Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

“Haydegger: Varlıq və Zaman” – Alistair MacFarlane

Martin Haydegger həm həyatı, həm də fəlsəfəsinə qarşı həddindən artıq və qütbləmiş reaksiyalar oyandırır. XX əsrin ən böyün düşüncə xadimi olaraq göstərilən Haydegger müqəddəs Avqustinlə müqayisədə xəstəliyin yerləşməkdə olduğu müasir fəlsəfənin və müasir həyatın önəmli təhlilçisi olaraq görülməklə yanaşı, eyni zamanda filosof ünvanına sahib olmuş ən böyük şarlatan və axmaq bir nasist olaraq da adlandırılır.

Fəlsəfəsinə qarşı göstərilən şiddətli reaksiya analitik fəlsəfənin hökmranlığına və xüsusilə də fəlsəfənin elmin xidmətçisi olduğu düşüncəsinə açıq şəkildə qarşı çıxmasından qaynaqlanır. Şəxsi həyatına edilən hücumların bu qədər şiddətli olması Almaniyada 1930 və 40-cı illər ərzində baş verən dağıdıcı hadisələrlə əlaqəsindən qaynaqlanır.

Martin Haydegger 26 sentyabr 1889-cu ildə Cənubi Almaniyada Baden-Vürtembergin Qara meşə  bölgəsindəki sakit bir Svabia qəsəbəsi olan Messkirchdə kasıb bir Katolik ailənin övladı olaraq dünyaya gəlmişdi. Anası Johanna və atası Fridrix də burda doğulmuş və boya başa çatmışdı. Fridrix usta bir çəkkəkçi və Müdəqqəs Martin kilsəsinin xidmətçisi (qəbirqazanı) idi. Gənc Martin 1903-cü ildə kilsə təqaüdünə laiq görüldükdən sonra Konstanz şəhərində yerləşən internat məktəbinə daxil olmuş və daha sonra ordan da yerli universitet şəhərçiyi olan Freiburgda orta məktəbi oxumuşdu. Martin son dərəcə dindar olan bir çevrə içərisində rahib olmaq üçün tərbiyyə edilirdi, ancaq sonra həm modern (Brentano), həm də antik fəlsəfə ilə (Aristotel) tanış oldu və həyatı dəyişməyə başladı. 1909-cu ilə yezuit rahibinin yavəri olmaq üçün orta məktəbdən ayrıldı, ancaq bir neçə həftə sonra ürək problemləri səbəb göstərilərək vəzifəsindən uzaqlaşdırıldı. Sonrakı həyatı ərzində heç bir ürək problemi yaşamadığını nəzərə alsaq, Yezuit təriqətinin daha sonralar ola biləcək fikir ayrılıqlarını əvvəlcədən görüb görmədiyi maraqlıdır. Freiburg Universitetinə fəlsəfə və teologiya təhsili almaq üçün daxil olduqdan sonra yaşadığı böhran nəticəsində rahib olmaq üçün aldığı təhsili sona çatdırmaq qərarına gəldi və 1911-ci ildə araşdırmalarını fəlsəfə, əxlaq və təbiət elmlərinə istiqamətləndirdi. 1915-ci ildə hərbi xidmətə çağrıldı, lakin müharibə üçün yarasız hesab edildiyi üçün poçt xidmətinə və metereoloji vəzifələrə təyin olunmuşdu. 1918-ci ildə ordudan təxris oldunduqdan sonra fenomenologiyanın qurucusu olan Edmund Husserlin köməkçisi olmaq üçün Freiburga qayıtdı. İlk olaraq tələbə və müəllim, daha sonraları iş yoldaşı və ortaq olsalar da, əsasında bir-birindən çox fərqli olan xarakterləri və yanaşmaları qaçınılmaz olaraq qarşıdurmaya və münasibətlərinin pozulmasına gətirib çıxardı. 1917-ci ildə Haydegger bir protestant olan, Jörg və Hermann adlı iki övladının anası olacaq Elfride Petri ilə evləndi. İkilinin evlilikləri 1920-ci illərdə Haydeggerin ən məşhur tələbələrindən olan Hanna Arendt ilə olan münasibətindən sağ çıxmağı bacardı.

