Cümə axşamı, İyul 07, 2022

BLOG

Həyatın insan üçün mənası 

Həyatın insan üçün mənası

 

İnsan dünyaya gəlir, bir ömür sürür və dünyadan köçür.  Bu istər istəməz həmin məşhur suallara aparır ki, bu sualların siyahısını davam etdirmək də olar: Haradan gəlmişik? Biz kimik? Hara gedirik? (Pol Qoqenin “D’où venons nous? Que sommes nous? Où allons nous?” rəsmi həyatını mənası sualına rəssamın cavabı sayılır). Sonda geri gəldiyimiz yerə və ya başqa bir yerə qayıdacağıq? və s.Həyatdan əvvəl və ölümdən sonrakı həyat barədə bizə çox az şey məlumdur. Məlum olanları belə ciddi şübhə altına almaq olar. Fikir versək bu mövzuda danışarkən, 3 mərhələyə toxunuruq: 1) bu həyatdan əvvəl 2) bu həyat  3) bu həyatdan sonra. Məhz yaşadığımız həyat bizim üçün dayaq nöqtəsi, koordinat sıfırıdır. Bizim koordinatımızın sıfırı belə harada olduğu bu gündə mübahisə obyektidir. Həyat nə vaxtdan başlayır? Doğulandan? Ya hüceyrə mayalanandan? Bəs nə zaman sona çatır? Bizim beynimiz, qəlbimiz və ağ ciyərimiz funksiyalarını dayandırdıqda? Bəs hətta bu halda belə bəzi hüceyrələr bir müddət fəaliyyət görsədir axı. Bir şeyi deyə bilərik ki, həyat sıfırla bir arasında olan xətt kəsiyidir. Sıfır və mənfi sonsuzluq arasında olan bizim həyatdan əvvəlki həyat barədə biliklərimiz, bir və müsbət çoxluq arasında məsafə isə həyatdan sonrakı həyat barədə biliklərimizdir. (biz hətda koordinat xəttimizdə neçə ədəd olduğunu bilmirik. Bəlkə də bu heç koordinat xətti deyil, sadəcə sıfır – bir (AB) parçasıdır.) Ona görə də bu yazıda  biz indiki yolumuz –  yaşadığımız həyat və onun mənası barədə yazmağa çalışacağıq.

Ümumiyyətlə həyat nədir? Bu hər bir kəsin öz fərdi cavabı olan suallar qismindəndir. Necə ki hər kəsin Tanrı sualına öz cavabı var, hər kəsin qəlbində öz Tanrısı var, həyat da elə hər kəsdə fərdidir. Hər kəsin öz həyat yolu varvə çox vaxt insan özü seçir bu yolu gedib kölgəsalanlardan olsun və ya kölgədən qorxanlardan (Dantenin “İlahi komediyasının” “Əraf” hissəsində Dante canlı olduğu üçün günəş şüaları onun bədəninə dəyəndə, Dantenin kölgəsi yaranırdı. Digər ruhlarsa şəffaf olduqlarından kölgələri yaranmırdı. Və ruhlar Dantenin kölgəsini görüb ölülər dünyasında canlı adamın olduğundan qorxmuşdular. Bu cümlə ilə biz demək istəyirdik ki, insan bu dünyada da günahlarla, qorxaraq yaşaya bilər və ya elə yaşaya bilər ki, öləndən sonra da öz xatirəsini əbədiləşdirər).

