Şənbə, Aprel 13, 2024

FƏLSƏFƏ, HUMANİTAR

Jan Bodin və Əhməd bəy Ağaoğlunun düşüncələrində “Suverenlik” konsepsiyası: İki Zidd Yanaşma, yoxsa İki Fərqli Situasiya?

I.  Jan Bodin haqqında

 a.Yaşadığı dövr

Hüquq və siyasət fəlsəfəsinin ən maraqlı və tanınmış intellektuallarından biri olan Jan Bodin 1530-1596-cı illər arasında yaşamış Fransız hüquqşünas, filosof, politoloq və tarixçidir. Onun fikirləri bu gün də istər hüquq, istərsə də siyasət fəlsəfəsi müstəvisində hələ də detallı şəkildə araşdırılır və müzakirələrə yol açır.

Bir tarixi şəxsiyyətdən, mütəfəkkirdən bəhs edərkən, çox insan ilk olaraq həmin şəxsin etdiklərinə və düşüncələrinə nəzər salmaq istəyir. Amma çox az insan o şəxsin qoyduğu izlərin, fikirlərin ortaya çıxmasına, müəyyən bir forma almasına ciddi şəkildə təsir etmiş dövrə diqqət etməyi düşünür. Unutmamaq gərəkdir ki, bir insanın düşüncə tərzinə oxuduqları qədər, hətta bəzi məqamlarda oxuduqlarından da çox, yaşadıqları, başına gələn hadisələr və içində olduğu dövr öz təsirini göstərir və ona yön verir. Şübhəsiz ki, Jan Bodin də yaşadığı tarixi dönəmdən öz nəsibini almış bir düşünürdür.

Bodin müasir dövlət anlayışının ortaya çıxdığı yüzillikdə və ya tarixdə yaşamışdır. O dönəmin Fransasında məzhəblər arası və daxili müharibələr pik həddə idi. Xüsusilə, Katoliklər və Protestantlar arasında baş verməkdə olan məzhəb savaşları Fransada dövlətə və cəmiyyətə həm maddi, həm də mənəvi cəhətdən çox böyük zərərlər vururdu. Bu müharibələr nəticəsində, hər gün minlərlə insan ölür və ölkədə baş qaldırmış anarxik vəziyyət gündən-günə daha da çıxılmaz bir hal alırdı. Bu hadisələrin şiddəti o dərəcəyə çatmışdı ki, artıq Fransa Krallığının gələcəyi belə təhdid altına idi. Fransanın bu ağır vəziyyətdən qurtulmalı və nizam-intizamın bərpasının təmin edilməli olduğuna inanan Bodin, Krallığın, yəni monarxiyanın mütləq suverenliyini müdafiə edən kitabını 1576-cı ildə bax bu motivlərlə yazmışdır.

b. Bodinin “suverenlik” nəzəriyyəsi

Modern dövlətin ayrılmaz parçalarından biri olan suverenlik prinsipini ilk dəfə çağdaş mənada işlədərək dünya səhnəsinə çıxaran şəxs Jan Bodindir. O, dövlət və suverenlik haqqındakı fikirlərini “Dövlətin Altı Kitabı” adlı əsərində açıqlamışdır. Bodin bu əsəri ilə kralın mütləq hakimiyyətini gücləndirməyi və onu ölkəni qarışdıran qüvvələrdən xilas etməyi, dini çəkişmələr nəticəsində nizamı pozulan Fransanın birliyini möhkəmləndirməyi və ona inkişaf yollarını göstərməyi hədəfləmişdir. Onun fikrincə, dövrün dini-siyasi təlatümləri arasında nicat yolunu tapmaq üçün hüquq sisteminin əsas prinsiplərini üzə çıxarmaq və siyasət elminin dağınıq olmayan, struktural bir quruluşa malik olan təməllərini yaratmaq zərurət halı almışdı.

Bodin dövlət barəsindəki düşüncələrini qələmə alarkən, demək olar ki, bir siyasi mütəfəkkirlə “başını pozmuş” (həddən artıq çox vaxt sərf etmiş, “aludə” olmuş) və onun nöqteyi-nəzərinin yanlış olduğunu isbat etmək üçün xeyli tər tökmüşdür. Həmin şəxs şübhəsiz ki, Nikkolo Bernardo Makiavellidir. Əslində, Bodin bir nöqtədə Makiavelliyə heyran idi, fəqət bununla birlikdə, bir ömür Makiavellinin tezislərinin yanlış olduğunu sübut etmək üçün çalışdı.

