Çərşənbə axşamı, Sentyabr 27, 2022

BLOG

Həyat onu yaşamaq zəhmətinə dəyərmi?

Həqiqətən önəmli olan tək bir fəlsəfi problem vardır – intihar. Həyatın yaşamağa dəyər olub olmadığı məsələsində bir qərar vermək, fəlsəfənin bu təməl probleminə cavab verməkdir.
                                                                                                         Alber Kamyu

Alber Kamyu insan həyatının mənasını axtaran və nəticədə bu axtarışların əbəs və boş olduğunu düşünən Əlcəzair əsilli fransız filosofudur. Eynilə filosof həmkarları Jan-Pol Sartr, Simon Bovuar kimi Kamyu da həyatın əvvəlcədən müəyyən olunmuş bir mənasının olduğuna inanmırdı. Kimsə bizi hər hansı vacib amalı yerinə yetirmək üçün dünyaya gətirməmişdi. Mövcudluğumuzun xüsusi bir səbəbi yox idi. Dünyadakı milyonlarla insandan biri idik və eynilə onlar kimi doğulmuşduq, yenə onlar kimi enişli yoxuşlu bir həyat yaşayacaqdıq. Başımıza nə gələcəyini, kim olacağımızı, kiminlə evlənəcəyimizi, karyera və ölüm səbəbimizi heç vaxt bilmək imkanımız olmayacaqdı.

Lakin Kamyu da digər həmkarları kimi davamlı olaraq dəyişən həyatda bizdən asılı olan bir şeylərin olduğuna inanırdı. Hər zaman seçim qarşısında qalmaq və seçməkdə heç vaxt olmadığımız qədər azad olmaq. Bu fikirlər Alman işğalındakı Paris küçələrində ümidsiz mübarizə apardığı illərdə Kamyunun düşüncəsində daha dərin izlər buraxmışdı. Hər şeydən ümidini üzdüyü, sabaha sağ çıxacağından əmin olmadığı bu şəhər ona həyatın əslində necə olduğunu xatırladırdı. Həyat da 1943-cü ilin Parisi qədər xaotik, mənasız və hər an hər şeyin baş verə biləcəyi bir yer idi.

İnsan isə doğulduğu andan etibarən dünya adlı bu planetdə daha qəddar şərtlər altında yaşayır, Kamyunun deyişi ilə özünü yaratmaqla məşğul olurdu. Bəli, Kamyu insanın kim olacağını ancaq özünün müəyyən edə biləcəyini düşünürdü. İnsan həyatının mənasını, yaşamaqdakı məqsədini özü müəyyən etməli idi. Həyat hər anımızda qarşımıza çıxan və seçim etməyə məcbur olduğumuz, daha sonra seçimlərimizin məsuliyyətinə məhkum olduğumuz hadisələr ardıcıllığı idi. Çatılacaq son hədəf, yetkin bir məqsəd, reallaşdırılacaq ilahi bir vəzifə isə mövcud deyildi.

Uzun sürən axtarışları Kamyunu həyatda uğurunda yaşanılacaq gerçəyin olmadığına inandırmışdı. Hər şey saxta və dəyərsiz, daim bir birini təkrar edən monoton günlərimizdə olduğu kimi absurd idi. Bəs Kamyunun dediyi kimi, əgər hər şey mənasızdırsa, o zaman həyatı yaşamaq zəhmətinə nə üçün qatlanmalıydıq ki?

Kamyunun fikrincə, insan öz ölmünün fərqində olan yeganə canlı idi. Hər birimiz həyatımızın bir yerdə sona çatacağını, ölüm adlı qaçınılmaz sondan heç birimizin sığortalanmadığını bilirik. Həyatın mənasızlığı, dünyadakı varlığımızın səbəbsizliyi əslində yaşaya biləcəyimiz sonsuz ehtimallar zənciri idi. Kamyu sonu onsuz da bəlli olan bir həyatda nələrlə qarşılaşacağımıza arxamızı çevirməyin qorxaqlıq olduğunu düşünür. Onun nəzərində ən cəsur insanlar intihar edənlər deyil, əksinə onu gözləyən bədbəxtliklərə rəğmən yenə də yaşamağı gözə alan insandır.

Kamyunun təklif etdiyi seçim həyat mənasız olsa və məğlubiyyət, ümidsizlik daim təkrarlansa belə, yenə də yaşamağa davam etməkdir. Buna görə də, Kamyu ümidsizliyin, çarəsizliyin və həyatın gətirdiyi növbənöv bədbəxtliklərin qarşısında ölümü seçmək yerinə yaşamağı təklif edirdi. Boş olduğunu bildiyi halda yenə də həyata qarşı dirənən insan – Kamyunun qəhrəman insanı məhz bu idi.

Bir çoxumuz hər gün demək olar ki, eyni fəaliyyətlərlə məşğul oluruq. Hər səhər oyanmaq, işə tələsmək, yemək yemək və axşam eynilə təkrar edəcək bir sonrakı gün üçün yuxuya getmək. Bu ardıcıllığın mənasızlığı bizə nəyisə xatırlatmırmı? Hər gün eyni şeyləri təkrar edəcəyimizi bildiyimiz halda bütün bunlara davam etməyin mənası varmı? Kamyu hər nə qədər absurd və mənasız olsa da, həyatı yenə də yaşamalı olduğumuzda israr edir. Kim olacağımızı başımıza gələn hadisələrə qarşı necə davranacağımız müəyyən edir. Çünki böyük bir ciddiyyətlə yaşamaq həyatın mənasızlığına qarşı ən yaxşı etiraz şəklidir.

Davam edən uğursuzluqlara, bədbəxtliklərə rəğmən yenə də ayaqları üzərində durmaq bizi insan edən əsas amildir. “Həyat heç bir şeydir, etina ilə yaşayın”, deyir Kamyu. Bir qayanı mənasızca təkrar təkrar dağların zirvəsinə qaldırmaq, taleyimizə yazılmış bədbəxtliklərə qarşı tək başına mübarizə aparmaq belə insanın ürəyini doldurmaq üçün yetərlidir. Çünki insan öz taleyindən üstündür və taleyindən daha güclüdür əslində…

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.