Cümə axşamı, İyul 07, 2022

BLOG

Avropanın “qara ölümü”- Taun üzərinə

 

Albert Kamyu “Taun”, Qarsia Markez “Vəba günlərində eşq”, ”Patriarxın payızı”… Bu əsərlərlə çoxlarımız tanışıq və az da olsa onlarda ifadə olunan hadisələrə bəzən sevinmiş, bəzən də təəssüf hissi ilə kədərlənmişik. Bu əsərlərin adlarını çəkməkdə məqsədim hər üçündə də tarixən insanlığa gördüyü ən böyük qırğınları yaşadan,həyatı bəzən tamamilə məhv edən, bəzən də yaşanılması mümkün olmayan

vəziyyətə gətirən taun haqqında ətraflı məlumat vermələridir.

Bəşər tarixində “qara ölüm” adlandırılan taun,onun törətdikləri nəticələri və gəldiyi kimi, bir anda da qeybə çəkilməsi istər adlarını çəkdiyimiz kitablarda, istərsə tarixi mənbələr və rəsm əsərlərində reallığı ilə əks olunur.

Qədimdə insanlar taunu Tanrının göndərdiyi bir bəla kimi qiymətləndirirlər.Kimsə harda yarandığını, necə ortaya çıxdığını bilmir. Tarixin ən qədin qaynaqlarından olan Tövratda belə taundan bəhs edən mətinlər yer almaqdadir. Burada taunu Tanrının Fironun zülmlərinə cavab olaraq göndərdiyini və yenə Tövratda İsrailoğullarının yolunu azdığı dönəmdə Tanrı tərəfindən göndərilən bir “Əzab” kimi bəhs olunur. Digər tarixi mənbələr də bu barədə ətraflı yazır. Belə ki, m.ö XIV əsrdə Anadolu Hetitlərində taun ortaya çıxmışdır. Bu zaman hökmdar II Murşili özündən əvvəlki kralların haqsızlığına görə bunun bir cəza olduğunu düşünmüş və qurbanlar vermişdir….

Taun və onun tarixi, məhv elədiyi hayatları artıqlaması ilə təsvir etmək olar. Mənin isə əsas məqsədim Avropada yayılan taun və onun yaranma səbəbləri, insanların taunla mübarizəsi daha çox maraqlandırır. Yenə tarixə baş vuraraq deyə bilərik ki, taun Avrpanı 3 dəfə, özüdə olduqca ağır şəkildə vurmuşdur. İşin maraqlı tərəfi isə ordadır ki, bu epidemiyanın çıxış nöqtəsi məhz həmişə Şərq olmuşdur. ”Qara ölüm”-ün ilk zərbəsi Fələstində Batsemeş epidemiyası zamanı meydana gəlmişdir. Təxminən 50 min insanın ölümünə səbəb olan yayılma m.s 164-cü ildə Romaya sıçradı. Hələ Şərqdə sanitariya işi ilə məşğul olmaq istəyən xiristianlara taunlu Farslılar xəstəlikli paltarları atır və Tanrıdan onlara da taun göndərməsini istəyirdilər. Xəstlik Afinanı da vurmuşdu.Lukretsi yazırdı ki, insanların toplu halda öldükləri Afinada şəhər ətrafında daimi yanar tonqal alovlanırdı. İnsanlar ölülərini gecə-gündüz ora daşıyırdılar,amma yer çatmırdı. Sağ qalanlar əzizlərini odda yerləşdirmək üçün ölüləri bir kənara atır və əllərində məşəllərlə bir-biri ilə dalaşırdılar,onlar hər çür döyüşə hazır idilər, yetər ki,əzizlərini taleyin ümidinə buraxmasınlar. Sakit və qaranlıq suların qarşısında alovun qırmızı dillərinin işıqlandırdığı gecədə dava edənləri təsəvvür etmək belə tük ürpərticidir. Yayılmanın 4-cü ilində artıq nüfuzun ¼ məhv olmuşdu. M.s 574-də artiq “qara ölüm” daha da qərbə yayılmaqda idi. Uzaq diyarlardan toplanmış Yustinianın əsgərləri özləri ilə hələ qərbə çox tanış olmayan “ölüm” gətirirdi. Məqsəd ali idi, Romanın qüdrətini bərpa etmək…