Bodinə görə, Makiavelli dövlətin təməlinə dinsizliyi və ədalətsizliyi yerləşdirən şəxsdir və Fransadakı siyasi mühiti pərişan hala salmış xaosun səbəbkarı da məhz elə odur. Bodinin Makiavellini bu dərəcədə sərt tənqid etməsinin səbəbi, Makiavellinin “məqsədə gedən hər yol mübahdır” yanaşmasını əsas götürərək, hökmdarların hakimiyyətlərini daha da möhkəmləndirmək üçün hər cür ədalətsiz üsullara əl atmalarının qəbuledilən olduğunu qeyd etməsidir.

Bu səbəblə də, Bodin, Makiavellinin nəzəriyyəsindən fərqlənən və Fransada özbaşınalığı sonlandırmağı qarşısına məqsəd qoymuş siyasi mövqeyini əsərində ortaya qoyur. O, birinci, dövlət anlayışının tərifini müəyyən edir: “Dövlət bir çox ailələrin, ümumi maraqları təmin etmək üçün bir suveren tərəfindən ədalətli şəkildə idarə olunmasıdır”. Burada, “ədalətli şəkildə”  ifadəsini vurğulamaqla Bodin sanki Makiavellini tənqid edərək, hökmdarın mütləq şəkildə ədalətli olması gərəkdiyini diqqətə çatdırmaq istəyib. O, kitabında dövlətin nə olduğu/olmadığı ilə bağlı bəzi suallar verərək və bu sualların nəticəsi olaraq dövlətin var olma məqsədini müəyyən edərək, dövləti dövlət edən məqamları ön plana çəkməyə çalışır. Məsələn, Bodin soruşur ki, zorakılığa söykənən quldur sürüsünün idarəetməsi ilə, dövlətin iqtidarı arasındakı fərq nədir? Cavabında yazır ki, “Dövləti quldurların idarəetməsindən fərqləndirən odur ki, dövlət idarəçiliyi ədalətə əsaslanır. Belə ki, dövlət hüquqa uyğun şəkildə fəaliyyət göstərdiyinə görə, qanundan yan keçən quldur hakimiyyətindən fərqlənir”.

Bodinə görə dövlətin ali məqsədi xoşbəxtlikdir və xalqın həqiqi xoşbəxtliyi ilə dövlətin xoşbəxtliyi sinonimdir. Bu səbəbdən, fəzilətli insan yaxşı vətəndaşla, fəzilətli dövlət isə yaxşı dövlətlə eynidir. Bodin ailəyə xüsusi önəm verir və ailənin yaxşı idarə olunmasının dövlətin əsasını təşkil etdiyini deyir. Ona görə də o, ailəni dövlətin mənbəyi kimi görür. Bodinin bu düşüncəsinin altında yatan motiv Roma hüququnun təməlini əmələ gətirən pater familias institutunu canlandıraraq dövlətin kökünü izah etməkdir. Pater familias ailədə yeganə səlahiyyətli şəxsdir və mütləq gücə malikdir. Bodin, bu ailə və dövlət qarşılaşdırması ilə iki nəticəvi fikir təqdim edir:

     1. Dövlət ailəyə oxşadığından hökmdarın dövlətdəki mövqeyi və rolu atanınkına bənzəyir. Yəni hökmdarın suverenlik haqqı və səlahiyyəti, atanın ailəyə hökm sürmək hüququ kimi mütləqdir. Ailə daxilində itaət etməyi öyrənən uşaq gələcəkdə bir vətəndaş kimi dövlətin qanunlarına və başqalarının hüquqlarına hörmət edəcəkdir. Atasına meydan oxumağa öyrəşmiş uşaqlar isə gələcəkdə hökmdara qarşı çıxıb dövləti çökdürə bilərlər. Lakin cəmiyyətin və fərdin xoşbəxtliyi dövlətin toxunulmaz olmasını tələb edir.

2. Ailələrin ataları azad vətəndaşlardır və dövlət də ailələrin hakimiyyətidir deyə, onun təbəələri azad vətəndaşlardır. Bu, dövləti istibdaddan, tiranlıqdan ayıran meyardır. Tiraniyanın hakimiyyəti yalnız qulların üzərindədir, halbuki dövlətdə suveren güc azad vətəndaşlar üzərində hökm sürür.

Qeyd etmək yerinə düşər ki, Bodinin dövlət anlayışı avtoritar olsa da, totalitar deyil. O, dövləti bir çox hissəciyin vəhdət təşkil edərək əmələ gətirdiyi bir gəmiyə bənzədir. Suverenliyi həmin gəminin mövcud olmasını təmin edən əsas parçaya, yəni göyərtəyə oxşadır. Onun fikrincə, gəmi göyərtəsiz mövcud olmadığı kimi, dövlət də suverenlik olmadan mövcud ola bilməz. O, suverenlik anlayışına hüquqi prizmadan baxır və suverenliyi dövlətin mövcudluğunun zəruri faktoru kimi görür. Jan Bodin feodal nizamından mərkəzləşdirilmiş monarxiyalara keçidi simvolizə edir. O, mütləq monarxiyanı hüquqi əsaslara söykəmiş və ona dünyəvi məna qazandırmışdır. Bodin qeyd edir ki, suverenliyin 3 başlıca şərti var: (1) mütləqlik; (2) əbədilik/davamlılıq(3) bölünməzlik.

