Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Husserl – Fəlsəfə dəqiq elm kimi

Fəlsəfə ilk əvvəldən bəri dəqiq elmdir, həm də ən yüksək nəzəri ehtiyacları qarşılayacaq və etik-dini baxımdan saf ağıl normaları tərəfindən nizamlanmış həyatı mümkün edəcək bir elm olmaq iddiasındadır. Bu iddia bəzən daha böyük, bəzən də daha kiçik bir güclə irəli sürülmüşdü, amma heç bir zaman tərk edilməmişdi: saf nəzəriyyəyə olan marağın və bacarıqların itirilmə təhlükəsi keçirdiyi və ya dini güclərin nəzəri araşdırma azadlığını əngəllədiyi zamanlarda belə.
Fəlsəfə öz inkişafının heç bir dövründə bu dəqiq elm olmaq iddiasını yerinə yetirmədi: hətta fəlsəfi çığırların bütün fərqliliklərinə və ziddiyyətlərinə rəğmən Renessansdan bu günə qədər gələn, mahiyyəti etibarilə birlik göstərən inkişaf cizgisinin son dövrlərində belə. Həqiqətən də, çağdaş fəlsəfədə hakim olan anlayış, onun özünü saf bir şəkildə fəlsəfi motivlərə təslim etmək yerinə, daha çox tənqidi düşüncə vasitəsilə metod məsələsində hər zaman daha dərinə nüfuz edən tədqiqatlarla dəqiq elm olaraq qurulmasıdır. Ancaq bu fəaliyyətlərin yeganə yetişmiş meyvəsi dəqiq təbiət və insan elmlərinin, eyni şəkildə də yeni saf riyazi fənnlərin (disziplinen) qurulması və müstəqilliklərini qazanması oldu. Lakin ancaq indi fərqliləşən xüsusi mənası ilə fəlsəfənin özü daha əvvəl olduğu kimi yenə də dəqiq elm olmaq xüsusiyyətindən məhrumdur. Bu fərqliləşmiş mənası belə elmi baxımdan güvənə biləcəyimiz bir tərifdən (bestimmung -determinasion) uzaq qalırdı. Fəlsəfənin təbiət və humanitar elmlər (geisteswissenschaft)  qarşısındakı vəziyyətinin necə olduğu, onun təbiət və humanitar elmlərlə təməldə şübhəsiz əlaqəli olan özünəməxsus işinin, qanuni yeni davranışlar – təməldə özünəməxsus məqsədlər və metodlar gərəkdirən yeni davranışlar – gərəkdirib gərəkdirmədiyi, beləliklə də fəlsəfi olanın, bizə yeni bir sfera gətirib gətirmədiyi və ya təbiətin və humanitar həyatının təcrübi formaları ilə bir və eyni səviyyədə işləyib işləmədiyi (sualları): bütün bunlar bu günə qədər mübahisəli qalmışdır. Bu göstərir ki, fəlsəfi problemlərin əsl mənası belə hələ elmi açıqlığa qovuşdurulmuş deyildir.
Beləliklə bütün elmlərin ən yüksəyi və dəqiqi olmağı hədəfləyən fəlsəfə insanlığın saf və mütləq biliklə əlaqədar əl çəkə bilmədiyi iddiasını (və bununla ayrılmaz bir şəkildə bir olan saf və mütləq dəyərləri və istəməyi) təmsil edən fəlsəfə özünə həqiqi elm formasını verə bilmədi. Vəzifəsi insanlığın əbədi işini öyrətmək olan bu müəllim qısası obyektiv olaraq keçərli hesab edəcəyimiz bir tərzdə öyrətməyi bacara bilmədi. Kant fəlsəfənin deyil, yalnız fəlsəfə ilə məşğul olmağın öyrənilə biləcəyini deməyi sevirmiş. Bu fəlsəfənin elmi olmadığının etiraf edilməsindən başqa nədir ki. Elm, həqiqi elm hara qədər gedə bilirsə, ancaq ora qədər və hər yerdə eyni mənada öyrədilə bilər və öyrənilə bilər. Əlbəttə ki, heç bir yerdə elmi öyrənmə yad bir məhsulun passiv bir formada alınması deyil: o hər yerdə şəxsin özü tərəfindən səbəblərə və nəticələrə görə gerçəkləşdirilən bir fəaliyyətə, yaradıcı insanlardan qazanılan ağıl qavrayışlarının bir daxili yenidən yaradılışının istehsalına əsaslanır. Fəlsəfə öyrənilə bilməz, çünki burda belə obyektiv olaraq qavranılmış və təməlləndirilmiş anlayışlar yoxdur, ya da burda – bununla eyni şey demək olan – konseptual olaraq yaxşıca müəyyən edilmiş və mənaları baxımından tamamilə açıqlığa qovuşdurulmuş problemlər, metodlar və nəzəriyyələr yoxdur.