Haydeggerin fəlsəfi səyahəti

XVII əsrdən etibarən üstün (dominant) olan fəlsəfi baxış Dekartın “bədəndən müstəqil olan bir ağıl xəyal etmək” fəlsəfəsi idi. Bu ikili yanaşmadan uzaqlaşmağın ilk addımını XIX əsrdə fəlsəfənin nəzərini təcrübələrimizin subyektlərindən təcrübə etdiyimiz şeylərə yönəldən Edmund Husserl atmışdır. Husserl bir riyaziyyatcı idi və birbaşa təcrübə fenomeni ilə məşğul olan məntiqi əsaslar yaratmaq ilə maraqlanırdı. Haydegger isə daha da irəli getdi və Kartezian fəlsəfənin boyunduruqlarından qəti olaraq xilas oldu: Haydegger qavramaq bacarığını və dilin istifadəsinin bizim anadangəlmə qabiliyyətimizə və dünya ilə olan fiziki əlaqəmizə əsaslandığını görmüşdü. İki filosofun elmi təqlid etməyə çalışan fəlsəfi yanaşmaya qarşı birbaşa meydan oxumasını təmsil edən araşdırmaları olduqca özünəməxsus (orjinal) və çürətkardır. Haydegger fəlsəfə üçün dini tədqiqatlarından əl çəkmişdi və bir klassik olaraq fəlsəfənin qədim və orjinal qayğılarına dönməsini arzu edirdi. Haydeggerin yanaşma tərzi elmi istiqamətli mühitlərdən daha çox ədəbi əsaslı akademik mühitlər tərəfindən maraqla qarşılanırdı. Nəticə olaraq Kant(1724-1804)-dan bəri “analiti filosoflar”(elmə meylli və əksəriyyəti anglo-sakson və ingiliscə danışan)  ilə qitə filosofları(geri qalan bütün filosoflar üçün uyğun olan etiket)  olaraq adlandırılan qruplar arasında bir müddətdir yaranmaqda olan uçurum dramatik bir şəkildə genişləndi.

Haydegger 1914-cü ildəki doktorluq dissertasiyasında məntiqin psixologiya ilə olan əlaqəsini tədqiq etmişdi. Universitetə müəllim kimi qəbul edilməsi üçün lazım olan yüksək doktorluq dissertasiyasını Duns Skot adlı orta əsrlər aliminin fəaliyyəti haqqında yazmış və doktorluq mühazirələrində isə zamanın sırf müddətin ölçülməsindən çox daha artıq bir şey olduğu fikrini irəli sürmüşdü.(Bunların hamısı gələcəkdə baş verəcək olan hadisələrin xəbərçisi idi. Lakin Haydegger 1927-ci ilə qədər başqa heç bir iş yayımlamadı) 1922-ci ildə Frankfurta 80 km məsafədə yerləşən Magburg Universitetinə fəlsəfədən dərs demək üçün müəllim kimi təyin edildi. Orda öz müəllimi (mentor) Edmund Husserldən uzaqda son dərəcə özünəməxsus tərzini tapdı və demək olar ki, 10 ildən çox bir müddət ərzində oxuduqları, düşündükləri və dediyi dərslərlə şahəsərinin təməllərini hazırlamışdı. Keçmiş tələbələri Hans Georg Gadamer və Hannah Arendt də daxil olmaqla bunları tayı bərabəri olmayan mükəmməllikdə dərslər olaraq xatırladılar. Haydegger hər dərsdə xüsusi olaraq və diqqətlə hazırlanmış qeydlərinə əsaslanaraq dərsləri tədris etdiyindən bu tələbələr çox nadir bir təcrübə olan bir dahinin əsərinin formalaşmasına şahid olurdular.

Şahəsəri olan “Varlıq və Zaman” 1927-ci ildə yayımlanmış və elə həmin an da çox böyük maraq oyandırmışdı. O, bu vaxta qədər artəıq fenomenologistlər arasında kulta çevrilmişdi, amma indi beynəlxalq bir şöhrət əldə etmişdi. 1928-ci ildə təqaüdə ayrılan Husserlin yerinə keçməsi üçün Freiburga dəvət edilmişdi. Haydegger fenomenologiya hərəkatının başlıca simasına çevrilmişdi və sona qədər də elə qaldı.