“Həyat” sözü özü çox mənalı anlayış olduğundan tədbiq olunma sahəsinə görə mənasını dəyişir. Bioloji elmlərdə bu maddələr mübadiləsini, öz tərkibi və funksiyasının tənzimetməsini həyata keçirən, çoxalmaq, böyümək, inkişaf etmək, mühitə uyğunlaşmaq bacarıqlarına malik olan materiyanın mövcudluq formasıdır.Ən azı 123 izaha görə həyatın minamal tərifində onun variasiyalı özünüistehsal olması deyilir (8).Humanitar mətnlərdə isə həyat mədəni-tarixi və fəlsəfi məna əldə edib. Burada həyat reallığının ilkinliyi, onun temporallığı, axının hadisəviliiyi və kəsilməzliyi ön plana çıxır. Bununla bərabər həm də həyatın bioloji, mədəni təkamül, həmçinin irsi-mədəni nəzərilər ideyasının və təkamüli epistemologiyanın toqquşmasında yaranan tərifi də formalaşmaqdadır.Heyvanlarda həyat bioloji fəaliyyət forması olduğu halda, insanlarda bu biososialdır. L. Balaşovun öz tədqiqatlarında gəldiyi nəticəyə əsasənİnsan həyatının 3 səviyyəsi var:

1)        Nəbati həyat – bura qida, ifrazat, böyümə, çoxalma, və uyğunlaşma aiddir.

2)        İkinci səviyyə olan heyvani həyata yığıcılıq, ovçuluq, müdafiə, ünsiyyət, uşaqların tərbiyyə edilməsi,

3)        Özündə bilik, idarəçilik, ixtiraçılıq, sənədkarlıq, idman, fəlsəfəni birləşdirən üçün səviyyə isə mədəni həyat və ya mədəniyyətdə həyat sayılır.
Bu səviyyələrin hər biri insan üçün olduqca önəmlidir və bu səviyyələr qarşılıqlı asılılıq və qarşılıqlı təsir əlaqələrindədirlər.

Ümumiyyətlə isə fəlsəfədə “həyat” fenomeni barədə danışanda həyat fəlsəfəsi barədə də danışmaq lazımdır. Qısaca onu demək olar ki,həyat fəlsəfəsi həyatın reabilitasiyası tərəfdarı və həyatın siyasi, iqtisadi və sair utilitar yanaşmalarla yoxsullaşdırılmasının əleyhdarı kimi çıxış etdi. Bununla əlaqədər olaraq bu cərəyanın mərkəzi anlayışı kimi “həyat” anlayışı “varlıq” anlayışını əvəz edilməsinə çağrılırdı. Həyat fəlsəfəsinin nümayəndələri “həyat” anlayışını “varlıq” anlayışına qarşı qoyurdular. Burada həyat həm insan həyatı, həm də varlığın əsası kimi qəbul edilirdi.İrrasional cəryan sayılan həyat fəlsəfəsinin nümayəndələri kimi Nitsşeni, Dilteyi, Zimmeli, Berqsonu, Şpenqleri və s. göstərmək olar. Bucəryanın banısı alman filosofu A. Şopenhauersayılır. Subyektiv idealist dünyagörüşlü filosofa görə “dünya bir tərəfdən dərkedənin təsəvvürüdür, digər tərəfdən isə dərkedən dünyanın məhsuludur. Həyatda olan bütün hadisələr iradənin obyektivləşdirilməsinin mərhələləridir.”(9, 251) Ümumən isə həyat fəlsəfəsinin 3 məktəbini fərqləndirirlər. Bunlar V. Diltey, G. Zimmelin daxil olduğu akamedik həyat məktəbi; A. Berqson və davamçılarının yer aldığı yaradıcı təkamül məktəbi və F. Nitsşe və davamçılarının olduğu fəlsəfi iradə məktəbidir. Lakin bəzi tədqiqarçılar həyat fəlsəfəsinin 4 məktəbini görsədirlər ki, buraya Berqsonun həyat çırpıntısı fəlsəfəsini, Dilteydən gələn amerika və ingilis praqmatizmini, tarixilik (istorisizm) və alman həyat fəlsəfəsini aid edirlər (10)

Yuxarıda qeyd etdiyimiz “həyat” termininin vahid tərifi olmaması fikrinə “həyat fəlsəfəsi” cəryanında bir daha şahid olmaq olar. Belə ki Akademik həyat məktəbinin nümayəndəlirinə görə həyat iradə, arzular, hiss və həyəcan dəlilidir.  Yaradıcı təkamülçü olan A. Berqsona görə isə həyat kəsilməz yaradıcı təkamüldür. Nitsşe isə həyatı hakimiyyət hissinin maksimumuna can atan bir anlayış kimi izah edirdi.

