Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Dekart – Əxlaq haqqında məktublar I, 21 may 1643

Elizabet 16 may 1643-cü il tarixli məktubunda Dekartdan “insan ruhunun iradə hərəkətlərini meydana gətirmək üçün bədən ruhlarını necə hərəkətə gətirdiyini” soruşurdu: “çünki, deyirdi ruh düşünən bir substansiyadır, dolayısı ilə də madəsizdir. Bədən isə bir maddədir. Halbuki, bir maddə ancaq başqa bir maddənin toxunması və itələməsi isə hərəkətə keçə bilər. O halda düşüncə olan ruhun, maddə olan bədəni necə hərəkət etdirdiyi aydın şəkildə başa düşülmür. Onun üçün sizdən ruhun  Metafizikanızda verdiyiniz tərifindən daha xüsusi tərif verməyinizi istəyirəm”. Beləliklə, Dekartın izah etməkdə çətinlik çəkdiyi bir məsələyə diqqət çəkilirdi.
Şəhzadə Elizabetə
Madam, əlahəzrətlərinizin öz əmrlərini yazılı olaraq almaq şərəfini mənə bəxş edən lütfkarlığı heç bir zaman ümid edə bilməyəcəyim dərəcədə böyükdür və qüsurlarımı şiddətlə arzu etdiyim lütfkarlıqdan daha yaxşı örtüb azaltmaqdadır; çünki diləyim La Heydə olduğum son günlərdə qarşınızda hörmətlə baş əymək və dəyərsiz xidmətlərimi əmrinizə təqdim etmək şərəfinə nail olduğum təqdirdə, əmrlərinizi ağzınızdan eşitməkdir. Bu da mənə eyni zamanda çoxsaylı möhtəşəmlikləri seyr etmək imkanı verəcəkdir. Beləliklə, rəssamların çəkdiyi mələk vücudlarına bənzəyən vücuddan fövqəlbəşər sözlərin çıxdığını görərək, yer üzündən gəlib də cənnətə yenicə daxil olanların eşitməsi lazım olan heyranlığı duyacaqdım. Bu da məni, heç şübhəsiz ki, əlahəzrətlərinizlə daha çox danışmaq şərəfinə nail olduğum zaman gördükləri qüsurlarım səbəbiylə özlərinə cavab verməkdə qalibiyyətsiz edəcəkdi; bunun üçündür ki, yüksək mərhəmətiniz, düşüncələrinizin izlərini kağız parçası üzərinə rəsm etməklə bu qüsurumu bir az da olsun azaltmaq istəmişdir, həqiqətən mən də onları təkrar təkrar oxuyub araşdırmaqla daha az çaşqınlıq yaşayıram, lakin ilk öncə çox incə görünmələrinə, araşdırdıqca daha doğru və daha sağlam görünmələrinə də baxaraq heyranlığımı daha da artırmaqdadır.
Həqiqətən deyə bilərəm ki, Əlahəzrətinizin ortaya atdığı məsələ yayımladığım yazılardan sonra çox haqlı olaraq mənə soruşulacaq məsələdir. Çünki insan ruhunda iki şey vardır ki, təbiəti haqqında əldə edəcəyimiz bütün məlumatlar onlara bağlıdır: bunlardan biri düşünməsi, digəri də bədənlə birləşmiş olduğuna görə bədənə təsir etməsi və bədəndən təsirlənmiş olmasıdır; ikincisi haqqında demək olar ki, bir şey demədim, yalnız birincisini izah etməyə çalışdım, çünki mənim əsas məqsədim ruh ilə bədən arasındakı ayrılığı isbat etmək idi; bunun üçün də ancaq birincisi yararlı ola bilərdi, digəri isə zərərli olardı. Lakin Əlahəzrətiniz özlərindən heç bir şeyi gizlətməyə imkan olmayacaq dərəcədə hər şeyi açıqca gördükləri üçün, burada ruh ilə bədənin birləşməsini necə qavradığımı və ruhun bədəni necə hərəkət etdirmək gücündə olduğunu açıqlamağa çalışacağam.
Məncə, ilkin olaraq bizdə bəzi ilk anlayışlar vardır; bunlar bir sıra orjinallardır ki, başqa bütün biliklərimizi onların nümunələri üzərinə yerləşdiririk. Ancaq bu cür anlayışlar çox azdır; çünki qavradığımız hər şeyə uyğun olan, o ən ümumi varlıq, say anlayışlarından sonra, ayrıca cismlər üçün uzunuq anlayışı vardır, ondan da şəkil və hərəkət anlayışları çıxır: yalnız ruh üçün də ancaq düşüncə anlayışı vardır, o da ancaq anlayışın idrakı ilə iradənin təmayüllərini ehtiva edir; son olaraq isə ruhun və bədənin hər iksinə birdən aid olan, ruh ilə bədənin biləşməsi anlayışı vardır, ruhun bədəni hərəkət etdirməsi anlayışı ilə bədənin də duyğular və passionlar meydana gətirmək xüsusiyyəti ilə ruha təsir etmək gücünün anlayışı bu birləşmə anlayışına bağlıdır.
