Cümə, May 20, 2022

HUMANİTAR

“Elm fəlsəfənin böyük problemlərini həll edə bilməyəcək” – Culian Fridlend

Yenidən meydana gəldiyi təəssüratını yaradan populyar positivist düşüncə xətti elmlərin paradiqmatik dəyişikliyin kandarına gəldiyini göstərməkdədir. Bu dəyişiklik elm və fəlsəfəni birləşdirəcək və nəhayət bütün sual və problemləri dərhal və hamı üçün cavablandıracaq. Bu cür suallar “Nature” jurnalında Filip Bol tərəfindən elmin üzləşməli olduğu suallar kimi təqdim olunub: Həyat nədir? Şüur nədir? İnsanları fərqli fərdlər edən nədir? Niyə kainat varlığımız üçün incəliklə təşkil olunmuşa bənzəyir? Hər şey nədən və necə başlayıb? Şübhəsiz ki, belə suallar vacibdir və reallıq budur ki, bu suallar əsasən fəlsəfidir. Burdan belə nəticə çıxarmaq olar ki, bu suallar çətin elmlərin (yəni, ümumi mənada biologiya, kimya, fizika kimi təbiət elmləri) tələb etdiyi qətilikdən uzaqdırlar. Son nəticədə, əgər onlar nə vaxtsa cavablansalar belə, ən yaxşı ehtimalda məhdud ölçüdə cavablandırıla bilərlər.

İndi isə, gəlin bu suallara bir-bir cavab axtaraq.

Yaşamaq nədir?

Bəlkə də bu cür əsas anlayışa cavab tapa bilmədiyimiz təəccüblü görünür. Hal-hazırda belə bir sahənin axtarışındayıq və tapan kimi onu tanıya biləcəyimizdən əminik, amma hələ də nə axtardığımızı dəqiq şəkildə qavraya bilmirik. Amma bu, Bollun fikirləşdiyi kimi elmin uğursuzluğunun nəticəsi deyil. Bunun səbəbi odur ki, həyat anlayışı konkret tərif vermək üçün həddən artıq fərqli komponentləri əhatə edir. Nəticədə, bu “problem” daha çox anlayış problemidir. Vitgenştaynın da dediyi kimi, bu cür sözlərin mənası bəsit şəkildə gündəlik istifadələrinin bir funksiyasıdır. “Ədəd” anlayışının konkret tərifini tapmamağımız riyaziyyatın, “oyun” sözünün konkret mənasını kəşf etməməyimiz isə sosial elmlərin uğursuzluğu olub-olmadığını da soruşa bilərsiniz. Vitgenştaynın diliylə desək, belə vəziyyətlərdə bu cür terminlərin bütün istifadələrini birləşdirən bəzi spesifik təriflərin olmağının labüdlüyü fikri bizi sehirləyir. Bir qrupa yığdığımız bütün bu komponentlərin arxasında gizli nəyinsə olduğunu fikirləşirik; amma bu tamamilə təxəyyül məhsuludur. Elə oyunu götürsək; elə oyunlar var ki, məqsədi əylənməkdir, elələri var ki, öldürmək. “Oyun” anlayışının konkret tərifi yoxdur.

Bu məqamda, əgər “oynamaq” sözü əyləncəli məşğuliyyətin təsviri deyilsə, ondan necə istifadə edə biləcəyimizlə maraqlana bilərik. Bunun cavabı isə müxtəlif ola bilər: döyüş oyunları oynaya bilərik, bir tamaşada rol oynaya bilərik, alovla oynaya bilərik (1). Terminlərin yeni istifadələri, müəyyən alternativləri ağıla gətirən ortaq kontekstlərdən meydana gəlir. Bir boya qutusunu açmaq üçün ağzı düz vintaçandan istifadə edə biləcəyimiz kimi bir alətin orijinal təyinatını da tapa bilərik. Adi terminlərin istifadəsinə dair spesifik xüsusiyyət yoxdur, buna görə də bəzi vinaçanlar əslində hər vinti bağlaya bilmir, bəzi qapılar açılmır, bəzi həkimlər sağaltmır və s.

Eyni məntiqlə, “yaşamaq” sözünün mənası özündə olduqca fərqli şeyləri ehtiva edir. Hüceyrənin yaşadığını demək zehnin yaşadığını, hər hansı canlı növünün yaşadığını, dilin yaşadığını və ya mifin yaşadığını deməkdən fərqlidir. Ölü zehin və ya dil necə görünür? Onları vizual olaraq ölü ağaca bənzədə bilərik mi? “Yaşamaq” kimi sözlər əsasən incəliklərə malikdirlər və qəti tərifdən uzaq olan “insanlıq” və ya “şəxsiyyət” kimi sözlərə bənzəyirlər. Buna görə də, mövcud vəziyyəti biologiyanın uğursuzluğu kimi təqdim edə bilmərik. Əgər elmin nə vaxtsa bu suallara cavab tapmağını gözləsək, hələ çox gözləyəcəyik.