Varlıq və Zaman qısa xülasəni pozur. Məzmun etibarilə dolu, diqqətlə düşünülmüş və fəlsəfəyə fərqli tövhələr vermiş əsərlərdən biridir. Heç vaxt tam formada sona çatdırılmamışdı və sadəcə ilk bölümləri yayımlanmışdı. Yenə də bərabər sayda olan dəstəkçiləri və əleyhdarları ilə böyük bir təsir yaratmışdı və hələ də yaratmağa davam edir.

Varlıq və Zaman əsərində Haydegger ən əsas problemlərdən birinə cavab axtarmaqdadır. Varlıq nədir?  Bir insan, müstəqil bir zehindən ayrı hiss edən varlıq, dünya ilə bir olmuş və onunla əlaqədə olan – sən ya da mən olmağın mənası nədir? Haydegger bu cür bir varlığı Dasein adlandırır. Dasein “olmaq orada” deyə tərcümə edilə bilər, amma əsasən tərsinə çevrilərək “orada olmaq” şəklində istifadə edilir. Alman dilinin gündəlik istifadəsində “varlıq”  mənasını verir. Kitabı tərcümə edən ilk ingilis tərcüməçilər Alman dilində olan sözü orjinal şəkildə saxlamışdılar və bu səbəblə də Dasein fenomenologiyada adi ingiliscə bir terminə çevrilmişdi. (Haydeggeri ilk oxuduğunuz zaman Dasein ifadəsini sizə daha çox tanış olan və çox istiafdə etdiyiniz  “insanlıq” ya da “insan” olaraq nəzərdən keçirməyiniz kömək ola bilər.)

Haydeggerin dünyası Dekartın dünyasından çox daha fərqlidir – gündəlik təcrübənin dünyasıdır. Haydegger Varlıq və Zaman əsəri ilə fəlsəfəsinin ən böyük tabusu olan intellektin gündəlik bacarıqlardan üstün olması fikrini  yıxmağı hədəfləmişdi. Haydegger dünyadakı şeylər ilə olan əlaqəmizi əl altında istifadə edilən (Zuhanden) və əl altında mövcud olan (Vorhanden) olaraq iki fərqli kategoriyaya ayrılır. Haydegger əl altında istifadə edilən (Zuhanden) varlığı məşhur bir nümunə olan çəkicdən istifadə edən ustanı təsvir etmişdir. Burada çəkic təcrid olunmuş bir obyekt olaraq deyil, amma bir şeyi vurmaq üçün istifadə olunan, ustanın əlində tutduğu, istifadə etdiyi və bunu edərkən də haqqında heç düşünmədiyi bir obyekt olaraq görünür.  Çəkic qırıldığında isə onun parçaları əl altında mövcud olan (Vorhanden) olaraq qəbul edilir. Yeni yaranmış parçalar yığını tez bir zamanda fərqinə varılan, hər hansı bir istifadəyə sahib olmayan və hansı bir məqsədlə istifadə olunması üçün şüurlu şəkildə düşünülməsinə gərək olan obyektlər yığınına çevrilir. Bu fikirlərin hər biri oz zəmanəsində bir xeyli irəli olsalar da, artıq fəlsəfi tənqiddə, süni intellektdə və praktiki psixologiyada çox asan rast gəlinir.

Varlıq və Zamanın uğurunu izləyən 1930-cu illərə Haydegger çox az iş yayımlamışdı. Fəlsəfi baxışları Daseinin mərkəzliyinə daha az əhəmiyyət verəcək şəkildə dəyişdi. Haydeggerçi alimlər – böyüməkdə olan bir qrup – bu dəyişikliyi die Kehre (dönüş) olaraq ifadə edilər və bəziləri bu dəyişiklikləri erkən və gec dönəm Vitgenşteynə bənzədirlər. Haydegger hər zaman düşüncələrindəki davamlılığı vurğulamışdır. Həddindən artıq nizamlı idi: bütün dərslərini, mühazirələrini, yazılarının, kitablarının, seminarlarının və yazışmalarının qeydlərini diqqətlə saxlamış və səliqəli bir şəkildə qeyd etmişdir. Nəhayət toplanmış bütün bu əsərləri 50 cildi dolduracaqdı. Daha sonrakı illərdə tədqiqatlarını Qara meşədə yerləşən kiçik bir evdə texnologiyadan uzaqda, ənənəvi svabia geyimlərini geyinərək aparmışdı.

