Cümə, May 20, 2022

FƏLSƏFƏ

Dil fəlsəfəsində hermenevtik ənənə: Rikierin sintezi

 Dil fəlsəfəsi istiqamətində kontinental ənənələr zamanla daha çox hermenevtik məktəblə sıx bağlı şəkildə inkişaf edən və hermenevtik məktəbin nümayəndələri vasitəsilə davam etdirilən meyllərə çevrilmişdi. Bu baxımdan Dilteydən başlayan, Haydegger və Gadamerlə davam edərək, Derrida və onun post-struktralist yanaşması ilə müasir dövrə qədər gəlib çatmış hermenevtik məktəb və onun dillə bağlı fikirləri sadalanan istiqamətlərdən fərqli tərzdə, Husserl fenomenologiyası və Anglo-Amerikan fəlsəfi təfəkkürünün yaxınlaşdırılması ilə bağlı olaraq da meyllənmişdi. Bu meyllənmədə əsas fəlsəfi istiqamət fransız filosofu Pol Rikier(1913-2005) və onun fəlsəfi sintezi idi. Rikierin fəlsəfəsi özündə refleksiv, fenomenologiya və hermenevtik ənənələri birləşdirirdi.

 Rikier dil haqqındakı fikirlərində ilk öncəliyi simvollara, daha dəqiq formada simvollardan yola çıxılaraq mətni və ya ifadəni formalaşdıranın düşüncələrinin anlaşılmasını hədəfləyirdi. Bu baxımdan Rikierə görə simvollar həm gerçəkliyi şəffaf şəkildə əks etdirən bir aynadır, özlüyündə arxasındakı mənanı bizə göstərir. Digər tərəfdən də simvollar həm də aldadıcıdır, əsas məqsədləri də arxalarındakı mənanın gizlədilməsidir. Rikier bu məna anlayışının ziddiyyətliliyindən yola çıxaraq, mətnlərdəki gerçək məna problemini həll etməkdə əsas amil hesab etdiyi hermenevtikaya əsaslanaraq simvolların iki cür, bir üzdə olan , ilkin olan, ikincisi isə əslində olan və ilkin olan mənanın dəlalət etdiyi mənanı nəzərdən keçirirdi. Hermenevtikanın əsası kimi qiymətləndirdiyi şərh etməni də məhz bu əsl, gizli mənanın simvollardakı ilkin mənaya əsasən tapılması kimi qiymətləndirirdi. Rikier ilk öncə dilin dünyanı əks etdirən bir vasitə kimi yox, daha çox müstəqil və qarşılıqlı əlaqələrə malik, özündən başqa kənar bir obyektə işarə etməyən qapalı sistem kimi nəzərdən keçirən strukturalist yanaşmaya qarşı çıxaraq, dil hadisəsi kimi nəzərdən keçirilən “söz”-ə yox(parole), dilin özünə(lingua) yönəlməkdə ittiham edirdi. Rikierə görə əsas olan cümlədir və cümlə özlüyündə bir “dil hadisəsi”-dir, hansı ki, bu dil hadisəsi cümlə daxilində keçici deyil, əksinə möhkəmlənmiş vəziyyətdədir. Rikier dil hadisəsi dediyində dili özündən daha çox “danışıq” formasını nəzərdən keçirir. Yalnız “danışıq” müəyyən bir andadır və dildən fərqli olaraq müəyyən bir subyektə(söyləyən) malikdir. Söyləyənin, ifadə edənin danışığı isə özülüyündə dil hadisəsi olan bu anlıq hadisənin cümlə ilə ifadəsinə imkan verir. Çünki yalnız cümlədə müəyyən bir fikir vardır, cümlədə bir fikir qəlibləşmişdir. Cümlənin ifadə etdiyi məna və dil hadisəsi arasındakı əlaqə isə dialektik xarakterə malikdir.Yəni dil bir “danışıq” kimi hadisədir, lakin bu hadisə “məna” olaraq başa düşülür. Rikierə görə cümlə və ya mətn onun müəllifi olan şəxslə yanaşı eyni zamanda özünə aid bir mənaya da malikdir. Belə ki, bir istifadəçi cümlə qurmaq istəyərkən müəyyən bir söz seçir, hansı ki, bu sözün seçilməsi “məhz o sözün seçilməsi” mənasında Rikierə görə mütləqliyə malikdir. İstifadəçi seçdiyi sözlər arasında müəyyən bir əlaqə yaradır və cümləni formalaşdırır ki, cümlədə istifadəçinin anlatmaq istədiyi hər hansı bir dil hadisəsi sabitlənir(2, 262-263). Rikierə görə isə bir simvolun istifadəçinin ağlındakı mənaya işarə etdiyi kimi, həm də özündə başqa bir mənanı da daşıyır. Rikier bunu “mənanın dünyası” adlandırır(4, səh 264). Bu elə bir yerdir ki, burda oxucu və simvolun istifadəçisi bərabər şəkildə iştirak edir. Rikier qeyd edir ki, biz başımıza gələn bir hadisəni başqalarına izah etmək üçün onu danışırıq və biz danışdığımız bu “hadisəni” danışıqla ifadə edirik. Lakin qarşımızdakı insan bizim danışığımızdan müəyyən bir “mənanı” başa düşür. Bu məna bizim əslində demək istədiyimiz şeylə, dediyimizin qarşımızdakı insana yaratmış olduğu məna bir birindən fərqlidir. Bu baxımdan dil dünyanı ifadə edən, yaxud da bir sistem deyildir, o sadəcə olaraq dinləyicinin, qarşımızdakının yaratmış olduğu öz dünyasıdır(1, 165-172).

 Rikier eyni zamanda bu məna və hadisə dialektikasını mətnlərə də şamil edir. Ona görə, əsrlər əvvəl danışmış birinin dediklərinin bizə yalnız yazı vasitəsilə çatdırıla bilərdi. Bu baxımdan əslində nəzərdən keçirdiyimiz yazı(mətn) “danışığın” insanın özündən kənarlaşdırılmasından başqa bir şey deyil. Özlüyündə bir danışıqdır və danışığın olduğu kimi, ikili məna problematikasına malikdir(3, səh 22). Burdan bir daha aydın olur ki, Rikier dil haqqında fikirlərində daha çox dilin fəaliyyətə keçmiş forması olan “danışığı” nəzərdən keçirir. Onun əsas kimi götürdüyü cümlə də məhz, danışıqda qurulan və eyni zamanda da yazıda danışığın kənarlaşdırılması kimi var olan “deyilmiş olandır”. Rikier Derrida kimi mənanı itirmək əvəzinə onu analitik filosoflarda və Husserldə də olduğu kimi, lakin onlardan fərqli olaraq hər ikisinin əsas olması baxımından mənanı ikiləşdirirdi.

Ədəbiyyat

1.    Eren Rizvanoğlu, “Anlamdan Yoruma: Dil Felsefesinin Sınırları Üzerine Bir İnceleme”, Doktora Tezi, Ankara, 2013

2.    Nasr Hamid Abu-Zeyd, “Hemenötik ve metin yorumu”, (tərc. Dr. Muhammed Coşkun) Marmara Üniversitesi İlâhiyat Fakültesi Dergisi, Cilt-Sayı 46, 2014.

3.    Ricoeur Paul, “Interpretation Theory: Discourse and the Surplus of Meaning”.Texas Christian University Press. 1976.

4.    Ricoeur Paul, “Zaman ve anlatı”(4), (tərc. U. Öksuzan, A. Altınörs), 2010.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.