Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Epikürün Heredotusa məktubu

Hörmətli Herodotusum, təbiət haqqındakı bütün yazılarımı diqqətlə araşdırmayan və daha geniş əsərlərim haqqında ümumi baxış əldə edə bilməyənlər üçün burada bütün fəlsəfəmin xülasəsini çıxarıram. Onlar beləliklə, əsas təlimləri ağıllarında tuta bilər və təbiət haqqındakı araşdırmalarla məşğul olsalar, ən önəmli nöqtələrdə hər zaman bunlara müraciət edə bilərlər. Kainat haqqındakı araşdırmalarında yetəri qədər irəliləmiş olanlar belə, bütün təlimin əsas fikirlərini ağıllarında tutmalıdırlar. Çünki bizə lazım olan, çox vaxt xırdalıqlar deyil, aydın ümumi baxışa sahib olmaqdır. Bunun üçün bir yandan bütün kainatı araşdırmaq işində irəliləməklə yanaşı, digər tərəfdən, ancaq təbiətdə olan önəmli hadisələri araşdırmağa və – əsas istiqamətləri dərk etmiş, yaxşıca mənimsəmiş olmaq şərti ilə – xırdalıqlar haqqında da araşdırma aparmağa imkan verəcək qədərini əldə hazır saxlamaq lazımdır. Çünki bütün məlumatlara sahib olan şəxsə daha dərin anlayışa çatmaq üçün, hər şeydən əvvəl müşahidələri, əsas anlayışları və sadə ifadələri əlaqələndirərək tam şəkildə dəyərləndirmək lazımdır. Sıx şəkildə bir-biri ilə birləşmiş hadisələrin davamlı müşahidəsinə əsaslanan Kainat araşdırmalarını ancaq yaxından araşdırılması lazım olan hər hadisəni əvvəlcə qısa ifadə ilə ağlında canlandıra bilənlər uğurla bacara bilər. Bu metod təbiət haqqında araşdırma aparan hər kəs üçün faydalı olduğundan, biliklərimin bu xülasəsini və əsas istiqamətlərini sənin üçün hazırladım. Bunu edərkən məni daim təbiəti öyrənməyə və bu fəaliyyət sayəsində tam daxili sükunət halına çatmağa yönəldən böyük istəyimə də uydum.

Mənim əziz Heredotusum, hər şeydən əvvəl istifadə etdiyimiz deyimlərin əsaslarının nələr olduğunu yaxşıca qavramaq lazımdır ki, bunlarla təxmin olunanhaqqında razılığa gələ bilmədiyimiz ya da şübhə olunan hər şeyi bunlara çevirə bilək və bunlarla ifadə edə bilək. Yoxsa bitmək bilməyən izahlarla hər şey bir-birinə qarışar və sadəcə boş-boş danışmış olarıq. Bu halda anlayışlarımızı izah edən sözlərin əsas mənalarını tapmalı və yadda saxlamalıyıq. Beləliklə də, təxmin olunan, haqqında razılığa gələ bilməyimiz ya da şübhə edilən şeyləri bunlara çevirməliyik və əgər sağlam yanaşma əldə etmək istəyiriksə, artıq ayrıca izahlara möhtac olmamalıyıq. Bundan başqa haqqında tərəddüd etdiyimiz görünməz şeyləri ifadə etmək üçün də, istər ağlımızla, istərsə də başqa kriteriya ilə təmin edilmiş olsun bütün hiss etdiyimiz şeyləri, bütün həqiqi anlayışları, bunlardan başqa bütün üstün duyğuları tam olaraq müşahidə etməliyik.

Bu nöqtəni də qeyd etdiyimizdən sonra artıq diqqətimizi görünməz şeylər üzərinə yönəltmək yerində olar:

Heç bir şey heçdən doğmaz. Əgər belə olsaydı, toxuma ehtiyac olmadan hər şeydən hər şey doğula bilərdi. Və əgər itənlər yox olmuş olsalardı, içərisində əriyəcəkləri bir şey olmadığı üçün indiyə qədər bütün həqiqi varlıqlar yox olub getmişdi. Kainat əzəldən etibarən indi olduğu kimidir və sonsuza qədər də belə qalacaqdır. Kainatın dəyişilərək formasını alacağı heç bir şey yoxdur, çünki Kainatdan kənarda, onun içərisinə girilə biləcək və bu dəyişkliyi təmin edəcək heç bir şey yoxdur.

