Cümə, May 20, 2022

HUMANİTAR

“Bərabərlik necə qurulmalı?” – Ronald Dvorkin

Nəzəriyyəsindəki bütün düşüncələrini hüquq və azadlıqlarla vəhdətdə təqdim edərək izah edən Amerikalı siyasi nəzəriyyəçi, filosof Ronald Dvorkin üçün ədalət prinsipləri də bərabərlik və hüquqlarla birbaşa əlaqəlidir. “Bərabər qayğı, hörmət və rəftar hüququ” onun ədalət nəzəriyyəsini təşkil edən prinsiplərin fundamental əsasını təşkil edir.. “Bərabər qayğı və hörmət hüququ” ictimai quruluş və düzəni təmin edən vacib bir təbiətə sahibdir və bu hüquqdan müəyyən qədər daha spesifik olan iki fərqli hüquq doğur:

  1. Bərabər qayğı və rəftar hüququ
  2. Bərabər qayğı və rəftar görmək hüququ

Bərabər qayğı və rəftar hüququ fürsət və imkanların bərabər paylanmasını ifadə edir.

Bərabər rəftar və davranış görmək hüququ isə bəzi fürsət və imkanların bərabər paylanması deyil. Burada bərabər fürsət bölgüsündən yox, birinə göstərilən qayğı və hörmətin başqalarına da göstərilməsi hüququndan danışılır..

Fərdi azadlıqlara üstünlük verən Dvorkinə görə hüquqlar, utilitarizmin hakim olduğu bir mədəniyyətdə fərdin özünü qorumaq üçün bir vasitə kimi qanuni qərarları ifadə edən mənəvi prinsiplərdir. Utilitarist siyasətə qarşı fərdi hüquqları müdafiə edən Dvorkin, ədalət və bərabərliyə daima hüquq və azaqlıqlar nöqteyi-nəzərdən baxmışdır: O hüquqların (prinsiplərin) daima məqsədlərdən (siyasətlərdən) üstün olduğunu vurğulamışdır Yəni hüquqlar kollektiv məqsədlər üzərində bu məqsədlərin nə olmasından asılı olmayaraq daha üstün xarakterə malik olmalıdır. Deməli, hüquqlar və siyasətlər toqquşanda üstünlük həmişə hüquqlara aiddir. Məsələn, hökümətin A ilə B arasında yol çəkdiyini düşünək, ancaq bu iki məntəqə arasında bir insanın evinin sökülməsi qaçınılmaz olsun. Bu vəziyyətdə, şəxs öz evinin sökülməsinə icazə vermirsə, hüquq və azadlıqlar mövqeyinə əsasən yolçəkmə planı ləğv edilməlidir və ya yol elə formada çəkilməlidir ki, fərd öz mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdırmalı olmasın. Hansı ki, mülkiyyət bir hüquqdur və şəxsin razılığı olmadan mülkiyyətə dair sahiblik, sərəncam və istifadə hüquqlarına müdaxilə yolverilməzdir. Onun sözlərinə görə, bir insanın ümumi mənafeyə zidd olsa da, bir şeyə haqqı varsa, hökumət onu bu hüququndan məhrum edə bilməz. Buna əsasən Dvorkin, hər kəsin bərabər qayğı və hörmət hüququna sahib olması prinsipini ədalətin paylanmasında rəhbər prinsip olaraq qəbul edir.

Dvorkin, hüquq nəzəriyyəsini Rolz və digər ictimai müqavilə anlayışına müraciət edən filosoflar kimi insanların uydurma birliyinə əsaslanaraq formalaşdırmağa çalışır. Bununla birlikdə, Rolzun ədalət nəzəriyyəsi təbii modelə daxil edilmişdir. Təbii modeldə ədalət prinsipləri “a priori” bir quruluşa malikdir və fərdlər tərəfindən intuitiv şəkildə kəşf olunur. Məsələn, azadlıq ideyası çərçivəsində köləliyin rədd edilməsi kimi prinsipləri fərdlər intuitiv olaraq kəşf edirlər. Ədalət prinsipləri ümumi ədalət ideyasına əsaslanan təbii modeldə formalaşır. Dvorkinin nəzəriyyəsi konstruktiv xüsusiyyətə malikdir. Təbii modeldən fərqli olaraq konstruktiv modeldəki ədalət prinsipləri individual fərdlər tərəfindən intuitiv olaraq aşkar edilmir, əksinə, ədalət prinsipləri bütün cəmiyyət tərəfindən qurulur. Konstruktiv modeldə ədalət prinsipləri “a posteriori” bir xüsusiyyətə malikdir və bu modeldə fərdlər cəmiyyətin ümumi şərtlərini və fərdlərin qabiliyyətlərini, bacarıqlarını nəzərə alaraq ədalət prinsiplərini yaradır. Dvorkin digər uydurma birlik nümunəsi ilə fikir irəli sürən filosoflardan fərqli olaraq, real həyata daha yaxın olan “Ada” uydurmasına əsaslanan ədalət prinsiplərini müəyyənləşdirməyə çalışır.

