Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Kolin Vilson: Tənha ingilis ekzistensialist

Kolin Vilson(1931-2013) çox güman ki, İngiltərənin tanınan tək ekzistensialist filosofu idi. Vilson, Robert Solomon-un “Existensializm” adlı kitabının 2004-cü ildəki ən son nəşrində yer alan yeganə ingilis ekzistensialistdir (fəlsəfi nailiyyətləri Vilsonun digər məşğuliyyət sahələrini üstələdiyi üçün məqalədə onu bir mistik, okkultist, kriminolog kimi anmayacağam) Vilson universitetdə oxumamış və hər hansı bir akademik statusa malik olmamışdır.

Lakin 2006-cı ildə yazmış olduğu xatirə kitabı olan “The Angry years”-da  İris Murdak-ın onu universitet təhsilinin önəmi ilə bağlı razı salmağa çalışdığını qeyd edirdi: “Bir birimizə tez qanımız qaynamışdı, Universitetə heç vaxt getməmiş olduğumu eşitdiyində mənə Oksforda təqüd təmin edə biləcəyini qeyd etdi, mən isə minnətdarlığımı ifadə edərək bu təklifi rədd etdim”. Vilson akademik mühitlərə ara-sıra xüsusi dəvət edilmiş yazıcı və müəllim kimi dərs demək üçün getmişdi. Beləliklə, The Outsider-in(Yad) müəllifi təkcə İngilis fəlsəfəsinin deyil, eyni zamanda ingilis akademik mühitindən də kənarda qalmış olurdu.

Vilson 16 yaşından məktəb təhsilindən uzaqlaşmışdı və müxtəlif işlərdə çalışdığı müddətdə yazıçı olmaq həvəsinə düşmüşdü. 23 yaşı olduğunda isə puluna qənaət etmək üçün Londonun Hamstead Heath parkında evsiz insanlar kimi yaşayır və gündüzlər isə Britaniya Muzeyinin kitabxanasnda yazmaqla məşğul olurdu. Cəmiyyətdən kənar olan vəziyyətinə uyğun olaraq yazdığı The Outsider adlı kitabı üstündə işləyir, ədəbi və insənət yaradıcılığı sahəsində kənarda qalmış və tənhalaşmış fərdlərin rolunu araşdırırdı. 1956-cı ildə sadəcə 24 yaşında ikən nəşr olunmuş kitabı mədəni dünyada şok effekti yaratdı. Kitab eyni zamanda Vilsona daimi bir ad və çox erkən bir şöhrət qazandırdı. Daha sonra nəşr etdirdiyi kitabında isə tənqidçilərin sərt reaksiyası ilə qarşılaşdı və jurnalistlərlə sərt dialoglara girməli oldu. Təzəcə evləndiyi həyat yoldaşı ilə birlikdə İngiltərənin cənub-qərbindəki Kornvall-da tənha bir bağ evinə köçərək orada yaşamağa başladı. Həyatlarının geri qalan müddətini orda keçirdilər və Vilson fasiləsiz yazmağa davam etdi.

Vilson xüsusilə yaradıcı bir yazıçı idi.Təxminən 200-ə qədər kitab yazmışdı. 2001-ci ildə Geoff Vard-a verdiyi bir müsahibəsində İasiah Berlin-in “kirpi” və “tülkü” yazıçılar fərqləndiriməsinə əsasən özünü kirpi yazıçılardan hesab etdiyini qeyd edirdi.“Tülkülər çox şey bilir, kirpilər isə tək bir şey. Ona görə də Şekspir bir tülküdür, Tolstoy və Dostoyevski isə bir kirpi. Mən də tipik bir kirpi yazıçıyam – tək bir şey bilirəm və tərar təkrar onu yazmaqla məşğulamTək bildiyim şeyi fərqli göstərmək üçün müxtəlif baxış bucaqlarından baxmağa çalışıram. Amma nəticədə eyni şeydən bəhs edirəm”.

Vilson və fransızlar

Vilsonun fəlsəfi mövqeyini ən yaxşı formada ortaya qoyduğu əsərlər 1956 və 1966-cı illər arasından yazmış olduğu və yeddi kitabdan ibarət olan The Outsider külliyyatıdır. Bütün bu kitablarla yanaşı, 1966-cı ildə yazmış olduğu Introduction to the New Existentialism bəlkə də, ən önəmli fəlsəfi əsəridir. Daha sonrakı dövrlərdə müxtəlif fəlsəfi məqalələrindən yığılmış Beneath of İceberg (Aysbergin altında – 1998) əsəri ilə Fransız fəlsəfəsinə güclü bir hücum kimi qiymətləndirilir.