Yenə də məncə bütün insan elmi bu anlayışları yaxşı ayırd edə bilmək və hər birini aid olduğu şeyə yükləyə bilməkdən ibarətdir. Çünki bu çətinliyi aid olmadığı anlayışla açıqlamaq istədiyimiz zaman özümüzü aldanmaqdan qorumalıyıq; bu anlayışları başqa bir anlayışla açıqlamaq istədiyimiz zaman da bu belədir; çünki bu anlayışlar ilk olduqlarından hər biri ancaq özü vasitəsilə başa düşülə bilər. Duyğularımızdan istifadə etmək bizə uzunluq, görüntü, hərəkət  anlayışlarını digərlərindən daha yaxın etdiyi üçün yanlışlarımızın başlıca səbəbləri, ümumiyyətlə bu anlayışları aid olmadıqları şeyləri açıqlamaq üçün istifadə etmək istəməyimizdir, məsələn, ruhun təbiətini anlamaq üçün xəyaldan istifadə etmək dediyimizdə, yaxud da ruhun bədəni hərəkət etdirmə tərzini, bir cimsin başqa bir cismi hərəkət etdirmə tərzi ilə anlamaq istədiyimizdə olduğu kimi.
Bunun üçündür ki, Əlahəzrətlərinin oxumaq tənəzzülü göstərməsini xahiş etdiyim Düşüncələr də yalnız ruha aid olan anlayışları yalnız bədənə aid olanlardan ayıraraq izah etməyə çalışdıqdan sonra, indi də, ilk olaraq yalnız ruha və yalnız bədənə aid olanları bir yana qoyaraq, ruh ilə bədənin birləşməsinə aid olan anlayışları izah etməyə çalışacağam. Bunda da Altıncı etiraza verdiyim cavabın son hissəsinin yararlı olacağını hesab edirəm; çünki bu sadə anlayışları ancaq ruhumuzda ayıra bilərik, hamısı təbiəti etibarilə ruhda yer almaqdadır. Lakin ruh onları hər zaman yetəri qədər bir-birindən ayırmamaqda, yaxud da yükləməsi lazım olan şeylərə yükləməməkdədir.
Beləliklə, zənn edirəm ki, bundan əvvəl ruhun bədən üzərinə təsiri anlayışı ilə bir cismin başqa bir cismin üzərinə təsiri anlayışını qarışdırdıq; və hər iki anlayışı ruha deyil, çünki onu yetəri qədər bilmirik,  lakin cimslərin ağırlıq, istilik kimi bir sıra xüsusiyyətlərinə yüklədik, bunların da gerçək olduğunu, yəni cismin varlığından ayrı varlığa malik olduğunu, dolayısı ilə də aksidensiya adı verməyimizə baxmayaraq, substansiya olduqlarının təsəvvür etmişdik.
Onları başa düşmək üçün onlara yüklədiyimiz şeyin maddəli və ya maddəsiz olduğuna görə, bəzən bizdə cismi tanımaq üçün lazım olan anlayışları, bəzən də ruhu tanımaq üçün lazım olan anlayışları istifadə etdik. Məsələn, ağırlıq haqqında tək bildiyimiz şey onun yer aldığı cismi Yerin mərkəzinə doğru hərəkət etdirmək qüvvətinə sahib olmasıdır, buradan da onun gerçək bir aksidensiya olduğunu fərz edərək, bu cismi necə hərəkətə gətirdiyini və ona necə qatıldığını anlamaqda çətinlik çəkmirik; bunun da bir səthin başqa bir səthə toxunması ilə olacağını hesab etmirik; çünki bunu anlamaq üçün xüsusi bir anlayışımızın olduğunu özümüzdə təcrübə edirik və bu anlayışı fizikada da göstərməyi ümid etdiyim kimi cimsdən gerçək olaraq ayrı bir şey olmayan, ağırlığa tətbiq edilməklə pis istifadə etdiyimizi hesab edirəm, çünki bu anlayış bizə ruhun maddəni hərəkət etdirməsini anlamaq üçün verilmişdi.
Fikrimi izah etmək üçün daha artıq söz sərf edərək əlahəzrətlərinin bənzərsiz zəkasını yetərincə tanımadığımı göstərmiş olacağım kimi, cavabımın özlərini tamamilə razı salacağınını hesab etmək cəhdi göstərməklə də özümü çox bəyənmiş olardım. Beləliklə, burada sözlərimə daha artıq bir şey əlavə etməməklə bunların hər ikisindən də qaçmağa çalışacağam. Lakin sadəcə olaraq əlahəzərlərinin bəyənəcəyi şeyi yazmaq və ya demək gücündəysəm, bu iş üçün qələmi əlimə almağı və ya La Heyə qədər getməyi böyük lütf olaraq qəbul edəcəyəm, çünki mənim üçün dünyada əlahəzrətlərinin əmrlərini yerinə yetirməkdən daha əziz bir şey ola bilməz.
Madam, əlahəzrətlərinizin çox hörmətli və çox itaətli xidmətçisi, Dekart
Tərcümə: Araz Əliyev
Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.