Qeyd etdiyimiz kimi, qeybdən yarandığı kimi, bir anda da qeybə çəkilən “ölüm” Avropanı tərk etmiş kimi görünürdü. Hətta papa Greqori məbədin üzərində Müqəddəs Mikayılı qılıncını qınına qoyarkən gördüyünü elan etmişdi (St.Angel məbədi). Lakin, ”ölümün”  ortadan çəkilməsi yeni-yeni ölümlərə yol açmışdı. Bir daha kütləvi qırğınlar yaşamaq istəməyən Avropa tauna səbəb ola biləcək nə vardısa düşmən elan etdi. Hədəf isə Yəhudilər oldu.Demək olar ki,bütün Avropada “Yəhudi ovu” elan olundu.Yəhudilər ya məhv edildi,ya da sürgün. Eyni zamanda dul və kilsədən kənar tibbi fəaliyyət göstərən qadınlar da “ifritə” adlandırılaraq ya yandırıldı, ya da şeytanı bədənlərindən çıxarmaq üçün suda boğuldular. Bizlərin Qərbin “Orta əsrlər qaranlığı” adlandıdığımız dövr başladı…

Mübarizə yorucu və tam gücü ilə davam edirdi. Artıq mübarizədən Şərq xalqları da nəsibini almışdı. Avropada isə vəziyyət daha da qəribələşməkdə idi. Kilsənin “profilaktikası” sayəsində hər şey əla görünürdü. Tək maneə isə küçələrdəki sahibsiz pişiklər idi. 1242-ciildə papa Urban rəsmi sürətdə pişikləri şər qüvvənin daşıyıcısı elan etdi və pişiklərlə yanaşı, pişik sahiblərinin də ölümə məhkumluğunu bildirən fərman verdi. Bununla da yeni “repressiya”-lar başlandı. Belə demək mümkündürsə, Avropada pişiklərin kökü kəsildi. Xüsusilə İtaliyada pişiklər tamamilə yoxa çıxmışdı…

Təxminən bu vaxtı uzaq Şərqdə-Çində “qara ölüm” yenidən ortaya çıxdı. Mənbələrə görə Çinə taun Orta Asiyadan,ordakı dağ siçanları vasitəsilə gətirilmişdi. Dağ siçanların kürkü öz dövrü üçün önəmə malik bir material idi və insanlar siçan ovu üçün gecələrini gündüzə qatırdılar. Taunlu siçanların ortaya çıxaraq ölməsi isə kimlər üçünsə bir nemət idi. Hansı ki,bu nemət xəz dəri şəklində İpək yolu ilə Xəzər sahillərinə gətirilirdi. Və burda da Avopalı tacirlər necə əldə olunduğunu bilmədikləri xəz dəriləri aldılar. Lakin,hələ ilk başda siçanlar tərəfindən daşınan  və yayılan birələr daşıdıqları (yersinia persis-1894 Alexander Yersin tərəfindən kəşf olunmuş taun mikrobu) taunu insanlara və heyvanlara yoluxdurmuşdular. Hələ xəz dərilər Avropaya çatmamış Astarxan və Saray şəhərlərində yayıldı(1346)(xatırladaq ki, buna dək 1337,1330 illərində də Avropanın bəzi şəhərlərində taun meydana çıxmışdı. Bəhs etdiyimiz isə tarixə “Böyük vəba epidemiyası“ adı ilə düşmüş hadisədir).1347 və 48-ci illərdə Hindistandan karvanla dönən ərəb səyahətçi alimi İbn-i Bəttutə yalnız Hələbə çatdığında  epidemiyadan xəbəri oldu.Bu onu göstərir ki,taunu Yaxın Şərqdən yayılmamışdı. Xəz dərilərlə birlikdə ticarət karvanları (orta əsr Avropa gəmiləri,hansı ki,anbar fəaliyyəti göstərən alt qatları siçanlara yuva idi və tarxdəki “batan gəmini ilk olaraq siçanlar tərk edir” deyimi də burdan yaranmışdır) ilə Kaffa limanına yayıldı. Bir digər qaynaq isə 1346-da Qıpçaq ordusu tərəfindən mühasirəyə alınan Kırımda şəhərə mancınıqlarla atılan taunlu cəsədləri səbəb kimi göstərir.Məntiqi nəticə olaraq bir il ərzində Kaffadan Genuyaya dək taun əksər limanlara yayıldı.İlk zərbə Konstantinopola dəydi. Prokopun yazdığına görə xəstəlik hər gün 10 min insanın canını alırdı. İnsanlar o qədər qorxu və carəsızlik içərisində idilər ki,bəzən ölüləri dəfn etmir,onlara yaxın dura bilmirdilər. Dəfn işçiləri belə cəsədləri xüsusi qarmaqlarla dartıb aparırdılar.Xəstəlik saraya da yayılmışdı. Belə ki,imperator Cantacuzenisin oğlu 1347 də vəbadan öldü…