Mən fəlsəfənin yetkin olmayan bir elm olduğunu demirəm, sadəcə deyirəm ki, o hələ elm olaraq başlamayıb: və burda ölçü olaraq bir parça olsa belə obyektiv olaraq təməlləndirilmiş bir nəzəri təlim məzmununu alıram. Bütün elmlər, hətta o göylərə yüksəldilən təcrübi elmlər belə yetkin deyildir. Bunlar bir tərəfdən tam deyildir: bilməyin motivini heç vaxt rahat buraxmayacaq açıq problemlərin sonsuz üfüqü açıq qalmaqdadır: digər tərəfdən daha əvvəl inkişaf etdirilmiş təlimlərin məzmununda belə növbənöv çatışmazlıqlar vardır, orda burda nəzəriyyə və sübutlarının sistemli nizamında bir sıra bulanıqlıq və yetkinsizlik müşahidə olunur. Amma hər zaman olduğu kimi yenə də bir təlim məzmunu, daima böyüyən və şaxələnərək budaqlanan bir təlim məzmunu vardır. Riyaziyyat və təbiət elmlərinin obyektiv həqiqətindən, başqa bir ifadə ilə onların heyran olunan nəzəriyyələrinin obyektiv təməlləndirilməsi ehtimalından ağlı başında olan heç kəs şübhə duymaz. Orda – ümumi olaraq nəzərdən keçirildiyində – şəxsi “qənaətlər”ə, “görüşlər”ə, “baxış bucaqları”na yer yoxdur. Bir elmdə bu kimi şeylər olduğu müddətcə o elm o ölçüdə hələ elm olmamışdır, formalaşmaqda olan bir elmdir və ümumi olaraq da ona bu gözlə baxılır.
Demək ki, fəlsəfənin yetkinsizliyi digər elmlərin bir az əvvəl qeyd olunan yetkinsizliyindən tamamilə fərqli növdəndir. O yalnız, tam olmayan və yalnız tək tək nöqtələrdə yetkin olmayan təlim sisteminə malik olmamaqla qalmır, demək olar ki, heç bir təlim sisteminə malik deyil. Burda nə varsa, hər şey mübahisəlidir, hər mövqe şəxsi qənaət, məktəbin şərhi, “baxış bucağı” məsələsidir.
Fəlsəfənin elmi dünya ədəbiyyatının köhnə və yeni çağlarda bizə layihə olaraq təqdim etdikləri, tutaq ki, ciddi, hətta çox böyük bir humanitar fəaliyyətə əsaslanır və bundan əlavə, tutaq ki, gələcəkdə qurulacaq elmi olaraq dəqiq təlim sistemləri üçün bir ilkin fəaliyyətdir: amma bunlarda bu an üçün fəlsəfi elmin təməli olaraq qəbul ediləcək bir şey yoxdur və ondan, belə demək mümkündürsə, tənqid qayçısı ilə orasından burasından bir fəlsəfi təlim parçası kəsib götürmək şansımız yoxdur.
Bu qənaəti məhz bu nöqtədə fəlsəfənin önəmli bir inqilabını rəsmiləşdirmək və fəlsəfənin gələcəkdəki “sistem”inə yer açmaq istəyən “Logos”un ilk sayında yenidən, dəqiq və dürüst bir şəkildə dilə gətirmək gərəklidir.