     (1)Mütləqlik

Anlaşıldığı üzrə, Bodin suveren dedikdə, xalqı deyil, hökmdarı (Fransada kral) nəzərdə tutur. Çünki yaşadığı vaxtın Fransasında mərkəzi hakimiyyətin zəif olması nəticəsində yaranmış xaotik vəziyyət, Bodində belə bir düşüncə formalaşdırmışdı ki, suveren mütləq gücə sahib olan hökmdar olmalıdır. Bodin deyir ki, “tək bir suverendən danışa bilmiriksə və ya suvereni müəyyənləşdirə bilmiriksə, dövlətdən danışa bilmərik”. Yalnız bu yolla ölkədə sabitlik və sülh bərqərar ola bilər. Bodinin fikrincə, ən yüksək əmredici güc olan suveren heç bir başqa güc tərəfindən məhdudlaşdırıla bilməz. Belə ki, müəyyən öhdəliklər və şərtlərlə hökmdara verilən suverenlik nə suverenlik, nə də mütləq hakimiyyətdir. Suveren heç bir şəxs və ya qurumla məsləhətləşmək məcburiyyətində deyil. Cəmiyyətdəki digər güc mərkəzləri də suverenin hür və daimi iradəsindən yaranır. Bodin bildirir ki, mütləqiyyətin hökmdara verdiyi ilk səlahiyyət, heç kəsin təsdiqinə ehtiyac duymadan qanunları qəbul etmək və qüvvədən qaldırmaq səlahiyyətidir. Amma suveren özü bu qanunlardan asılı deyildir. Çünki Bodinə görə, özünün qəbul etdiyi qanunlara tabe olması suverenin mütləqiyyətinə ziddir. Burada bəzi suallar yaranır: “Bəs bu halda, Bodinin tənqid etdiyi Makiavellidən bir fərqi qalırmı? Hökmdarı qanunlara tabe tutmamaq ona hər cür haqsızlığa, ədalətsiz qərarlara imza atmaq imkanı tanımırmı?” Bax burada, Bodin qanunla hüququ bir-birindən fərqləndirir: qanun suverenin buyruğu, hüquq isə ədalət deməkdir. Yəni Bodin vurğulayır ki, suveren onun iradəsini ifadə edən və onun əmri olan qanuna tabe olmasa da, hüquqa, yəni ədalətə uyğun hərəkət etməli, qərarlar verməlidir.

O cümlədən, Bodinə görə, suverenlik tamamilə qeyri-məhdud sayılmamalıdır. O bildirir ki, suvereni məhdudlaşdıran ilk faktor adətlərdir. Bu adətlər monarxiyada tarixi inkişaf prosesi nəticəsində formalaşaraq nəsildən-nəslə keçmişdir və hökmdar, əsilzadəliyini, ona edilən hörməti qorumaq üçün bu adətlərə, qaydalara riayət etməlidir. Suvereni məhdudlaşdıran digər ünsürlər ilahi və təbii qanunlardır. Bodin ilahi və təbii qanunları suverenin buyruğu olan qanunlardan fərqləndirir. Belə ki, xalqın tabe olduğu qanunlar maddi aləmlə əlaqəlidir və hökmdar təbəəsinin tabe olduğu qanunlara riayət etmək məcburiyyətində deyildir. Amma ilahi və təbii qanunlar daha insan üstü, metafizik qanunlardır və hökmdar onlara uyğunlaşmalıdır.

Bundan əlavə, suveren üçün bir digər məhdudiyyət mülkiyyət hüququdur. O, mülkiyyət hüququna hörmət etməyə borcludur. Burada Bodin, nizamı qorumaq qayğısı ilə hərəkət edərək səltənəti gücləndirməyə çalışarkən, digər tərəfdən, köhnə institutlara xas olan azadlıqlarla burjuaziyanın maraqlarını qorumaq üçün suveren hakimiyyəti məhdudlaşdırmağa meyllidir.