The Outsider külliyyatında Vilsonun nəzərdən keçirdiyi ən önəmli məsələ özünün pozitiv ekzistensialist filosof olmasıdır. Terminoloji bir ziddiyyət deyil bu təbii ki. 1981-ci ildə yazmış olduğu Anti-Sartr adlı kitabının adından da göründüyü kimi Jan-Pol Sartr və Albert Kamyu kimi pessimist kontinental ekzistensialist filosoflarla yanaşı, tez-tez istehza ilə yanaşdığı Jak Derrida kimi fransz postmodernizminin nümayəndələrinə də həmişə əks mövqedə olmuşdur. Vard-a müsahibə zamanı belə demişdi: “Derridanın nədən bəhs etdiyini anlamağa başladığım anda ondan nifrət eləməyə başladım”. Bu sözlərdə təbii ki, bir ironiya da vardır. Öz ekzistensialist yanaşmasını xəyali obrazlar vasitəsilə ciddi bir şəkildə göstərməyə çalışan Vilsonun romanları da qismən postmodernist olaraq dəyərləndirilə bilər.

Bəs, Vilson XX əsr Fransız fəlsəfəsini niyə bu qədər sərt formada təndiq edir? Kamyu, Sartr, Derrida kimilərin insanlığın özündə var olan və daha yaxşı bir mövcudluğa çata biləcək potensialı azdırdığı qənaətin gəlir. Vilsona görə, bu fransız düşüncə sahibləri ya insanın stoiklərin fikirlərində olduğu kimi öz taleyinə boyun əyməsinə, ya da insandakı potensialı tamamilə inkar etməyə çalışmışdır. Xüsusilə də Vilson-un 1957-ci ildə görüşdüyü Kamyu ilə aralarında keçən bir hadisədə hər ikisinin arasında nə qədər böyük uçurumun olduğunu görürük.

Vilson, Kamyu-ya əsərlərindəki qəhrəmanların bir çox yerdə “məna duyğusu ilə aşıb daşdığını” deyir və niyə özünün də fərdi olaraq bunun arxasınca düşmədiyini soruşur. Bu anda Kamyu oturduqları pəncərənin qarşısından səndəlləyərək keçən modabaz bir fransızı göstərib belə deyir: “Onun üçün yaxşı olan gərək mənim üçün də yaxşı olsun”. Vilson bu cavaba həm həyəcanlanır, həm də hirslənir: “Mənasızlıq!, Parisli bir modabaz anlamayacaq deyə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini kəşf etməməsi mi gərəkli idi, bunu mu deyisiz?” deyə cavab verir.

Vilson eksiztensializmi

Vilsonun ekzistensialist yanaşmasını bənzərsiz edən şeylərdən biri Alman ekzistensializminin qaynaqlarından biri olan Husserlin(1859-1938) epoche(mötərizə açma – Husserlə görə, bir mənbədən sitat gətirildiyində və ya onun haqqında danışıldığında mənbə olduğu kimi, mötərizə və ya digər işarələr arasında, orjinal formada verilməlidirBu fenomenoloji yanaşmanın mühüm şərtidirSaf fenomenləri şərtləndirir), “reduksiya(azaltma)”, ən önəmlisi də “istiqamətlilik” kimi anlayışlarını öxünəməxsus şəkildə birləşdirməsi idi. Husserlin istiqamətlilik dedikdə nəzərdə tutduğu şey budur: insan şüuru hər zaman üçün bir şeyə istiqamətlənmiş, yönəlmiş və ya bir şey haqqındadır. Vilson da bütünlüklə hisslərin istiqamətli olduğu fikri ilə razıdır, lakin Alfred North Vaythead-ın “məna hissi”(prehension, qavrama) anlayışından istifadə edərək fərdin dünyaya həmin bu istiqamətlilik ilə məna verdiyini qeyd edir.

Vilsonun fikrincə, tamamailə passiv bir müşahidəçi olmaq fikri ancaq mifdir. Ona görə də o, başda Rene Dekart olmaqla Devid Yum, İmmanuel Kant, Corc Berkli və Fransız ekzistensialiminin ilk dönəmi daxil olmaqla o dövrdən günümüzə qədər gəlib çatmış bütün fəlsəfəni də öz içərisinə alan və şüurun məzmununu passiv görən analizi rədd edir. Bu sadaladıqlarında şüuri passiv görən yanaşmanın bütün fəlsəfəni yanlış istiqamətləndirdiyini qeyd edir. Bu məntiqə əsaslanaraq, Dekartın cogito ergo sum – anlayışı ilə mütləq şübhəyə medan açmış, Yum səbəb nəticə əlaqələrinə də şübhə edərək agnostik bir istiqamətlə getmiş, Roland Bartez və çağdaşları isə müstəqil insan əməllərinin olması ehtimalı ilə, yəni insan azadlığına olan güvən hissinin altını oyaraq daha da uzaqlaşmışdır.