Şüur nədir?

Bu sualın əsrarəngiz tərəfi onun müşahidə oluna bilən və konkret olmağından qaynaqlanır. Onu fəlsəfi edən şey şəxsi xüsusiyyətlərdəki bənzərlik və fərqliliklərin müşahidəsinin çətinliyindən yox, məhz əsas fenomeni müşahidə etməyin çətinliydən irəli gəlir. Zehni vəziyyətlər birinci şəxsin baxış bucağına basdırıldıqlarına görə birbaşa müşahidə edilə bilməzlər. Yəni, diqqətimizin predmeti elə diqqətimizin özüdür. Şüur araşdırmasında biz başqalarının davranışlarını müşahidə etməklə bərabər öz fərdi təcrübələrimizi də müşahidə etməliyik. İkincisi, “şüur” və “zehin” terminləri konkret təriflərindən uzaqdır, çünki “şüuraltı” anlayışı, zehin korluğu (2) və yuxugörmə kimi dəyişən və çaşdırıcı zehin dərəcələri var.

Nətəcədə elm; şüuru bütövlükdə formalaşdıran fərdi təcrübələri fiziki olaraq açıqlaya biləcəyindən daha çox fiziki açıqlaya bilməz. Guya iyrənməyin, fəzilətin ya da nə cür çayın daha dadlı olduğunu fiziki şəkildə açıqlaya bilir ki?!

Yenə də, müasir dövrdə Filip Qoffun da daxil olduğu panpsixist(3) izdihama qatılan bir çox adam, bu fəlsəfi anlayışın şüur elmi formalaşdırmağa doğru yol təqdim etdiyini iddia edirlər. Bu, bütün maddələrin əslində zehini olduğu və əsas zərrəciklərin belə bəzən bir növ subyektivlik adlandırılan “kiçik şüur ünsürünə” malik olduğu fikridir. Bununla bərabər bu yanaşmanın davam edərkən, əslində sınanmağı mümkün olmadığı, amma yenə də ən ağlabatan açıqlamanı verdiyinə haqq qazandırdığını iddia edir – bunun niyə belə olduğu barədə arqument irəli sürməsə də. Görünmə xüsusiyyəti (emergent property) mövqeyinin nə üçün daha yaxşı bir izah deyilsə, eyni dərəcədə də təqdim edilməyəcəyini aydın deyil. Hər halda, bəzi populyar elmi nəzəriyyələrin ilkin mərhələdə sınana bilmədiyi doğrudur – Darvinizm buna dair bariz nümunədir – amma bu nəzəriyyə indi DNT səviyyəsində konkret sübut olunub. Neandertallardan başlayaraq daha əvvələ qədər gedib ortaq əcdadımızla olan əlaqəmizi konkret göstərməkdədir. Bununla bərabər, hər şeyə rəğmən Darvinin nəzəriyyəsini qüvvətləndirən əsas faktor onun böyük açıqlayıcı gücə malik olmağı yox, həm də fosil qeydləri ilə potensial təsdiq imkanı təqdim etməyidir. Təəssüf ki, panpsixizm də daxil olmaqla, heç bir şüur nəzəriyyəsi hələ ki, necə sübut olunacağını konkret vurğulamır.

Fərdləri fərd edən nədir?

Fərdi şəxsiyyət (personal identity)- elmi yox, fəlsəfi anlayışdır. Eyni yumurta əkizlərini eyni adam hesab etmək olarmı? Həm hə, həm də yox. İndi mən beş yaşındakı mənlə eyni adamammı? Bəzi cəhətlərdən hə, bir çox cəhətdən isə yox. Əgər indi mən o vaxt olduğumdan fərqliyəmsə, bunu müəyyənləşdirmək üçün fərqləri və oxşarlıqları müşahidə edə bilərikmi? Bəzi xüsusiyyətlər digərlərindən daha vacibdirmi? Niyə elədir və ya elə deyil? Üstəlik, haqqında danışdığımız anlayış konkret tərifdən uzaq olan “şəxsiyyət” və “fərdiyyət” terminlərindən ibarətdir.  Fərdi şəxsiyyət sualına elmin cavab verəcəyini düşünmək, sualın fəlsəfi dərinliklərinin fərqində olmaqla bağlı çatışmazlığın biruzə verilməsidir.

Niyə kainat varlığımız üçün təşkil olunmuşa bənzəyir?

Düzünü desəm, bu sualın nə mənaya gəldiyini başa düşmədiyimi düşünürəm. Hər şeyi xüsusən bizim üçün təşkil edən ağıllı mühəndisin varlığını güman etmək, arabanı atın qarşısına sürməkdir. Reallıq budur ki, kainat bizim varlığımız üçün xüsusi ilə inşa edilməyib, əksinə biz  sırf bu kainatda yaşamaq üçün təşkil olunmuşuq. Kainatın varlığımız üçün inşa edildiyi təsiri bağışlayan bu sehirli yanlış təəssüratdan xilas olmaq üçün bir suala cavab axtarmalıyıq. Əgər kainat bizim varlığımız üçün inşa olunmasaydı, necə görünərdi? Bunu təsəvvür etməyin mümkün olmadığının fərqinə vardıqdan sonra anlayacağıq ki, verdiyimiz bu sual mükəmməl  dərəcədə axmaqlıqdır.