Kainat cism və yerdən (topos) meydana gəlmişdir. (L.D – Kainat boşluqdan və cismlərdən meydana gəlmişdir) Cismin var olduğuna duyğular hər fürsətdə şahidlik etməkdədir, buna əsaslanaraq və yuxarıda da qeyd etdiyim kimi düşünmə vasitəsilə görünməyənlər haqqında təxminlər edə bilərik. Digər tərəfdən, əgər boşluq (kenon), fəza (khoran), ya da toxunmaqla hiss edə bilmədiyimiz təbiət (anape physin) dediyimiz şey olmasaydı, cimslərin dayandıqları və hərəkət etdikləri yer olmazdı, halbuki bunu çox yaxşı edə bildikləri görünməkdədir. Bunlardan başqa cismin və boşluğun bir xassə, ya da keçici bir vəziyyət olaraq deyil də, özlüyündə bir varlıq olaraq qəbul ediləcək, ağlabatan, ya da heç olmasa ağılın qəbul edəcəyi şeylərlə müqayisə olunacaq heç bir şeyi yoxdur.

Cimslərin bəziləri birləşmədir (molekul), bəziləri də bu birləşməni meydana gətirənlərdir. Bu axırıncılar bölünməz və dəyişməzdir, yoxsa heç bir şey var olmazdı. Bunlar birləşmələrin əriməsindən sonra da qala biləcək dərəcədə sağlamdır, saf və bütövdürlər, heç bir şəkildə ərimələri mümkün deyildir. Bu halda deyə bilərik ki, cimslərin substansiyaları bölünməz hissəciklərdir. (L.D – Dolayısı ilə cismli varlıqlar – atomlardır)

Kainat sonsuzdur. Çünki sonlu olanın ən kənarı vardır, amma ən kənar sadəcə olaraq özündən kənarda olan başqa bir şeyə görə bu cür hesab edilə bilər. Ən kənarı olmayanın sərhəddi də yoxdur. Kainatın ən kənarı olmadığına görə sərhəddi də yoxdur, sərhəddi olmadığına görə sonlu deyil, sonsuzdur. Çünki əgər boşluq sonsuz, cismlərin sayı sonlu olsaydı, o zaman cismlər heç yerdə dura bilməzdi və sonsuz boşluğa dağılaraq uçuşacaqdılar, çünki dayanacaqları və çarpışaraq duracaqları bir yer tapmayacaqdılar. Digər tərfədən əgər boşluq sərhədli olsaydı, sonsuz saydakı cismləri öz içərisinə ala biləcək yer olmazdı.

Birləşmələrin meydana gəldikləri və yenə dağıldıqları saf və bölünməz cismlərin formaları qeyri-müəyyən saydadır. Çünki bu qədər çox dəyişikliyi eyni saydakı formaların meydana gətirməsi mümkün deyil. Hər formada sonsuz sayda atom vardır. Formaların növlərinə gəldikdə isə, bunların sayı mütləq olaraq sonsuz deyildir, sadəcə olaraq sonu qeyri-müəyyəndir. Yoxsa atomların böyüklüklərinin də sonsuzluğa qədər çata biləcəyini qəbul etmək lazım olardı.

Atomlar başlanğıcı və sonu olmadan (L.D – sonsuz zamanda) heç durmadan hərəkət edirlər. Bəziləri bir-biri ilə toqquşaraq ayrılıb gedirlər, bəziləri də bir-biri ilə hörülərək bağlanır ya da bir-biri ilə hörülə bilən atomlarla sarıldıqları zaman rəqsi hərəkət edirlər. Boşluğun təbiətində atomları bir-birindən ayrımaq vardır, çünki onlar üçün dayana biləcəkləri yer təmin edə bilmir. Atomların ayrılmaz keyfiyyəti olan sıxlıq səbəbi ilə bunlar toqquşduqları vaxt birləşdikləri yerdən təkrar öz yerlərinə dönə biləcəkləri qədər kənara çıxırlar. Bunun balanğıcı yoxdur, çünki atomlar da boşluq da başlanğıcsız olaraq vardır.