Dvorkinin ədalət prinsiplərini təyin etdiyi “ada” uydurması belədir: Gəmilərinin batması nəticəsində bir qrup insan heç kimin olmadığı, lakin müəyyən bir resursun olduğu bir adaya düşürlər və onların bu adadan xilas olmaq şansları yoxdur. Adaya düşən bu insanların fərqli irqləri və fərqli inancları vardır. Bu insanlar bu adadan qurtulmayacaqlarını və adada özlərindən başqasının olmadığını gördükdə adadakı mənbə və resursları öz aralarında bərabər şəkildə bölüşdürməyə çalışırlar. Resursların bərabər paylanmasını təmin etmək üçün öz aralarında qısqanclıq testi və hərrac kimi metodlardan istifadə edirlər. Qısqanclıq testi, resursları paylaşdıqdan sonra fərdlərin bir-birlərinə həsəd aparmamalarını təmin edir. Başqa sözlə, kiminsə satın aldığı mənbəyə başqaları həsəd aparırsa, paylaşım yenidən həyata keçirilir. Yəni kimsə resurs paylaşıldıqdan sonra başqa mənbələrə həsəd aparsaydı, paylaşım bərabər sayılmazdı.

Resursları bərabər şəkildə bölüşdürmək mümkün deyil. Çünki bu adada istehsal baxımından daha yaxşı mənbələr (sağmal inəklər, münbit torpaqlar, qiymətli metallar və s.) və istehsal baxımından əlverişsiz mənbələr (səmərəsiz sahələr, meyvəsiz bağlar və s.) var. Beləliklə, mənbələr mexaniki olaraq paylaşılarsa, bölüşdürmə qısqanclıq sınağından keçə bilməyəcəkdir. Resursları bərabər şəkildə bölüşdürəcək olan şəxs bu problemləri həll etmək üçün bir növ hərrac və ya bazar münasibətləri tətbiq etməlidir. Beləliklə, Dvorkin adaya düşən bu insanların öz zövqlərinə və məqsədlərinə uyğun mənbəni seçməsi üçün hərrac formulunu uyğun görür. İnsanlar bu formulla həyatlarından razı qalacaq və qabiliyyətlərinə uyğun mənbəyi seçəcəklər və bu səbəbdən iqtisadi münasibətlər və bazar sistemi fərdlərin istədiyi kimi olacaqdır

Adadakı bu insanlar resurs əldə etmək üçün dənizdən yığdıqları dəniz ilbizlərindən istifadə edəcəklər. Buna görə, hər bir fərd üçün yüz dəniz ilbizi veriləcək. Resursların bərabər paylanması üçün istifadə edilən hərrac, resurslar satılana qədər aparılacaq, heç kimin almadığı mənbələrin hərrac səviyyəsi endiriləcək və hərrac işə yarayıb qısqanclıq testindən keçərsə, hamı nəticədən məmnun olacaq. İndi hər kəs qısqanclıq sınağından keçmiş olacaq və nəzəri olaraq heç kim digərinin aldığı şeyə həsəd aparmayacaq

Resurslar paylandıqdan sonra adaya düşən bu insanlar bərabər fürsət və imkanlar sayəsində öz istədikləri kimi məhsul istehsal edə və ya ticarət edə biləcəklər. Bərabər imkanlar nəticəsində daxil olduqları iqtisadi münasibətlərdə bərabərlik müəyyən faktorlar nəticəsində yenidən pozulacaqdır. Bu insanlardan bəziləri başqalarının arzuladıqları və almaq istədikləri şeyləri istehsal etməkdə daha usta, bacarıqlı ola bilərlər. Bəziləri işləməyi sevməyə və ya daha az qazanacaqları formada işləmək istəyə bilər, bəziləri isə işləməyi çox sevə bilər və ticarət etmək üçün kifayət qədər işləyə bilər. Bundan əlavə, bəziləri xəstələnəcək, bəziləri sağlamlığını qoruyacaq, bəzilərinin ehtiyatları təbii fəlakətlər tərəfindən məhv olacaq, bəzilərinin resurslarına isə heç bir şey olmayacaq. Beləliklə bərabərlik və qısqanclığın ilkin səviyyəsi tamamilə dəyişəcəkdir.

Bərabərliyi bərpa etmək üçün mənbələri yenidən ayıra bilmərik. Bunu etmək istəsək, bu çox çətin və baha başa gələcək. Həmçinin, ilkin durumda bu insanlar bütün resursları öz razılıqları ilə paylaşdığı üçün heç kim bu vəziyyətə qarşı çıxa bilməz. Mütənasibsiz miraslar səbəbindən illər sonra gələn bəzi nəsillər çox zəngin, bəziləri yoxsul ola bilərlər. Bu vəziyyətin qarşısını almaq üçün sonradan formalaşacaq olan bərabərsizliklərin əsas amillərini təhlil etməliyik. Niyə bu insanların bəziləri üstün duruma düşəcək, bəzilərinin vəziyyəti isə pisləşəcək? Dvorkinin fikrincə, bu bərabərsizliyə səbəb olan faktor şans faktorudur. Əvvəlcə şans faktorunu araşdırmalı və təsirlərini nə qədər azalda biləcəyimizin yollarını tapmalıyıq. Dworkinə görə bu insanların resurslarına təsir edən iki növ bəxt vardır:

