Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

“İnsanın dəyəri haqqında nitq” – Pico della Mirandola

Oratio de Hominis Dignitate, bölüm 5

Ən hörmətli Atalar, bunlar məni fəlsəfə ilə məşğul olmaq üçün ürəkləndirməklə qalmayıb, bir tapşırıq olaraq fəlsəfə ilə məşğul olmağa məcbur edən səbəblərdir. Mən onları açıqlamağı öz üzərimə götürməyəcəm, yalnız fəlsəfə ilə məşğul olmağı qınamağa vərdiş edənlərin cavablarını verəcəyəm, xüsusilə də yüksək mövqelərə malik şəxslərin və orta səviyyəli şəxslərin. Çünki bütün fəlsəfə araşdırmaları (zəmanəmizin pis vəziyyətində olduğu kimi) şərəfdən, nüfuzdan daha çox xoflanmağa və təhqir olunmağa yol açır. Parktikada fəlsəfənin kimsə tərəfindən araşdırılmaması ya da azlıq tərəfindən işlənilməsinin lazım olduğu istiqamətindəki öldürücü, vəhşi (canavarca) inanclar bütün ağılları ələ keçirir. Bizim böyük diqqətlə araşdırdığımız şeylərin səbəbi, təbiətin yolları, kainatın planı, Tanrının məqsədi, yerin göyün sirləri kimi məsələlər fayda vermədikcə ya da o şəxsin işinə yaramadıqca baxılmağa və barmaq ucu ilə tutulmağa dəyməyəcək şeylər kimi yanaşılır. Beləliklə, başa düşülməsi çətin olan nöqtəyə çatırıq. Artıq sadəcə olaraq fəlsəfəni ticarətə uyğunlaşdıranlara müdrik gözü ilə baxılır. Edenli Pallasın (Afina) insanlar arasında məskunlaşmasının səbəbi tanrıların comərdliyidir əslində. İndi isə o rədd edilir, açaldılaraq fitə basılır. Kimsə onu sevmir, ya da onunla dost olmur. Onun pozulmuş bakirəliyi ilə, fahişəliklə əldə etdiyi qəpik quruşla kisəsini dolduranlar bundan kənardadır. Mən bu etirazların, qızğınlıqların ən böyüyünü zəmanəmizin şahzadələrinə deyil, filosoflarına ünvanlayıram. Bu filosoflar fəlsəfənin maddi dəyəri və ya mükafatı olmadığından fəlsəfənin arxasınca gedilməsinin lazım olmadığını qeyd edir. Onlar bu cür etməklə filosof olmadıqlarını da sübut edirlər. Bütün həyatları qazanmaq ilə ehtiraslı şəkildə birləşdiyindən bilmək üçün biliyə heç vaxt qucaq açmırlar. Öz adıma danışacaq olsam – bu yerdə özümü tərifilədiyim üçün utanmayacağam – mən hər zaman fəlsəfə ilə məşğul olmaq üçün fəlsəfə ilə məşğul oldum, yorucu araşdırmalarımda, işlərimdə ağılın tumarlanmasından ya da gerçəyin biliyindən başqa bir meyvə ya da qazanc nə istədim, nə də umdum – zaman keçdikcə bunlara daha çox hörmət bəsləyirəm. Üstəlik bu biliyə o dərəcədə istəkli oldum, onu o qədər sevdim ki, özümü düşünməyə həsr etmək üçün bütün şəxsi, ictimai qayğılarımı kənara atdım. Nə qısqanc şəxslərin qara yaxmaları, nə də müdriklik düşmənlərinin təhqirləri məni ondan ayıra bilmədi. Fəlsəfə mənə digərlərinin mühakimələrindən çox öz inanclarıma əsaslanmağı, etdiklərimin, dediklərimin pis olub olmamasından daha çox onları yaxşı düşünüb düşünmədiyim haqqında qayğılanmağımın lazım olduğunu öyrətdi.

Ən hörmətli Atalar, mənim bu andakı mübahisəm başqa bir çox şəxsə təhrikedici və aqressiv gəlir. Bütün incəsənəti himayə edən, varlığınızla onları himayənizə qəbul etmiş sizlər üçün fikirlərimin ağıla uyğun, sevindirici olduğunu bilməmiş deyiləm. Müdafiə etdiklərimi daha əvvəl də qınayanlar oldu. Bundan sonra da bir çox səbəblə, bunları qınamağa davam edənlərin əskik olmayacağının fərqindəyəm. Amma bu hər zaman olmağa davam edir: Müdrikliyə çatmağı özünə məqsəd hesab edən daxildən gələn, müqəddəs fəaliyyətlər heç bir zaman şübhəli hislər, qarışıq məqsədlər üçün edilən fəaliyyətlərdən daha az pislənmədi. Bəlkə də daha çox pisləndi. Bu müzakirə formasını, dərin məsələlər haqqında açıq aydın danışmaq metodunu bəyənməyənlər var. Onlara görə bu forma öyrənməni artırmaqdan daha çox bacarığı sərgiləməyə, düşüncələri açıqlamağa xidmət edir. Başqaları da bu cür məşqləri təsdiq etsələr də, bu yaşımda, hələ 24 yaşımda ikən Xristian teologiyasının ən incə sirlərini, fəlsəfənin ən mübahisəli nöqtələrini, təlimin ən kənarda bucaqda qalmış qollarını müzakirəyə açmağımdan inciklik duyurlar. Burada şəhərlərin ən məşhurunda, çox savadlı şəxslərin yaratdığı icmanın qarşısında Apostol Senatının hüzurunda bunu etdiyim üçün mənə qəzəblənirlər. Bəziləri də müzakirə haqqımı qəbul etsələr də, belə bir şeyin səthi olduğunu, gücümü aşdığını irəli süərərək mənim 900 mövzu haqqında müzakirə aparacağımı qəbul etmirlər. Müdafiə etdiyim fəlsəfə mənə bu cür davranmağı nəsihət etsəydi, bu əks reaksiyalara sevərək boyun əyərdim. Aramızdakı bu müzakirənin sırf deyişmə, davalaşma olduğuna inansaydım, fəlsəfəmin məni bu cür davranmağa məcbur edəcəyi kimi indi də onlara cavab verməli deyildim.