     (2) Əbədilik/Davamlılıq

Bodin suveren ilə idarəçini qarışdıranları sərt şəkildə tənqid edir. İdarəçinin müəyyən müddət ərzində bəzi səlahiyyətləri olur və bunlar müvəqqətidir. Bu müddət bitdikdən sonra, həmin idarəçi yenisi ilə əvəzlənir. Bu səbəblə də, idarəçi heç vaxt suveren ola bilməz. Suverendən fərqli olaraq, idarəçi qanunlara tabedir və onlara uyğun hərəkət etmək məcburiyyətindədir. İdarəçinin səlahiyyəti hərbi və ya mülki ola bilər, lakin bu səlahiyyət suveren olan hökmdardan irəli gəlir və hökmdarın müəyyən etdiyi müddətlə məhdudlaşır. Bax, suverenin mövcudiyyəti idarəçidəki kimi məhdud müddətlə limitlənmir. Suverenliyin davamlılığı o deməkdir ki, suveren bu hüquqdan ömürlük istifadə etdikdən sonra onu öz tacı ilə varisinə təslim edir. Buna görə də Krallar heç vaxt ölmürlər. Buradan açıq şəkildə başa düşülür ki, əslində, Jan Bodin hökmdarın suveren olması barədə mövqeyini müdafiə etdikdə, bunu fiziki olaraq, birbaşa hər hansı bir hökmdarla əlaqələndirmir. O, ümumən, dövlətin vahid şəkildə və stabil vəziyyətdə olmasını təmin edən əsas kürsünün, yəni hökmdarlıq mərtəbəsinin suveren olması gərəkdiyini diqqətə çatdırır. Onun fikrincə, hökmdarların fiziki bədənləri gəlib-keçicidir, lakin daimi qalıcı olan hökmdarın təmsil etdiyi ictimai şəxsiyyətdir, yəni dövlətdir. Bu səbəblə də, suveren əbədi olmalıdır, əks halda həmin subyekt, suveren hesab edilə bilməz.

Suverenliyin əbədiliyi/davamlılığı prinsipi Bodinin müasir dövlət nəzəriyyəsinə verdiyi ən mühüm töhfədir. Bu prinsip dövlətin zamanla məhdudlaşmadığını, davamlılığı ehtiva etdiyini göstərmək baxımından əhəmiyyətlidir.

     (3) Bölünməzlik

Bodinin mövqeyi odur ki, suverenliyin mütləq və daimi olması, həm də onun “bir” olmasını tələb edir. Suverenlik feodalizm kimi çoxlu elementlər arasında bölünməməlidir. Məhz burada suvereni məhdudlaşdıran digər faktor ortaya çıxır. Bu faktor elə suverenliyin özüdür. Suvereni bu üstün gücü başqaları ilə bölüşməkdən uzaq tutan suverenliyin özüdür. Belə ki, Bodinin nöqteyi-nəzərincə, suverenlik birdən çox qüvvəyə mənsub olarsa, ortada suveren güc deyə bir anlayış qalmaz. Bodinə görə, suverenlik dövlətin müxtəlif formalarında təcəssüm olunur. O, üç dövlət formasından bəhs edir:

    • Suverenlik tək bir şəxsin əlində cəmləşərsə, monarxiya;
    • Suverenlik azlığın əlindədirsə, aristokratiya;
    • Suverenlik xalqın əlindədirsə, demokratiya.

Bodin oxucudan bu dövlət formalarından hansına üstünlük verilməli olduğunu soruşur, lakin cavabı özü verir: monarxiya. Çünki Bodinin mövqeyincə, suverenlik anlayışının özünü ən arzuolunan şəkildə göstərdiyi dövlət forması monarxiyadır. Aristokratiyada bir şəxs yox, bir qrup olduğu üçün vahid bir suverendən söz belə gedə bilməz. Demokratiyaya gəldikdə isə, Bodinin demokratiya haqqında düşüncələri olduqca mənfidir. “Demokratiyada suverenlik çoxluğun əlində olur. Çoxluq ən yaxşı halda, cahil və axmaqdır və hislərin təsirinə tez qapılır. Həmçinin çoxluğun tərkibi tez-tez, ildən-ilə dəyişir”, deyən Bodin, eynən Platon kimi çoxluğun rasional düşünə bilməməsi səbəbiylə, demokratiyaya və demokratik qərarlara, demokratik iradəyə qarşıdır. Buna görə də, xalqın suveren hesab edilməsi onun üçün qəbuledilməz bir haldır.