Birincisi, təbii hadisələr səbəbilə insanların ehtiyatlarının artmasına və ya azalmasına səbəb olan bəxtin “qaba bəxt” (brute luck) olduğunu söyləmək olar. Qaba bəxt insanların resurslarına təbii hadisələrin: daşqın, ildırım, yağış və s. müdaxilə etməsidir. Həmçinin, öz resurslarının digər resurslara vurduğu ziyandır: öz heyvanlarının başqalarının tarlalarına ziyan vurması və s.  İnsan faktoru olmadan və ya insanların xəbərsiz olaraq öz resurslarını yaxşılaşdırması və ya digər resurslara zərər verməsi insanlar üçün qaba bir şansdır.

İkincisi, fərdin iqtisadi münasibətlərə şüurlu olaraq qoşulması nəticəsində resursların artmasına və ya azalmasına səbəb olan şans “seçməli şans” adlandırıla bilər. Bu insanların arasında daha ağıllı olanlar öz mənbələrini daha da artırırlar, onlar bərabər fürsətlər sayəsində bazar münasibətlərindəki digər insanlardan daha çox qazanırlar. Və yaxud bazar münasibətləri çərçivəsində başqalarının qaynaqlarını özlərinə uyğun olaraq satın alırlar, başqa sözlə, mədəni bir şəkildə əllərindən alırlar.

Beləliklə, resurs bərabərsizliyinin səbəbi müəyyən edildikdən sonra aşağıdakı problemlə qarşılaşırıq: imkansızların vəziyyəti necə yaxşılaşdırıla bilər? Dvorkin, bu məqamda edilməli olan şeyin “kobud şans” nəticəsində fərdin xəbəri olmadan, öz iradəsindən kənar faktorlarla düşdüyü çətin vəziyyəti yaxşılaşdırmaq olduğunu vurğulayır. Bu çətin duruma düşməmək və ya kompensasiya etmək üçün, mənbələr paylaşılan zaman fərdlərə bir əminlik verməliyik. O, bu zəmanəti “sığorta modeli” adlandırır. Sığorta modelinə görə, fərdlərin gələcəkdə qaba şans nəticəsində düşmə ehtimalı olan çətin vəziyyət kompensasiya ediləcəkdir. Bu nöqtədə edilməsi lazım olan budur: Fərdlər başlanğıcda digər mənbələri sığortalamaq üçün öz mənbələrinin bir hissəsini verməlidirlər. Beləliklə, həm bərabərlik təmin ediləcək, həm də ki, başqalarının imkan və fürsət  bərabərliyi məhdudlaşdırılmayacaqdır. Rolz nəzəriyyəsində üstün durumda olanlar öz resurslarını əlverişsiz olanlara köçürürlər, beləliklə bərabərlik üçün öz azadlığını müəyyən dərəcədə məhdudlaşdırırlar. Halbuki Dvorkinin hüquq nəzəriyyəsində bərabərlik və azadlıq arasındakı tarazlıq şəxsin öz mənbəsi hesabına təmin edilir.

Hüquq nəzəriyyəsini nəzəri olaraq qurduqdan sonra onu necə tətbiq edə biləcəyimiz barəsində sual yaranır. Yuxarıda bildirdiyimiz kimi Dvorkin nəzəriyyəsi konstruktiv bir xüsusiyyətə malikdir. Başqa sözlə, onun üçün ədalət prinsipləri dinamik bir cəmiyyətin öz ehtiyacları çərçivəsində yaradılır. Dvorkinin analizində də göründüyü kimi, bir qrup insan tərəfindən seçilən ədalət prinsipləri: bərabər imkanlar, qısqanclıq sınağı, şans, sığorta – bütün bunlar həm gələcəkdəki yaranacaq bərabərsizlikləri kompensasiya edir, həm də fərdin təbiət hadisələri və təsadüflərinə görə düşdüyü əlverişsiz vəziyyətləri yaxşılaşdırır. Lakin, gündəlik həyatda mövcud olan insanların qeyri-bərabər vəziyyəti heç vaxt bərabərləşdirilə bilməz və ya cəmiyyət resurs bölgüsünə qayıda bilməz. Digər tərəfdən, hazırkı cəmiyyətdə hökumətin resursların hamısını götürərək bərabər şəkildə bölüşməsi ədalətli olmazdı.

Müəllif: Etibar Qara

Mənbələr:

Arneson, R. (2005). Cracked Foundations of Liberal Equality, (Ed. Justine Burley)

Dworkin, R. (2000). Sovereign Virtue: The Theory and Practice of Equality.

Dworkin, R. (1977). Taking Rights Seriously. Cambridge, Massachusetts

Michael Rosen (1999). Political Thought.

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.