Bütün qara yaxma, ara qarışdırma məqsədlərini başımızdan təmizləyək. Beləliklə, Platonun yazdığı kimi bu pislik mələklər xorunda heç vaxt yer almasın. Gəlin, müzakirələrimi davam etdirməyimin qəbul edilib edilməyəcəyinə, bu qədər sualları cavablandırmağı gözə alıb almayacağıma dostca qərar verək.

Əvvəla, ictimaiyyətin önündə bu cür açıq aydın danışmağı qəbul etməyənlərə mənim deyəcək hər hansı sözüm yoxdur. Platon, Aristotel hər dövrün ən çox hörmət bəslənilən folsofları öz şöhrətlərini artırmaq üçün yeri gəldikcə bu cür məşqlərə qatıldılar. Ən seçilmiş həkimlər, siz də onlar kimi edirsiniz. Bu günahdırsa, mən də bu günahı hamınızla paylaşıram. Keçmişin bu filosofları, müdriklik axtarışı içində xalqa açıq müzkirələrə sıx sıx qatılmaqdan daha qazanclı bir şey olmadığını düşünərdi. Gövdə bədən təlimi ilə gücləndirilir. Zəka da gücünü, sürətini öyrənmənin bu sınaq meydanında artırır. Məncə ozanlar Pallasın silahları ilə bağlı mahnılar oxuyarkən, İbranilər müdrik şəxsi barzelə, açıqca qılınca bənzədərkən bilik qazanmaqda müzakirənin lazımlı, şərəfli bir şey olduğunu göstərdilər. Bəlkə də bu səbəbdən keldanilər doğuşdan alnına filosof olmaq yazılmış adamı Marsın Merkuri ilə üç ayrı bucaq altında qarşılaşdığı təqvimlə müəyyən edirdilər. Bu da o deməkdir ki: Bu yığıncaqlar, müzakirələr bir tərəfə atılmş olsaydı, bütün fəlsəfə tənbəl, ərincək bir şey olardı.

Müzakirə üçün uyğun olmadığımı deyənlər qarşısında özümü müdafiə etmək üçün müdafiə cümləsi tapmaq mənə çətin gəlir. Bunun üçün uyğun olduğumu desəm, öz düşüncələrinin yüksəkliyindən utanmadan bəhs edən biri kimi görünərəm. Bu müzakirəyə uyğun olmadığımı qəbul edəcək olsam, bunu irəli sürərkən qəti şəkildə ehtiyyatsız, həm də çılğın biri kimi adlandırılma ehtimalım var. Yaşadığım sıxıntını, içərisinə salındığım vəziyyəti görürsünüz. Bir şeyi etməyə özümü qınamadan söz verə bilmirəm, amma sözümü tuta bilməyəndə də yenə özümü qınamaq məcburiyyətində qalıram. Bəlkə də, “hər kəsdə ruh var” deyən Eyyubun sözünə sığına bilər, ya da “kimsənin gəncliyinizi xor görməsinə izn verməyin” deyən Timoti ilə özümü ovundura bilərəm. Bu da var ki, vicdanımın səsini dinləsəm, burada sadəcə mənimlə bağlı problem olmadığını deyə bilərəm. İşlərimi, həvəsimi incəsənətlə məşğul olmağa həsr etdiyim düzdür. Yenə də təhsilli olduğumu qəbul etmədiyim kimi, bununla qürurlanmıram da. Nəticədə bu cür böyük məsuliyyəti ciyinlərimə götürməyimin səbəbi öz gücsüzlüyümü bilməmiş olmağım deyil. Bunun səbəbi daha çox, təhsilli şəxslərin müzakirələrində əsas qalib gələnin məğlub olan tərəf olduğunu anlamış olmağımdır. Nəticədə ən gücsüz şəxs belə bunlardan qaçmamalı, əlindən gəldiyi ölçüdə müzakirələrin arxasında olmalıdır. Çünki üstdə çıxan, məğlub ediləni yaralamaz, əksinə ona bir şeylər qazandırmış olur. Müzakirədə məğlub olan evinə döndüyündə oradan, evdən ayrıldığı andakından daha varlıdır. Aydındır ki, gələcəkdəki növbəti müzakirə üçün daha hazırlıqlıdır, daha yaxşı silahlanmışdır. Gücsüz bir əsgər olsam da, bu ümidlə ilhamlanaraq ən gücü, ən sürətli müxaliflərlə gözümü qırpmadan müzakirəyə girə bilərəm. Bu cür davranmaqla düzgün edib etmədiyim isə yaşıma görə deyil, müzakirənin nəticəsinə baxaraq daha yaxşı şərh oluna bilər.

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.