Diqqət etmək lazımdır ki, Bodin bəzi yerlərdə suvereni hökmdar, bəzi yerlərdə isə dövlət olaraq adlandırır. Belə ki, onun fikrincə, suverenlik və hökmdar bir-birinə qarışır, çünki dövlət mütləq hökmdarda təcəssüm olunur.yu

     Bodini hökmdara bu qədər səlahiyyət verdiyi üçün qınamaq çox da mümkün deyil. Çünki həmin dönəm bunu tələb edirdi. Fransadakı dağınıqlığın, dərəbəyiliyin qarşısının alınması üçün hökmdarın bütün hakimiyyəti əlində cəmləməsi ümdə hal almışdı. Bəzən,  siyasi arenada vəziyyət o qədər problematik hal ala bilir ki, dövlət bu vəziyyətə son qoymaq və stabilliyi bərpa etmək məqsədilə müəyyən məhdudlaşdırmalar həyata keçirməli olur. Sadəcə olaraq, Bodinin nəzərə almadığı tək şey insan xisləti faktorudur. İnsanlar əsasən elə varlıqlardır ki, əlinə limitsiz güc keçdikdən sonra, adətən arzuolunmaz hərəkətlər edir və ətrafa qalıcı zərərlər vura bilirlər. Tarixdə sadəcə Markus Aurelius kimi nadir şəxslərdir ki, hökmdar olmasına və əlində böyük səlahiyyətlər olmasına rəğmən, həddini aşmadan uğurlu şəkildə dövləti idarə edib.

Bodinin bu yanaşması, xaotik situasiyalar üçün əlverişli olsa da, hərc-mərcliyə son qoyulduqdan və sabitlik bərqərar edildikdən sonra, hökmdarın (müasir dövrdə, prezident və ya baş nazir) hələ də bu qədər qeyri-məhdud səlahiyyətlərə malik olması, tutduğu məqamda sarsılmaz şəkildə möhkəmlənməsi ölkəni əvvəlkindən də pis, arzuolunmaz bir vəziyyətə sala bilər.

     II. Əhməd bəy Ağaoğlu haqqında

     a. Yaşadığı dövr

Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən və ən böyük intellektuallarından biri olan Əhməd bəy Ağaoğlu 1869-1939-cu illər arasında yaşamış filosof, ictimai-siyasi xadim, publisist, pedaqoq, yazıçı və türkoloqdur.

Onun doğulub boya-başa çatdığı, yaşadığı dövrdə kapitalizm sürətli şəkildə inkişaf edirdi və Azərbaycan ziyalılarının rəhbərliyi altında bir oyanış prosesi başlamaqda idi. Əhməd bəy Peterburq və Parisdə ali təhsilini başa vurduqdan bir müddət sonra Azərbaycana qayıdır və xalqının oyanış prosesində o da öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün çalışır. Bir sıra jurnallarda, qəzetlərdə yazıları çap edilir. O, milliyyətçi görüşləri mənimsəyir və mövqeyini hər yazısında müdafiə edir. İctimai-siyasi fəaliyyəti, Çar Rusiyası və ermənilərə qarşı tutduğu mövqeyə görə ciddi təqiblərə məruz qalır və nəticədə, 1909-cu ildə İstanbula köçməli olur.

Əhməd bəyin siyasi-fəlsəfi fikirlərinin daha struktural şəkildə formalaşaraq ortaya çıxması onun Osmanlıya mühacirət etməsindən sonra baş verir. Orada Yusif Akçura ilə tanış olan Əhməd bəy milliyyətçi görüşləri haqda yazmağa davam edir. 1908-ci ildə İkinci Məşrutiyyət dönəminin başlamasının təsiri ilə Əhməd bəy milliyyətçi görüşlərlə yanaşı, liberalizm ilə də maraqlanmağa başlayır. 1912-ci ildə siyasi fəaliyyəti ilə əlaqədar olaraq İttihad və Tərəqqi partiyasının 12 nəfərdən ibarət olan Mərkəzi Komitəsinə üzv olur. O burada dövrünün bir çox tanınmış şəxsiyyətləri ilə tanış olur.

Osmanlı dövləti Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra, 1919-cu ildə Əhməd bəy və bir neçə başqa ictimai-siyasi xadim ingilislər tərəfindən Maltaya sürgün edilirlər. 1921-ci ildə sürgündən İstanbula qayıdan Əhməd bəy fəaliyyətinə qaldığı yerdən davam edir.

     b. Əhməd bəy Ağaoğlunun “suverenlik” nəzəriyyəsi

Əhməd bəyin düşüncə tərzinin fərqli yöndə inkişaf etməsinə ən ciddi təsiri göstərmiş dönəm Maltada sürgündə olduğu zamandır. Həmin müddətdə onun Osmanlı dövlətinə və monarxiyalı idarəetmə sistemlərinə qarşı antisimpatiyası daha da artmış və o, insan hüquq və azadlıqlarına önəm verildiyi daha demokratik, liberal idarəetmə sistemini dəstəkləmişdir. O, “Üç Mədəniyyət”, “Sərbəst İnsanlar Ölkəsində”, “İngiltərə və Hindistan”, “Dövlət və Fərd”, “Mən Kiməm?” adlı kitabların və başqa bir çox əsərlərin müəllifidir. Əhməd bəy Ağaoğlunun hər bir əsəri dəyərlidir və Azərbaycan, Türkiyə və Yaxın Şərqdə cərəyan edən hadisələri dərk etmək üçün oxunması vacibdir. Onun siyasi və hüququ kontekstdən, olduqca əhəmiyyətli məsələləri müzakirə etdiyi ən maraqlı kitabı Malta əsarəti zamanı qələmə aldığı “Üç Mədəniyyət” əsəridir.