Həyatın mənası barədə danışmazdan əvvəl isə ilk öncə məna sözünün mənasını bilməliyik. Bir şeyin ağılla dərk edilən daxili məntiqi məzmunu, mahiyyətini bildirənməna termini birbaşa olaraq predmet barədə bilikdən asılıdır. Bu baxımdan bir insan predmet barədə məlumatsız olduqda, onunla necə davranacağını, ondan necə fayda götürəcəyini bilmədikdə, predmet ona mənasız gəlir. Mənanı xarakterizə edən anlayışlar arasında fikir və şüur da var. Məsələn Uzaqdan görünən axınla üzən gəminin tüstüsü barədə sahildəki insanlar müxtəlif mülahizələr deyə bilərlər (bu tüstü yanğındır, buluddur və s.) Sahildəki insanlar gəmi yaxınlaşandan sonra gəmi barədə fikirləri olduğundan tüstünün gəmiyə məxsus olduğunu gördülər. Həmin anda sahildə olmayan insanlar üçün və ya həmin gəminin orada olmasında heç bir marağı olmayan insanlar üçünsə həmin tüstünün görünməsi mənasızdır. Bu baxımdan Y. Trubeskoy deyirdi ki, fikir və şüur yoxdusa, məna da yoxdur. Hətda mənanın fikirlər bağlılığımı bildirmək üçün Trubeskoy “смысл ” sözünü kontekstə uyğun olaraq “с-мысл” kimi işlədirdi.Məna barədə danışanda isə məna – anlam və məna – dəyər münasibətlərini də qeyd etmək lazımdır. (Əslində məna – anlam deyərkən nəzərdə tutduğumuz almanca “Sinn” və “Bedeutung” ifadələridir ki, onlar hər 2-si azərbaycancaya “məna” kimi tərcümə olunur. Sadəcə təkrarçılıq və səhv anlaşılmadan qaçınmaq üçün biz bu terminləri fərqli tərcümə etdik).G. Freqe özünün “Məna və anlam” əsərində bu terminləri bir birlərinə qarşı qoyur, baxmayaraq ki, almanca “Sinn” və “Bedeutung” terminləri sinonim sayılırlar. Əgər anlam ifadə olunan predmetdirsə, məna predmet barədə informasiyadır.Məsələn, səhər ulduzu və axşam ulduzu eyni anlam verir (hər ikisi Veneranı bildirir) lakin fərqli mənaları var. Bəzənsə mənası olub, anlamı olmayan sözlər olur, məsələn “yumru kvadrat”. L.Vitqenşteyn məna problemində qarışıqlığa dair ilk olaraq mənanın kontekstə görə axtarılmasını demişdir, başqa sözlə ifadənin mənasının mətnə görə uyğun izahının tapılmasını.Mənanın semantik tərifindən başqa həm də praqmatik tərifi də var ki, bunu da insanın fəaliyyət subyekti pozisiyası nəzərindən çıxış edərək qiymətləndirirlər. Bu halda artıq məna dəyərə çevrilir. Çünki predmet istifadəçi üçün faydalılıq xarakteristikası əldə edir. Məna isə həm predmet barədə bilginin, həm də predmetə münasibətin komponentini özündə birləşdirir.

“Məna”nın ümumi qəbul edilmiş mənasından başqa xüsusi izahı da var ki, bu da müsbət və ümumi əhəmiyyətli dəyərləri bildir. “Həyatın mənasından” danışarkən biz “mənanın” məhz bu izahını nəzərdə tutmalıyıq. Burada söhbət həyatın ümumi əhəmiyyətli terminlər vasitəsi ilə izahından yox, həyatın müsbət dəyərinin olub-olmamasından və bu dəyərin ümumi və qeyd-şərtsiz, hər kəs üçün vacib olmasından gedir.