İndiyə qədər deyilənlər, əgər yadda saxlanıla bilərsə, burada bütün var olanların təbiəti haqqında düşünə bilmək üçün yetərli əsas vardır.

Dünyalar da (kosmoi) bizimkinə bənzəyən olsun ya da olmasın say etibarilə sonsuzdur. Çünki atomlar dediyimiz kimi sayca sonsuzdur və ən uzaqlara qədər gedə bilirlər. Bir dünyanın doğulduğu ya da onu meydana gətirən atomlar nə tək bir dünya, nə də sonlu sayda dünyalar, nə bir-birinə bənzəyənlər, nə də bir-birindən fərqli olanların meydana gəlməsi ilə tükənmiş deyillər. Bunun nəticəsi olaraq da (L.D – Dolayısı ilə) sonsuz sayda dünyaların mövcud olması üçün heç bir əngəl yoxdur.

Bundan başqa həqiqi obyektlərlə eyni formada olan özləri səbəbi ilə hiss edilə bilən bu obyektlərdən sadəcə son dərəcə incə olmaları ilə ayrılan qəliblər (typoi) vardır. (L.D – formaları qatı cismlərə bənzəyən qəliblər vardır) Bu cür emanasiyaların (L.D – qopmaların) ətrafımızı əhatə edən havada meydana gəlməsi üçün uyğun şərtlərin tapılması, nə də ki, bu cismlərdən çıxan formaların həqiqi obyekt içərisindəki atomların toplanmış vəziyyətini və nizamlarını mühafizə etmələri mümkünsüz deyildir. Bu qəliblərə biz “obrazlar” deyəcəyik (Eidola). Bunlar boşluq içərisində uçuşları sırasında əgər atomların toqquşmasından irəli gələn hər hansı bir əngəllə rastlaşmasalar, düşünə biləcəyimiz ən böyük məsafələri hiss edilməyəcək dərəcədə qısa zamanda gedə bilərlər. Çünki yavaşlıq və sürətlilik deyə görülən şeylər əslində əngəllə qarşılaşmaq və qarşılaşmamaqdan başqa bir şey deyil. Bununla bərabər uçan bir cism də ağılın qəbul edə biləcəyi müddət ərzində və eyni zamanda bir neçə yerə çata bilməz – belə bir şeyi düşünmək mümkün deyil – beləcə, bu cism əgər müəyyən zaman ərzində sonsuzluğun hər hansı bir yerindən gələrək bir nöqtəyə çatarsa, o uçuşunu gördüyümüz nöqtə ilə eyni uzaqlıqda ola bilməz. Çünki onun uçuşunu ən kiçik toqquşmasız olaraq düşünsək belə, sadəcə onun uçması gerçəyi belə atom toqquşmasını ifadə edir. Bu əsas prinsipi də yadda saxlamağa ehtiyac var.

Bu obrazların daha üstün bir şeyin olmadığı incəlikdə olduqları düşüncəsinə heç bir fenomen qarşı çıxmayacaqdır. Bunların, onlardan daha üstünü olmayacaq sürətlə hərəkət etmələri, hər birinin özlərinə görə keçid tapmaları və içlərindən sonsuz saydakıların heç bir əngəllə qarşılamamaları səbəbindəndir. Buna rəğmən atomlardan sonsuz saydakılar demək olar ki, bir əngəllə qarşılaşırlar.

Bunu da qeyd etmək lazımdır ki, obrazların doğuşu da düşüncə sürəti ilə olur. (L.D – düşüncə qədər sürətlidir) Cismlərin səthlərindəki emanasiya davamlıdır (L.D – cismlərin səthlərindən davamlı olaraq kiçik hissəciklər axır) və bunda heç bir azalma müşahidə olunmur, çünki ayrılanların yeri tez bir zamanda dolur. Obrazlar atomların obyektlər içərisindəki yerlərini və nizamlarını, bəzən bulanıq olsalar belə, uzun müddət mühafizə edirlər və içərilərinin dolmasının lazım olmadığı üçün ətrafımızdakı havada tez bir zamanda bu cür formalar meydana gəlir. Bu cür fenomenlər başqa yollarla da ola bilər. Əgər gözümüzü sadəcə xarici aləmdən aldığımız hiss və duyğulara diksək, bütün bu dediklərimiz duyğularımızın şahidliyi ilə heç vaxt ziddiyyət təşkil etməz.