Yayılma davam edirdi.1347-ci il oktyabrında Messina və ardından bütün Siciliya tauna yoluxdu. 1348-də Sardiniya və həmən sonra da İspaniya xəstəliyin cənginə keçdi.Arxada qalan və çoxdan yoluxmuş Afina kimi şəhərləri mənbələrə görə quşlar belə tərk edirdi…Genuyalılıar isə taun barədə xəbəri alan kimi şəhərin qapılarını və limanını bağlamaq əmri vermişdilər. Xəstə insanların şəhərə girişi qadağan olunmuşdu. Məcburiyyət qarşısında qalan xəstə daşıyan gəmilər Marsel, Pizza kimi şəhərlərə yan aldı…və taun sürətlə Avropaya yayılmağa başladı. Marseldə səlnaməçilərə görə 83 rahibdən yalnızca 4-ü sağ qalmış,onlardan da 3-ü qaçıb getmişdi. Carəsizliyi görən keşiş Balzens özünü bir otaq dolu azuqə ilə evə salmış və qapıları hörməyi vəsiyyət etmişdi. Əhali də hirslənərək taunlu ölüləri qalaq-qalaq evin ətrafına atmışdı. Marseldə dəhşətli taun sonralar da özünü göstərmişdi (1720-22). Hətta tarixçı Matyö Mare qeydlərində yaşadığı dövrü və yeri cəhənnəm adlandırmışdı. Marseldə ölüləri dəfn işini heç kim öz üzərinə götürmürdü. Rəhbərlik isə bütün məhkumları zorla bu işə cəlb etmişdi. Çoxu məhkum ya qaçır ya da qalıb ölürdü. Provansda taun küləyinin qarşısını almaq üçün hündür divarlar tikilirdi. Demək olar ki, Avropa insanlarının tauna qarşı heç bir silahı yox idi. Tək çarə qaçmaq idi və bu da daha  sürətli yayılmaya səbəb olurdu.

Taun artıq 1348-də qul və dəri ticarəti ilə İskəndəriyyəyə, ordan Suriya və Fas-a yayılmışdı. İskəndəriyyədə taun nəticəsində əmələ gələm sızanaqlar( xəyərək) odla dağlanırdı və bu qismən də olsa nəticə vermişdi. 1348-də Fransa,ardından ingiltərə və Skandinaviya,1349-da Danimarka və Almaniya, 1351-də Polşa, 1352-də Rusiya tauna yoluxdu. Rusiyaya bu zaman şiddətli siçan köçü müşaiət olunurdu. Artıq taun Şərqdə yayılmağa davam edirdi və Avropada təsiri zəifləməkdə idi…

Şərqdə də bu barədə bir sıra fikirlər yaranmaqda idi. Belə ki,Buxari yazırdı:

“Bir yerdə vəba olduğunu eşitdiyinizdə ora getməyin, Və olduğunuz yerdə vəba olarsa da oranı tərk etməyin”

İbn Sina və İbn Hatibin də əsərlərində taun haqqında geniş məlumat verilmişdi, hansı ki, bundan daha sonralar XIX əsrdə geniş istifadə olunmağa başlanıldı. Bir tibb kitabında da taun haqqında “Taun vəbadandır, lakin hər vəba da taun deyildir” yazılmışdır..