Həyatın mənası – insanın dünyadakı təyinatı, öz həyat fəaliyyətinin məqsədi, ictimai və ya şəxsi ideal əsasında özünüsübut imkanı barədə ideal təsəvvürüdür. Bu məna yaşanılan həyatın subyektiv qiymətləndirilməsi, əldə olunan nəticələrin ilkin niyyətlərə uyğunluğu, insanın öz həyatının məzmununu və özünün dünyadakı yerini anlaması, insanın ətraf gerçəkliyə təsiri və insanın öz qarşısım.da həyatının çərçivələrindən çıxan məqsədlərin qoyuması kimi başa düşülə bilər. Bu halda həyatın mənasını anlamaq üçün 3 suala cavab axtarmaq lazımdır: 1) həyatın dəyərləri nədir? 2) həyatın məqsədi nədir? 3) Nə üçün yaşamaq lazımdır?Həyatın insan üçün mənası dedikdə həm dəhəyatın insan üçün dəyəri, önəmi başa düşülür. Bu da yuxarıda qeyd etdiyimiz kimi “məna”nın praqmatik tərəfindən irəli gəlir.“Yaşamağa dəyərmi?” sualına cavab həyatın insan üçün mənalı və ya mənasız olduğunu görsədir.

Həyatın mənası hər bir insanı maraqlandıran suallar içində olduğundan, bir çox filosof bu məsələyə dair fikirlər demişdir. Bu baxımdan həyatın mənasına bir çox fəlsəfi yanaşmalar var ki, bunlar belə bəzən öz aralarında ziddiyyətli ola bilərlər.Məsələn, Heraklit həyatın mənasını düşünməkdə, təbiəti eşidib, ona uyğun davranmaqda gördüyü bir halda, Levklipp həyatın mənasını həzz almaqda görürdü. Dünyanın yox, insanın qəlbinin və əməllərinin dərk oluna bildiyini söyləyən Sokrat insanları mənəvi və intellektual inkişafa səsləyərək, insan xoşbəxtliyini xeyirxah əməllərdə görürdü. Xeyirxahlıqda həyatın mənasını görən daha bir filosof olan Aristotelin fikrincə, təbiət insanlara xeyirxahlığı bir başa vermir. O,insanlarayalnız onu qazanmaq imkanını yaradır. Xeyirxahlığın qazanılması imkanını təbiət yaratdığı halda, ona nail olmaq yollarını siyasət öyrədir. Xoşbəxtliyinin şərtləri isə – mərdlik, səbr, haqq və ağıl-fərasət qabiliyyətləridir.Ayrı-ayrı filosoflarla bərabər həyatın mənasına müxtəlif fəlsəfi cəryanlar da özünə məxsus izahlar vermişlər. İnsanın məqsədinin xoşbəxtliyə can atmaqda görən kiniklərin təlimlərinə görə insan az olanla kifayətlənməli və pislikdən qaçmalıdır. Bu bacarıqlar insanı azad edir. Lakin kiniklərin azadlığı əslində ifrat fərdiyyəçilik idi ki, bu da mədəniyyətin, incəsənətin, ailənin, dövlətin, mülkiyyətin elmin və ictimai qaydaların inkarı demək idi. Kirenaçıların fikrincə isə insan gələcəyə plan qurmağın əvəzinə həyatdan bacardığı qədər həzz almalıdır. İlk hedonistlər sayılan kirenaçılar hesab edirdilər ki, fərdi insanın həzzi cəmiyyətin rifahından daha üstündür. Kiniklərin və kirenaçıların fikirlərinin bu qədər zidd olmasına baxmayaraq, onlar hər iki sokratik məktəblər olmuşdular. Qeyd edək ki, Sokratik məktəblər Sokratın tələbələri tərəfindən əsası qoyulan məktəblərdir. Bura Meqara məktəbi (əsasını Meqaralı Evklid qoyub), Eretriya məktəbi (Elidalı Fedon), Kirenaçılar məktəbi (Kirenalı Aristipp) və Kiniklər məktəbi (Antisfen) aid edilir. (11, 100 – 115) Təxminən kirenaçılarla eyni vaxtda (m.ə. V əsr) Çində yaranan moistlər həyatın mənasını cəhcəlaldan, var-dövlətdən imtinada görürdülər. Onlar bu üsullar insanların bərabərliyinə can atırdılar və inanırdılar ki, buna görə o biri dünyada mükafatlanacaqlar. Orta əsrlərdə həyatın mənası dini baxışlara çox sıx bağlı idi və tanrıya itaətdə görünürdü. İrrasional baxışlarda həyatın ümumiyyətlə mənası görünmür. Və A. Şopenhauer bu baxımdan demişdir ki, həyatın mənasının axtarışında olan insan müxtəlif dinlər və fəlsəfələr yaradır və müxtəlif məşğuliyyətlərin fikirləşilməsi həyatın mənasının olmamasından xilas olmaq üçün icad edilən vasitələrdən başqa bir şey deyil. Ekzistensialistlərin sələfiolan S. Kyerkeqor insanın həyatının absurdla dolu olduğunu deyərək, laqeyid dünyada hər bir insanın öz dəyərləri yaratmasına çağırırdı. Nihilist olan F. Nitsşe həyatın mənasını fövqəl insanın gəlişinə hazırlıqda görürdü. L. Vitqenşteyn başda olmaqla, pozitivistlərin fikrincə həyatda hər hansı bir şey məna kəsb edə bilər, lakin bütövlükdə həyatın mənası yoxdur. Bu səbəbdən onlar həyatın mənasını yox, həyatda məna axtarmağı düzgün sayırdılar. Praqmatiklərin fikrincə həyatın mənası insanı həyatı qiymətləndirməyinə gətirəcək məqsədləridi.