Çünki indiyə qədərki bütün fəlsəfənin elmi olmamasının bu kəskin vurğulanması ilə ağıla dərhal fəlsəfənin eyni şəkildə davam edərək dəqiq elm olmaq məqsədində israr edib etməyəcəyi, bunu istəyib istəməyəcəyi və istəmək məcburiyyətində olub olmaması sualı gəlir. Bu yeni “inqilab” bizim üçün nə demək ola bilər?  Yoxsa dəqiq elm ideyasından əl çəkilməsidirmi? Və tədqiqat işimizi apardığımız müddətdə önümüzdə bir ideal olaraq işıldaması gözlənilən darıxdığımız bu “sistem” bizim üçün nə demək ola bilər? ənənəvi mənada bir fəlsəfə sistemimi, – sonrakı çağlarda başqa Minevralarla birlikdə tarixin səssiz muzeyində gizlənmək üçün demək olar ki, yaradıcı dahinin başından yetkin və tam təhcizatlı formada sıçramış Minevra kimi bir fəlsəfə sistemi mi olacaq? Yoxsa nəsillər boyu davam edən böyük hazırlıq fəaliyyətlərindən sonra döşəmədən yuxarıya doğru hər cür şübhədən uzaq təməllə gerçəkdən başlayan və hər biri digəri qədər sağlam daşın daş üstünə qoyulduğu, ustaca tikilmiş hər konstruksiya kimi istiqamətləndirici qavrayışlara görə yüksələn bir fəlsəfi təlim sistemi mi olacaq? Bu sualla düşüncələrin də, yolların da bir birindən ayrılması lazımdır.
Fəlsəfənin irəliləməsində müəyyənedici olan “inqilablar” əvvəlki fəlsəfələrin elm olmaq iddiasının onların gerçək olmayan elmi irəliləyişlərinin tənqidi ilə yıxılan inqilablardır: istiqamətləndirən və işlərin nizmını müəyyən edən istək də, dəqiq elm mənasında fəlsəfəyə kökdən yeni bir forma verməklə əlaqəli tam şüurlu istəkdir. Fəlsəfi təlimin yeni bir formasını qurmağa girişmək üçün bütün düşünmə enerjisi ən başda indiyə qədərki fəlsəfədə saf şəkildə gözardı edilən və yanlış anlaşılmış dəqiq elm olmaq şərtlərini, sistemli müzakirələrlə qərarlı bir şəkildə açıqlığa qobvuşdurmağa fokuslanırdı. Fəlsəfədə Sokrat-Platon inqilabına olduğu kimi  yeni çağın əvvəllərindəki sxolastikaya qarşı elmi reaksiyalara, xüsusilə də Dekartçı inqilaba bu cür tam şüurlu dəqiq elm olmaq istəyi hakim idi. Onun təkan verici gücü XVII və XVIII əsrlərin böyük fəlsəfələrinə keçir, Kantın ağılın tənqidində özünü son dərəcə güclü şəkildə yeniləyir və Fixtenin fəlsəfə metodu da onun təsiri altındadır. Araşdırma, təkrar təkrar həqiqi başlanğıclara, problemlərin qərarlı bir şəkildə dilə gətirilməsinə, düzgün metodlara yönəlir.
İlk olaraq romantik fəlsəfədə dəyişiklik ortaya çıxır. Hegel öz metodunun və təliminin mütləq gerçəkliyində nə qədər israr etmiş olsa da, onun sistemi də fəlsəfədə elmiliyi ən başda mümkün edən ağıl tənqidindən yoxsun idi. Bununla əlaqəli olaraq da bu fəlsəfənin, ümumilikdə romantik fəlsəfənin də sonrakı dövrlərdə dəqiq fəlsəfi elmi qurmaq motivini – istər zəifləmə, istərsə də korlanma mənasında olsun, – təsir etmiş olduğu açıqdır.
Bu sonuncu meyllə, yəni korlanma meyilinə gəldiyimizdə bilindiyi kimi təcrübi elmlərin güc qazanması ilə Hegelçilik reaksiyalara səbəb oldu: bunun nəticəsi olaraq da XVIII əsrin naturalizmi əzici bir sürət qazandı və bütün mütləq ideallıqdan və obyektivlikdən əl çəkən skeptikliyi ilə son dövrlərin dünyagörüşünü və fəlsəfəsini böyük ölçüdə müəyyən etdi.