Bunu qəbul etmək lazımdır ki, biz yalnız xarici obyektlərdən bizim daxilimizə hər hansı bir şeyin keçməsi ilə şəkilləri görə bilir və düşünə bilirik. Çünki xarici obyektlər nə özləri ilə aramızda yerləşən hava vasitəsilə, nə də bizdə onlara gedən işıq şüaları, ya da başqa emanasiyalarla rəng və şəkillərini bu cür damğa basılmış kimi bizdə görünən edə bilməzlər. Bu ancaq onlardan ayrılan və onlara şəkil və rəng baxımından eynilə bənzəyən, görmə hissimizə ya da xəyal gücümüzə uyğun böyüklükdə hissəciklərin içimizə girməsi ilə ola bilər. Bunlar çox sürətli hərəkət edirlər, bunun üçün də bir bütöv halında düzgün xəyal meydana gətirirlər. Qatı cimslərin daxilindəki atomların hərəkətindən yaranan nizamlı təzyiq səbəbindən də onunla təbii bağlantını qoruyub mühafizə edirlər. İstər birbaşa xəyal gücümüzlə, istər duyğularımızla bir forma ya da müəyyən xüsusiyyətlərə malik görüntü olaraq aldıqlarımız həqiqi obyektlərdən fasiləsiz olaraq axan obrazların, ya da onların xatirələrinin meydan gətirdiyi şəkillərdir. Yanlış hökm və yanılma isə sadəcə olaraq zənnlərimizin onlara qatdığı şeylərdə olur. Aynada gördüyümüz, yuxumuza girən, xəyal gücümüz ya da başqa düşüncə funksiyalarımızdan meydana gələn xəyalların, əgər həqiqətən var və həqiqi olan obyektlər onları yaymamış olsalardı, bu obyektlərlə bənzərlikləri olmazdı. Görülənlə əlaqəli, amma onunla bir əlaqəsi olmayan hər hansı başqa hərəkəti eyni zamanda özümüzə almamış olsaydıq, yanılma heç vaxt olmazdı. Əgər bu görüntünün yolunda bir təsdiqedici olmaz, ya da hətta pozulma olarsa, o vaxt yanılma meydana gəlir. Yox əgər bir təsdiqedici, ya da heç olmasa pozulmama vəziyyəti olarsa, o zaman gerçəklik doğulmuş olur. Əgər nəzarət vasitələrimizin həqiqət qarşısında fəaliyyətsiz vəziyyətə gələmələrini və bu səbəblə də yanlış nəticələrin gerçək kimi qəbul edilərək hər şeyi alt-üst etmələrini istəmirsək, bu prinsipi də yaddan çıxarmamalıyıq.

Eşitmə də, bir səs, bir cingilti, bir gurultu çıxaran, ya da başqa bir yoldan eşitmə hissi meydana gətirən hər hansı bir obyektdən gələn axım səbəbindən olur. Bu axım, bir-birinə bənzəyən parçalar halında yayılır və bu parçalar aralarında özlərini buxarlandıran obyektə qədər çatan bir növ bağlantı və xarakterik bütövlüyü mühafizə edirlər. Bu da çox zaman özlərinin qarşılığı olan hissi meydana gətirir, ya da sadəcə xarici obyektlərin varlığını ortaya qoyur. Çünki bu obyektlərlə hər hansı bağlantı olmadan bu növ bir hissin  meydana gəlməsi mümkünsüzdür. Bu halda havanın özünün səs və ya gurultu səbəbi ilə şəkil aldığını hesab etməyin – bu cür bir təsir altında qala bilməsi üçün bir çox səbəb vardır. İşin əsli bir səs çıxardığımız anda bizdə meydana gələn vuruşun dərhal bəzi cismləri itələməsi və bunların nəfəsimiz kimi axım meydana gətirmələridir, bu da eşitmə hissini yaradır.

Bunu da qeyd edək ki, eynilə səs çıxaran obyektlər kimi qoxulu obyektlər də əgər özlərindən qoxu alma orqanına təsir etməyə uyğun cismlər ayrılmasa, bu hissi heç bir zaman meydana gətirə bilməzdilər. Bunlardan bir qismi nizamsızdır və pis qoxurlar, bir qismi də nizamlıdır və yaxşı qoxurlar.