“Həyatın mənasının” çox izahlılığı ilə bərabər, bu anlayışın “həyatın məqsədi” anlayışı ilə sıx əlaqəsini olduğunu görmək olar (xüsüsən praqmatiklərin baxışlarında həyatın mənası fayda verən məqsədlər olduğu deyilir). Bu 2 ifadə ilk baxışdan bir birinə sinonim kimi görünsələr də,bir çox tədqiqatçılar bu anlayışları fərqləndirirlər.Məqsəd həyata bir istiqamət verdiyi halda, məna bu istiqamətin dərk edilməsidir. Məsələn, son sinif şagirdi ali məktəbə qəbul olmasını öz qarşısına məqsəd qoyur. Bu hal-hazırda onun həyatının məqsədidir. Şagirdin nə üçün ali məktəbə qəbul olması isə onun həyatının mənasıdır. Məqsəd bu halda “nə etməli?” sualına cavab verirsə, məna – “niyə etməli?” sualına cavab verir. İnsanın həyatının 1 məqsədi olmur. Məqsədlər yenilənir, çoxalır, dəyişir. Məqsədlərə çatma çabası isə həyatı mənalaşdırır. Məhz məqsəd olmayanda, artıq həyat mənasızlaşır. Bu baxımdan bəzi tədqiqatçılar qeyd edir ki, həyatın mənası insanın öz-məqsəd kimi inkişafı, onun hərtərəfli təkmilləşməsidir. Bu isə Kantın dediyi kimi, insan mövcudluğunun öz-özlüyündə ali məqsəd olduğunu bildirir. (12) Məqsədlə mənanın bir oxşarlığı ondadır ki, qarşıda duran məqsəd reallaşdırılmasını gözlədiyi kimi, həyatın mənasının axtarışından sonra, onun reallaşdırılması həyatı mənalaşdırır. Həyatın mənalaşdırılması həyatın dərk edilməsinə gətirir. Həyatsa dərk olunduğu qədər, insan üçün dəyərli olduğu qədər mənalıdır.

