Cümə axşamı, İyul 07, 2022

BLOG

“İranın Bob Dylanı: Mohsen Namjoo” 

Mohsen Namcu (Mohsen Namjoo, Muhsin Namju) – Bluz (bluse), rok (rock) və İran xalq musiqisindən təsirlənən İranlı müğənni, bəstəkar, yazıçı və musiqiçi. Əsərlərində xalq şeirlərindən istifadə etdiyi kimi, həm də öz musiqi şeirlərini yazan sənətçi, “Nyu-York Tayms” (New York Times) jurnalı tərəfindən “İranın Bob Dilanı” adlandırıl-mışdır. (Red.- Məşhur ABŞ-lı musiqiçi və şair, 2005-ci il Ədəbiyyat üzrə Nobel mükafatçısı Robert Allen         Zimmermana – səhnə adıyla Bob Dilan – bənzətmə əsasında)

Muhsen Namcu 1976-cı ildə İranın Turbet Cam ərazisində anadan olmuşdur. Məşhəddəki ənənəvi yaşam tərzli ailədə böyümüşdür. Ədəbiyyat və musiqiyə olan maraq onda uşaqlıq dövründən başlamışdır. Məktəbdəki incəsənət işlərində fəal iştirak edirdi. 12 yaşı olarkən atasını itirmişdir. Anası və qardaşları onu musiqi məktəbinə göndərməyə qərar verirlər. Burada Nasrullah Nasehpur tərəfindən musiqi bilgiləri almışdır. Ailəsinin etirazlarına baxmayaraq, musiqi ilə peşəkarcasına məşğul olmaq və Tehran Universitetində musiqi təhsilini davam etdirmək üçün Tehrana köçdü. Qəbul imtahanını keçmək üçün instrumental alətdə ifa etməsi lazım idi. Maddi vəziyyəti ona yalnız bir alət almaq üçün kifayət etdi.

Namcu 1994-cü ildə universitetə ​​daxil olur. Burada əsasən musiqi və teatr sənətini öyrənmişdi. Lakin Universitetdəki klassik tədris sistemindən razı deyildi. Klassik, ənənəvi İran musiqilərinə diqqətlə yanaşdıqdan sonra, təcrübələrinə başlamış və ənənəvi musiqini müasir metodlarla sintez etməyə çalışmışdı. Bu işlər bəzi təbəqələr tərəfindən qəbul edilmədi, tez-tez çətinlik və maneələrlə üzləşdi.

İran musiqisinin qeyri-adi tətbiqi və mahnılarının fərqli tərzi səbəbindən, o, təhsilinin üçüncü ilində Universitetdən qovuldu. Təhsili yarımçıq qaldıqdan sonra belə geri çəkilmədi və Tehranda üç konsert verdi. 2000-ci ildən etibarən rok musiqisi və caz onun üçün mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu iki musiqi üslubunu ənənəvi İran musiqisi ilə birləşdirməyə başladı. Bu fəaliyyət çox da yaxşı olmayan bir texnika ilə qeydə alınırdı. Buna baxmayaraq bu qeydlərdən bəziləri kopyalandı və bütün İranda yayılaraq bir çox insan tərəfindən sevilməyə başladı. Mohsen Namcu 2006-cı ildə fərdi konsertlər verməyə başladı və “Hotspot Teheran” mövzusu ilə Beynəlxalq Rotterdam Film Festivalında səhnəyə çıxdı. Çox uğurlu alınmış bu konsertdən sonra Hollandiya radiolarından biri onunla saziş bağladı və konsertdən bəzi parçalar səsləndirildi. İran sərhədlərindən kənarda da tanınan Mohsen Namcu, xüsusilə, “Səssiz səs” sənədli filmi ilə məşhurlaşmışdır. Bu sənədli filmdə Amir Hamz və Mark Lazarz, Namcu ilə birlikdə, İranın digər aparıcı musiqiçiləri O-Hum, Hiç-Kas və Emad Bonakdarı göstərərək, Tehranda mövcud olan yeraltı musiqi janrını (underground music) izah edirdi.