(Bu hissə Laerli Diogenin “Görkəmli Filosofların həyatı” kitabının “Epikür” haqqındakı X kitabında yer alır. Məktubun ilk iki mənbədə yer almayan əlavə hissələridir)Bundan başqa atomların forma, ağırlıq, böyüklük və zəruri olaraq formaya bağlı olan keyfiyyətlərdən başqa görünən obyektlərdə olan heç bir keyfiyyəti daşımadığını nəzərə almalıyıq. Çünki hər keyfiyyət dəyişir, amma birləşmiş cismlər (molekul) dağılarkən sağlam və dağılmaz əsasın geri qalmasına ehtiyac olduğu üçün atomlar heç vaxt dəyişmirlər. Dəyişməni yoxluqda və yoxluqdan deyil, əksərən atomların yer dəyişdirməsi ilə, bəzən də əlavə olunması və çıxarılması ilə mümkün edən də bu sağlam və dağılmayan ünsürdür. Buna görə də yeri dəyiş(mə)ən ünsürlər zəruri olaraq pozulmazlar, bunlarda dəyişən obyektlərin quruluşu yoxdur, hər birinin öz kütləsi və forması vardır. Necə ki, bunların qalması da zəruridir.

Necə ki, gözümüzün qarşısında baş verən forma dəyişikliyində digər keyfiyyətlər obyektdən ayrılıb gedərkən, forma substansiyaya bağlı olan keyfiyyət kimi nəzərdən keçirilir. Digər keyfiyyətlər isə geriyə qalan substansiya kimi, dəyişən obyektə daxilən bağlı deyildir, əskinə bütövlüklə cismdən ayrılıb yox olurlar. Beləliklə, geri qalan bu şeylər birləşmiş obyektlərdəki fərqlilikləri yaratmağa qadirdir, çünki bir substansiyanın geridə qalması və yoxluqda yox olmaması zəruridir.

Yenə atomların hər böyüklükdə olduğunu da düşünməməliyik ki, görünən faktların əsk arqumentləri ilə səhv çıxarıla bilməsin. Əksinə atomlarda böyüklük fərqlilikləri olduğu düşünülməlidir. Bunun qəbul edilməsi ilə duyğular və hislərlə əlaqədar hadisələr daha yaxşı izah edilə biləcəkdir.

Atomların hər böyüklükdə olması keyfiyyət fərqliliklərini izah etməyə kömək etmir, ayrıca da yalnız görüləcək dərəcədə böyük olan atomların bizə çatması lazımdır. Bunun yaranmasını müşahidə etmək olmur, görülə biləcək dərəcədə böyük atomun necə ola bilməsini də qavramaq mümkünsüzdür.

Bundan başqa sonlu bir cismdə sonsuz sayda və hər böyüklükdə hissəcik olduğunu düşünməməliyik. Dolayısı ilə, sonsuz qədər bölünərək get-gedə kiçilən hissələrə bölünməyi rədd etməklə qalmayıb, – ki, hər şeyi zəyiflətməyək və birləşmiş obyektlər anlayışında varlıqları (yəni atomları) toz halına gətirərək yoxluq içərisində tükəndirmək məcburiyyətində qalmayaq deyə, eyni zamanda sonlu cismlərdə azalaraq sonsuza keçidi də düşünməməliyik.

Bir şeyin içərisində sonsuz sayda və fərqli böyüklüklərdə hissəciklər olduğu bir dəfə deyilmişdisə, artıq bir şeyin böyüklük etibarilə necə sonlu olacağı anlayışı mümkünsüz olur. Çünki sonlu saydakı hissəciklərin müəyyən böyüklükdə olduğu aydındır və bunlar hansı böyüklükdə olurlarsa olsunlar, böyüklükləri də sonsuz olardı. Sonlu cismin özündən izlənə bilməsə də müəyyən bir kənarı olduğuna görə, bunun ardınca bu cür bir kənar daha tapıldığını və bu şəkildə sıra ilə birindən digərinə doğru irəliləyək, bu cür gedişlə düşüncədə sonsuzluğa çatmaq fikri mümkünsüzdür.