Məhz həyatın mənası insanda ölümə müəyyən münasibətlər yaradır. Ölümün olması həyatı məsuliyyətli, zamanla çərçivələnmiş, müddətli bir öhdəliyə çevirir ki, burada vaxt istənilən an bitərək, bizim fəaliyyətimizi yarımçıq qoya bilər. Bu səbəbdən həyatın mənası insanda zamana fərqli, daha rasional münasibət yaradır, və həyatı “qaralama” kimi yaşamamağa çağırır, çünki sonradan “ağ dəftərə bunları köçürməyə” vaxtımız qalmayacaq. Həyatın mənasının axtarışı “kollektiv”, “cinsi”, “fərdi” varisliklə mürəkkəbləşsə də, burada hansısa bir ideyanın, baxış nöqtəsinin zorla qəbul edilməsi olmamalıdır. Əksinə, həyatın mənası fərdi axtarış nəticəsində olmalıdır, çünki hər kəsin fərdi həyatı var və hər kəs öz həyatını özü bildiyi kimi başa düşür.

Həyatın mənasına nə qədər təriflər verilsə də, insanın həyatının mənasını dərk etməsi özünü şəxsiyyət kimi dərk edilməsi olmadan mümkün deyil. Öz şəxsiyyətinin dərki isə özünü özünə oxşarlarla müqayisə vasitəsi ilə həyata keçir. Həyatın mənası barədə fikirlər isə insanın öz əhəmiyyətini dərk edəndən sonra yaranır. Bu səbəbdən dəhəyatının mənasını axtaran insan, ictimai maraqlardan öncə, şəxsi motivlərini rəhbər tutur. Çünki bu həyatı axı O yaşayır və Odoğularkən heç kim “2BR02B”-yə zəng etməyib. (Kurt Vonnequt “2BR02B” əsərində stabil əhalisi olan gələcək cəmiyyət təsvir edilmişdir ki, orada kimsə doğulanda mütləq kimsə əvəzinə ölməli idi və könüllü ölmək istəyən insan “2BR02B” nömrəsinə zəng edərək, ölmək istədiyini bildirirdi. (Nömrə Şekspir suallarından olan “to be or not no be”-yə işarə verir ki, insan burada həyatla ölüm arasında seçim edir)).Burada xüsusi qeyd etməliyik ki, şəhidlərin Vətən uğrunda ölməsi kiminsə başqasının əvəzinə ölməyə razılaşmama fikrini təkzib etmir. Çünki şəhid konkret bir nəfərin deyil, ən ali dəyərlərdən olan Vətənin (və ya dinin) uğrundə canından keçir. Həyatı mənalaşdıransa, həyatdakı dəyərlərdir. Dəyərlər itmək üzrə olanda isə, məna da itir. Bu səbəbdən dəyəri təhlükədə olan insan həyatından keçməyi göz qabağına qoyur. Şəhidlik zirvəsindən əlavə türk əsatirlərində aylanu anlayışı da var ki, bunu da ən aydın Dəli Domrulun əhvalatında görmək olar (Aylanu – türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir). Lakin bu halda da, insan kimin gəldi yox, ona dəyərli olan biri uğrunda bunu edir ki, bu da bir daha həyatın mənasının dəyərlərdən asılılığını görsədir.