Taunlu Avropa cəsəd və qan yığınağını xatırladırdı. Qitə elə bil maskalı həkimlərin karnavalına çevrilmişdi. Konstantinopolda çarpayılar belə çürüməkdə idi. Şəhər sanki xarabalıq idi. Londonda onlarla insan xərəklərdə daşınırdı. Umberto hakimiyyətindəki Lombardiyada elə bir taun qasırğası baş vermişdi ki, ölüləri dəfn etməyə belə imkan olmurdu. Oxşar hadisələr Pavliya və Romada da yaşanmaqda idi. Florensiyada da hadisələr eyni vəziyyətdə idi. Bu barədə dövrün şairi Giovanni Bocaccio “Decameron” hekayələr toplusunda yazırdı:

“Atalar oğularını, analar körpələrini atırdılar, xidmətçilər xanımlarından çəkinir, rahiblər ölülərin günahlarını dinləməkdən imtina edir və heç kim dininə uyğun dəfn olunmurdu”

Eyni zamanda ümidini itirmiş insanlar tamamilə məntiqsiz addimlar atırdılar. Uzun zaman öncə xristianlığı qəbul etmiş abilisinlər taunu cənnətə getməyin ən gözəl üsulu kimi qiymətləndirir və taunlu xəstələrin büküldüyü örtüklərə bürünür və ölümlə ölməyə çalışırdılar.

Taunlu günlərdə həyat az da olsa davam etməkdə idi. Belə ki, nə qədər inanılmaz olsa da Milan məzarlığı artıq sevgililərin görüş yerinə çevrilmişdi. Bəzən olurdu ki, Saturn bayramını bütün sağ qalanlar birgə qeyd edirdi. Səhərə sağ çıxacaqları belə şübhəli olan insanlar az da olsun sevinirdilər. Kilsələrdə isə gecə-gündüz taunluların hamisi Müqəddəs Roşa dualar oxunurdu. İnanırdılar ki,üzərinə yağ çəkilmiş geyimlər taunu yaxın buraxmır,ona görə də varlı insanlar daha çox bu tip geyimlərə meyl edirdilər. Kilsə insanları inanırdılar ki,qanlarını axıtmaqla müalicə olunmaq mümkündür və əgər zəhərli qan axarsa tanrılar rəhmə gələ bilər. Lakin insanların çoxu elə qanaxmadan vəfat edirdi…Bir müddət sonra isə taun gəldiyi kimi,bir anda yox olmuş kimi,ortadan itdi…

Taunun nəticələri isə insanlıq üçün olduqca ağır oldu.Papa IV Clementin məmuralarının hesablamalarına görə Şərqdə gələn xəstəlik nəticəsində 23.8 mln insan taundan ölmüşdü.Bu Avropa nüfuzunun 31%-i idi. Fransada nüfuzun 50%-i, İngiltərədə 30% (1 mln nəfər) olmuşdu. Şərqi Avropada isə nüfuzun 15%-i məhv olmuşdur.

Bütün bu olanlardan sonra Avropalılar başa düşdülər ki, taun mikrobu heç vaxt məhv olmur, əbədi yoxa çıxmır. O, on illər boyunca mebelin hansısa bir ucunda və ya camaşır qalağında yata bilər və səbrlə yataq otağında, zirzəmidə, camadanda, yaylıqlarda, kağızlar arasında öz saatını gözləyə bilər. Bəlkə də, bir gün insanlara dərs vermək və ya onları məlumatlandırmaq üçün fəlakət günü olacaq. O gün taun yenidən siçovulları hərəkətə gətirəcək və onlar ölmək üçün xöşbəxt şəhərlərin küçələrinə yollanacaqlar…

 

Müəllif: Araz Əliyev

 

Please follow and like us:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.