Digər tərəfdən, bunu nəzərə almalıyıq ki, hislərimizlə qəbul etdiyimiz ən kiçik vahid nə keçidli bir şey kimidir, nə də bundan tamamilə fərqlidir, amma keçidi olan şeylərlə ortaq tərəfləri vardır. bunun əvəzində bölüm ayrılıqları yoxdur. Amma bu ortaqlığın təmin etdiyi bənzərlikdən ötrü bu vahidin bir tərəfini ayırd etdiyimizi düşündüyümüzdə əvvəlkinə bərabər bir vahidin duyğularımıza təsir etmiş olması lazımdır. Bu vahidləri birincisindən başlayaraq bir-birinin ardı ilə sırayla görürük. Bunlar eyni yerdə deyildir və parçaları biri digərinin parçalarına dəymir. Amma öz xüsusiliyi içərisində (yəni bölünməz birlik içərisində) bütövlüklərə ölçü gətirirlər. Böyük və ya kiçik olmasına görə çox ya da daha az sayda ölçü.

Bu bənzətmənin atomdakı ən kiçik vahid üçün də keçərli olduğunu düşünməliyik.

Çünki duyğularla müşahidə olunan şeydən kiçiklik məsələsində fərqli olduğu, amma eyni bənzətməni izlədiyi aydındır. Burdakı bənzərliyə görə atomun bir böyüklüyə malik olduğunu, təkcə kiçik olanı böyük nümunəyə yerləşdirərək izah etdik. Atomun ən kiçik və heç bir şeylə qarşılaşmamış olan parçalarını gözlə görülə bilməyən şeylər sahəsində məntiq yolu ilə uzunluğun sonu hesab etməliyik. Böyük ya da kiçik olsun uzunluq ölçüsünü öz birliklərindən təmin edən son. Necə ki, bunlarla onların dəyişməz parçaları arasındakı ortaqlıq buraya qədər əldə etdiyimiz nəticəni doğrulayır. Amma atomun içərisindəki ən kiçik vahidlərin hərəkət edərək bir araya gəlmələri mümkünsüzdür.

 Ayrıca da, sonsuzluğun aşağısını və yuxarısını ən alt və ən üst nöqtə olaraq irəli sürməməliyik. Başımızın üstündəki sahəni olduğumuz nöqtədən sonsuzluğa qədər uzatmaq mümkün olsa, bunu qətiyyən görə bilmərik, ya da nəzərdə tutduğumuz nöqtənin altındakı sahəni sonsuza qədər uzatsaq, bu nöqtəyə görə sonsuzluq eyni anda həm yuxarıda, həm də aşağıda ola bilməz. Çünki bunu başa düşümək mümkün deyil. Dolayısı ilə, bizdən çıxaraq başımızın üstündəki sahələrə gedən cizgi yuxarıdakıların ayaqlarına və bizdən daha aşağıdakı sahələrə gedən cizgi isə ordakıların başlarına min dəfələrlə çatsa belə, yuxarıdan və eyni şəkildə aşağıdan sonsuzluğa doğru uzandığını düşündüyümüz tək bir hərəkət istiqaməti ola bilər. Çünki hərəkətin hamısı bir-birinə əks istiqamətlərdə sonsuz olaraq düşünülür.

Atomların sürətləri boşluqda hər hansı əngəllə qarşılaşmadıqları zaman zəruri olaraq bərabərdir. Çünki ağır olanlar qarşılarına heç bir şey çıxmadığı zaman kiçik və yüngül olanlardan daha sürəli hərəkət etməyəcəklər. Yenə qarşılarında əngəl olmadığı zaman kiçik olanlar öz ölçülərinə uyğun keçid tapdıqları müddətcə böyük olanlardan daha sürətli hərəkət etməyəcəklər. Yuxarı doğru, toqquşmalardan dolayı yana doğru və öz ağırlıqlarından dolayı aşağı doğru hərəkətlər də bu cürdür. Necə ki, bu iki hərəkətdən biri digəri davam etdiyi müddətcə kənardan ya da toqquşmanın gücünə qarşı öz ağırlığında bir əngəllə qarşılaşmadıqca, düşüncə qədər sürətli hərəkət içərisində olacaqdır.