Digər tərəfdən fəlsəfi elm motivinin zəfilədilməsi mənasında Hegelçi fəlsəfə hər fəlsəfənin öz çağına görə nisbi haqlılığı təlimi ilə dolayı nəticələr yaratdı – bu elə bir təlim idi ki, heç şübhəsiz, mütləq keçərlilik iddia edən Hegel sistemi içərisində Hegel fəlsəfəsinə inanclarını itirməklə, təməldə bir mütləq fəlsəfəyə olan inanclarını da itirən nəsillər tərəfindən qəbul edilən tarixi mənadan tamamilə fərqli bir mənası var idi. Beləliklə, Hegelin metafizik tarix fəlsəfəsinin skeptik bir tarixçiliyə çevrilməsi ilə bu günki zamanımızda sürətlə yayılırmış kimi görünən özü onsuzda çox vaxt naturalizmə əks, bəzən də hətta tarixçiliyə əks olan polemikası ilə skeptik olmaq istəməyən “dünyagörüş fəlsəfəsi”nin ortaya çıxışı önəmli dərəcədə müəyyən edilmiş oldu. Amma bu fəlsəfədə – ən azından etməyi planlaşdırdığında və fəaliyyətində – Kanta qədər yeni çağ fəlsəfəsinin əsas xarakteristikasını təşkil edən elmi təlim olmaq mövzusundakı radikal istəyin artıq hakim olmadığına baxılarsa, fəlsəfi elm motivinin zəifləməsi ilə əlaqədar dediklərim xüsusilə onunla bağlıdır.
Aşağıdakı ətraflı açıqlamalar insan mədəniyyətinin ən yüksək faydasının bir dəqiq fəlsəfi elmin formalaşdırılmasını gərəkdirdiyi, beləliklə də əgər çağımızda bir fəlsəfi inqilab haqlı görüləcəksə, bunun mütləq dəqiq elm mənasında fəlsəfənin yeni təməlləndirilməsi məqsədi ilə dolub daşması gərəkdiyi düşüncəsinə əsaslanır. Bu məqsəd çağımıza heç də yad deyil. O, hakim olan naturalizmin içərisində canlı şəkildə durur. Naturalizm başlanğıcdan bəri və bütün qərarlılığı ilə fəlsəfədə dəqiq elmi reform düşüncəsinin arxasınca qaçır: hətta əvvəlki və modern formaları ilə də hər zaman bunu çoxdan gerçəkləşdirdiyinə inanır. lakin bütün bunlar prinsipial mövqedən baxıldığında, həm nəzəri baxımdan təməldən uğursuz bir formada gerçəkləşir, həm də praktiki baxımdan mədəniyyətimiz üçün böyüyən bir təhlükə mənasına gəlir. Naturalist fəlsəfəni tənqid etmək bu gün önəmli bir mövzudur. Yalnız nəticələrdən çıxış edən çürüdücü tənqidləri qarşısında təməllərin və metodların pozitiv tənqidinə xüsusilə ehtiyac var. Elmi bir fəlsəfənin mümkünlüyünə duyulan və təcrübi elmin üzərində qurulmuş olan naturalizmin mənasız nəticələrinin biliyi tərəfindən təhdid edilən güvənin sarsılmamasını yalnız belə bir tənqid təmin edə bilər. Bu tədqiqatın ilk bölümündəki açıqlamalar bu cür pozitiv bir tənqidə xidmət edir.
Amma çağımızın diqqətə alınması lazım olan inqilabına gəldiyimizdə, halbuki ki, o öz mahiyyəti etibarilə naturalizmə qarşıdır, – və bunda da haqlıdır – lakin tarixçiliyin təsiri altında elmi fəlsəfə çizgisindən çıxmış və təkcə dünyagörüş fəlsəfəsinə çatmağı istəyən kimi görünür. İkinci bölüm bu hər iki fəlsəfənin fərqlərinin prinsipləri baxımından müzakirə edilməsinə və nisbi haqlılıqlarının gözdən keçirilməsinə ayrılmışdır.
Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.