İlk öncə, qeyd etmək gərəkdir ki, bu əsərin yazıldığı vaxt Birinci Dünya Müharibəsi təzəcə başa çatmışdı və dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən böhran vəziyyəti hökm sürürdü. Müharibədə xeyli insan həyatını itirmiş və artıq insan hüquq və azadlıqlarının önəmi yavaş-yavaş anlaşılmağa başlamışdı. Artıq liberal yanaşmanı mənimsəmək yoluna qədəm qoymuş Əhməd Ağaoğlu da insan hüquq və azadlıqları məsələsinin bir ölkənin, bir xalqın varoluşunda və gələcək taleyində əvəzolunmaz rol oynadığını bu əsərində dəfələrlə vurğulamışdır. “Üç Mədəniyyət” əsərində Əhməd bəy dünya sivilizasiyasının beşiyi olan Şərqin tənəzzül etməsinin səbəblərini araşdıraraq aydınlaşdırmağa çalışır.

Kitab “Din”, “Əxlaq”, “Fərd”, “Ailə”, “Cəmiyyət”, “Dövlət” və “Hökumət” adlı fəsillərdən ibarətdir. Hər bir fəsildə müzakirəyə açıq, düşündürücü mövzulara toxunulub. Lakin suverenlik anlayışı barədə düşüncələrini Əhməd bəy “Dövlət” və “Hökumət” adlı fəsillərdə ifadə etmişdir.

Əhməd bəy yazır ki, Şərqdə ta ilk çağlardan dövlət anlayışı olduqca qəribə mənada qavranılıb. İnsanlar dövlətlə hökuməti ayıra bilməyiblər, onların eyni olduğunu sanıblar. Əhməd Ağaoğlunun şərq xalqlarının dövlət anlayışı barədə ən sərt şəkildə tənqid etdiyi məqam, dövlətlərin onların başında duran sülalələrin adı ilə adlanmasıdır. Məsələn, Qaraxanlılar, Qəznəvilər, Səlcuqlar, Osmanlı, Səfəvilər və s. Onun fikrincə, Şərqdə günümüzdə yaranan siyasi qeyri-sabitliyin, böhranın təməlində dayanan ilk səbəb elə budur. Belə ki, onun nöqteyi-nəzərincə, dövlət onu idarə edən hakim sülalənin adı ilə adlandıqda, artıq dövlət həmin sülaləyə bərabər tutulur. Yəni xalqın şüurunda belə bir düşüncə hakim olur ki, əgər bu sülalə hakimiyyətdən gedərsə və ya devrilərsə, dövlət çökəcək və ölkə məhv olacaq. Əhməd bəy diqqətə çatdırır ki, bu halda, xalqın böyük bir qismi bu düşüncəyə görə, hakim sülaləyə müqəddəsmiş kimi baxır, mövcud hökmdarın əmrlərinə ədalətsiz olsa da boyun əyir, acından ölsə belə, hakim nəsli canı bahasına qorumağa hər zaman hazır olur. Həmin kəsim üçün əsas odur ki, təki “Padşaha xələl gəlməsin, zərər dəyməsin. Nə olursa-olsun, təki dövlət daim olsun”. Belə ölkələrdə, hökmdar nə dedisə, hər kəs ona qulaq asmalıdır. Heç bir kəsin həddinə deyildir ki, öz azad fikrini, təklifini bildirsin. Əhməd bəy haqlı olaraq bildirir ki, insanlar dövlətə və hakim sülaləyə bu şəkildə yanaşdıqda, artıq məntiq çərçivəsində düşünə bilən və doğru, rasional qərarlar verə bilən bir insana nadirən rast gəlinir. Çoxluq kölələşir. Şəraitdən asılı olmayaraq hakimi-mütləqə boyun əyirlər. Müəllif qeyd edir ki, nəticədə, bu hal xalqın hakim sülalə tərəfindən istismarına yol açır.