Bundan başqa birləşmiş cismlərlə əlaqədar olaraq atomların sürəti bərabər olduqları halda, bunlardan biri digərindən daha sürətli hərəkət edəcəkdir. Çünki birləşmiş cismlərdəki atomlar ancaq zehinlə müşahidə edilə biləcək qədər qısa vaxt ərzində fərqli istiqamətlərə getdikləri halda ən qısa davamlı zaman müddəti ərzində bir nöqtəyə doğru qayıdırlar. Hərəkətin davamlılığı hisslərlə qəbul ediliyi üçün sıx sıx əngəllərlə qarşılaşırlar. Çünki gözlə görülə bilməyən şeylər haqqında formalaşdırılan düşüncə, yəni zehinlə müşhidə oluna bilən zaman fasilələrinin də davamlı hərəkət içərisində olacaqları düşüncəsi bu vəziyyətdə doğru deyildir. Çünki tək doğru hisslərlə qəbul edilən və zehinlə qavranılan şeylərdir.

—–

Bundan sonra hisslər və duyğulara dönəcək olsaq, – çünki bu yolla sarsılmaz mütləqliyə çatmaq olar – bunu qəbul etməliyik ki, ruh çox incə hissəciklərin birləşməsindən yaranmış cismdir. Vücudumuzu meydana gətirən çoxluğun hər tərəfinə yayılmışdır və daha çox, istiliklə qarışmış bir nəfəsə bənzəyir, bəzi yönlərdən bunlardan birinə, bəzi yönlərdən də digərinə yaxındır. Amma bunlardan başqa bir qismi də hissəciklərinin çox incə olması ilə digərlərindən fərqlənir və vücudun taleyi ilə sıx şəkildə ortaqdır. Bütün bunlar ruhumuzun qüvvətini, hissiyyatını, hərəkət asanlığını, düşünmə bacarığını və itirdiyimiz zaman öləcəyimiz qismlərini açıq şəkildə göstərir.

Bundan başqa bunu da unutmamaq lazımdır ki, ruh hissiyyatın əsas səbəbidir. Amma əgər geri qalan atom yığını (vücudumuz) ilə hər hansı şəkildə qorunmamış olsaydı, belə olmazdı. Vücud ruha, hissiyyatı meydana gətirməsi imkanını təmin edərkən özü də hissəsini alır, amma onun sahib olduğu hissələrin hamısını almır. Məhz bunun üçün də ruh çəkilincə vücud bütün hissiyatını itirir. Çünki vücud özü özlüyündə bu bacarığı qazanmamış, onunla birlikdə doğulan ruh bunu onun üçün təmin etmişdi. Ruh reflekslər sayəsinə gücünü tamamilə inkişaf etdirincə hissiyyat qazanır və vücudla bitişmiş olması və uyğunluğu nəticəsində, əvvəldə dediyim kimi bunu vücuda da ötürür.

Məhz bundan ötrü ruh vücudda olduğu müddətcə, istər vücudun bir qismi ayrılmış olsun, hissiyyatını itirməz. Vücud istər başdan aşağı, istər bəzi qismlərində yerindən oynayacaq olarsa, ruh burdakı itki nə olursa olsun, vüdudda qaldığı müddətcə hissiyyatı təmin edir. Buna qarşılıq olaraq yerdə qalan orqanizm istər bütöv, istərsə də parça olsun ruh təbiətində olan atomları itirərsə artıq hissiyyatını da itirər.

Amma vücudun atom kütləsi tamamilə əriyəndə ruh da dağılır, əvvəki qabiliyyətləri qalmaz, artıq təsirə məruz qalmaz, bunun nəticəsi olaraq da hissiyyatdan məhrum olar. Çünki canın öz özünə yəni birləşmiş bütövlüyün xaricində və özünü örtən və saran qoruyucu təbəqə indikindən başqa cür olduğu halda yenə onun içərisində olduğu kimi təsirlərə məruz qalması mümkün deyil.