Musiqisi üzərində dərin təsir buraxan Qərb musiqisi və musiqiçiləri ilə tanış olmuşdur: Cim Morrison, Kris İssa, Mark Knopfler, “The Doors” qrupu və Leonard Cohen bu adlardan bəziləridir.
Namcu 90-cı illərin əvvəllərində musiqilər bəstələməyə başladı. 100-ə yaxın bəstəsi olan və bunlardan 9-nu ilk albomu Toranj ilə yayımlayaraq müvəffəqiyyətli bir bəstəçi olmasına baxmayaraq, həmin albomda daha çox Hafiz Şirazi, Mövlana və Sədi-i Şirazinin şeirlərindən də istifadə etmişdi.

2009-cu ilin iyul ayında “Şəms” adlı bir mahnısında Qurani-Kərimdən sitat gətirdiyindən və İran qanunlarına görə musiqi ilə müşayiət olunan ayələri oxumaq qadağan olduğu üçün, Quranı təhqir etdiyi iddiası ilə beş il həbs cəzasına məhkum edilmişdir.

 

 Namcu təsiri…

Mohsen Namcu musiqisi mənə kəpənəkləri xatırladır. Zərif, gözəl, rəngbərəng; eyni zamanda istənilən an əlindən qaçacaqmış kimi… Düşünürəm ki, dinləmək, üstünlük verilən musiqi zövqdən asılı olduğu qədər də, həmçinin, insanın əhval-ruhiyyəsini əks etdirir. Eşitmək istədiyiniz melodiya ruhunuzda əks olunur. Bəzən yüksək və gurultulu, bəzən yavaş və sakit, hətta bəzən “damara düşəcək” səviyyədə … Və dinləyərkən səni sarsıdan bəzi səslər var, ardından ürəyiniz həmin səslə uyuşub gedər …  Həmişə maraqlandım; belə möhtəşəm səslər necə bu qədər gözəl bir şəkildə musiqini yaşaya bilirlər? Buna nail olmaq alınsaydı, yəqin ki, hər kəs sənətkar olardı… Musiqini yaşaya bilənlərdəndir Mohsen Namcu.

Mohsen Namcu… Tehran musiqiçisi. Ona konkret bir sima aid edə bilməzsiniz. Musiqisindəki sadəlik, zəriflik, səmimilik məcbur edir ki, onu “musiqiçi”dən də çox, sadə bir insan olaraq tanıtdırsın.
Əvvəlcə klassik İran musiqi ilə məşğul olur, sonra müasir musiqini klassik musiqi ilə gözəlcəsinə sintez şəkildə ortaya qoyur. Bu musiqilərdə “dinləniləsi“, dinlənilərkənsə “istirahət“, “rahatlıq” halları xasdır…

Bu arada! Dinlədiyiniz zaman diqqətli olun! Namcuya yolda gedərkən qulaq asarsanız, önünüzdə dirəyə toxunarsınız; avtomobillə olarkən dinləsəniz, qəzaya səbəb ola bilərsiniz; yemək bişirərkən, yeməyə duz əlavə etməyi unudarsınız. Onu dinləmək üçün ən yaxşı vaxt gecə özünüzlə təkbaşına qaldığınız andır… Bu da bir səyahətdir… Daxilinizə səyahət… Bir tərəfdən musiqisi insanı özündən alır, digər tərəfdən də səni özünə qaytarır… Qalın səsdən incəyə keçidi, bağırarkən bir andaca susuşları; bunu ancaq və ancaq dinlədiyiniz zaman anlaya biləcəksiniz…