Vilsonun istiqamətlilik yanaşması isə insanın öz şüuri halını müəyyən edəcəyini iddia edir. Daha sürətli bir “mötərizəyə almaq” ilə  daha mənalı bir vəziyyətə çata edə bilər və çatmalıdır da. Çünki Vilsona görə, mənalandırmanın qaynağı məhz insandır və o kənardakı şeylərin təsirində deyildir. “Mötərizəyə almaq” dediyində Vilson, insanda var olan xətalı düşüncələri “azaldıb sadələşdirən” zehni vəziyyətləri sistemli – Vilson buna “elmi” də deyirdi – analizi nəzərdə tuturdu. Hisslərin hamısı istiqamətlidirsə, o zaman Vilsona görə, irəli getmənin tək yolu, içəri doğru, daxilə doğru getməkdir.

Digər tərəfdən Vilson Romantiklərin sarsıdıcı epiphany(tanrının insan cildində görünməsi hissi) anlarındakı düşüncələrindən faydalanaraq öz düşüncələrini də bu zəmində inşa etmək istəyirdi. İnsanın acizliyi qarşısında əmrə tabe vəziyyətdə duraraq vacibliyə, baş verənlərin təsadüfiliyinə boyun əyərək öz pessimizmləri içərisində vurnuxan qitə filosoflarının təslimçiliyini rədd etmək və yerinə hər zaman çatmaq imkanımızın olduğu, formalaşmış xarakterə malik şüurun alımaz qalasını qəti sürətdə qoymaq üçün edirdi bunu. “Gerçək” ya da “həqiqi” olan məhz bu formalaşmış xarakterə malik olan şüurdur. Lakin gündəlik şüur yalançıdır. Şüuru genişləndirmək məqsədi ilə Abraham Maslov-un “zirvədə olmaq təcrübəsi” anlayışından istifadə edirdi, Vilson. Şüuru yetəri qədər analiz edib istiqamətləri müəyyən ediyimizdə insanın daimi olaraq bir “zirvədə olmaq təcrübəsi” yaşamağa çata biləcəyini qeyd edirdi. Zirvədə olmaq təcrübəsi ilə gələcək olan optimizm bu şəkildə pozitiv ruh halını və şüurun genişlənməsini də bərabərində gətirəcəkdir. Beləliklə, öz axtarışlarını öz daxilində davam etdirən Vilsonun bəhs etdiyi disiplinlə özünü tapmağa çalışanların yaşadığı epiphany(tanrını insan cildində görmək hissi) anları demək olar ki, adi hala çevriləcəkdir. Fridrix Nitsşe məhz buna görə Vilson üçün araşdırılması lazım olan filosofdur. Nitsşedə hər şeyə rəğmən insanın transendentliyə çatma ehtimalına yönəlmiş bir optimizm vardır. Beləliklə, Vilson bir çox ekzistensialist həmkarını əhatələmiş olan ümidsizlik və təslimiyyət fırtınalarını ötüb keçir və onlardan kənarda qalırdı.

1988-ci ildə yazmış olduğu Essay on the New Existentialism-də Husserl və Maslovdan aldığı fikirləri birləşdirərək öz dəyişməz fəlsəfəsini bu formada qısaca izah edirdi. “Əgər şüur bir şeyə istiqamətlidirsə, onu məqsədli olaraq da istiqamətləndirə bilərik və nəticə mistiklərin öncəgörmələrinə doğru atılmış bir addım olacaqdır