Bunu da əlavə edim ki, mən cismsizlik terminini (asomaton) bunun ən çox istifadə edildiyi, sırf varlıq olaraq düşünülə bilən mənasında işlədirəm. Amma boşluğu bir tərəfə qoysaq, sırf cismsizi düşünə bilmək mümkün deyil. Boşluq isə nə özü bir şey edə bilir, nə də ona bir şey edilə bilir, sadəcə cismlər onun içərisində hərəkət edə bilir. Bu halda ruh cismsizdir, deyənlər axmaqca bir şey deməkdirlər. Çünki əgər elə olmuş olsaydı, o nə bir şey edə bilərdi, nə də ona bir şey edilə bilərdi, halbuki onda məhz bu iki növ hadisəni görürük. Ruh haqqındakı bütün bu fikir yürütmələri duyğular və hisslərlə əlaqələndirsək və ən əvvəldə deyilmiş olanları xatırlayacaq olsaq, bunların, xırdalıqları əmin şəkildə araşdırmaq üçün yetəri qədər formulları əhatə etdiyini asanca görə bilərik.

Bunu demək uyğun olar ki, insan təbiətini çox və çeşidli biliklərə yiyələnməyə aparan birbaşa şeylərin özləri və zəruri olmalarıdır. Ağıl sonradan, təbiətin verdiklərini araşdırır və onlara yeni kəşfləri əlavə edir. Bu bəzi sahələrdə daha tez, bəzilərində isə daha yavaş olur. İrəliləyişləri bəzi dövlərdə və zamanlarda daha böyük, bəzilərində də daha kiçikdir.. Məhz bu səbəbədən adlar ən əvvəldən razılaşma ilə qoyulmamışdır. Hər millətin insanları, təbiətlərinin gərəkdirdiyinə görə duyğular formalaşdırmış və obyektlərdən özlərinə görə xəyallar qurmuş, duyğularının və obrazlarının şəkilləndirdiyi hava axımını, yaşadıqları yerlərin müxtəlifliyi səbəbindən hər millətdə ayrı tərzdə, ağızlarından vermişlər.

Bundan sonra hər millət üzvlərini daha az ziddiyyətli və daha qısa sözlərlə bir-birini başa düşə  bilmələri üçün onların istifadə edəcəkləri öz terminlərini yaratmışlar. Nəticədə özlərinin tam şəkildə bildikləri, amma özlərindən əvvəl bilinməyən şeyləri gətirən insanlar da, bunları anlamaq üçün yeni terminlər yaratmaq məcburiyyətində qalmışlar. Başqaları da fikir yürütmək yolu ilə, bu terminləri mənimsəmiş və onlara ən müəyyən keyfiyyətlərinə görə məna vermişlər.

Beləliklə, sevimli Heredotusum, kainatın təbiəti haqqındakı əsas fikrilərin qısa xülasəsini vermiş oldum. Təlimimiz ancaq bu cür tam şəkildə başa düşülə bilər. Buna əminəm ki, bunları mənimsəyən hər şeyin bütün xırdalıqlarına girməzsə, başqa adamlara qarşı müqayisə olunmayacaq dərəcədə üstünlük qazanmış olacaq. Çünki əsərlərimizdə incədən incəyə nəzərdən keçirdiyimiz bir çox məsələləri özü izah edə biləcək və bu fikirlər bir dəfə ağlına yerləşsə, ona hər zaman köməklik göstərəcəkdir. Bunları o şəkildə nizamladım ki, xırdalıqlar haqqında yetəri qədər, hətta tam biliyə sahib olanlar belə, əgər bu əsas anlayışlara nəzər salacaq olsalar, bütöv Kainat haqqındakı araşdırmalarına bunlara əsaslanaraq davam edə bilərlər. Amma hələ tam şəkildə tədqiqatçılar arasında öz yerini tutmamış olanlar da bu xülasənin köməkliyi ilə və başqalarının ağzından öyrənməyə ehtiyac qalmadan qısa zamanda daxili sükunətə çatmaq üçün lazım olan yolu sadəcə düşüncələri ilə tapa biləcəklər.

Epikür, “Maksimler ve mektuplar”, (tr. Hayrullah Örs), Remzi yay. İstanbul, 1993

Epikür, “Özdeyişler, aforizmalar və mektuplar”, Arya yay.

Diogen Laertius, “Ünlü filozofların yaşamları və öğrütileri”, (tr. Candan Şentuna), Yapı Kredi yay. İstanbul, 2003 

Tərcümə: Araz Əliyev

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.