Əhməd bəy vurğulayır ki, Şərqdə belə bir fikir hakimdir ki, əgər dövlətin başında bir sülalə olsa və o, hər şeyi əlində cəmləşdirib idarə etsə, hər şeyə qarışsa, ölkədə əxlaqsızlıqdan, özbaşınalıqdan bir balaca iz belə qalmaz. Fəqət bu heç də belə deyil. Bəyin fikrincə, əksinə, belə cəmiyyətlərdə, cəmiyyət üzvlərinin azad fikirlərinə, düşüncələrinə hörmət edilmədiyi üçün, insanlar yuxarı məqamlara qalxa bilmək məqsədilə əxlaqsız yollara əl ataraq özündən daha yüksək mərtəbədə olanlara yaltaqlıq edirlər. Başqaları yüksək vəzifələrə qalxmasın deyə onların quyusunu qazır, arxasınca arzuolunmaz işlər görür və satqınlığa əl atırlar. Müəllif bildirir ki, bu səbəblə, çox vaxt Şərq ölkələrində yüksək vəzifələrdə olanlar, həmin məqamlara bilik və bacarıqlarına görə deyil, yaltaq və satqın bir xarakterə sahib olduqları üçün təyin edilirlər. Daha sonra, hər cür müsbət xarakterdən, fəzilətdən uzaq olan bu “adamlar” cəmiyyəti və dövləti çıxılmaz bir vəziyyətə düçar edirlər.

Əhməd bəyə görə, Şərq ölkələrində dövlətin hakim sülalənin adına uyğun tanınmasının bir digər mənfi cəhəti də odur ki, hakimiyyətə yeni gələn sülalə, özündən əvvəlki nəslin izini tarixdən silmək üçün, onun dönəmindən qalan abidələri, mənbələri, xatirələri dağıtmış və beləliklə, ölkənin tarixi-mədəni irsinə çox böyük zərərlər vurmuşdur.

Əhməd bəy burada Avropa dövlətlərini nümunə gətirir. Qeyd edir ki, baxmayaraq ki, Avropada da əsrlər boyu monarxiya rejimləri hökm sürmüşdür, onların Şərqdən bəzi fərqli cəhətləri mövcuddur. Yazır ki, İngiltərədə, Fransada və bir neçə Avropa ölkəsində tarix boyu bir çox sülalələr hakimiyyətdə olublar, ancaq dövlət əksər hallarda həmin sülalələrin adı ilə adlanmayıb. Məsələn, 16-cı əsrin Fransası, Valua krallığı və ya Burbonlar krallığı adlanmırdı, Fransa krallığı adlanırdı. Bax bu səbəblə də, Avropada Şərqdən fərqli olaraq, hakim sülalə müqəddəs hesab edilmirdi, cəmiyyətin krala yetə bilməsi üçün kölələşməsi prosesi getmirdi. Əhməd bəy yazır ki, Avropalılar, Osmanlı insanlarına türk deyə müraciət edəndə, Osmanlı xalqının xoşuna gəlmir. Amma bilmirlər ki, Avropada xalqa öz adı ilə müraciət edilir, onu idarə edən sülalənin adı ilə deyil.

Buna görə də, Əhməd Ağaoğlu bir çox yerdə, xalqın suveren olmasının zərurətinə diqqət çəkir, monarxiya rejimlərinə və hökmdarın suveren olmasına tənqidi yanaşır. Çünki bir dövləti dövlət edən, onu quran xalqdır. Yəni xalq əsas, qurucu ünsürdür. Zatən dövlət deyilən məfhum, xalqın siyasət və hüquqla yoğurularaq əks olunan surətidir. Xalq olmazsa, dövlətin də mövcudluğundan bəhs etmək mümkün deyildir. Buna görə də, tək suveren və hür iradə sahibi xalqdır. Əhməd bəyə görə, əgər bir ölkə inkişaf etmək, dünyada söz sahibi olan bir dövlətə çevrilmək istəyirsə, orada suveren xalqın nümayəndələrinə azad şəkildə, kimdənsə çəkinmədən öz fikirlərini ifadə etmək imkanı tanınmalıdır. Əks halda, əgər hakimi-mütləq olan şəxs, sülalə suveren hesab edilərsə, dövlətin varlığı hakim nəslin varlığına bərabər tutularsa, həmin cəmiyyət və ölkə çıxılmaz bir çuxura düşəcək. Əhməd Ağaoğlunun fikrincə, bu sonluq qaçınılmazdır. Tez və ya gec, baş verəcək.

Maraqlısı odur ki, Əhməd bəyin qəbuledilməz hesab etdiyi bu dövlət anlayışı və ondan doğan qəbuledilməz hallar bir çox Şərq ölkələrində hələ də var olmağa davam edir.

