Cümə axşamı, İyul 07, 2022

HUMANİTAR

Con Rolz – Ədalət nəyə xidmət etməlidir: Ümumi rifah, yoxsa fərdi azadlıq?

Liberal düşüncə ənənəsində əhəmiyyətli bir yerə sahib ameriklı filosof Con Rolz sağ ideologiyanın əsas hədəfi olan rifah dövlətini və paylanan ədalət anlayışını müdafiə etmişdir. Rolzun məqsədi ədalətli və davamlı liberal bir cəmiyyət üçün cəmiyyətin bütün sahələrinə istiqamət verən ədalət prinsiplərini müəyyənləşdirməkdir. Bu məqsədlə hüquq və azadlıqların fəlsəfi təməlləri kimi mövzularda fikir irəli sürmür, çünki artıq çağdaş, demokratik və liberal toplumlar üçün fundamental hüquq və azadlıqlar qəbul edilmiş institutlardır. Artıq çağdaş toplumlar üçün problematik məsələlər hüquq və azadlıqların mövcudiyyəti ilə bağlı yox, hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı effektiv yollar tapmaq kimi mövzulardır.

Rolza görə, bazar iqtisadiyyatı, özəl mülkiyyət, ailə və başqa mövhumlar liberal cəmiyyətin qurumları kimi mütləq ədalətli şəkildə formalaşdırılmalıdır. Beləliklə, ədalətli ictimai əməkdaşlıq formalaşdırıla, nəticədə ədalət prinsiplərinə söykənən bir cəmiyyət qurula bilər. Rolz daima liberal sərhədləri aşmayan, eyni zamanda getdikcə dərinləşən siniflərarası uçurumu da tənzimləyən bir ədalət modeli inşa etməyə çalışmışdır. Liberalizmin siniflərarası uçurumu aradan götürə bilmədiyi və zamanla bu uçurumun dərinləşdiyi bir sistemdə onun legitimliyinin sual altına düşməsi təbiidir. Bu baxımdan O, azadlıq və bərabərlik anlayışlarını uzlaşdırmağa, paylaşdırılmış ədalət ideyasını sağ müstəvidə tətbiqinə nail olmağa çalışmışdır.

Utilitarizmin tənqidi və alternativ ədalət nəzəriyyəsi

Ədalət prinsipləri keçən əsrlərdən bəri utilitarizmin hökmranlığı altında qalmışdır. Utilitarizmin qurucusu Ceremi Bentamın fikrincə, insan həyatının məqsədi şəxsi ləzzətləri təmin etmək, ağrı və kədərdən çəkinməkdir. Bu yanaşmaya görə, bütün insanlar zövqlərini artırar və ağrıları azaltsalar, yəni sayca daha çox insan xoşbəxtliyə çatarsa, cəmiyyətin rifahı əldə edilmiş hesab oluna bilər. Müxtəlif zamanlarda fərqli ədalət nəzəriyyələri gündəmə gəlsə də, bu prinsiplər utilitarizmə qarşı sağ qala bilməmişdi, çünki utilitarizm digər bütün ədalət nəzəriyyələrindən daha çox insanın həzzlərə çatımlılığını təmin edə, nəticədə daha çox insanı xoşbəxt edə bilirdi. Hər hansı bir ədalət konsepsiyası yaradılarkən əvvəcə məhz utilitarizmin ədalət konsepsiyasının prinsipləri saf-çürük edilməlidir

Bu kontekstdə Rolzun ədalət nəzəriyyəsi utilitarizmin prinsiplərinin tənqidi ilə bilavasitə bağlıdır. Fərdi azadlığa dəyər verən Rolz üçün utilitarizm prinsipləri qəbuledilməz bir ədalətsizlikdir. Onun fikrincə, fərdin cəmiyyətin ümumi rifahı üçün qurban verə bilməyəcəyi bir azadlığı var və çoxluğun xeyir görməsi üçün azlığın müəyyən qədər zərərə uğraması əxlaqi baxımdan düzgün deyil. Utilitarizm sosial rifahı təmin edərkən fərdi azadlıqları nəzərə almayan bir ədalət konsepti təqdim edir. Kantın kategorik imperativini (categoric imperative – zərər vurmama (no harm) prinsipinə istiqamət verən, hipotetik olmayan şərtlər) mənimsəyən Rolz, fərdlərin özünün bir vasitə deyil, bir məqsəd olduğunu vurğulayır. Buna görədir ki, utilitaryan nəzəriyyə ədalətli bir cəmiyyətdə bərabər vətəndaş azadlığının təbii mövcudluğunu izah edə bilmir. Bildiyimiz kimi, bərabər vətəndaş azadlıqlarının təbii olaraq mövcud olmaması səbəbilə ictimai müqavilə anlayışı ortaya çıxmışdı. İctimai müqavilə məhfumu yanaşma olaraq düzgün, lakin təbiət olaraq natamam xarakter daşıdığı üçün utilitarizm qarşısında yetərsiz qalırdı. Rolz ədalət mövhumunu ortaya qoymaq üçün prosedural bir model yaratmağa çalışır və ilk olaraq ictimai müqaviləyə müraciət edir. Rawlsun məqsədi ictimai müqavilə anlayışını ənənəvi, ardıcıl, eyni formasiyalı vahid bir çərçivə anlayışda ifadə etmək, bəzi məsələləri sadələşdirmək və ictimai müqavilənin həqiqi mahiyyətini açmaq idi. Beləliklə o, dominant olan utilitaryan nəzəriyyəyə alternativ bir sistematik nəzəriyyə ortaya qoyacaq və müəyyən mənada deontoloji əxlaq nəzəriyyəsini tamamlayacaqdı.

Əslində ictimai müqavilə insanlar üçün bir toplum qurmuş olsalar onu hansı əxlaqi, hüquqi prinsiplər üzərində qurmaq gərəkdiyi ilə bağlı bir uydurma vəziyyətdir. Rolz əvvəlcə ideal bir ictimai müqavilənin varlığı ilə bağlı şərtləri təsvir edərək başlayır. Lok, Russo kimi mütəfəkkirlərin qeyd etdiyi kimi ictimai müqaviləyə “təbiət durumu” mərhələsi ilə başlasa da, ədalət prinsiplərinin seçilməsi mərhələsində digər mütəfəkkirlərdən fərqli olaraq, toplumun fundamental sturukturuna tətbiq ediləcək prinsipləri müəyyənləşdirməyə çalışır. Bunun üçün məhz konkret elementlər və ədaləti təyin etmə kriteriyaları formalaşdırır.

“Cəhalət pərdəsi” və Azadlıq-Bərabərlik uzlaşması

Kantdan sonra ədaləti, bərabərliyi və insan hüquqlarını ən çox vurğulayan mütəfəkkir olaraq qəbul edilən Rolz ənənəvi ictimai müqavilə doktrinasına əsaslanan ədalət nəzəriyyəsini utilitarist düşüncəyə alternativ olaraq təqdim etdi: O, ədalət prinsiplərini sosial müqavilə nəzəriyyəçiləri kimi intuitiv bir müqavilədən yola çıxaraq müəyyənləşdirdi, lakin ədalət prinsiplərini təyin etmək üçün sosial müqavilə nəzəriyyəçilərindən fərqli bir yol tutdu. Tipik ictimai müqavilə nəzəriyyəsindən fərqli olaraq, “cəhalət pərdəsi” (viel of ignorance) adlandırdığı yeni elementi öz nəzəriyyəsinin mərkəzinə qoydu. İlkin mərhələ ədalət prinsiplərinin necə olacağı və bu prinsipləri obyektiv, tərəfsiz və bərabər şəkildə necə müəyyənləşdirəcəyi sualıdır. Başlanğıcdakı forma və onun tətbiqi ədalətli şəkildə müəyyən edilə bilərsə, bundan sonra formalaşacaq ictimai quruluşlar ədalətli olacaqdır. Bu səbəbdən, ilkin vəziyyətdə bərabər rasionallığa sahib insanlar “cəhələt pərdəsi” ilə təchiz olunmalıdırlar. Cəhalət pərdəsinin arxasında olan şəxslərin cəmiyyətdəki yerlərinin nə olduğu (kişi və ya qadın), təməl qaynaqlarla bağlı ictimai statuslarının nə olduğu (varlı və ya kasıb) seçimlərinin və ya mövcud olan sosial kimliklərinin nə olduğu (protestant və ya katolik, homoseksual və ya əks cins və s.) barəsində heç bir məlumatları yoxdur. Bu səbəbdən iştirakçılar ədalət prinsiplərini seçərkən, sosial şərtlərin qeyri-müəyyənliyi səbəbi ilə onu öz xeyrinə dəyişmək imkanına sahib olmayacaqlar. Beləliklə, obyektiv şəkildə müzakirə ediləcək ədalət prinsipləri hər kəsə fayda gətirəcəkdir.

Bərabərlik və azadlığı uzlaşdırmaq üçün Rolz tərəfindən təqdim edilən tənzimləmələrdən sonra ədalət prinsipləri heç bir subyektiv düşüncənin təzyiqinə məruz qalmadan qərəzsiz olaraq müzakirə ediləcəkdir. Başlanğıcda, fərdlərə proqnozlaşdırıla bilən bütün ədalət ehtimalları təqdim ediləcək, həmçinin insanlar bu ədalət prinsiplərinin nə mənaya gəldiyini və nəyi təmsil etdiyini biləcək, qəbul edəcəkləri ədalət prinsiplərinin müsbət və mənfi tərəflərini qabaqcadan təxmin edə biləcəklər, lakin quracaqları cəmiyyətdə hansı mövqedə olacaqlarını bilməyəcəklər. Bu səbəbdən seçəcəkləri ədalət prinsipləri dürüst və cəmiyyətin ümumi yararına xidmət edəcək şəkidə olacaqdır. Fərdlərə ədalətlilik, dürüstlük, faydalılıq, bərabərlik kimi anlayışı özündə birləşdirən ədalət prinsipini və başqa digər ədalət nəzəriyyələrini təqdim etdiyimiz zaman onlar əsas olaraq bərabərlik və azadlığı ehtiva edən bir nəzəriyyəni seçəcəklər. Fərdlər seçimlərini bu iki şərtlər daxilində formalaşdıracaqlar:

1. Fundamental azadlıqlara hər kəs eyni dərəcədə sahib olmalı, azadlıqlar hamını bərabər əhatə etməlidir.

2. Sosial və iqtisadi bərabərsizliklər aşağıdakı alt prinsiplərə əsaslanmalıdır:

2.1. Ədalətli qənaət prinsipinə uyğun olaraq ən çox fayda ən az məziyyət və üstünlüyə sahib olana yönəlməlidir (fərq prinsipi).

2.2. Fürsət şərtlərinin ədalətli bərabərliyi altında iş vəzifələri və mövqeləri hamı üçün əlçatan şəkildə formalaşdırılmalıdır.

Beləliklə, qərəzsiz olaraq qərar verən şəxslər qurulacaq cəmiyyətdə iki etibarlı ədalət prinsipini qəbul edəcəklər. Bu prinsiplərdən birincisi azadlığı, digəri bərabərliyi əhatə edir. Fərdlər ilk öncə azadlığa, daha geniş desək, düşüncə və vicdan azadlığına, birləşmə azadlığına və s. üstünlük verəcəklər, çünki bu prinsip gələcəkdə haqların, fundamental hüquqların və ədalətin qorunması üçün əsas olacaq. Ancaq burada onlar sərt bir azadlıq tələbi irəli sürməməli, bərabərlik üçün azadlıqlarının müəyyən qədər məhdudlaşdırıla biləcəyini qəbul etməlidirlər. Məhz bunun üçün ikinci prinsipi qəbul edəcəklər. Rolza görə, fərdlər təsadüfən bazarın müəyyən sahələrinə girir və orada rəqabət aparırlar, bəziləri çox istedadlı, bəziləri istedadsız iştirakçılar kimi uğurlu və ya uğursuz olacaqlar. Bu yarış bərabər imkanlar çərçivəsində baş tutacağından fərdlər arasında sahib olunan məziyyətlər səbəbilə müəyyən uçurumlar yaranacaq. Bu boşluqların qarşısını almaq üçün Rolz fərq prinsipini öz ədalət nəzəriyyəsində ən sonuncu tətbiq olunacaq prinsip kimi görür və izah edir ki, məhz bu prinsip hesabına biz azadlıq və bərabərlik anlayışlarını uzlaşdıra bilərik.. Beləliklə, qurulacaq toplumda daha aşağı məziyyətlilər fərqlilik prinsipindən istifadə edərək digər fərdlərlə bərabərləşdirilməyə çalışacaq, yüksək məziyyətli, bacarıqlı olanlar isə bərabər fürsət imkanından istifadə edərək daha çox qazanacaqlar.

Rolzun vurğuladığı əsas problem məhz ədalətin paylanmasında fərq prinsipinə (ikinci prinsip) mütləq riayət edilməsi məsələsidir. Cəhalət pərdəsinin arxasında olan fərdlər hansı mövqedə olacaqlarını bilmirlər, onlar toplum qurulduqdan sonra ən pis vəziyyətdə və ya ən yaxşı halda ola bilərlər. Bu səbəbdən onlar cəhalət pərdəsi arxasında qərar verərkən hər kəsə fayda gətirən bir vəziyyəti qəbul etməyə çalışacaqlar. Hər bir iştirakçı rasional olaraq öz maraqlarını qorumağa çalışacaq və bu maraq da başqalarının maraqlarına uyğun olacaq, başqalarına da sərf edən bir şəraiti yaratmış olacaqlar. Fərq prinsipi bu baxımdan ən pis vəziyyətdə olan bir fərdin xeyrinə olacaq. Rolzun bu prinsipə dair ilk şərhi, hər kəsin bərabərlikdən qazanclı çıxması gərəkdiyini 1971-ci ildə nəşr olunan “Ədalət Nəzəriyyəsi” kitabında yazmış və daha sonra onu bərabərsizliyin ən az məziyyətlilərin xeyrinə olması gərəkdiyi formasına salaraq dəyişdirmişdir. Onun fikrincə bərabərsizlik hər kəsin mənfəətinə uyğun olmadığı zaman ədalətsizlik ortaya çıxır. Təbii olaraq sahib olduqları istedadlara görə həyatda uğurlu, müvəffəq olanlar qazandıqları bütün mükafatları, gəlirləri istifadə etməkdə sərbəst olmamalı, onlar gəlirlərini daha az şanslı olanlarla da paylaşmalıdır. Hökumət varlıların sərvətlərinin bir hissəsini vergi və ya digər üsullarla yoxsullara paylamalıdır. Rolza görə, bəzilərinin bacarıqları hesabına yüksək gəlir əldə etməsinə imkan verən təbii qabiliyyətlərin paylanması tamamilə əxlaqi olaraq təsadüfi xarakter daşıyır, əxlaqiliyi sorğulana bilməz, lakin onun əxlaqi problemə çevrilməməsi üçün anadangəlmə və ya təbiət tərəfindən verilmiş bacarıqların yaratdığı bəzi bərabərsizliklər bir şəkildə tənzimlənməlidir. Rolz bu “təbii lotereyanın” təsirlərinin fərq prinsipi ilə azaldılmalı olduğunu düşünür. Onun yaratdığı ədalət nəzəriyyəsi fərdi qabiliyyətlərə əsaslanan resurs bərabərsizliyini öncədən görür və fərqlilik prinsipi ilə daha az məziyyətli insanların durumunu yaxşılaşdırmağa çalışır. Fərq prinsipinin əsas məntiqi ondan ibarətdir ki, fərdlərin mütləq bərabərliyini yaratmaq mümkün olmasa belə əlverişsiz vəziyyətdə olan şəxslərin daha şanslı şəxslərin durumuna yaxın bir bərabərliyini təmin etməyə çalışmaqdır. Rolzun təbii lotereyadakı bərabərsizlikləri azaltmaq üçün tətbiq etdiyi fərq prinsipi, bərabərlik adına fərdi azadlığı qurban verməkdə günahlandırılmasına səbəb olur.

Rolzun fəlsəfəsinə dair təndiqlər

Rolzun təbii bacarıqlar səbəbilə yaranan bərabərsizliyi aradan qaldırmaq üçün irəli sürdüyü fərq prinsipi bərabərlik uğrunda insanların bacarıqlarının sömürülməsinə, rəqabətə müdaxiləyə gətirib çıxarması kimi qiymətləndirilir. Təndiq edən mütəfəkkirlərin fikrincə, bərabərliyi təmin etmək üçün daha bacarıqlı insanlara despotik yanaşaraq onların gəlirlərini rəqabətdə uduzanlara paylamaq üçün vergiləndirmək həm təbiətin özünə, seçilimə ziddir, həm də bacarıqlıların azadlığına neqativ müdaxilədir.

Robert Nozik bu sosial nəzəriyyəni belə tənqid edir: “Heç bir sosial varlıq və ya sosial yaxşılıq yoxdur, yalnız individuallıq var. Biz sosial varlıq kimi görünsək da, bu, fərdlərin borçlu, mövcud cəmiyyətin ürəyi istədiyi kimi bizim üzərimizdə kreditor olduğu, kiməsə vergi ödəməli olduğumuz mənasına gəlmir”. Bu ədalət nəzəriyyəsinə yönəlmiş əsas tənqidlər, fərq prinsipinin əslində azadlıq və bərabərliyi uzlaşdırmaması fonunda birinci prinsipin mahiyətinə ziddiyət təşkil etməsi kimi iddialardan ibarətdir. İkinci ədalət prinsipi tərəfindən nəzərə alınmayan sosial və iqtisadi bərabərsizliklər, birinci prinsipin mənimsədiyi əsas azadlıqların qarşısını alır.

Müəllif: Etibar Qara

MƏNBƏLƏR:

RAWLS, John (1971). A Theory of Justice, Cambridge: Harvard University Press.

RAWLS, John (1993). Political Liberalism, New York: Columbia University Press.

David Lewis Schaefer (2007). ILLIBERAL JUSTICE: JOHN RAWLS VS. THE AMERICAN POLITICAL TRADITION

Putte, André Van de (1995) “Rawls’ Political Liberalism. Foundations and Principles”, Ethical Perspectives

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.