Hər şey necə başladı?

Qətiyyətlə deyə bilərik ki, bu olduqca dərin, metafizik paradoksdur. Bu sual mahiyyətcə, “Hər şey niyə mövcud oldu?” sualına çox bənzəyir. Bu suala cavab vermək Auqustinçi taftologiyaya görə heçlikdən heçliyin yarandığı sonsuz geriləmənin bünövrəsini qoymaqdır. Buna görə də aksiomatik cəhətdən cavabsızdır. Bunu əsas gətirərək deyə bilərik ki, nəzəri fizik Rocer Penrouz, bu suala çox güman ki, ən yaxşı cavabı verib: Başlanğıc yoxdur və əsla son da olmayacaq. Kainat bəsit şəkildə çökür və əbədiyyət adlandırdığımız sonsuz ardıcıllıqda qara dəliklər vasitəsilə yenidən doğulur. Əlbəttə, başlanğıcı olmayan nəyinsə fikri məntiqi həssaslığımızı narahat etdiyi üçün, bu cavab gözləntilərimizi doğrultmur. Amma bir növ möcüzəvi başlanğıcı güman edən alternativ də kifayət qədər ziddiyyətlidir. Sonsuzluğun bir istiqamətdə qüsursuz davam etdiyi, digər tərəfdən də eyni cür genişlənə bilən olduğu nəzərə alındığında, mübahisəli olmağı daha çoxdur. Hər bir halda elmin ancaq metafizik sualı yox, paradoksal sualı  cavablandırmağını gözləmək elə möcüzə gözləməkdir. Bu Donald Hoffmanı təkamülü bizi reallığı olduğu kimi qavramağa qarşı formalaşdırdığını iddia etməyinin qarşısını ala bilməz. Bu yaxşı olsa da – burada təcrübəmizdən əvvəl, özümüzü bilə bilməyəcəyimizi iddia edən Kantla ortaq fikirdədir – yenə də o, kainatın əslində necə meydana gəldiyini göstərmək üçün saf riyaziyyatla bu sərhədlərini aşacağımızı iddia etməyə davam edir. Burada yaranan problemin birinci hipotezin ikincini inkar etməyidir, çünki çox güman ki, riyaziyyat da eyni bəşəri hekayənin elementidir. Bu, Corc Lakovun Where Mathematics Come From adlı kitabında əks olunmuş növbəti Vitgenştaynçı məsələdir və eyni zamanda populyar deyimlə simulyasiya kimi kainat nəzəriyyəsinin özünü inkar etməyidir; çünki əgər simulyasiya daxilində olduğumuzu anlasaq və bunu sübut eləmək imkanlarımız daxilində olsaydı, bu halda reallığın real hissəsinə çata bilməzdikmi? Elə Dekart və Vitgenştaynın göstərdiyi kimi hamımız varlığımızı bilmək üçün koqnitiv vasitələrə sahibik. Bununla bərabər, nə qədər elm tərəfindən informativləşdirilsə də, bütövlükdə fəlsəfi mövzu kimi qalır.

Nəticə etibarilə, bu cür ekzistensial sualları vacib edən onların nə vaxtsa cavablanacağı deyil. Belə suallar bizi onları verməyin həqiqətən nə mənaya gəldiyini daha yaxşı anlamağa sövq edir və çox güman ki, Boll da onları bu cür şərh edir. Elə görünür ki, Boll və neo-pozitivistlər bu cür sualların ancaq fəlsəfi olduğunu, buna görə də elmi olaraq düzgün şəkildə dilə gətirilə bilməyəcəyini mümkünsüz olduğunu görməzdən gəlirlər.

  • Əslində müəllif burda başqa misallar verib, amma yazını tərcümə edən Ahmet Karaca türk dilinə uyğunlaşdırmaq üçün misalları dəyişdirib.
  • Vitgenştayna istinadən səsləndirilən anlayışdır. Bir nəfərin bir vəziyyəti fərqli rakurslardan görə bilməməyinə işarə edir.
  • Şüur fəlsəfəsində nə qədər kiçik olmağından asılı olmayaraq, bütün maddi ünsürlərin şüuru olduğuna dair fikirdir. Daha çox məlumat almaq üçün – https://plato.stanford.edu/entries/panpsychism/https://dergipark.org.tr/en/download/article-file/750755

Mənbə: Kualia

Tərcümə edən: Şahlar Ruhi

Qaynaq mətn: http://aphilosopher.drmcl.com/2020/01/15/no-science-wont-solve-the-great-problems-of-philosophy/

 

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.