Heydeggerin qaranlıq dövrü

1930-cu illər Haydeggerin həyatının qaranlıq dövrləri idi və bu illər hələ də etibarına qalıcı və dərin kölgə salmaqdadır. Müasir dünyanın bir çox tərəfini bəyənmirdi və 1928-ci ildə köhnə tələbələrindən olan Herbert Markuzeyə yazdığı bir yazıda “Nasional sosializmdən həyatın mənəvi baxımdan tamamilə yenilənməsini, sosial gərginlikdə bir vasitəçi rolu oynamasını və Daseini kommunizmin meydana gətirdiyi təhlükələrdən qoruyacaq bir xilaskar olmağı gözlədiyindən bəhs edirdi”. 1933-cü ildə Freiburg Universitetinə rektor olaraq təyin edilməsində təsiri olması gözləntisi ilə Nasional Sosialist Partiyasına üzv olmuşdu. Bununla birlikdə nasistlərə qarşı olan iki dekanın vəzifədən azad edilməsini rədd etmiş və 1934-cü ildə vəzifəsindən istefa vermişdi, amma yenə də Nasist rejiminin tətbiq etdiyi təhsil islahatını açıq şəkildə dəstəkləyirdi. Sonralar çox pis seçim etdiyinin fərqinə vardığında xətalarının nəticələrini düzəltməyə çalışdı. 1944-cü ilin payızında Nasist yerarxiyasının gözündən o qədər düşmüşdü ki,  rüsvayçı bir şəkildə Reyn çayı sahilində anti-tank xəndəkləri qazmaq üçün “Volkstrum”-a (“Xalq fırtınası”, Nasist daxili təhlükəsizlik qüvvələrinin bir növü)  göndərilmişdi. Müharibədən sonra Nasistlərdən Təmizləmə Komitəsi tərəfindən tədris fəaliyyəti qadağan edildi. 1951-ci ildə bu qadağa ləğv edildi və Haydegger Freiburgda fəxri professor olaraq təyin olundu və elə orda da qaldı.

Aralarında akademiklərin də olduğu bir çox insan 1930-40-cı illərin Almaniyasında iyrənc bir şəkildə davranmışdı və Haydeggerin səviyyəsi heç şübhəsiz ki, bəzi iş yoldaşlarının düşdüyü səviyyə qədər düşməmişdi. Amma çoxunun bağışlanılmaz olaraq gördüyü şey 1945-ci ildən sornakı dövrdə Hitler, Nasizm və Holokost məsələləri haqqında səssizliyi idi. 1966-cı ildə Der Spiegelə ancaq ölümündən sonra yayımlanması şərti ilə bir müsahibə vermişdi (həmin müsahibə 1976 cı ildə yayımlandı) ki, Corc Steinerin qeyd etdiyi kimi “nəzakətlilik və hiləgərlik baxımından olduqca usta” bir reportaj idi.  Haydegger 26 may 1976-cı ildə  Freiburgda vəfat etdi və məktəbə gedərkən qarşısından hər gün keçdiyi ailəsinin Messkirchdəki məzarına dəfn edildi. Məzarının üzərində yalnız bir ulduz həkk olunub. Bu ulduz 1947-ci ildə yazdığı bir ifadəyə uyğun olaraq yerləşdirilmişdir. “Düşünmək, özünüzü bir gün dünyanın səmasında tək bir ulduz olaraq duracaq tək bir düşüncə ilə sərhədləməkdir”. Amma fəlsəfi səmada bir çox ulduz vardır.

Ser Alistair MacFarlane, Kral Cəmiyyətinin keçmiş vitse-prezidenti və təqaüdə çıxmış universitet prorektorudur.

Tərcümə: Araz Əliyev

Mənbə: Philosophynow

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.