Fikrimizcə həyatın mənasının özünün də subyektiv və obyektiv izahını vermək olar. Məsələn, parkda bitən çiçəyin özü üçün mənası yoxdur, lakin insan üçün o, məna daşıyır. Beləcə insan həyatının da özü üçün mənası olduğu kimi, ətrafdakılar üçün də mənası, əhəmiyyəti olur. Buna misal olaraq, Henriyeta Laksın acı taleyini görsətmək olar. Keçən əsrin ortalarında Afro-ameriakn Helnriyeta xərçəng xəstəliyinə tutulduqdan sonra,həkimlər onun müalicəsinin əvəzinə, onun üzərində ondan icazə almamış müxtəlif təcrübələr keçirməyə başladılar. Nəticədə HELA hüceyrələri tibbdə məşhurlaşdı ki, bir çox xəstəliyin müalicəsinə səbəb oldu, lakin Henriyetta əzablar içində 1951-ci ildə öldü. HELA hüceyrələri milyonlarla insanın həyatını xilas etdi. Həyatın mənasının yuxarıda qeyd etdiyimiz heç bir müsbət tərifi uyğun gəlməyən Henriyettanın subyektiv həyatı nə qədər acı olsa da,onun həyatı bütün bəşəriyyət üçün mühüm məna kəsb edir.Əksinə, Pol Potun və digər oxşar insanların həyatları özləri üçün pozitiv mənalı olsa da, bir çox insan üçün onun həyatı çox neqativ məna daşıyır. Digər bir hala baxaq:hər cür maddi şəraiti olan bir insanın həyatı maddi sıxıntı keçirən biri üçün mənalı gəlsə də, özü üçün cansıxıcı mənasız gələ bilər. Və ya bütün gününü meditasiyada kecirən quruların həyatları bizimçün çox cansıxıcı gəlsə də, özləri üçün çox mənalıdır.

Həyat insan üçün bir məkandan o biri məkana bir yoldur. Gəldiyimiz və getdiyimiz məkanlar barədə uzağı hər hansı bir fərziyyə demə qabiliyyətində olsaq da, gedəcəyimiz yolun harada kəsiləcəyini bilməsək də, biz bu yolda büdrəmədən, azmadan getməliyik.Həyatın mənasını necə tərif verilməyindən asılı olmayaraq, insan həyatda ətraf üçün ziyan vermədən xoşbəxt yaşamağa çalışmalıdır. Çünki bu bizim yaşayacağımız, ən azı bu dünyada xatırlayıb yaşayacağımız ilk və sonuncu həyatımızdı, elə onların həyatları kimi. Bəzi filosoflar həyatın mənasını elə həyatda görürlər. Həyat bizim həyatımızda olan ən böyük dəyərdir. Bu səbəbdən biz həyatımızın dəyərini anlayaraq, onu bacardığımız qədər qiymətli tutub, xoşbəxt yaşamalıyıq.

Müəllif: Cavidan Hacıyev

Ədəbiyyat

  1. Qızılgül Yasin qızı Abbasova, Zeynəddin Camal oğlu Hacıyev. Sosial fəlsəfə. Ali məktəblər üçün dərslik. İkinci nəşr. Bakı, 2012, 480 s.
  2. “Философия жизни и ее разновидности”http://www.filosense.ru/
  3. Евгений Трубецкой, “Смысл жизни” 2007,   Библиотека “Вѣхи”http://www.vehi.net/etrubeckoi/smysl_zhizni/01.html#b011
  4. В. Э. Чудеовский, “Смысл жизни и судьба человека” / ОБЩЕСТВЕННЫЕ НАУКИ И СОВРЕМЕННОСТЬ 1998 № 1, http://ecsocman.hse.ru/data/154/128/1218/017Chudnovskij.pdf
  5. Балашов Л. Е. Философия: Учебник. 2-я редакция, с изменениями и дополнениями. Электронная версия — М., 2005. — с. 672. https://scibook.net/page/philosophi/ist/ist-7–idz-ax239.html
  6. Смысл жизни / Wikipedia.org
  7. Миронов Владимир, Философия: Учебник для вузов. https://www.e-reading.club/book.php?book=39113
  8. http://www.tandfonline.com/doi/abs/10.1080/073911011010524992
  9. Ağayar Şükürov, “Fəlsəfə” II Nəşr (Ali məktəblər üçün dərslik), http://www.kitabxana.net/
  10. (Ю. М. Бохенский, «Современная Европейская философия», IV Философия жизни http://agnuz.info/app/webroot/library/339/474/page05.htm  )
  11. Aydın Əlizadə “ Antik fəlsəfə tarixi” Bakı 2016,http://www.ebooks.az/view/C1ifcygt.pdf
  12. В. Лавриненко, Философия/ Смысл и цель жизни, https://www.e-reading.club/chapter.php/32427/108/Lavrinenko_-_Filosofiya.html

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.