Cümə axşamı, İyul 07, 2022

BLOG

Bertran Rassel və Paqouş hərəkatı

1955-ci ildə Rassel Eynşteynlə birlikdə sonralar bir çox başqa görkəmli alimlərin imzaladıqları manifesti tərtib etdilər. Bununla Paqouş alimlər hərəkatının əsası qoyuldu. Bu tarixi sənəddə deyilir: “Biz yeni şəkildə düşünməyi öyrənməliyik. Biz düşünməliyik ki, mənsub olduğumuz düşərgə hansı addımları atmalıdır ki, qələbə çalsın. Belə addımlar artıq yoxdur. Biz özümüzə belə bir sual verməliyik:
nəticəsi bütün iştirakçıları üçün fəlakətli olacaq silahlı mübarizənin qabağını almaq üçün hansı addımları atmaq lazımdır”

Rassel-Eynşteyn manifestinin emosional üslubu böyük alimlərin ürək ağrısından xəbər verir. Yer üzündə sülhün qorunmasına, bəşəriyyətin fəlakətə yuvarlanması təhlükəsini aradan qaldırmağa xidmət edən “Paqouş hərəkatı” 1995-ci ildə Sülh üzrə Nobel mükafatına layiq görüldü.

1958-ci ildə yorulmaz sülhpərvər “Nüvə tərksilahı hərəkatı” yaradır, sonra İngiltərədə vətəndaş itaətsizliyi kampaniyasına başlayır. Belə bir hərəkat 1961-ci ilin fevral ayında  Müdafiə nazirliyinin binası yanında oturaq nümayişə 20 mindən çox iştirakçı toplamışdı. Rassel və onun xanımı Edit hadisələrin lap mərkəzində idilər.

6 avqust 1961-ci il tarixdə Xirosimanın qurbanlarının xatirəsi ilə bağlı Qayd-Parkda keçirilən mitinq qalmaqalla nəticələndi. Ənənəvi olaraq Qayd-Parkın ərazisində mikrofondan istifadəyə icazə verilmirdi, lakin Bertran Rassel ilk dəfə bu qadağanı pozdu. Polislər işə qarışdılar və kobud şəkildə ahıl sülhpərvərin əlindən mikrofonu qopartdılar. Bir ay sonra isə 89 yaşlı Rassel ictimai asayişi pozduğuna görə məsuliyyətə cəlb olundu və Brikston həbsxanasına salındı. Düzdür iki ay həbs cəzasından o, yalnız bir həftəsini çəkir – ictimaiyyətin coşqun etirazları Britaniya hökumətini məşhur mütəfəkkiri azad etməyə məcbur etdi.

Bir dəfə Rasseldən soruşurlar ki, kimi əsl centlmen hesab etmək olar. Məşhur britaniyalı cavab verir: “Centlmen o adamdır ki, onunla ünsiyyətdə hər bir kəs istər-istəməz centlmen olur”. B. Rassel ilə dialoq milyonlarla müasirini onun humanizminin bir hissəsin əxz etməyə məcbur etdi. Deməli, dünyanı yaxşılığa doğru dəyişmək istəyən mütəfəkkirin illər boyu davam edən cəhdləri hədər getməmişdir.

Maraqlıdır ki, Rassel kraliça Viktoriyanın dövründə iki dəfə ölkənin baş naziri vəzifəsini daşımışdır. O, ölkənin ictimai-siyasi həyatında baş verəb hadisələrdə fəal iştirak edirdi. Filosof İngiltərənin Birinci dünya müharibəsində iştirakının qəti əleyhdarı idi. Bu illərdə o, “Sosial prinsiplərin yenidən qurulması”, “Müharibə və ədalət” kitablarını yazır. Rassel əsərlərində hökumətin həbsxana siyasətini pisləməsinə və müharibə dövründə orduya çağırışa münasibətinə görə xeyli məbləğdə pulla cərimələnir və həbs olunur. Həbsxanaya düşən kimi onu kollecdən də xaric edirlər. Təhdidlərə baxmayaraq o, müharibə əleyhinə çıxışlarını davam etdirirdi. Maraqlıdır ki, B. Rassel həbsxanada “Riyaziyyatın fəlsəfəsinə giriş” adlı ən məşhur kitablarından birini yazmışdır.

1900-cü ildə Rassel Alfred Uaytxedlə birlikdə simvolik məntiqin baniləri italyan filosofu Peano və alman filosofu Freqenin işləri ilə tanış olduqdan sonra irihəcmli “Riyaziyyatın prinsipləri” kitabını yazırlar. Bu kitab hər iki filosofa dünya şöhrəti qazandırır. Onlar belə nəticəyə gəlirlər ki, riyaziyyat və formal məntiq identikdir, riyaziyyatın özü isə cəmi bir neçə prinsip üzərində qurulub. Rassel və Uaytxedun fikrincə, fəlsəfənin əsas məqsədi təbiət elmlərini şərh etməkdir, məntiq isə elmi tədqiqatların əsas komponentidir. Bundan başqa, onlar hesab edirdilər ki, həqiqətin dərkinin yeganə üsulu empirik təfəkkürdür. Qalan biliklər subyektivdirlər, bu səbəbdən səhvə apara bilərlər. İkinci dünya müharibəsi illərində Rassel Harvard Universitetində mühazirələr oxuyur. Mühazirə kurslarını ümumiləşdirərək 1945-ci ildə “Qərb fəlsəfəsinin tarixi” kitabını yazır. Bu kitab indi də universitetlər üçün vacib dərs vəsaiti sayılır. Böyük Argentina yazıçısı Xorxe Luis Borxesdən “adaya düşsəydiniz özünüzlə nə götürərdiniz” sualına cavabı maraqlıdır: “B. Rasselin Qərb fəlsəfəsinin tarixi kitabını, o da olmasa, hər hansı bir ensiklopediyanı, məsələn, Britaniya ensiklopediyasını”.

Rassel ədəbiyat sahəsində Nobel mükafatına layiq görülmüş üçüncü filosofdur. 1950-ci ildə Bertran Rassel “rasionalizm və humanizmin ən görkəmli nümayəndələrindən biri kimi Qərbdə söz və fikir azadlığı uğrunda dönməz mübarizliyinə görə” bu mükafata sahib olmuşdur.
Mütəfəkkir ömrünün qalan 20 ilini sülh uğrunda mübarizəyə, insan azadlığına həsr etmişdir.
Bəşəriyyətin nadir dühalarından sayılan Rassel 1970-ci ildə 97 yaşında qripdən vəfat etmişdir.

Müəllfi: Eyvaz Usubov

Orjinal məqalənin linki: 

 http://ibtidaivehsi.blogspot.com/2019/04/bertran-rassel-v-paqous-hrkat.html?m=1

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.