Cümə axşamı, İyul 07, 2022

FƏLSƏFƏ

Bertran Rassel: “İşləmək şişirdilmiş fəzilətdir”

“İşləməyin şişirdilmiş fəzilət olduğuna inanan Bertran Rassel, adi insanların iş müddətinin xeyli azaldılmasının tərəfdarı idi. Pol Uesternə görə, “tənbəllik” anlayışı layiq olduğu dəyəri görmür”.

Bertran Rassel 1932-ci ildə dərc olunan “Tənbəlliyə tərif” adlı məqaləsində çalışqanlığın şişirdilmiş fəzilət olduğunu və fərdin öz maraq dairəsinə sərf etdiyi boş vaxtın da mədəni həyatın zərurətlərindən biri olduğunu müdafiə edirdi. Üstəlik, yaşadığı dövrdə istehsal prosesində mexanikanın elə səviyyəyə gəldiyini düşünürdü ki, onun fikrincə, cəmiyyətə faydalı olmaq üçün həftədə 20 saatdan artıq işləmək mənasız idi. İşsizlərin sayının çox olmasına rəğmən, işləyənlərin həddən artıq istismar olunduğu qənaətindəydi. Müasir dövrdə də keçmişə nisbətdə daha faydalı istehsal qaynaqlarına malik olmağımıza baxmayaraq hələ də “tənbəlliyin” ədalətli bölgüsündən bir xeyli uzaqda idik.

Rasselə görə, işləməyi vəzifə hesab etmək “qul əxlaqı”-nın (iqtidar sahiblərinin gücsüzləri öz mənfəətləri xatirinə yaşamağa razı salmaq vasitəsi) bir hissəsidir. Bu metod “sahibləri” azad şəkildə keçirəcəyi boş vaxtla təmin edirdi. Amma Rassel başqalarının səyləri nəticəsində əldə edilən tənbəlliyi tərifə layiq hesab etmirdi. Amma təbii ki, güclülərin ələ keçirdikləri vaxtın kiçik bir qismi sivilizasiyanın inkişafına sərf olunurdu. “Tənbəllik mədəniyyətin təməlidir. Əvvəllər seçilmişlərin tənbəlliyi, əksəriyyətin əməyi sayəsində təmin olunurdu. Sərf olunan əməyin dəyəri işin ucalığından yox, boş vaxtın gözəlliyindən gəlir. Halbuki müasir dövrün texnikaları sayəsində tənbəllik cəmiyyətə zərər vermədən ədalətli şəkildə paylana bilər”.

Birinci Dünya müharibəsi boyu cəmiyyətin rifah səviyyəsinin qorunub saxlanması Rallesə iş gücünün azaldılması ilə istehsalın atırıla biləcəyinin mümkün olduğunu göstərdi. Sülh dövründə isə fəzilət hesab olunan çalışqanlıq stereotipi, cəmiyyətin yarısının həddindən artıq işlədiyi halda, digər yarısının işsiz qalmağı ilə nəticələnirdi. Digər tərəfdən, Rasselin fikrincə hər kəs cəmiyyətə bir qədər iş borclu idi və gündə dörd saatlıq iş rejimi cəmiyyətin ehtiyaclarını ödəməyə kifayət edirdi. Qalan vaxtını isə hər kəs sivilizasiyadan zövq almağa sərf edə bilərdi.

Əgər insanların boş vaxtlarını necə keçirdiklərini bilmədiyi tezisi doğrudursa, bu tamamilə sivilizasiyamızın təzyiqləri nəticəsindədir. Rassel bu problemin həllini iki mərhələdə görürdü. Əvvəlcə həzz anlayışının bizim yaxşılığımız üçün mövcud olduğunu anlamalıyıq. Əgər işləmək fəzilətdirsə, görülən işin nəticələrindən həzz almaq da eyni dərəcədə fəzilət hesab olunmalıdır. İkincisi, təhsilə daha geniş yer ayırmalıyıq, çünki insanlar ancaq bu şəkildə vaxtlarından daha səmərəli istifadə etməyi öyrənə bilər. Rasselin qulların rəqsini canlandırmaq cəhdi aristokratlıq, böyüklük iddiası kimi görünsə də, insanların istirahət vaxtlarında – cəmiyyətə yararlı olanlar da daxil olmaqla – daha aktiv olduqları fikri ilə də ziddiyyət təşkil etmirdi. İnsan həyatı ilə, yaradıcılığı ilə nələri bacara biləcəyini gördüyündə daha xoşbəxt ola bilərdi.

Yenə də, etiraf etməliyik ki, Rasselin əmək bölgüsünə yanaşması utopikdir. Rasselə görə, utopiyasının gücü tamamilə “istehsalın elmi təşkilindən” asılı idi və bu hər nə mənaya gəlirsə, bir gecədə, birdən-birə ortaya çxıacaq bir şey deyildi. Yaxşı, bəs Rasselin tənbəlliyin tərifini yazmasından bu günə qədər keçən 66 il ərzində həyatımızı daha dəyərli edə bildikmi? Əlbəttə, bunun üçün bəzi addımlar atdıq – uşaqlarımız daha çox təhsil alır, iş günlərimiz də azalıb. Amma bu, o demək deyil ki, istismarı minimum həddə endirmişik. Hələ də həddindən artıq işləyənlərlə işləməyib “tənbəllik edənlər” (söhbət işsizliyə məhkum olunan və pulsuzluqlarına görə həyatın həzzini yaşaya bilmədikləri vəziyyətdən gedir) arasında  qütbləşmə var. Yəni, Rasselin ehtimal etdiyi ümumi qeyri-bərabərlik hələ də aktualdır.

Belə bir inanc da var ki, iqtisadiyyat böyüdükcə işçi qüvvəsinə tələbat artacaq və bu da işsizliyi azaldacaq (Hər kəsin həddən artıq işlədiyi ictimai strukturun cazibədarlığı da mübahisəli məsələdir). Onda gəlin belə bir sual verək: daha çox iş yerinin açılması daha çox insana ehtiyacın yaranacağı mənasına gəlirmi? Texnologiya inkişaf etdikcə iş qüvvəsinə ehtiyac daha çox avtomatik yollarla ödənilir. İnsan gücünün daha vacib olduğuna inanc isə süni, xidmət yönümlü iş sahələrini meydana gətirdi. Bunların bəziləri olduqca mənasızdır. Məsələn, 24 saat açıq obyektlər, evdə xidmətçilik etməklə bağlı ümidsiz işlər və s. Əgər bu lazımsız cəhdlər insanların səmərəli fəaliyyətləri ilə nisbətdə onlara istirahət üçün daha çox vaxt təmin etsəydi, itkidən daha çox böyü bir mənfəət ortaya çıxardı. İnsanlar artıq daha az iş görməyin yollarını axtarır. Mən də həmçinin. Həftədə bir gün daha artıq istirahət günü əldə edərək özümə düşünmək və yazmaq üçün vaxt yaradıram. Amma bu üstünlüyü əldə-edib etməmək sizin mövqeyinizdən asılıdır. Çünki bir çoxumuz da artıq iş saatları və ya daha az əmək haqqı olan yarımştat şəkildə ikinci işdə işləmək yolu ilə xərclərimizi ödəməyə, bu yolla “yaşamağa” çalışırıq.

1932-ci ildə xəyal etə bildiyimi ədalətli vaxt bölgüsü artıq bir xəyaldan daha artığı olmalıdır. Amma müasir dövrdə hələ də daha çox işləməyin bir növ üstünlük hissi verdiyinə inananlar da az deyil. Biz onlara təkrarən izah etməliyik ki, çalışqanlığın fəzilət olduğu fikri uydurmadan başqa bir şey deyil. Biz ədalətli bölgüyə nail olmağa məcburuq. Saatlarla işləməyə qarşı duyulan inadkar heyranlıq sona çatmalıdır. Çünki bu simpatiya sistematik işsizliyin əsl səbəblərindən biridir. Hamı mövcud vəziyyətlə “dünya belə qurulub” məntiqi ilə barışıb. Bu, axmaqlıqdır. Həftədə 20 saat işləmək cəmiyyətin bütün ehtiyaclarını ödəməklə bərabər bizə də öz həyatımızı yaşamaq üçün boş vaxt verəcək.

Müəllif: Pol Uestern

Tərcümə: Şahlar Ruhi

Mənbə: PhilosophyNow

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.