Vilsonun transendental mənliyi

Vilsonun bu yetkin şüura necə çatılması məsələsində yetəri qədər ipucu verdiyini demək olmazdı. Yeni ekzistensializmin şüur təcrübələrini “mötərizəyə alan” həll formasının necə tamamlanacağını açıq şəkildə ifadə etmir. Psixotropik maddələrin bir formada şüurumuzun genişlənməsinə imkan verdiyini ara-sıra bir etimal olaraq dilə gətirsə də, əksər insanın hələ öz şüurlarını açmağa hazır olmadıqlarını qeyd edir. Bu məsələdə bəzən çox müəmmalı qalır. Jean Gebser-in The Ever-Present Origin(Əzəli başlanğıc, 1985) kitabındakı fikirləri ilə razıdır sanki. Şüurun, beyinin həyata doğru fışqırmaqda olan kimyəvi və neyroloji komponentlərini əslində insanın özü istehsal edir. Bu baxımdan daxili zehini vəziyyətləri inkişaf etdirməklə yanaşı onların davamlılığı da çox böyük önəmə malikdir. Vilson da Georg Feuerstein-ın Wholeness or Transcendence? Ancient Lessons for the Emerging Global Civilization (Bütünlük və ya Transendentlik? İnkişaf edən global svilizasiya üçün qədim dərslər, 1992) kitabına yazmış olduğu ön sözdə Gebser-in “Bəlkə də XX əsrin ən önəmli düşüncə adamı” olduğunu qeyd etmişdi. Lakin onları hər ikisi üçün də beyni hərəkətə keçirən şüurdur. Bunun əksindən danışmaq mənasızdır. Dolayısı ilə hər nə qədər mistik olan mənlik araşdırmasından bəhs etsə də, Vilsonun mövqeyində hər zaman bir transndental mənlik, üst mənlik mövzusu hakimdir. İnsan sadəcə sinirlərin topası və sinapslardan(sinir neyronları və reseptorlar arasındakı əlaqələndirici hüceyrələr) ibarət deyil. Bu baxımdan Daniel Dennet, Riçard Davkins və Fridrix Krick kimi düşüncə sahiblərinə qarşı çıxır Vilson.

Vilsonun dil fəlsəfəsi

Vilson XX əsrin  Lüdviq Vitgenstein və Austin kimi dil nəzəriyyəçilərini anlayışla qarşılasa da, onları dil haqqındakı araşdırmalarında bir nəticəyə əldə edə bilmədiklərini qeyd edir. Vilsona görə, təkamülün yolu sadəcə şüurun genişləməsində deyil, bu periodu ifadə etməyə imkan verəcək dərəcədə dilin də inkişaf etməsi önəmlidir. Gələcəkdə edəcəyimiz kəşfləri adlandırmaq və sistemləşdirmək üçün tamamilə yeni bir dil formalaşdırmalı olduğumuzu qeyd edir. Bu baxımdan Vilson özünməxsus yeni ekzistensialist olmaqdan əlavə, ingilis dil fəlsəfəsinə simpatiya ilə yanaşması da qəribədir. Əslində Vilson, dil nəzəriyyəsi və yeni ekzistensializmi bir yerdə cəmləşdirmək məqsədi ilə çalışmış və XX əsrin bu iki düşüncə istiqamətini birləşdirə biləcəyinə inanmışdı. Vilson özünə olduqca iddialı, özünəməxsus və ömürlük bir məqsəd müəyyən etmişdi. İntellektual araşdırmaları daha sonra okkultizm kimi sahələrə doğru meyllənsə də, əsas fəaliyyəti məhz bu istiqamətdə olmuşdur.

Dil və şüur mövzusunda kiçik bir qeyd etmək lazımdır. Derridanın bir baxımdan Husserli dekonstruksiyaya məruz qoyduğunu demək mümkündür. Husserl istiqamətliliyin həm dildən əvvəl gəldiyini, həm də dil vasitəsilə ifadə olunduğunu qeyd etmək istəmişdi. Buradakı çətinlik isə istiqamətliliyin dildən müstəqil şəkildə mövcud olmaması və bu səbəbdən də bulanıqlaşması və pozulmasıdır. Derridanın difference anlayışı buna aiddir. Beneath of İceberg kitabındakı “Derrida haqqındakı qeydlər” hissəsində Vilson bu vəziyyəti izah etməyə cəhd göstərir. Derrida haqqında belə deyir: “Əgər dilin quruluşundan gələn müəmmanın heç vaxt həll edilə bilməyəcəyini düşünürsə, o zaman digər agnostik və relyativistlərin tərəfindədir deməkdir və onlardan daha ciddiyə alınmasına da ehtiyac yoxdur”.. Fəlsəfənin bilyard masasında yalnız iki dəlik vardır və Derrida da heç şübhəsiz ki. bizi təkrar Devid Yum dəliyinə yollamışdır.

Nəticə Olaraq Vilson

Kolin Vilson böyük ölçüdə onu tanımamağa çalışan və unudan qurumlarda, həm də onlardan kənarda araşdırılmağa dəyər bir fiqurdur. Vilsonun müləq şüuru demək olar ki, mistik bir formada müqəddəsləşdirməsi olaraq yeni ekzistensializm də saf kontinental rasionalizmindən fərqli olaraq Anglo-sakson empirizminin metodologiyasını gərəkdirir.

Bir dəfə bir müxbir Vilsona bir filosof olaraq fəlsəfə üzərində hansısa təsirə malik olub olmadığı haqqında sual soruşmuşdu və Vilsonun cavabı isə “heç” olmuşdu.

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.