     III. Müqayisə

     Jan Bodin və Əhməd bəy Ağaoğlunun “suverenlik” konsepsiyası barədə irəli sürdüyü iki fərqli yanaşma ilə tanış olduqdan sonra, ilk baxışdan, bu iki mütəfəkkirin bir-birinin tamamilə əksi olan anlayışları dəstəklədiyi görüntüsü yarana bilər. Lakin diqqət etdikdə, bunun tam da belə olmadığını sezmək mümkündür.

Bodinin tərəfdarı olduğu dövlət forması və ortaya qoyduğu suverenlik nəzəriyyəsi, Əhməd bəyin qarşı çıxdığı yanaşma tərzi ilə eynilik təşkil etmir. Belə ki, Bodin hökmdarın yeganə suveren olduğunu iddia etsə də, dövlətin mövcudluğunu hökmdarın və ya hakim sülalənin varlığına bağlamır. Hökmdar və onun davamçıları olmasa belə, dövlət daim mövcuddur və hər zaman onu idarə edəcək biri  vardır. Amma heç vaxt dövlətin mövcudluğunun hər hansı bir şəxsə bağlı olduğu qəbul edilə bilməz. Bodin, heç vaxt ölkənin idarəedici nəslin adı ilə adlanmasını arzu etməmişdir. Dövlətin adını hər zaman Fransa Krallığı olaraq qəbul etmişdir. O cümlədən, Bodin suveren hökmdarın ədalətli olması gərəkdiyini, xüsusi mülkiyyətə hörmət etməsi gərəkdiyini və xalqına dəyər verməli olduğunu bildirmişdir. Bodinin təsvir etdiyi suveren hökmdar bir növ Platonun filosof kralına oxşayır. Bodin də Platon kimi demokratiyanı doğru idarəetmə sistemi olaraq qəbul etmir, söz sahibi olaraq hökmdarı görür və bu hökmdarın müdriklik, ədalətlilik və digər fəzilətlərə sahib olmasının əhəmiyyətindən bəhs edir. Platondan təsirlənərək bu düşüncəni ortaya atıbmı, bu, dəqiq deyil. Ancaq bu oxşarlıq tamamilə göz önündədir.

Halbuki Əhməd bəyin düzgün hesab etmədiyi və Şərqdə kök salmış dövlət sistemində, dövlət hökmdara, hakim nəslə bərabər tutulduğu və dövlət rəhbər sülalənin adı ilə tanındığı üçün, suveren olan bacarıqsız hökmdarın və onun “dəstəkçilərinin” özbaşınalığı nəticəsində ədalətdən, xalqa dəyər verilməsindən və mülkiyyətə hörmətdən danışmaq mümkün olmur.

     IV. Nəticə

Sonda, göründüyü kimi, Jan Bodinin dövlət və suverenlik konsepsiyasi Əhməd bəyin qarşı çıxdığı baxış bucağının tam əksi deyildir. Əhməd bəyin yanlış hesab etdiyi sistemdə, xalqa, milliyyətçi ünsürlərə kifayət qədər önəm verilmirdi. Bodin isə nəzəriyyəsində xalqa və “Fransa” adına verdiyi dəyəri göstərərək, milliyyətçi tərəfini büruzə vermiş, milliyyətçi ünsürləri ideologiyasına qatmışdır.

     “İki Zidd Yanaşma, yoxsa İki Fərqli Situasiya?” sualının cavabı burada üzə çıxır. Belə ki, iki mütəfəkkirin baxış bucaqlarında daha çox gözə çarpan hissə onların iki fərqli dövrdə yaşayıb, iki fərqli situasiyanı tənqid edərək iki fərqli düşüncə tərzini mənsiməmiş olmalarıdır. Həlledici ünsürlər isə yaşanılan həyat və ətrafda cərəyan edən hadisələrdir.

    Sübhan Rəsulzadə
ADA Universiteti – Hüquq Fakültəsi

İstifadə edilən mənbələr:

 

  1. Jean Bodin, “On Sovereignty : Six Books Of The Commonwealth”, 2011
  2. A. Dunning, “Jean Bodin on Sovereignty”,Political Science Quarterly, Vol. 11, No. 1 (Mar., 1896), pp. 82-104;
  3. Abdurrahman Saygılı, “JEAN BODIN’İN EGEMENLİK ANLAYIŞI ÇERÇEVESİNDE KRALIN İKİ BEDENİ KURAMINA KISA BİR BAKIŞ”, Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi.
  4. Hatice Nur Sarıtunalı, “Jean Bodin ve Egemenlik Kuramı”, 8 aprel, 2022;
  5. Yusuf Taner Klavuz, “Nicholo Machiavelli and Jean Bodin”;
  6. Əhməd bəy Ağaoğlu, “Üç Mədəniyyət”, Qanun Nəşriyyatı, 2023.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir