerində var olan bir şeyə bağlı olmadan, sırf düşüncənin fəaliyyəti ilə kəşf edilə bilən” doğrulardır. İkincilər isə, dünya haqındakı “səbəb nəticə əlaqələrinə əsaslanan kimi görünən” ehtimali doğrulardır. Heç şübhə yoxdur ki, Hyumun ağlında öz zamanının təbiət elmlərində ən sistemli şəkildə ifadə edilmiş doğrular vardı. Sxolastik fələsəfə ya da “metafizik” və din daxil bu iki kateqoriyadan biri ya da digərinə daxil olmayan şeyin ağılın ya da həqiqi biliyin baxış bucağından ipso facto dəyərsiz olduğu ortaya çıxmaqda idi. Analitik filosoflar bu prinsipi praktikada, bir şəkildə – sırf özü aydın şəkildə hər iki kateqoriyaya da daxil olmayan fəaliyyətlərini mənalandırmaq üçün belə olsa – yumşaltsalar belə, prinsipin ruhuna uyğun şəkildə davranmağa davam etdilər. Fəlsəfə, nə məntiq və ya riyaziyyatın bir sahəsi, nə də fizika ya da biologiya ilə müqayisə oluna bilən təbiət elmi olmadığı üçün özünü sıx şəkildə anlayışların diqqətli analizi ilə sərhədləməlidir. Elmi olara hörmətə laiq tək fəlsəfə bundan belə analitik fəlsəfədir. Daha ümumi olaraq, XX əsr filosofları tərəfindən gerçəkləşdirilən “linqvistik dönüş”ə görə, bu vəzifə o zaman hər şeydən öncə və çox böyük ölçüdə dilin analizini əhatə edən iş olaraq şərh olunurdu. Maykl Dummetin cümləsi bu məsələ haqqında tipik nümunə təşkil edir: “Fəlsəfənin məqsədi düşüncənin strukturunun analizidir” və “düşüncəni analiz etməyin tək uyğun metodu, dil analizindən meydana gəlir”.

Digər tərəfdən Kontinental Avropa filosoflarına Hyum tərəfindən ən azından bu mövcudluq tərzlərinin təlqin etdiyi maraq və qavrayışlardan əl çəkməyi istəməmək mənasında, qınayıcı sözlərlə bayıra atılan metafizik, əxlaqi və möminlərin uzaq qohumları olaraq baxılmalıdır. Onlar, eyni şəkildə, ortalama sağlam düşüncənin, filosofun işinin ən önəmli tərkib hissələri olaraq görməkdən bir an belə əl çəkmədiyi sualları araşdırmağı davam etdirirlər. Bunlar hər şeydən əvvəl, ekzistensial, əxlaqi və estetik suallardır. Mövcudluğun mahiyyəti, həyatın mənası, nəyin doğru və nəyin yanlış olduğu, incəsənətin və gözəlliyin mənası ilə bağlı suallar. Amma Analitik fəlsəfənin baxış bucağından Kontinental Avropa filosofları, özlərinin daha dəqiq, konkret və daha elmi anlayış analizi vasitələrinin yerini almış şübhəli metafizik metodları istifadə etməyə davam edirlər. Kontinental Avropanın yanaşması “metafizikanın” “mənasız” sözlərinə qarşı “məntiqi pozitivistlərin” alçaldıcı tənqidlərindən başlayaraq, “elmi” “mənasız olandan” ayırmağa istiqamətlənmiş, son zamanlarda azalsa belə, bu günə qədər gəlməkdə olan maraq cizgisi boyunca, məhz bu terminlərlə sıx-sıx tənqid olunmuşdur. A.J.Ayer Hyumun metafizikanın nə təsdiq oluna bilən faktiki hökmləri, nə də analitik və ya da məntiqi doğruları əhatə ediyi və dolayısıyla, mənalı olmadığı üçün atılması gərəkdiyi şəklindəki şikayətini təkrarladığı zaman, özünə hədəf olaraq Kontinental Avropa fəlsəfəsinin önəmli şəxsiyyətlərindən olan Haydeggeri alırdı. Haydegger də görəcəyimiz kimi, olduqca fərqli mənada da olsa, metafizikanı aşmaq ehtiyacı ilə dolu olduğundan burada da daha bir ironiya mövcuddur.

Başqa bir ifadə ilə, “Kontinental Avropa fəlsəfəsi” heç bir şəkildə günahsız deyildir və bundan dolayı həyata yalnız sıxıcı, sinifləndirici etiket olaraq deyil, lakin müxtəlif cür istifadəyə əlverişli termin kimi addım atır. Kontinental Avropa fəlsəfəsi və Analitik fəlsəfə arasındakı əkslik, bu səbəblə, başqa bir əksliyi Şərq və Qərb arasındakı daha dünyəvi və bu günlərdə moddan düşmüş olan əksliyi xatırladır. Siyasi müşahidəçi “Şərq” və “Qərb”in coğrafi terminlərdən çox ideoloji terminlər olduğunu dərhal başa düşür. Qərb azad, kapitalist və rifah cəmiyyəti olub, insan haqları ilə Amerikan həyat tərzini müqəddəsləşdirir. Şərq isə totalitar, tənbəl və despot olmuşdur. Coğrafi mövqelərinə baxmayaraq Yaponiya, Avstraliya, Kubanın Şərqə mənsub olduğu halda, ölçülərinin çoxusu baxımından Qərbə mənsub olan ölkələr olaraq görülür. Oxşar istisnalar Analitik fəlsəfə ilə Kontinental Avropa fəlsəfəsi arasındakı birbaşa coğrafi şərhi də əhatə edir.

Buna görə, Vyana çevrəsinin Avstraliyalı olan məntiqi pozitivistləri və Ludviq Vittgenştayın etdiyi kimi, Frege də alman olmağına baxmayaraq, Analitik fəlsəfənin inkişafında önəmli rola malik olmuşdu. Digər tərəfdən XIX və XX əsr fəlsəfəsinin T.H.Green, Bredli, Kolliqvud və Oakşot kimi ingilis idealistləri ilə onların kanalın qarşı sahilindəki idealist çağdaşları arasında müəyyən yaxınlıqlar vardır. Hətta analitik ənənə içərisində ciddi yerə malik Con Stüart Mill belə, Höte və Şillerin dostu olan Vilhelm Humboltun düşüncələri ilə Alman romantizmindən yüksək dərəcədə təsirlənmişdi. Analitik fəlsəfənin klassiklərindən olan The Consept of Mind (Zehin anlayışı) müəllifi Gilbert Rayl uzun müddət Husserllə birlikdə işləmişdi. Əsasən Şimali Amerikada fəaliyyət göstərən Riçard Rotri, Alasdair Makintayr və Çarlz Teylor kimi ingilis dilində danışan çağdaş filosoflar şüurlu olaraq Kontinental Avropa fəlsəfəsinin mövzularını Analitik fəlsəfənin dili ilə də olsa, inkişaf etdirirlər. Yenə təməl iddiaları baxımından çox böyük fərqliliklər göstərməyən Yeni Kantçılığın keçmişdə periodik olaraq canlanmasına şahid olan Fransa və Almaniyada bu gün analitik fəlsəfənin güclü məktəbləri yer almaqdadır. Fəlsəfi problemlərə istiqamətlənmiş məntiqi və analitik yanaşmaların, nəhayət digər Şərqi Avropa ölkələrində olduğu kimi Polşada da (Lvov-Varşava məktəbi) uzun ənənəsi vardır.

Əgər belədirsə, Qərb fəlsəfəsində bir-birlərini qarşılıqlı olaraq kənarlaşdıran iki ənənəsinin ayırd edilməsi üçün sadə və birbaşa təməl qəti şəkildə tapıla bilməz və tapılsa da, onun fəlsəfi baxımdan maraqlı olması hər ehtimalda çox da mümkün deyildir. Derridanın doğru və münasib ifadəsinin mənimsəyəcək olsaq: Kontinental Avropa fəlsəfəsi “bir hərəkətin empirik olmayan binasıdır”. Digər tərəfdən, Analitik fəlsəfə ilə Kontinental fəlsəfə arasındakı fərqliliyin bir baxıma ayrı fəlsəfə düşərgləri arasındakı əksliyin məhsulu olduğunu ortaya qoyan məlumatlar olmaqla birlikdə, sarih və təməl təlim fərqliliklərini müəyyən etmək ya da iki yanaşmanı güvənilən şəkildə, fərqli mövzular, üslublar ya da məcazlar vasitəsilə ifadə etmək asan deyil. Dolayısı ilə sağlam fərqləndirmə etməyə cəhd göstərmək, bu mərhələ üçün uyğunsuz vaxt olacaqdır. İdeologiyaya boyanmış bütün fərqliliklərdə olduğu kimi, Kontinental Avropa fəlsəfəsi və Analitik fəlsəfə arasındakı fərq də həqiqi fərqlilikləri müəyyən etmək qədər, ciddi intellektual yekdilliyi önləməyə imkan verir. İntellektual ənənələr, ictimai və tarixi bağlılıqlar qədər, dəqiq intellektual mülahizələri də əks etdirir.

[1] Buna görə, XVIII əsr şotland filosofu Devid Hyum fakt problemləri ilə əlaqədar bütöv elmi biliyə təməl təşkil edən səbəb nəticə əlaqələri ilə bağlı biliklərimizi belə şübhəli hala gətirmişdirsə, o eyni zamanda bütün bu proyektini təbiət elmilərin metodlarını “insan elmlərinə” tətbiq etmək istiqamətində təşəbbüs olaraq ifadə edir.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.