 Skripka səsli Namcu

Mohsen Namcu musiqisi kəpənəkləri xatırladır. Gözəl, zərif, rəngbərəng, eyni zamanda, hər an əldən qaçacaqmış kimi… İnsanın ruhuna işləyir sanki; eyni zamanda həm kədər, həm də xoşbəxtlik hissi verə bilər. Əslində, klassikayla yanaşı, müasir obyektlər mədəniyyətinin qoxusu da burada gözdən qaçmır. Səsini adətən musiqi aləti kimi istifadə edir Namcu, hətta bu musiqi alətinə ad da vermək olar: Skripka kimi… Bəzən yanğılı, dərin, həssas; bəzən isə ağır, çılğın, azaddır…
Ən təsirli musiqiləri: “Nobahari” və “Ey Sareban”. Dəfələrlə dinləməyə dəyər. Dinləməkdən bezilməyəcək bir musiqi…

Uyuşmazlığın ahəngdarlığı (xaotikliyin harmoniyası) olmasına şübhə edənlər! Dinləyin, uyuşmazlığın da necə ahəngdar olduğunu görəcəksiniz.

 

 

Mojir (Mucir, Möcüzə) Duası

 

Çoxlarının bildiyi “Mojir Duası” İranda etiraz musiqisinin müvəffəqiyyətli nümayəndəsi olan Mohsen Namju tərəfindən bir musiqiyə çevrilmişdir. Amma bu musiqinin çoxlarının bilmədiyi bir tarixçəsi var; bu tarixçəni Namcu özü bir müsahibəsində belə izah edir:

Mən 1989-cu ilin may ayında 8-9 yaşımdaydım və babam xərçəng xəstəsi idi. Zəif idi, xəstəlik tam olaraq onu ələ keçirmişdi. Uşaq idim və ölüm mənim üçün faciəli bir şey kimi gəlmirdi. Bacımla gözəl bir fikir ağlımıza gəldi; babam Mojir Dua-nı oxuyarkən, biz ona sakitcə arxadan yaxınlaşdıq və köhnə bir kasetə səslərini yazdıq. Üstəlik də, boş kaset tapa bilmədik, ona görə də qardaşımızın kasetini oğurladıq! Bundan iki ay sonra babam vəfat etdi. Mən yazdığımız səsi sonradan ifa etdiyim mahnıya əlavə etmək istədim. Beləliklə, babamla bir mahnıda yer almaq şansı qazanmış oldum.” Musiqinin klipində də babasının şəklini daxil edən Mohsen Namju, sonda sözü babasına verir… Həqiqətən eşitdiyiniz anda, tüklərinizin biz-biz olacağına əminik.
Beləliklə, Mohsen Namcu “Mojir” mahnısında babasının vəfatından sonra onunla duet etmək şansı əldə edir. Bu isə onun üçün bu mahnını daha da mənalı edir.

Mahnının sözləri ilə maraqlananlar varsa; “Möcüzə Duası”na baxmaları kifayətdir. 88 bənddən ibarət olan bu duanın hər bəndində Allahın iki adı təkrarlanır və sonunda “Bizi cəhənnəm atəşindən qoru, ey qoruyan” deyilir… Mohsen Namcu 2011-ci ildə ABŞ-a köçdükdən sonra, Amerikanın ən tanınmış məktəblərində dərslər verməyə başlayar və bütün dünyada da biletləri günlər öncə tükənən konsertlərə imza atmışdır.

Möhsün Namcunun Argentinalı inqilabçı Çe Qevaraya həsr olunmuş mahnının özünəməxsus tərzdə ifasını buradan dinləyə bilərsiniz.

  1. Bu yazı “iyibilirim.net“, “listelist.com” saytlarından tərcümə edilərək hazırlanmışdır. Əməyə hörmət naminə yazıdan istifadə edərkən mövcud ünvanı istinad etməyi unutmayaq! 🙂

Müəllif: Eyvaz Usubov

Orjinal məqalənin linki: 

http://ibtidaivehsi.blogspot.com/2018/07/irann-bob-dylan-mohsen-namjoo.html?m=1 

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.